sos
Rəqəmsal texnologiyanın inkişafını dəyərləndirən ölkələr analoji yenilikləri öz ordularında da tətbiq edirlər. Bu mənada, Azərbaycan Silahlı Qüvvələrində rabitə sistemlərinin inkişafı məqsədilə görülən işlər də diqqəti cəlb edir.
Milli Ordumuzda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı ən müasir yeni rabitə vasitələri alınaraq istifadəyə verilib. Ordumuzun silahlanmasına bir çox mobil rabitə kompleksləri də daxil edilib. Eyni zamanda, hərbçilərimizin arsenalında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Burada da istehsalatla yanaşı, peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.
Keçən ilin iyul ayında Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin yeni istifadəyə verilmiş Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyin təminatında xüsusi rol oynayır.
Bizimlə fikirlərini bölüşən general-mayor Məhəmməd Eminov bildirdi ki, Azərbaycan Ordusunun bölmələri ən müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib.
– İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnikası və vasitələri işləyir. Ordu idarəçiliyində məxfililik və qoşunların gizli idarə olunması nəzərə alınıb. Silahlanmamızda yer alan döyüş texnikalarının rabitə vasitələri yeni müasir rəqəmsal radiostansiyalarla əvəz olunub.
Sülh və savaş dönəmində, aralıqsız şəkildə potensial rəqiblərin rabitə sistemlərinin “dinlənməsi” hərbi təhlükəsizliyin vacib əməllərindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbə qazanmasında REM vasitələrinin rolu böyük olub.
Azərbaycan Silahlı Qüvvələri labüd savaş ssenarisində düşmənin rabitə əlaqələrinin izlənməsi, eləcə də əlaqəyə müdaxilə detallarını nəzərdən qaçırmamışdı. Ordumuzun düşmən radiodalğalarında “fırtına qoparan” sistemlərlə təminatında ən önəmli yeri qardaş Türkiyənin ASELSAN şirkəti tutur.
Vətən müharibəsindən öncə və savaş günlərində ASELSAN-ın COMINT (Communications Intelligence) sistemləri vasitəsi ilə düşmənin səs və məlumat yüklü radio dalğalarının axınını hədəf alan kommunikasiya kəşfiyyatı Azərbaycan Silahlı Qüvvələrinə bir çox üstünlüklər qazandırmışdı. Müharibənin gedişində həmin sistemlər vasitəsilə düşmənin hər gün orta hesabla 80 məlumatını dinləmək və lokasiyalarını təyin etmək mümkün olub.
Azərbaycan Ordusunun arsenalında yer alan və hərbi qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıran bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini müəyyənləşdirir. Bununla yanaşı, hədəf radarları qarışdırıb aldadaraq, onların funksionallığını pozur.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələri də zaman-zaman REM vasitələrinin istehsalı, hazırlanması və inkişafı istiqamətində müəyyən addımlar atıblar.