TRIPP layihəsi: geoiqtisadi maraqların yeni mərkəzi

post-img

Cənubi Qafqaz uzunmüddətli münaqişə dövrünü geridə qoyaraq iqtisadi tərəfdaşlıq və geosiyasi yenidənqurma mərhələsinə keçib. Nikol Paşinyan və Vladimir Putin arasında son görüş bu dinamikanı yenidən gündəmə gətirməklə regiondakı strateji prioritetlərin dəyişdiyini göstərdi. Ekspertlərin “post-münaqişə transformasiyası” adlandırdığı bu dövr Ermənistan–Azərbaycan münasibətlərindəki sabitlik, kommunikasiyaların açılması və TRIPP kimi mühüm layihənin aktuallaşması ilə xarakterizə olunur.

Bu çərçivədə Nikol Paşinyanın “Tramp marşrutu” (TRIPP) layihəsini yenidən ön plana çıxarması İrəvanın yürütdüyü siyasətin məntiqi nəticəsidir. Baş nazir açıq şəkildə bəyan edib ki, İrəvan və Vaşinqton arasında strateji əhəmiyyət kəsb edən bu təşəbbüsün qısa müddətdə reallaşdırılması Ermənistan üçün prioritetdir. Bu bəyanatın Moskva təmaslarından sonra səsləndirilməsi İrəvanın həm Rusiya, həm də Qərb istiqamətində balanslaşdırılmış siyasət yürütmək cəhdindən xəbər verir.

Parlamentdəki “hökumət saatı”ndakı çıxışında Paşinyan qeyd edib ki, Ermənistan tərəfi ABŞ-dan layihəyə ən yüksək səviyyədə marağın davam edəcəyi ilə bağlı təminatlar alıb. Dövlət Departamentinin “TRIPP Cənubi Qafqazda sülh və rifahın təşviqi baxımından ABŞ-ın prioritetlərindən biri olaraq qalır və Tramp administrasiyası onun gerçəkləşdirilməsində qərarlıdır” – açıqlaması onun təkcə iqtisadi deyil, həm də ciddi geosiyasi çəkiyə malik olduğunu təsdiqləyir. Bu, eyni zamanda layihənin reallaşmasına qarşı çıxanların iddialarını ciddi şəkildə zəiflədərək onların arqumentlərinin təsir gücünü azaldır və mövqelərini daha da dayanıqsız və inandırıcılıqdan uzaq vəziyyətə salır.

Baş nazirin sözlərinə görə, son dövrlər layihənin icra tempi nəzərəçarpacaq dərəcədə artıb. Marşrut çərçivəsində elektrik ötürücü xətlərinin planlaşdırılandan daha tez inşasının müzakirə olunması layihənin konseptual mərhələdən praktiki müstəviyə keçdiyini göstərir. O da bildirilir ki, Tramp marşrutunun həyata keçirilməsinə digər ölkələrin də qoşulması gözlənilir. Layihənin idarə olunması mərhələsində də oxşar əməkdaşlıq formatı istisna edilmir.

Paşinyanın xüsusi qeyd etdiyi digər məqam isə Azərbaycanın da bu prosesdə maraqlı tərəf kimi çıxış etməsidir. Bu detal regionda iqtisadi layihələrin siyasi ziddiyyətləri neytrallaşdırdığı yeni bir əməkdaşlıq mühitindən xəbər verir. Bu, göstərir ki, TRIPP ikitərəfli təşəbbüs deyil, Cənubi Qafqazın əsas nəqliyyat və enerji arteriyasına çevriləcək geniş regional platformadır.

Layihənin reallaşması üçün regiondakı geosiyasi mühit də əhəmiyyətli dərəcədə sabitləşib. Baş nazir bu vəziyyəti son dövrdə ikitərəfli əlaqələrlə yanaşı, həm də İran ətrafında formalaşan risklərin azalması ilə əlaqələndirib. O, Strasburqdakı çıxışında da bildirib ki, 1991-ci ildən bəri ilk dəfə Ermənistan–Azərbaycan sərhədində səkkiz ay ərzində heç bir itki qeydə alınmayıb. Bu fakt təhlükəsizlik mühitinin fundamental şəkildə dəyişdiyinin əyani göstəricisidir. Yerli medianın “sərhəddə səssizliyin institusionallaşması” kimi xarakterizə etdiyi yeni reallıq həm hərbi, həm də sosial sabitliyin bərpası anlamını daşıyır.

Digər tərəfdən, regional nəqliyyat kommunikasiyalarının bərpası siyasi proseslərlə paralel şəkildə sürətlənib. 2025-ci ilin noyabrında Azərbaycan və Gürcüstan marşrutu ilə hərəkət edən qatarın Ermənistana çatması beynəlxalq analitiklər tərəfindən regionun blokadadan faktiki çıxışı kimi qiymətləndirilir. Paşinyan parlamentdəki çıxışında bu hadisənin strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, ABŞ, Azərbaycan və Ermənistan hökumətləri kommunikasiyaların açılmasını bir nömrəli prioritet hesab edirlər. O, həmçinin əlavə edib ki, Azərbaycan dəmir yolunun Ermənistan üçün açılması reallaşmasaydı, qlobal böhranlar və inflyasiya ölkə iqtisadiyyatına daha ağır zərbələr vura bilərdi.

Paşinyan həmçinin vurğulayıb ki, Azərbaycandan neft məhsullarının idxalı ölkə vətəndaşlarına 10 milyardlarla dram qənaət etmək imkanı yaradıb. Onun sözlərinə görə, bu tədarüklər daxili bazarda uzun illər davam edən monopoliyanın tamamilə aradan qaldırılmasında həlledici amil olub: “Bu prosesin 8 il çəkməsinin səbəbi mütəşəkkil mafioz strukturlarla mübarizə aparmağımızdır. Bu mafiyanın qolları təkcə Ermənistan daxilində deyil, həm də ölkə hüdudlarından kənarda mövcuddur”.

Baş nazir əlavə edib ki, Azərbaycanın dəmir yolu vasitəsilə tədarüklərin başlaması Ermənistanın xarici şoklara qarşı dözümlülüyünü artırıb. Şübhəsiz ki, bu nəqliyyat arteriyası olmasaydı, xüsusilə Hörmüz boğazı ətrafında yaranmış geosiyasi gərginlik Ermənistanın enerji təhlükəsizliyinə və iqtisadiyyatına qat-qat ağır zərbə vura bilərdi.

Məlumdur ki, bu addımın reallaşmasında Prezident İlham Əliyevin qərarı həlledici rol oynayıb və Paşinyanın bu qərara görə təşəkkür etməsi siyasi ritorikada yeni mərhələnin başladığını göstərir. Mövcud geosiyasi transformasiya TRIPP layihəsinin icrasına yaşıl işıq yandırmaqla, regionun iqtisadi gələcəyi üçün yeni perspektivlər açır. Həmçinin Ermənistanın Azərbaycandan Türkiyəyə və əks istiqamətdə tranzitə hazır olması regionda qarşılıqlı iqtisadi asılılıq modelini formalaşdırır. Bu yanaşma klassik təhlükəsizlik dilemmasını zəiflədərək iqtisadi rasionalizmi ön plana çıxarır.

* * *

TRIPP layihəsi münaqişə risklərini azaldan və Cənubi Qafqazı qlobal sistemə inteqrasiya edən strateji platformadır. ABŞ-dan alınan dəstək Ermənistana onilliklərdir davam edən təcriddən çıxmaq, daxili istehsalı xarici bazarlara çıxarmaq və büdcəyə sabit tranzit gəlirləri cəlb etmək imkanı verir. Logistik və enerji diversifikasiyası isə İrəvanın beynəlxalq arenada manevr imkanlarını genişləndirərək, onu regional arxitekturanın aktiv iştirakçısına çevirir.

BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidov mövzu ilə bağlı bildirib ki, bu proses Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin göstəricisidir və davamlı sülhə birbaşa töhfə verir: “Sülh nəzəriyyəsinə (və ya kapitalist sülh nəzəriyyəsi) əsasən, dövlətlər arasında fəal ticarət əlaqələri mövcud olduqda münaqişə ehtimalı azalır. İkinci Dünya müharibəsindən sonra Fransanın və Almaniyanın təcrübəsi bunun aydın nümunəsini təqdim edir. Strateji baxımdan önəmli Rur regionunda əməkdaşlıq, eləcə də Kömür və Polad Birliyi və digər sazişlərin yaradılması davamlı sülhün əsasını qoydu”.

Beləliklə, TRIPP layihəsi Cənubi Qafqazda 30 ildən çox hökm sürən klassik “təhlükəsizlik dilemması”nı müasir “iqtisadi rasionallıq” modeli ilə əvəz edən fundamental transformasiyadır. Nikol Paşinyanın bu təşəbbüsü strateji prioritet kimi təqdim etməsi və rəsmi Bakının nəqliyyat blokadasını aradan qaldıran praktiki addımları regionun artıq hərbi rəqabət meydanı deyil, qlobal logistik qovşaq olmaq iradəsini nümayiş etdirir.

TRIPP, sadəcə, bir yol deyil, həm də sülhü qoruyan institusional mexanizmdir. Layihənin uğuru Ermənistanın təcriddən çıxması, Azərbaycanın Avrasiya miqyasında əvəzolunmaz tranzit mərkəzi kimi mövqeyini gücləndirməklə yanaşı, gəlir əldə etmək baxımından da faydalıdır. Beynəlxalq təcrübə, xüsusilə Fransa və Almaniya arasındakı tarixi barışıq nümunəsi göstərir ki, strateji resursların və marşrutların birgə idarəetməyə verilməsi uzunmüddətli sülhün ən etibarlı qarantıdır.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət