Ev təmizləmək
Güneydə “ev təmizləmək” sözü daha çox Novruzun gəlməsi münasibətilə yumaq, təmizləmək, yeni əşya almaq, xalça və paltarları təmir etmək mənasında işlədilir.
Ev təmizləmək bayramdan bir ay əvvəl başlayır və Novruzu qarşılamaq ayinlərindən hesab olunur. Evtəmizləmədə bütün əşyalar təmizlənir, təmir olunur və yenidən öz yerinə qoyulur.
Səməni cücərtmək
Səməni cücərtmək qədim zamanlardan ailələrdə adətdir. Qədimdən el-obalarda Novruzdan 25 gün əvvəl şəhər meydanında çiy palçıqdan 12 sütun düzəldilirdi və hər bir sütunda buğda, arpa, düyü, lobya, noxud, küncüt və mərci əkirdilər.
Bayramda cücərtiləri qoparıb hər yana səpirdilər. İndinin özündə də bütün ailələr Novruzdan bir həftə - on gün öncə boşqab və kuzələrdə buğda, mərci, lobya və sair əkirlər və il təhvil olan zaman onları süfrəyə qoyurlar. Bu yaşıllıqları çölə əkin-biçinə gedəndə özləri ilə aparıb axar suya atırlar.
Axır çərşənbə
Axır çərşənbədə müxtəlif quru meyvələrdən, o cümlədən badam, xurma, iydə, əncir, kişmiş və şirniyyatlardan ibarət “Acil” hazırlanır.
Rəngarəng şamlar yandırmaqla bütün ailə bir yerə toplaşır, quru meyvə və şirnilərdən yeyə-yeyə baba-nənələrin nağıllarına qulaq asırlar. Şam yandırılması işıqlıq və aydınlıq rəmzi sayılır. Şamlar bütün otaqlarda, hətta mətbəx və hamamda belə yandırılır. Yəni evin hər bir guşəsinə işıq saçmalıdır.
Yeddi süfrə
Yeddi süfrəni tənzim etmək qədim inanclardan biridir. Bayram gecəsi bütün ailə üzvləri süfrə ətrafında toplaşırlar.
Süfrədə 7 cücərmiş ərzaq növü olur ki, bunlar bitki və əkinçilik məhsullarının bolluğuna nişanədir. Alma, səməni, iydə, sumaq, sarımsaq, sirkə, səməni və eləcə də Qurani–Kərim, güzgü, şam, süd, narıncı yumurta, qırmızı balıq, çörək, gülab, gül, sünbül və sikkə “Yeddi süfrə”nin nemətləridir. Bu süfrələr bir çox ailələrdə sonrakı günlərdə də qalır.
Novruz yeməkləri
Yeməklər xüsusi məhsul və iqlim şəraitini nəzərə almaqla hər yerin ən yaxşı və az tapılan məhsullarından hazırlanır.
Bayramda varlılar da, kasıblar da zəngin süfrə açırlar. Balıqlı səbziplov və əriştəplov kimi yeməklərə Novruzda üstünlük verilir. Plov Güneyin mətbəx mədəniyyətində üstün yemək sayılır.
Novruz bayramlaşması
Novruz ayinlərindən biri də bayram görüşləridir. Novruz günü öncə nəsildəki yaşlıların, sonra isə ictimai və elmi şəxslərin görüşünə getmək adətdir.
Bir çox bayram görüşlərində isə bütün ailə üzvləri iştirak edirlər. Novruzdakı bayram görüşləri 2 həftə davam edir. Bundan əlavə, güneylilər Novruz tətillərində tarixi şəhərlərə, turist və istirahət mərkəzlərinə, səfalı yerlərə, şəxsi villalara, Xəzər sahilində şəhərlərə, həmçinin qonşu ölkələrə və dünyanın müxtəlif məntəqələrinə səfər etməyi xoşlayırlar.
Mərhumlara ehtiram
Novruz bayramlaşmalarında bir adət də var: vəfat etmiş insanların evinə gedilər. Yaslı ailələr, adətən, məsciddə keçirilən üç, yeddi, qırx mərasimindən əlavə, Novruzun il günündə əzizlərinin ölümündən 11 ay belə keçməsinə baxmayaraq evdə oturarlar.
Bu gün qohum ailələr qara matəm paltarını əyinlərindən soyunurlar. Görüşənlər məclis sahibinə başsağlığı vermir, əksinə onlara şadlıq arzu edirlər.
Novruz hədiyyəsi
Novruz münasibətilə hədiyyə və bayramlıq vermək qədim adətlərdəndir. Tarix kitabları islamdan əvvəl və sonrakı dövrlərdə rəiyyətin şahlara və hakimlərə, hakimlərin vəzirlərə, mirzələrə, xidmətçi və şairlərə, ailə başçısının kiçiklərə, xüsusilə də uşaqlara hədiyyələrindən xəbər verirlər.
Bayram günü ailədə cavanlara və uşaqlara hədiyyə, imkansızlara, iş yerində olan xidmətçilərə, süpürgəçilərə və poçtalyonlara pay vermək bir növ onların zəhmətlərinin əvəzi və xidmət gözləmək pozulmaz adətdir.
Təzə paltar geymə
Novruz adətlərindən olan təzə paltar geyinmək geniş yayılıb. Yeni il təhvili üçün təzə paltar almaq varlı və kasıbı özünə məşğul edir.
Hələ keçmişdən kasıblara, işçilərə, xüsusilə də uşaqlara təzə paltar almaq vacib adət olub. Padşah və əmirlərin də Novruz bayramında öz xidmətçilərinə təzə paltar geyindirməsi və xələt verməsi də adətlərdən sayılıb. Bu barədə şair və tarixçilər öz əsərlərində çox yazıblar.
İl təhvili
Novruz bayramında il təhvil olan zaman hamı süfrə başında oturaraq bu duanı oxuyur:
“Ey qəlblərin dəyişməsini və gözlərin hərəkətini idarə edən Allah! Ey gecəni gündüzlə ard-arda əvəzləyən Allah! Ey vaxtları və əhvalları dəyişdirən Allah! Bizim halımızı yaxşılığa doğru dəyiş!”.
Novruzun son günü
Novruzun 13-cü günü təbiətdə qeyd edilir.
Novruz şənliklərinin sonuncusu sayılan bu gündə bütün insanlar ailələri ilə təbiətin qoynuna, dağ ətəklərinə və çöllərə gedərək, o günü səhərdən gün batanadək orada keçirirlər.
Hazırladı: T.RÜSTƏMLİ, “Xalq qəzeti”