Elimizə Novruz gəlir...

post-img

Günəş ilıq nəfəsini ana yurdumuzun torpağı üzərinə saçaraq onu qış yuxusundan oyadır. Kol dibindən boylanan bənövşələr, novruzgülləri, nərgizlər baharın müjdəçisi kimi könülləri oxşayır. Onların xoş rayihələri ətrafa yayılaraq könlümüzə zövq verir, qəlbimizi isidir.

Yazın gəlişi ilə sanki in­sanlar da dəyişiblər, daha gülərüz, istiqanlı olublar. Şəhər sakinlərinin üzlərinə fərəh, təbəssüm qonub. 

Yazın ilk qədəmləri xə­bər verir ki, elimizə əziz bayramımız olan Novruz da gəlib. Bu səmimiyyət, xoş arzular bayramıdır. 

Özündə milli adət- ənənələrimizi ehtiva edən Novruz mənim də çox sevdiyim bayramdır. 

Dünən bizim evdə də anam növbənöv bayram şirniyyatı bişirib, xonçaları bəzəyirdi. Yamyaşıl səmə­nilər də evimizi bəzəyirdi. 

Anam mənə heç vaxt səməni cücərtməyə icazə verməyib. Deyir ki, səməni yetişdirməyin düşər-düşmə­zi var. Etiraf edim ki, hələ də bunun səbəbini öyrənə bil­məmişəm.

Səməni eyni zamanda bayramın ən ləziz təam­larından olan səməni hal­vasının hazırlanmasında da istifadə olunur. Bu ləziz yeməkdən bayram sovqa­tı kimi qohum-əqrəbalara, qonum-qonşulara da pay verilir.

Bayramın şah yeməyi isə, şübhəsiz ki, üstü qaralı plovdur. Cənub bölgəsində bayram süfrəsi üçün ləvəngi plov hazırlanır ki, onun dadı bir başqadır.

Bayram gecəsi evində qazan asa bilməyən, ehti­yacı olanlara isə pay verilir. Axı bahar xoş istək, amal, paylaşımıdır. 

Arzum odur ki, bu gözəl Azərbaycanımız, Vətənimiz hər zaman bahar təravətli, bahar ovqatlı olsun, xalqı­mızın üzündən bahar gü­lüşü, bahar sevinci əskik olmasın.

 

Leyla HADİ,
tələbə-jurnalist

16-66.jpg

Sosial həyat