Unudulmaz Arye Qut...

post-img

Siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva dünən özünün “Facebook” səhifəsində bir neçə il əvvəl iştirakçısı olduğu bir tədbir barədə paylaşım edib. Söhbət xalqımızın yaxın dostu, yazıçı-publisist Arye Qutun Xocalı faciəsinə həsr etdiyi “Ağrı” romanından gedir. Məhsəti xanım yazır:

“Bir necə il bundan əvvəl İsraildə nəşr edilmiş, elmi re­daktoru olduğum, Arye (həm də Rəşid kimi tanınır) və Amir (Əhməd) Qutun Xocalıya həsr olunmuş “Ağrı” kitabının təq­dimatında oldum. Hər il Xocalı soyqırımının anım günü Azər­baycanı ürəkdən sevən, Xocalı həqiqətlərini dünyaya çatdıran qardaşımız Arye (Rəşid) Qut da yada düşəcək. Allah sənə rəh­mət etsin Rəşid müəllim!”

M.Əliyeva sonra qeyd edir ki, Arye Qut çox fədakar insan idi, Azərbaycana bütün varlığı ilə, qəlbən bağlı idi: “Düşünürəm ki, qədirbilən xalqımız onun sevgi və məhəbbətlə dövlətimiz və xalqımız üçün gördüyü böyük işləri heç vaxt unutmayacaq. 

Bu paylaşım sosial şəbəkə izləyiciləri arasında dərin ma­raq oyadıb. Məsələn, Bakı Dövlət Universitetinin kafedra mü­diri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli öz rəyində yazıb: “Arye (Rəşid) Azərbaycanın böyük dostu, onun fədakar təbliğatçısı idi. Xocalı soyqırımı ilə bağlı çox yazırdı. Aprel döyüşlərində də, 44 günlük savaşda da bizimlə idi. Ruhu şad olsun! Atası-rejissor dostum Amir (Əhməd) müəllimə və ailəsinə dərin hüznlə başsağlığı veririk”.

Xatırladaq ki, Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. BDU-nun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan və İsrail dövlətlərinin strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət və s. aktual qlobal məsələlərlə bağlı 700-dən artıq analitik məqalə­nin müəllifi olub. Uzun illər İsrail dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasının rəsmi əlaqələndiricisi kimi çalışıb. 

Arye Qutun atası Amir Qutla birgə yazdığı “Ağrı” bə­dii-sənədli romanında Xocalıda törədilən soyqırımı aktı ilə bağ­lı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, millətlərə mənsub olan, fərqli mühitlərdə böyümüş, taleyin qismətindən Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur.

 

M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat