Qatarla Sumqayıtdan Bakıya gəlirdim. “Yaşıldərə” adlanan ərazidən ötəndə pəncərədən gördüyüm eybəcər mənzərələr növbəti dəfə məndə təəccüb və təəssüf doğurdu. Sanki ötən dövrlərin “Mozalan” satirik kinojurnalına baxırdım.
Fərq yalnız bunda idi ki, adətən “Mozalan” üç-beş dəqiqəlik materiallar verirdi. İndi baxdığım bərbad səhnələrsə təxminən 30-35 kilometrlik bir məsafə boyunca elə 30-35 dəqiqə çəkdi. Təsəvvür edin ki, Sumqayıt, Saray, Novxanı, Görədil, Pirşağı, Məmmədli, Zabrat... ta Sabunçu stansiyasına qədər “sərgilənənlər” necə “göz oxşayır”. Təkcə qatar dayanacaqlarının ətrafı nisbətən təmizdir. Göz işlədikcə uzanan digər ərazilərdə isə nəinki estetikadan, heç adi sanitariya normalarına riayətdən də əsər-əlamət yoxdur.
Hara gəldi, üfunət və infeksiya mənbəyi olan məişət tullantıları atılıb. Əksər sahələrdə sellofan torba "bostan"ları, polietilen tullantılar, plastik butulka topaları, bataqlıqlar, qamışlıqlar baş alıb gedir. Tərs kimi, qatar da 60-70 kilometrdən yüksək sürətlə getmir, sanki aramla kinopanoram edir ki, hər şey aydın görünsün. Yaşayış ərazilərindəki yastı-yapalaq evlərin eybəcər hasarları, kol-kos basmış həyətləri, nəmişlikdən mamırlayıb göyərmiş, qaralmış dam şiferləri, orda-burda adda-budda şəkildə yığılmış dəmir-dümür, taxta-tuxta qalaqları da eybəcər mənzərələrə, necə deyərlər, əlavə rəng qatır.
Bütün bunlar azmış kimi, dünən səhər Goradildə, düz Samur-Abşeron kanalının qırağında alovu ərşə bülənd olan zibil tonqalı qalanmışdı. Kanalın içi də heç təmiz deyildi...
Qeyd: Təsvir etdiklərimiz Sumqayıt–Pirşağı–Bakı qatarlarının yalnız sağ tərəfindən görünənlərdir. Əks tərəfdə nisbətən xoş mənzərə olduğuna isə inanmaq sadəlövhlük sayılar.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”




