Kürün sahilində bir kənd var, Hunanlar kəndi.Tovuzun bu kəndi martın 5-də aldığı xəbərdən sarsılıb. Azərbaycan ordusunun hərbi qulluqçusu, bu kənddə dünyaya göz açmış 20 yaşlı Eşqin Cəmil oğlu Hüseynov həmin gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindəki Xankəndi–Xəlfəli–Turşsu torpaq yolunda törətdiyi təxribat nəticəsində şəhid olub.
...Vaxtilə özü də hərbçi olan, bir neçə il qabaq pensiyaya çıxan Cəmil kişinin evinə gəlib başsağlığı və təsəlli verən həmkəndlilərinin ardı-arası kəsilmir.
Cəmil Hüseynov ömür-gün yoldaşı Elnarə Bayramova ilə xoşbəxt bir ailə qurmuş, iki oğul, bir qız tərbiyə edərək böyüdüb boya-başa çatdırmışdılar. Oğlanların hər ikisi atalarının yolu ilə gedərək hərbçi olmağa qərar vermişdilər.Böyük qardaş Elçin Bayramov hazırda Naxçıvanda hərbçidir. Eşqin də hərbi qulluqçu idi. Lakin...
Natiq Qasımov, şəhidin qonşusu: – Necə gözəl bir Azərbaycan oğlu şəhid oldu! Hələ də özümə gələ bilməmişəm. Cəmil kişinin ailəsinə kənddə hamı xüsusi hörmət və izzətlə yanaşır. Çünki elə bir övladlar böyüdüb ki, ən xoş sözlərə layiqdirlər. Aqşin o qədər tərbiyəli, böyüyün-kiçiyin yerini bilən bir oğul idi ki, deməyə söz tapmıram, həyəcanlanıram. Hamıya əl tutmağa çalışırdı, tay-tuşlarından seçilirdi...
Erməni vəhşiliyi, erməni təxribatı nəticəsində daha bir övladımız şəhid oldu. Öz-özümə düşünürəm: bu vəhşiliyin, bu təxribatların sonu olacaq, ya yox?! Belə baxıram ki, onlar sülh razılaşmasına getmək istəmirlər, qan tökməyə meyillidirlər. Amma nahaq. Azərbaycan Ordusu hər an onları yerlərində otuzdurmağa qadirdir. Lazım gəlsə, Ermənistana qədər qovub çıxaracağıq. Onsuz da həmin torpaqlar da bizim əzəli ərazilərimiz olub.
Sakit Məmmədov, Hunanlar kəndinin icra nümayəndəsi: – Eşqin kəndimizin İkinci Qarabağ müharibəsinin ilk şəhididir. Hunanlar Birinci Qarabağ müharibəsində 5 şəhid verib. Adam inana bilmir ki, Eşqinin adı artıq şəhidlər sırasındadır. Atası Cəmil Hüseynov oğullarını həmişə ön cəbhədə görmək arzusunda olub və ona görə də hər ikisi hərbçi peşəsini seçib. Özü də hərbçi olub. Pensiyaya çıxsa da hərbçi paltarını heç vaxt əynindən çıxarmayıb. Həmişə deyir ki, Qarabağı geri qaytarsaq da müharibə erməni quldurlarının ucbatından davam edir. Gərək biz onları birdəfəlik susduraq. Zəhmətkeş adamdır. Mal-qara, qoyun- quzu saxlayır, halal zəhməti hər şeydən üstün tutur.
…Dünən Hunanlar kənd qəbiristanlığında böyük izdiham var idi. Təkcə kənd camaatı deyil, Tovuzun hər yerindən, respublikamızın müxtəlif guşələrindən gələnlər şəhidi son mənzilə yola salırdılar.
Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin, Müdafiə nazirliyinin rəhbər işçiləri, hərbçilər, qazilər, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları iştirak edirdilər.
Burada çıxış edənlər dönə-dönə qeyd etdilər ki, şəhid Eşqin Hüseynovun qanı yerdə qalmayacaq. Onsuz da bu təxribatı törədənlərə layiqli cavab verilib və bundan sonra da Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha görəcəklər.
Mərasim zamanı belə bir fikir dönə-dönə vurğulandı ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində cəmi 44 gün ərzində qazanılan Qələbə Xalq–Prezident birliyinin əbədi, sarsılmaz olduğunu bir daha sübut edib, dünyaya göstərib. Əgər erməni təxribatları yenə davam edəcəksə, düşmən yenidən layiqli cavabını alacaqdır.
***
Xəbər verildiyi ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin Qarabağda törətdikləri hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu da şəhid olmuşdur.
Dünən Bakı şəhərində şəhid baş leytenant Şəhriyar Ramiz oğlu Əlibəyli ilə vida mərasimi keçirildi. Şəhidin ailə üzvlərinin, yaxınlarının, Müdafiə Nazirliyi rəsmiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə bildirildi ki, Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Bakıda Badamdar qəsəbəsində yaşayıb. 2012-ci ildə 236 nömrəli tam orta məktəbi bitirib. O, Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub.
Şəhriyar Əlibəyli 2020-ci ildə İkinci Qarabağ müharibəsində düşmənə qarşı şücaətlə döyüşüb, torpaqlarımızın azadlığı uğrunda əlindən gələni əsirgəməyib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Ailənin tək övladı idi, subay idi.
Vida mərasimindən sonra Ş.Əlibəylinin nəşi II Şəhidlər xiyabanında torpağa tapşırıldı.
Mərasimdə erməni tərəfinin sülh prosesinə əngəl törədən təxribatçı əməlləri kəskin pislənildi.
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak ediblər. Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səslənib, yaylım atəşi açılıb. Mərasimdə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib. Şəhid Şəhriyar Əlibəylinin məzarı üzərinə əklil qoyulub, güllər düzülüb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Hamlet QASIMOV,
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”
Tovuz–Bakı


