Bakı Dövlət Universitetində (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (TİİMM) fəaliyyət göstərir. Burada əsas məqsəd istedad və imkanlarına güvənən innovativ, yaradıcı tədqiqatçıları araşdırmalara cəlb etmək, təhsil-tədqiqat-innovasiya əlaqələrini təmin etməklə əmək bazarının tələblərinə uyğun kreativ düşüncəli mütəxəssislər hazırlamaq və elmi-tədqiqatların nəticələrini kommersiyalaşdırmaqdır. Mərkəzin əsas xüsusiyyətlərindən biri odur ki, onun qapısı təkcə BDU-nun tələbələri və əməkdaşları üçün deyil, həm də ölkənin bütün yüksəkixtisaslı tədqiqatçıları və istedadlı gəncləri üçün açıqdır.
Burada əsas tədqiqat istiqamətləri neft-qaz və mədən sənayesi, enerji və fizika, astrokosmik və atmosfer tədqiqatları və digər sahələr üzrə problemlərin innovativ həlli variantlarının işlənib hazırlanmasıdır. Qeyd edək ki, hazırda sənayedə mövcud olan bir çox elmi problemlər və onlar üçün lazım olan sınaqlar bizim laboratoriyaların imkanlarını aşdığından, inkişaf etmiş ölkələrdə yerləşən laboratoriyalara üz tutmaq məcburiyyəti yaranır. TİİMM kimi elmi mərkəzlər isə artıq Azərbaycanda bu tip sınaqları həyata keçirməyə imkan verir. TİİMM-in tabeliyində Nanoaraşdırmalar Elmi-Tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Bizi laboratoriyanın müdiri Mustafa Muradov qarşıladı. Gəlişimizin səbəbinə biləndə sevindi və vaxt itirmədən rəhbərlik etdiyi laboratoriya ilə bizi tanış etməyə başladı. Bildirdi ki, laboratoriyada dünyada aparılan yeni tədqiqatları bir daha araşdırır, elmi-tədqiqat işlərinin planlaşdırılmasını aparır və ilkin işlərə başlayırlar:
– Kollektivin indiyə qədər topladığı təcrübə və alınan nəticələr bizə nanomateriallar əsasında fərqli müasir qurğuların yaradılması sahəsində işlər aparmağa imkan verir. Sirr deyil ki, biz indiyədək daha çox materialşünaslıqla məşğul olmuş və ayrı-ayrı materialların fiziki, kimyəvi xüsusiyyətlərini öyrənmişik, əsas ağırlıq icmal xarakterli işlərə verilib. İndi isə magistrantların dissertasiya işləri və tələbələrin buraxılış işlərinin xarakteri dəyişib. Tədris prosesi nə qədər çevik olsa, məzunların bacarıq keyfiyyəti bir o qədər yüksək olar. Təhsil proqramları və təhsil texnologiyaları sahəsində dəyişikliklər müasir texnoloji proseslərə, sürətlə dəyişən sosial mühitə adekvat olmalıdır.
Laboratoriyada 17 əməkdaş çalışır. Mərkəzdə yeni xassələrə malik aşağı ölçülü (mikro və nanoölçülü) materialllar da alınır və onların əsasında miniatür cihazlar hazırlanır. Triboelektrik nanogeneratorlar və onların tətbiqləri, elektrik enerjisinin saxlanması üçün lazım olan materialların sintezi, nanobiotexnologiya, öz-özünü enerji ilə təmin edə bilən sensor sistemlərinin hazırlanması, müxtəlif elektrik, optik, mexaniki xassələrə malik nanokompozit materialların alınması, bərpaolunan enerji mənbələrinin hibrid formada istifadəsi və s. üzrə tədqiqatlar aparılır.
Laboratoriyanın aparıcı elmi işçisi, koreyalı Jisok Kim ilə də söhbətləşdik. Onun dedikləri:
– Laboratoriyada gördüyümüz əsas iş bərpaolunan enerjinin əldə olunmasıdır. Öz-özünə enerji yaradan sensorlar, insanların hərəkət zamanı boş-boşuna sərf etdikləri biomexaniki enerjiləri yığıb elektrikə çevirmək tətbiq sahələrimizdəndir. Layihələrimiz Türkiyənin TUBİTAK kimi mərkəzlərinə təqdim olunub. İnkişaf etmiş ölkələrdə müvafiq infrastrukturlar onsuz da var. Azərbaycanda isə mənim işləməyim üçün daha geniş imkan mövcuddur. Burada çalışdığım müddət ərzində məqalələrim beynəlxalq elmi jurnallarda çap olunub.
Laboratoriyanın əməkdaşı Orxan Güləhmədov da söhbətə qoşulur:
– Biz biomexaniki enerji istehsalının faydalarını da öyrənirik. Bundan ötrü laboratoriyada xüsusi cihaz yaradılıb. Hər gün insanların hərəkətindən biomexaniki enerji istehsal olunur. Bu enerjiləri toplamaq üçün ayaqaltına yerləşdirilə bilən sistem yaratmışıq. İnsanlar hərəkət etdikdə həmin sistem enerjini generasiya edir, əldə olunan enerji super tutumlulara yığılır. Görmə və eşitmə məhdudiyyətli insanları düşünürək bu layihəni yaratmışıq. Beləcə, əldə olunan enerji vasitəsilə telefonları, digər cihazları da enerji ilə təmin edə bilərik.
Orxan Güləhmədov dedi ki, dünyadakı enerji böhranı və qlobal istiləşmə fonunda bir çox ölkələr bərpaolunan enerji mənbələri və onların tətbiqini düşünürlər. Laboratoriya da analoji problemlərin həlli ilə məşğuldur. Əsas istiqamət alternativ enerji mənbələrindən istifadədir. Bunu Günəş və külək enejisi, su dalğaları, yaxud da müxtəlif mexaniki hərəkətlər nəticəsində əldə etmək mümkündür. Bu məqsədlə triboelektrik nano generatordan istifadə edilir.
Laboratoriyada elektrodlar da hazırlanır. Artıq elektrodlar nano naqillər vasitəsilə əldə edilir. Xüsusilə gümüş nanonaqillər elektrik enerjisinə çox həssasdır. Nanonaqillər insan telindən yüz min dəfə kiçik olduğuna görə gözə görünmür.
Onu da öyrəndik ki, Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyası bir sıra beynəlxalq layihələrdə iştirak edərək uğur qazanıb.
Laboratoriyada olarkən orada təhsil alan 30-a yaxın magistrlə də tanış olduq. Onlar burada praktik vərdişlərə yiyələnir, əyani şəkildə prosesləri izləyirdilər. Elmi işçi, kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova maqnitit nanohissəciklərin sintezi ilə məşğul idi. Bildirdi ki, həmin hissəciklər maqnitit dərman daşıyıcılarında istifadə olunur. Bu sistemdən ən çox xərçəng xəstəliyi ilə mübarizədə istifadə olunması planlaşdırılır.