Futbol dedi-qodu sevmir...

post-img

“Kəpəz” mənim sevdiyim komandadır. Özü də bu cümləni rəsmi dövlət mətbuat orqanının nümayəndəsi kimi deyil, bir azarkeş kimi deyirəm və yəqin ki, heç kəs məni qınamaz. Digər tərəfdən, bir ara, daha dəqiq desək, 90-cı illərin sonlarında bu klubun mətbuat xidmətinin rəhbəri olmuşam. Hətta çempionlar liqası çərçivəsində komanda ilə birlikdə 1998-ci ilin yayında Polşaya da getmişəm. Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda ilk dəfə məhz bu klubun redaktoru olduğum qəzeti təsis edilib, qeydiyyatdan keçib. Özü də rəngli. Ümumiyyətlə, respublikada ilk rəngli qəzet “Kəpəz” olub və əl-əl gəzib. Bu işdə mənə o zamanlar “Xalq qəzeti”ndə işləyən, Əməkdar jurnalist, futbol bilicisi, hazırda da qəzetimizlə əməkdaşlıq edən Oqtay Bayramov da yaxından kömək göstərib... 

“Kəpəz” həmişə sayılıb-seçilən komanda olub. Təkcə 1993–2003-cü illər arası klub 3 dəfə ölkə çempionu titulunu, 4 dəfə kuboku­nu qazanıb. Çempionatlarda “Qarabağ”dan sonra ən böyük uğuru məhz “Kəpəz” əldə edib. 

Bunları nəyə görə qeyd edirəm? Böyük futbolun yenidən Azərbaycanın ikinci şəhə­rinə qayıtması Gəncədə sonsuz coşqu yara­dıb. İstər şəhər rəhbərliyi, istərsə də AFFA və digər əlaqədar təşkilatlar oyunların şəhər stadionunda keçirilməsi üçün tədbirlər gö­rüblər və buna nail olublar. Bildiyiniz kimi, “Kəpəz” bir neçə tur ev oyunlarını başqa şəhər və rayonların stadionlarında keçirmək məcburiyyətində qalmışdı və komandanın aktivində bir xal belə yox idi. Məhz belə bir vaxtda, yəni, ötən il sentyabrın əvvəllərində “Kəpəz” PFK İctimai Birliyi İdarə Heyətinin iclası keçirildi və o vaxtadək klubun icraçı di­rektoru olan İlqar Nadiri sədr seçildi, Tərlan Əhmədov isə komandanın baş məşqçisi təyin olundu.

Tərlan Əhmədovun gəlişi ilə komandada əhval-ruhiyyə dəyişdi, “Kəpəz” tədricən xal toplamağa başladı, qələbə də qazandı və so­nuncu pillədən çıxa bildi. O qədər də yaxşı vəziyyətdə olmayan şəhər stadionunu yeni­dən minlərlə azarkeş doldurdu. Qeyd edim ki, 27 min tamaşaçı tutumuna malik olan bu stadion Bakıdakı Olimpiya və Tofiq Bəhra­mov adına respublika stadionlarından sonra öz böyüklüyünə görə 3-cü yeri tutur. Amma uzun illər əsaslı təmir olunmayan stadionun indiki vəziyyəti bir o qədər də ürəkaçan de­yil. Heç meydançanın ot örtüyü də tələblərə cavab vermir, bir sıra qurğular sıradan çıxıb.

Yeri gəlmişkən, Gənclər və İdman Nazir­liyi, AFFA, şəhər icra hakimiyyəti bu böyük idman qurğusunun tamamilə yenidən qurul­ması istiqamətində iş görməlidirlər. Özü də məsələ, zənnimcə, Nazirlər Kabineti, Maliyyə Nazirliyi səviyyəsində həll olunmalıdır. Çünki bura çəkiləcək xərc az məbləğ deyil. Demirik, adları çəkilən qurumlar, ilk növbədə, AFFA Gəncədə bu sahədə iş görmür. Yox, belə desək, insafsızlıq olar. “Kəpəz” klubunun idman ba­zasına baxdıq. Elə təmir-bərpa işləri aparılır ki, adam heyran qalır. Mütəxəssislər deyirlər ki, belə bir baza heç Bakıda yoxdur. 

Qeyd etdik ki, Tərlan Əhmədovun kluba gəlişindən sonra vəziyyət yaxşılığa doğru də­yişməyə başladı. Komandada nizam-intizam gücləndirildi, aşağı yaş qrupundan, şəhərdə iki il qabaq təşkil olunmuş Futbol Akademi­yasından oyunçular cəlb olundu. Tələblərə ca­vab verməyən, intizamsızlığa yol verənlər isə tədricən uzaqlaşdırıldı... Və günlərin bir günü söz-söhbət, dedi-qodu, oyunçuların bəziləri ilə məşqçi arasında narazılıqlar başlandı.

Ən pisi o idi ki, daxildə baş verən və bir çox klublara xas olan bu narazılıqlar, söz-söhbətlər tədricən kənara çıxmağa baş­ladı. Bu işdə bəzi idman və futbol saytları­nın da “rolu” açıq-aşkar görünürdü. PFK İB İdarə Heyətinin sədri İlqar Nadirinin, Tərlan Əhmədovun və klubun daxilində narazı və ya razı olanların bir çox mənasız, intriqa salıb reytinq qazanmaq istəyən “mətbu” orqanla­rına həvəslə müsahibələr verməsi vəziyyəti bir qədər də dərinləşdirdi. Azarkeşlər ara­sında da söz-söhbətlər yarandı, hətta, necə deyərlər, ikitirəlik halları müşahidə olundu, “gəncəli”, “kənardangəlmə” söhbətləri apa­rıldı. Azarkeşlərdən söhbət düşmüşkən, bunu tam cəsarətlə deyirəm: Gəncədə olan futbol azarkeşi kimi sadiq azarkeş respublikada heç yerdə yoxdur. Şəhərdə bir neçə fan klub ya­radılıb, “Kəpəz” hara gedir, onlar da gedir, komandaya dəstək olur, ruhlandırırlar. Şəhər stadionundakı oyunlara minlərlə tamaşaçı gə­lir. Burada şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun, Milli Məclisin deputatı Müşfiq Cəfərovun və bir çox müəssisə və təş­kilat rəhbərlərinin vaxtaşırı iştirakı da Gəncə­də futbola marağın daha da artmasına şərait yaradan amillərdəndir.

...Məsələlərə aydınlıq gətirmək üçün baş məşqçi ilə görüşmək qərarına gəldik. Və­dələşdiyimiz vaxtdan da tez gedib bir kənar­dan komandanın məşqini izlədik. Adi, növ­bəti məşqlərdən biri idi. Amma öz aralarında elə oynayırdılar ki, sanki “Qarabağ”la növ­bəti oyuna çıxıblar. Etiraf etməliyik, Tərlan Əhmədov qısa vaxtda mübariz bir komanda formalaşdıra bilib. Özü də bir çox çətinliklərə baxmayaraq. Aldığımız məlumata görə, ko­manda səfər oyununa gedərkən bəzən elə bir avtobus verirlər ki, adam xəcalət çəkir. Başqa problemlər də çoxdur, sadalamaq istəmirik. Maraqlıdır ki, Tərlan Əhmədovdan narazılıq edən bəzi veteran futbolçular, mütəxəssislər, hətta komanda daxilindəki bir sıra işçilər onun bir məşqçi kimi çox güclü olduğunu dönə-dönə qeyd edirlər. Bəs onda nə baş ve­rir?

...Bayaqdan söhbət edirəm. 52 yaş­lı təcrübəli məşqçi deyir ki, komandaya dəvət ediləndə bilirdim bu hücumlar olacaq, söz-söhbət yaranacaq. Mənə intizamsızlıq edən, komandanın “mətbəxində” olan söh­bətləri şişirdib kənara yayan oyunçu lazım deyil. Hətta mənim də, azarkeşlərin də gözü­nün işığı olsa belə.

Məni bu komandaya dəvət ediblərsə, deməli, etibar ediblər və o etibarı doğrultma­lıyam. Qarşımda konkret vəzifə var: koman­danı yüksək liqada saxlamaq. Nail olacağıq, mütləq. Klubun İdarə Heyətinin sədri bizə hər cür kömək göstərir. Şəhər rəhbərliyindən, AFFA-dan elə bir gileyimiz yoxdur, sağ ol­sunlar, işimizə laqeyd deyillər...

İki saata yaxın söhbətimiz oldu. Belə bir qənaətə gəldim ki, Tərlan Əhmədovun bəzən sərt davranışı da bir sıra narazılıqlara, söz-söhbətə rəvac verir. Özü də etiraf etdi ki, bu cür söhbətlər bundan əvvəl baş məşqçi olduğum “Keşlə”də də (indiki “Şamaxı”), “Neftçi”də də olub. Deyir, bütün bunlar mə­nim tələbkar olmağımla bağlıdır. 

Nə deyək. Bu, baş məşqçinin mövqeyi­dir, tutduğu yoldur. Amma bütün hallarda “Kəpəz”in adını yüksək yerlərdə görmək istə­yiriksə, umu-küsü bir kənara qoyulmalıdır, hamı bir yumruq kimi birləşməlidir. Bəzi hal­larda fərdi xüsusiyyətlər, hətta mentalitet, yerli şərait də nəzərə alınmalıdır. Klubun rəhbərliyi də, baş məşqçisi də elə etməlidirlər ki, hamı onların ətrafında birləşsin, kənar söz-söhbətə yer qalmasın. Futbol dedi-qodu sevmir.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri 

Gəncə



Sosial həyat