Martın 4-də Bakının Xətai rayonundakı hipermarketdə baş vermiş silahlı basqın gündəmin başlıca mövzularındandır. Hipermarketdəki inkassatorlara hücumda bir nəfərin qətlə yetirilməsi, iki nəfərin yaralanması və pulla dolu çantanın götürülməsi olayın görünən tərəfidir. Eləcə də polis əməkdaşlarının operativ tədbirləri nəticəsində qanlı hadisəni törədənlərin müəyyənləşdirilməsi, onlardan birinin saxlanılması, digərinin silahlı müqavimət göstərərkən zərərsizləşdirilməsi də, həmçinin. Əlbəttə, hüquq-mühafizə orqanlarımız hadisənin gerçək motivlərini üzə çıxaracaqlar. Hələlik isə dünyada təhlükəli peşə sahibləri olan inkassatorlara edilən hücumlardan söz açacağıq.
Əvvəla, onu qeyd edək ki, belə hücumların baş verməsinə görədir ki, pulun daşınması ilə bağlı beynəlxalq miqyasda bir sıra təhlükəsizlik qaydaları qəbul olunub. Məsələn, inkassator avtomobillərini idarə edənlərin yolda qapı-pəncərə açmaq hüququ yoxdur. Onlar planlaşdırılmamış yerlərdə dayana bilməzlər. Avtomobildəki şəxslərin bədən zirehlərini çıxarması da qadağandır. Hətta havanın möhkəm istisində belə bu yolverilməzdir. Necə deyərlər, dözmək lazımdır. Nəzərə alaq ki, qaydalar qanla yazılıb. Amma bütün ehtiyat tədbirlərinə baxmayaraq, soyğunçuluq halları yenə də yaşanır. Bu halların ən səs-küylüləri ilə bağlı xronologiyanı diqqətə çatdıracağıq.
Əlbəttə, 1962-ci ildə inkassator deyilən bir peşə yox idi. Elə ABŞ-ın Boston şəhərində də. Həmin vaxt pulu poçt işçiləri daşıyırdılar. İçərisində onların olduğu poçt maşınlarından biri ayrı-ayrı banklardan Bostona külli miqdarda pul aparırmış. Maşına iki kişi və bir qadın hücum edib. Xoşbəxtlikdən poçt işçiləri sağ qala bilsələr də, 11 milyon dollar oğurlanıb.
1963-cü ildə İngiltərədə pul daşıyan poçt qatarı quldurlar tərəfindən hücuma məruz qalıb. Qatardan 2,6 milyon funt-sterlinq oğurlanıb. Bu soyğunçuluq uzun müddət ən böyük miqyaslı pul qarəti statusunu saxlayıb. Axı müasir pul baxımından oğurlanmış məbləğ 112 milyon ABŞ dollarına bərabər idi. Cinayətkarlar tutularaq cəzalandırılıblar.
1969-cu ildə Nyu-Yorkda kollektorlar, yəqin, yolda planlaşdırılmamış dayanmaların xoşagəlməz nəticələr doğuracağının fərqində olmayıblar. 2 milyon dollar daşıyan bank işçiləri alış-veriş etmək istəyiblər. Onlar bir mağazanın qarşısında dayanıblar. Quldurlar isə dərhal maşına hücum edərək pulu oğurlamağa müvəffəq olublar. Əlbəttə, oğurlanmış pul daşınan məbləğin müəyyən qismi idi. Çünki yoldan keçənlər hadisəyə müdaxilə ediblər, nəticədə cinayətkarlar niyyətlərini tam reallaşdırmadan hadisə yerindən qaçıblar.
1990-cı ildə Londonda əlində pul çantası olan kuryer-inkassator şəhərin sakit küçələrindən birində hərəkət edirdi. Naməlum şəxs ona yaxınlaşıb, bıçaqla hədələyərək çantanı götürüb. Çantada isə hər biri 1 milyon funt-sterlinqlik qiymətli kağızlar olub ki, həmin kağızların ümumi sayı 301 imiş. Polis onlardan 299-nubanka qaytara bilib, ikisi yoxa çıxıb.
ABŞ-da 1997-ci ildə baş vermiş soyğunçuluğu həyata keçirən isə sürücü-inkassator olub. O, 27 milyon 700 min dolları götürüb və iş yoldaşlarını avtomobildə bağlayıb. Sonra avtobusa minərək Meksikaya qaçmağa cəhd göstərib. Lakin istəyi gerçəkləşməyib. Sərhəddə tutulan şəxs 25 illik həbs cəzasına məhkum edilib.
2009-cu ilin isti yayında Rusiyanın Perm şəhərində kollektorlar zirehli maşında külli miqdarda pul daşıyırmışlar. Adi bir gün imiş. Qəfildən onlardan biri – 36 yaşlı Aleksandr Şurman həmkarlarını nişan alıb. O, sürücünü meşəyə dönüb saxlamağa məcbur edib. Meşədə isə Şurmanı başqa maşın gözləyirmiş. Oğurlanmış çantalarda 250 milyon rubl olub. Cinayətkar bir müddət meşədəki qazma sığınacaqda gizlənib, lakin tezliklə tapılıb. Buna səbəb onun mobil telefondan istifadəsi olub. Maraqlıdır ki, Şurmana əməlini gerçəkləşdirməkdə həyat yoldaşı və qayınatası da kömək ediblərmiş. Hadisənin iştirakçılarının hər biri uzun müddətə azadlıqdan məhrum olunub.
Yeni il ərəfəsində – 2009-cu il dekabrın 30-da Rusiyanın İnquşetiya Muxtar Respublikasının ən böyük şəhəri olan Nazranda Esid Bankın binasının düz yanında atışma səsləri eşidilib. Bu, inkassator avtomobilinə hücum idi. Kamuflyaj olunmuş və zirehli dəbilqə geyinmiş 5 naməlum şəxs bir neçə dəqiqə ərzində 40 milyon rublu ələ keçirib. Hadisə nəticəsində kollektor ağır yaralanıb və ertəsi gün dünyasını dəyişib. İstintaqın gedişi barədə məlumat verilməyib.
2009-cu ildə zirehli pul tranzit maşını Rusiyanın Tula vilayətində Don federal magistral yolu ilə hərəkət edirmiş. Onu yaşayış məntəqələrindən uzaqda saxlayan iki naməlum şəxs polis geyimində olub. Cinayətkarlar 43 milyon rubl götürərək heç kimə toxunmadan qaçıblar. Onların tutulması istiqamətində aparılan işlər nəticəsiz qalıb.
2009-cu ildə Fransanın Lion şəhərində bankdan pulun digər hissəsini gətirmək üçün iki həmkarının avtomobili tərk etməsini gözləyən fransız kollektor 10 milyon avro ilə dolu maşını qaçırdıb. Geri dönən inkassatorlar avtomobili görmədikdə əvvəlcə elə biliblər, kimsə həmkarlarını girov götürüb. Lakin tezliklə boş maşın tərk edilmiş halda, içərisində heç bir mübarizə nişanəsi olmadan tapılıb. Soyğunçu 10 gündən sonra oğurladığı pulların müəyyən qismi ilə Monako kazinolarının birində yaxalanıb. Onun təslim olmaqdan başqa çarəsi qalmayıb.
2010-cu ildə Moskvada pulun daşındığı “İnkoxran” şirkətinin zirehli avtomobilindən 130 milyon rubldan çox vəsait oğurlanıb. Oğrular maşını tərk ediblər. Daha sonra orada bir inkassator, mühafizəçi və sürücünün meyitləri tapılıb. Məlum olub ki, cinayətdə 27 yaşlı mühafizəçi Oleq Kovlevun əli olub. O, həmkarlarını qətlə yetirdikdən sonra pulu götürərək cinayət ortaqlarına təhvil verib. Qəniməti ələ keçirənlər isə Oleqin özünü də öldürüblər. Hadisənin üstü açılmayıb.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”


