Şirvanda 8 Mart şənliyi

post-img

8 Mart Beynəlxalq Qadınlar Gününün Şirvanda qeyd edilməsi bununla bağlı təşkil olunmuş toplantıda şəhid anaları və həyat yoldaşlarının iştirakı ilə yadda qaldı. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu səsləndirildi.


Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov zərif cinsin nümayəndələrini həm əlamətdar gün, həm də Yel çərşənbəsi münasibətilə təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. Şəhər rəhbəri Azərbaycan qadınının millətimizin adını daim uca tutduğunu bildirdi. 
Ümummilli lider Heydər Əliyevin həmişə qadınlara xüsusi diqqət və qayğı göstərdiyini xatırladan natiq qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradılıb və onlar mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunurlar, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edirlər. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında qadınların həm gözəl ana, həm də fəal ictimai xadim ola biləcəyi vurğulandı.
Şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər bələdiyyəsinin sədri tədbirdə iştirak edən xanımların timsalında bütün Azərbaycan qadınlarını təbrik edərək dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafında, eyni zamanda, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş Vətən oğullarının yetişməsində Azərbaycan qadınlarının rolunu vurğuladılar.
Sonda şəhidlərin doğmalarına gül dəstələri, hədiyyələr təqdim olundu.


Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat