Milli oyunlar – Novruzun əsas atributları

post-img

Xalqımızın mədəni irsində ta qədimdən əhəmiyyətli yer tutan milli oyunlarımız Novruz şənliklərinə xüsusi rəng qatardı. Bu müqəddəs bayramın atributlarını bərpa etmək üçün milli oyunların dirçəldilməsi də xüsusi əhəmiyyət kəsb edir. 

“Mil”, “Cıdır”, “Baharbənd”, “Qur­şaqtutma”, “Qılıncoynatma”, "Papaq”, “Güc sınağı”, “Sürpapaq”, “Piyalə və ox”, “Çövkən” və s. oyunları yüz illər boyu insanlar yaşadıblar. 

Bunların arasında elə oyunlar var ki, daha çox bahar fəslində keçirilirmiş. Bunlardan biri “Baharbənd” oyunudur. Əsasən, Qarabağda meşə ilə əhatə olunmuş “bənd” adlı dağətəyi düzən­likdə keçirilirmiş. Oyunçu atı yorğa və yaxud çaparaq sürür, atın çaparağında çuxasını, arxalığını, çarıqlarını, kəmər və xəncərini bir-bir çıxarıb yerə atır. Müəyyən məsafədən sonra atı cəld geri döndərib yenə həmin getdiyi yolu qayıdır. Atın cilovunu yığmadan növbə ilə atdığı əşyaları yerdən qaldırıb ge­yiləni geyinir, bağlananı bağlayır. Bu əməliyyatı tez yerinə yetirən atlı qalib sayılır. Bəndlərdə at çapmaq çətin və təhlükəli olduğundan bu oyun mahir at sürənlərin meydana çıxmasına kömək edirmiş. 

Novruz şənliklərini bəzəyən daha bir atüstü oyun “Çövkən” adlanır. İki dəstədə mübarizə aparan iştirakçı­lardan iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarət­dir. Oyun iki hissədən ibarət olub, 30 dəqiqə davam edir. İştirakçılrdan yaş həddinin tələb olunmaması “Çövkən”in özəlliklərindən biridir. Cəld, fiziki cəhət­dən sağlam olan, eləcə də mahir at mi­niciləri onunla məşğul ola bilər. Oyun zamanı iştirakçılar papaq, gen şalvar, çuxa, yüngülboğazlı formalar geyinir, eyni uzunluqda olan çomaqdan istifa­də edirlər. 

“Cıdır oyunu”nda isə iştirakçıların papağı, xüsusi hazırlanmış dəyənəyi olmalıdır. Oyunu keçirmək üçün də­yirmi dirək, ağac kötüyü, saplı balta və düz yer seçilir. Dəyənəyi ən geridə qalan oyunçu papağını dirəyin üstünə qoyur və ya balta sapından asır. Ən uzağa düşən dəyənəyin qaldığı yer­də bir cızıq çəkilir və həmin cızıqdan oyunçular dəyənəklərini papağa atırlar. Əvvəlcə papaq sahibi dəyənəyi atır. Əgər oyunçu öz papağını vurarsa, pa­pağını geriyə götürür və oyun əvvəl­ki qayda ilə yenidən başlanır. Başqa oyunçular papağı vura bilməyəndə oyundan çıxırlar. Cıdırı ayaq üstə, yəni, dəyənəyi heç bir yerə vurmadan da oy­nayırlar. Belə halda hər dəfə yenidən cızıq çəkilir. Çünki dəyənəyi belə atan­da çox uzağa gedir və papağı vurmaq çətinləşir. Cıdır oyunu nizə atmaq, ov vurmaq və vuruş məşqini xatırladır.

Novruz bayramında oynanılan “Mil” oyunu da çox maraqlıdır. Pəhləvanlar əllərinə mil alıb başlarının üstünə qaldı­rarmışlar. Bu zaman çalınan dumbulun ritminə əsasən, milləri hərləyərmişlər. Mahir mil oynadanlar var imiş ki, mili ayağının altından da atıb-tutarmışlar. Pəhləvanlar oyunun sonunda qurşaq tutar, güləşərmişlər. 

Azərbaycanda ən geniş yayılmış meydan oyunlardan biri də “Zorxana” olub. Qədim dövlətlərin qüdrəti onun pəhləvanlarının sayı və şöhrəti ilə ölçü­lürdü. Azərbaycan da çox qədimlərdən öz pəhləvanları ilə şöhrət qazanmışdı. Novruz şənliklərində “Zorxana” oyunla­rına böyük maraq var imiş. 

“Qurşaqtutma” yarışı da tamaşa­çılar tərəfindən böyük maraqla qarşı­lanıb. Pəhləvanlar qoşa zurnanın zil səsi, zərb alətlərinin gur sədası altında meydana girir, igidləri güləşə çağırır­mışlar: 

 

Mənəm nərlərin nəri,

Ay oğlan.

Mənəm ərlərin əri,

Ay oğlan.

Əl qolunu çatdadaram,

Ay oğlan.

Bağrını partladaram,

Ay oğlan.

 

“Cəngi" sədaları altında yarış baş­lanmazdan qabaq pəhləvanlar ənənəvi salamlaşar, özlərini təqdim edərmişlər. Onlar beldən aşağı müxtəlif fəndlər işlədib bir-birinin qurşağından yapışır, biri digərini yıxmağa çalışarmış. 

“Qılıncoynatma” oyununda rəqibin əlindən qılınc düşənə qədər oyun da­vam edir. Bu oyun bəzən at üstündə də keçirilir. Bu oyundan qalib çıxana Nov­ruz hədiyyəsi verilərmiş.

“Sürpapaq” oyununda da mahir at miniciləri olan güclü, həm də cəld olan­la iştirak edərmişlər. Oyunçular top-pa­paq uğrunda mübarizə apararaq son­da onu qapı dairəsindən keçirərmişlər. İştirakçıların atdan cəmi üç dəfə düş­məsinə icazə verilərmiş. 

“Piyalə və ox” da atüstü idman növ­ləri arasında maraq kəsb edənlərdən­dir. Xüsusi dirəyin üzərindəki piyaləni oxla vurmaq oyunun əsas tələbidir. Oyun iştirakçılardan böyük dəqiqliklə yanaşı, həm də cəldlik tələb edir. Belə ki, sürətlə hərəkət atlı piyaləni dəqiq ni­şan almaq üçün həm də sərrast olmalı idi.

Novruz şənliklərində açıq hava­da keçirilən tarixi çox qədim olan və məşhur oyunların hansına nəzər sal­saq, görərik ki, meydanlarımız hünər meydanı olub, ən güclülərin müəyyən olunması üçün çox maraqlı oyunlar təşkil edilib, igidlik, cəsurluq tərənnüm olunub. Novruzun əsas atributların­dan olan, el şənliklərinin daha rən­garəng keçirilməsi üçün mühüm əhə­miyyət kəsb edən bu oyunlar, həm də milli-mənəvi dəyərlərimizin bir parçası­dır. Onların bərpa edilərək dirçəldilmə­si, inkişaf etdirilərək kütləviləşdirilməsi yeni nəslin öz gələcəyini milli köklər üzərində qurmaları üçün daha möh­kəm zəmin yaradacaq. 

 

L.QURBANOVA

16-55.jpg

Sosial həyat