Onları bəzən “Həyatda tərk edilmişlər” adlandırıram, bəzən isə ümidlənib “Sahibləri üçün gözü yolda qalanlarımız...”, – deyirəm. Hər iki halda bizim üçün kədərli mövzudur.
“Həyatda evsiz, sahibsiz olaraq özünü tənha hiss etmək böyük mənəvi iztirab yaradır. Siz bunu mərkəzimizdə olan hər bir heyvanın gözlərindəki həsrət və ağrıdan duya bilərsiniz. Onların gözlərinə baxın və sizə tərəf necə can atdığının şahidi olun. Qəfəsdə yaşamağa məcbur edildikləri üçün darıxırlar, etiraz əlaməti olaraq bəzən “səs-küy” salır, bəzən də bir küncə qısılıb sadəcə dərd çəkirlər...”

Bu sözləri bir neçə gün bundan qabaq IDEA Heyvanlara Qayğı Mərkəzində olarkən direktor müavini Heyran Hüseynova-Kalender demişdi. Balaca bir iti qucağına götürüb “Bu qızımız Pollidir. Bir heyvansevər tərəfindən gətirilmişdi. Üç həftə karantin blokunda qaldıqdan sonra himayə sektoruna yerləşdirmişik. Səbirsizliklə sahibini gözləyir. Bu pişiyimiz isə Syuzidir. Çox oynağan pişikdir, tənhalığı sevmir. Uzun müddət tək qaldıqda bikefləyir”, – sözlərini xatırlayıram.
Elə həmin vaxt günlərin birində mərkəzdən reportaj hazırlamağı qərara aldıq, insanlardan sevgi, mərhəmət uman dostlarımızın yada salınmalarını istədik. Reportaj hazırlayarkən isə elə həyətdəki qəfəsdə sahibsiz haski cinsli itlərin çoxluğu diqqətimizi çəkdi.
Bizi mərkəzlə tanış edən Heyran xanım son vaxtlar saysız-hesabsız cins və qarışıq cins itlərin, pişiklərin sığınacağa yerləşdirilməsi ilə bağlı çoxlu müraciətlərin daxil olmasının narahatedici fakt olduğunu bildirdi: “İnsanlar cins ev heyvanlarını kommersiya məqsədilə çoxaldıb satır, bəzən xəstə doğulmuş körpə itləri, pişikləri isə küçəyə atırlar. Zamanla qiyməti ucuzlaşan və heç kimə lazım olmayan bəzi cins ev heyvanları təbii ki, küçəyə atılaraq sahibsiz yaşamağa məcbur edilirlər. Bununla da, bəzi məsuliyyətsiz şəxslərin ucbatından küçə heyvanlarının sayı artmaqda davam edir”.
Heyvanların saxlanılması, müalicəsi üçün hər bir şəraiti olan mərkəzlə yaxından tanış oluruq. Burada müasir avadanlıqlı klinika, karantin, himayə blokları, oyun meydançaları, konfrans zalı, könüllü və baytar həkimlər üçün yataqxana və s. fəaliyyət göstərir.
Heyran xanım qeyd edir ki, sahibsiz heyvanlarla bağlı problemi həll etmək üçün əsas diqqət sterilizasiya, xəstəliklərin qarşısının alınması məsələlərinə yönəldilib.
Küçə heyvanlarını xüsusi təlim keçmiş mobil qrup tutur, qısırlaşdırılıb, peyvəndləri vurulduqdan sonra qulaqlarına nömrələnmiş birkalar vurulur, pişiklər isə qulağının ucunun kəsilməsi ilə işarələnir. Öz müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi mümkün hesab edilən it və pişiklər himayə bölməsində saxlanılır, profilləri mərkəzin internet səhifəsi və sosial şəbəkələrdə yerləşdirilərək sahibləndirilir.
Onu da öyrəndik ki, Mərkəzin və Bakı Zoolojı Parkının birgə təşəbbüsü olaraq, hər ayın sonuncu şənbəsində mərkəzin himayə blokunda yerləşən bəzi heyvanlar sahiblənmək istəyənlər üçün Bakı zooparkında nümayiş etdirilir. Mərkəzin stasionarında yerlər məhdud olduğu üçün orada yalnız ağır diaqnozlu – məsələn, onkoloji, ağır dəri xəstəlikləri olan, təhlükəli virusa yoluxmuş heyvanlar müalicə alırlar. Müalicə bitdikdən sonra onlar adaptasiya olunmuş əvvəlki yerlərinə qaytarılır.
Müasir avadanlıqla təchiz olunmuş klinikaya daxil oluruq. Heyran xanımın sözü ilə desək mərkəzin “döyünən ürəyi olan” bu arenada gündə 15-ə yaxın əməliyyat aparılır.
Klinikanın veterinar həkimi Taryel Mürsəlovla söhbətləşirik. Deyir ki, klinikaya daxil olan heyvanların mövsümə görə xəstəlikləri dəyişir. Heyvanlar qışda qrip, viruslar, böyrək soyuqdəymələri, yaz, yay fəsillərində bit, birələr, gənələrin dişləməsi nəticəsində baş verən yüksək qızdırma ilə daxil olurlar.
Bildirir ki, bəzən ən ağır işgəncələrlə ölümcül hala gətirilən heyvanlarla qarşılaşırlar. Bəzilərinin quyruqları, qulaqlarının kəsilməsi nəticəsində yaraları qanayır, müxtəlif infeksiyalara tutulurlar. Döyülərək şikəst edildikləri üçün ağır əməliyyata məruz qalan itlər də var.
“Uşaqlar əyləncə məqsədilə tir gülləsi ilə heyvanları vurub, şikəst edirlər. İşgəncəyə məruz qalmış heyvanların psixoloji durumu da çox ağır olur ki, onların müalicəsi və sahibləndirilməsi çətinlik yaradır”, – deyə əlavə edir.
Bəs belə neqativ hallara qarşı necə mübarizə aparırsız sualının cavabında direktor müavini deyir: “Mərkəzin əsas hədəflərindən biri də məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviq edilməsidir. Bu məqsədlə həftədə bir dəfə məktəblərdə ev heyvanları ilə məsuliyyətli davranış mövzusunda maarifləndirmə təlimləri təşkil edirik, tövsiyələrimizi veririk. Başa salırıq ki, evdə saxlayıb küçəyə atılan bir dişi it və onun balaları 6-7 il ərzində minlərlə küçük dünyaya gətirir. Bu itlərin vaxtında qısırlaşdırılması üçün könüllü qismində bizə kömək edə bilərlər. Həmçinin bildiririk ki, küçədə xəstə, yaxud ciddi zədə almış itlər görərlərsə, dərhal yardım göstərməklə yanaşı, mərkəzə məlumat versinlər.
Heyran xanım könüllülərin fəaliyyətindən ürəkdolusu danışdı: “Bizim gözəl, böyük ürəkli könüllülərimizin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Onlar bəzən qəza keçirərək küçədə ağır vəziyyətdə olan, eləcə də dəri xəstəliklərindən, cürbəcür infeksiyalardan əziyyət çəkən, döyülərək şikəst edilən, işgəncə verilən heyvanları müalicə olunmaq üçün tez bir zamanda klinikamıza çatdırırlar. Onların köməyinə tez-tez ehtiyac duyuruq və əllərindən gələni edirlər.
Beləcə, reportajımızı başa çatdırıb sağollaşırıq. Amma ürəyimiz mərkəzin himayə bölməsində öz sahiblərini gözləyən balaca dostlarımızın yanında qalır. Onların həsrət dolu baxışları bizi qapıya qədər təqib edir...
L.QURBANOVA

