“Casus-2”, yoxsa seçki “çətiri”?

post-img

Avropa İttifaqı Ermənistana ikinci mülki missiya göndərir

Bu gün Cənubi Qafqazın üç ölkəsi öz siyasi trayektoriyasını böyük ölçüdə müəyyənləşdirərək gələcək yolunu cızıb. Azərbaycan təkcə yerləşdiyi bölgədə deyil, qlobal miqyasda davamlı, müstəqil və balanslı xarici siyasət yürütməyi bacaran lider ölkə kimi sayılıb-seçilir.

Gürcüstan konstitusiya ilə təsbit olunmuş Avro-Atlantik kursunu qorumaqla yanaşı, regional riskləri sığortalamaq məqsədilə ehtiyatlı siyasət yürüdərək həm Qərb, həm də Şərq ilə iqtisadi-tranzit əlaqələrini uğurla diversifikasiya edir. Ermənistan isə onilliklər boyu bağlı olduğu təhlükəsizlik arxitekturasından kəskin şəkildə qoparaq mürəkkəb geosiyasi axtarışlar fonunda bölgədəki siyasi aktivliyini artırmağa çalışır. Lakin keçid dövründə nisbətən iradəsiz xarici siyasət sərgiləyən rəsmi İrəvan faktiki olaraq Rusiya və Qərb arasında gərgin mübarizə meydanlarından birinə çevrilib.

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi kursunu böyük ölçüdə müəyyən edəcək. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim partiyanın qələbəsi Ermənistanın avrointeqrasiya xəttini daha da gücləndirəcək və Rusiya ilə münasibətlərdəki mövcud çatları genişləndirəcək. Əks ssenari isə Kremlin ölkədəki təsir dairəsini bir müddət də qorumasına şərait yaradacaq. Həm Qərb, həm də Rusiya üçün Ermənistanda nüfuz imkanlarını artırmaq baxımından həlledici olan bu seçkilər ərəfəsində Kremlin seçki prosesinə mümkün birbaşa müdaxilə imkanlarına biganə qalmaq istəməyən Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri aprelin 15-də Brüsseldə Ermənistana yeni mülki missiyanın (EUMP) göndərilməsi barədə qərar qəbul ediblər. Strateji və praktiki məsləhətlər verməklə təhlükəsizlik qurumlarına dəstək olmağı və Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını artırmağı hədəfləyən "ikinci missiya" faktiki olaraq bölgədə Rusiyanın təsirini zəiflətmək məqsədini gizlətmir. Bəs, mahiyyət etibarilə bu yeni missiyanın əvvəlkindən fundamental fərqləri nədən ibarətdir və pərdəarxası məqsədlər hansılardır?

2022-ci il oktyabrın 6-da Praqada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüşün nəticəsi olaraq 2 aylıq müddətdə razılaşdırılan Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti ötən il yanvarın 30-da qəbul edilən yeni qərarla 2027-ci il fevralın 19-na qədər uzadılıb. Rəsmi Bakı bu proseslə bağlı mövqeyini dəfələrlə bəyan edərək bildirib ki, Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdirilən bu missiyanın fəaliyyəti qəbuledilməzdir. Şərti sərhəddə gərginliyin və atışmaların qarşısını almaq bəhanəsi ilə bölgəyə ezam olunmuş bu heyətin monitorinqləri dövründə Ermənistan tərəfindən Azərbaycan mövqelərinin dəfələrlə atəşə tutulması missiyanın effektivliyini ciddi şübhə altına qoyub.

Hazırda sayı 225 nəfərə çatan missiyanın ötən ilin 8 avqustunda baş tutan Vaşinqton görüşündən sonra hələ də bölgədə qalması və fəaliyyətini davam etdirməsi, mövcud reallıqlar fonunda, yumşaq desək, yersiz görünür.

* * *

Aİ-nin Ermənistanda 2 il müddətinə planlaşdırdığı yeni “Tərəfdaşlıq Missiyası” (EUPM) regionda onsuz da kövrək olan sabitliyi növbəti dəfə ciddi sınaq qarşısında qoyur. Lakin bu addımın pərdəarxası məqamlarına diqqət yetirdikdə, hədəfin heç də Azərbaycan deyil, birbaşa Rusiyanın bölgədəki mövcudluğu olduğu aydın görünür. Təxminən 20-30 nəfərlik beynəlxalq heyətlə fəaliyyətə başlayacaq yeni mülki missiya, əslində, Ermənistanın daxili siyasi konfiqurasiyasını Kremlin onilliklərlə formalaşdırdığı təsir rıçaqlarından təmizləmək məqsədi daşıyır.

Xüsusilə də qrupun mandatında seçki proseslərinə nəzarət, kibertəhlükəsizlik standartlarının tətbiqi və informasiya manipulyasiyasına qarşı mübarizə kimi bəndlərin yer alması Qərbin rəsmi İrəvan daxilində özünə sadiq və Rusiyadan asılı olmayan yeni siyasi mühit yaratmaq niyyətindən xəbər verir. Şübhəsiz ki, Bakı bu cür birtərəfli addımları öz suverenliyinə və sülh prosesinə kənar müdaxilə kimi qiymətləndirib narahatlığını ifadə etsə də, məsələnin kökündə daha çox Qərbin Ermənistandakı strateji institutları Moskvanın nəzarətindən qoparmaq cəhdi dayanır. Çünki əvvəlki EUMA təcrübəsi də bir daha sübut etdi ki, bu cür missiyalar regionda real etimad yaratmaq əvəzinə, daha çox böyük güclərin rəqabət meydanında propaqanda alətinə çevrilir. Beləliklə, Brüsselin “təhlükəsizliyi möhkəmləndirmək” adı altında atdığı bu addım, görünür, Cənubi Qafqazda Rusiyanı sıxışdırıb çıxarmaq üçün qurulan yeni hərbi-siyasi poliqonun tərkib hissəsidir və bu da bizi həm seçkilərə qədər, həm də seçkilərdən sonra kifayət qədər maraqlı hadisələrin gözlədiyindən xəbər verir.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Yeni missiyanın Azərbaycana birbaşa aidiyyəti yoxdur. Bu, daha çox Rusiya amili ilə bağlıdır. Yəni Ermənistandakı seçki proseslərinə mümkün müdaxilələrin qarşısını almaq, mövcud hökumətə dəstək vermək və revanşist qüvvələri müşahidə altında saxlamaq məqsədi daşıyır. Müdaxilə meyilləri isə artıq açıq müstəvidədir. Məsələn, Rusiya tərəfi Ermənistan baş naziri ilə görüşdə Rusiyayönümlü qüvvələrə şərait yaradılmasını və onların seçkilərdə iştirak edərək hakimiyyət dəyişikliyinə nail olmaq istəklərini gizlətməmişdi.

Buna bənzər müdaxilə cəhdləri Moldova seçkilərində də kifayət qədər qabarıq və mənfi formada özünü göstərmişdi ki, həmin vaxt Avropa ölkələri Moldovaya ciddi dəstək nümayiş etdirdilər. İndi eyni missiyanın Ermənistanda həyata keçirilməsi planlaşdırılır.

Hesab etmirəm ki, bu vəziyyət Azərbaycanı ciddi narahat etməlidir. Çünki “rusmeyilli qüvvələr” kimi tanınan qruplar (məsələn, Samvel Karapetyan, Qagik Tsarukyan və b.) Azərbaycan–Ermənistan arasında sülhün əldə olunmasına və münaqişənin tamamilə bitməsinə qarşı çıxılar. Əgər bu qüvvələr Rusiyadan dəstək alırsa və Avropa buna qarşı Paşinyan iqtidarına kömək edirsə, bu, bizim maraqlarımıza zidd deyil, əksinədir.

O ki qaldı missiyanın yerləşməsinə, bəli, bizim tərəfdar olduğumuz sülh prinsiplərində qeyd olunub ki, sülh əldə edildikdən sonra Azərbaycan-Ermənistan sərhədlərində heç bir üçüncü dövlətin qüvvəsi yerləşdirilməməlidir. Ona görə də həmin missiya sərhədlərdən uzaqlaşdırılaraq İrəvanda fəaliyyət göstərəcəksə, buna etiraz etmək üçün əsas yoxdur. Bu, onların daxili işi hesab olunur.

İrina TSUKERMAN,
beynəlxalq hüquq üzrə amerikalı ekspert

Yeni missiyanın fəaliyyəti, şübhəsiz ki, Moskvada xüsusi qıcıq yaradacaq. Qərb Ermənistana hibrid təhdidlərə qarşı dayanıqlılığın gücləndirilməsi bəhanəsi ilə müdaxilə edərək ölkədə rus təsirini sıfıra endirməyə çalışır. Bu gün Moskvanın ünvanladığı sual bundan ibarətdir: Rəsmi İrəvan üçün hansı siyasi gedişin – Rusiya, yoxsa Qərb amilinin daha uğurlu olacağına və ən nəhayət, Ermənistanda təhlükəsizliyin hansı kənar qüvvələrə həvalə edilməsinə kim qərar verməlidir: xalq, yoxsa hökumət?

Məhz buna görə Rusiya bu missiyanı parlament seçkiləri ərəfəsində siyasi təsir aləti kimi qiymətləndirir. Nazirliklərə, ekspert dairələrinə və institutlara çıxışı olan, dayanıqlılıq, dezinformasiya ilə mübarizə, seçki mühitinin qorunması kimi sahələrdə işləyən istənilən xarici qurum daxili siyasi balansın bir hissəsinə çevrilir. Moskvanın yanaşmasına görə, Aİ təkcə müşahidəçi deyil, həm də seçki mühitini formalaşdırmağa çalışan aktordur.

Rusiyanın cavabı böyük ehtimalla üç cəbhədə formalaşacaq: informasiya, iqtisadi və daxili siyasi. Moskva iddia edəcək ki, Avropa missiyası neytral deyil və anti-Rusiya gündəmi daşıyır, Ermənistan isə Qərbin regiondakı möhkəmlənməsi üçün platformaya çevrilir. Eyni zamanda, Rusiya iqtisadi rıçaqlardan istifadə edərək enerji, logistika və ticarət kimi sahələrdə təzyiqi artıra bilər. Daxili müstəvidə isə bu məsələ hakimiyyətə qarşı arqument kimi təqdim olunacaq bu, xüsusilə seçkiqabağı dövrdə fəallaşacaq.

Yekunda qeyd edə bilərəm ki, Ermənistandakı yeni Aİ missiyası regional müstəvidə üçqat effekt yaradacaq. Rusiya üçün bu addım İrəvanın Qərbin siyasi-təhlükəsizlik orbitinə doğru qəti addımlarla irəlilədiyinin rəsmi sübutu olacaq. Azərbaycan tərəfi üçün isə missiyanın fəaliyyəti sülh danışıqları prosesində Ermənistanın atacağı hər bir addımı daha diqqətlə və ehtiyatla izləmək üçün ciddi əsaslar formalaşdıracaq. Ermənistanın özünə gəldikdə, İrəvan bu prosesdən müəyyən fayda və dividendlər qazanacaqsa da, eyni zamanda, Moskva ilə münasibətlərin daha da pisləşməsinə səbəb olacaq.

Tacir SADIQOV
XQ

 





Siyasət