Son 23 il ölkəmizin müstəqil dövlətçilik tarixində tərəqqi mərhələsidir
2003-cü il oktyabrın 15-də ölkə Prezidenti seçilən İlham Əliyevin həm daxili, həm də xarici siyasət kursunun əsas hədəfi 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsindən ibarət idi.
Azərbaycan Prezidenti Milli Məclisdə andiçmə mərasimində qeyd etdi ki, “ölkəmiz beynəlxalq hüquqa zidd olan işğala öz daxili potensialı hesabına son qoyub, dünya hərb tarixində görülməyən texnika ilə və diplomatik çeviklik sayəsində regionda status-kvonu dəyişib”. Şanlı Zəfərdən sonra Prezident İlham Əliyev ölkənin milli maraqlarına uyğun olaraq sülh müqaviləsi və gündəliyi ilə çıxış edib. Sülh müqaviləsi xalqımızın 30 il ərzində gözlədiyi ədalətli, milli maraqlarımıza uyğun və Cənubi Qafqazda sağlam, sabit gələcəyə, dayanıqlı sülhün və sabitliyin əldə olunmasına hesablanıb.
Ümummilli liderin xalqa müraciətində “inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” sözləri həqiqətdə işğal altında olan bütün torpaqlarımızın azad olacağına, qaçqınların öz yurdlarına qayıdacağına inamın ifadəsi idi. İndi Heydər Əliyevin ruhu şaddır, çünki onun daxili və xarici siyasət kursunun, o cümlədən ən böyük arzusu olan torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyimizin tam təmin olunması Prezident İlham Əliyevin diplomatik fəhminin, sərkərdəlik bacarığının göstəricisidir.
Vətən müharibəsindən sonrakı 5 ildə Azərbaycan davamlı, dinamik iqtisadi inkişafa nail oldu, xarici siyasətdə böyük uğurlar qazandı. Müstəqilliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin möhkəmləndirilməsini təmin edən nəhəng işlər görüldü. Azərbaycanın beynəlxalq arenada mövqeyi möhkəmləndi, söz sahibinə çevrildi, dünyaya inteqrasiya sisteminə xüsusi önəm verildi. Ölkəmizin iqtisadi gücü və qüdrəti, hərbi gücü daha da artdı. İlham Əliyevin düşünülmüş məntiqə əsaslanan fəaliyyətinin, uğurlu xarici siyasətinin nəticəsi idi ki, Azərbaycan bu gün qlobal miqyaslı problemlərin həllində fəal rol oynayır. Prezidentimizin sülh gündəliyi regionda və onun sərhədlərini aşaraq böyük coğrafi arealda sabitliyin bərpasına, təhlükəsizliyin təmin olunmasına və davamlı əməkdaşlığa yönəlib.
Donald Tramp 2024-cü il 5 noyabr seçkilərində qalib gəlməsi və yenidən ABŞ-da hakimiyyətə gəlməsi dünyanın durumunda, o cümlədən ABŞ–Azərbaycan münasibətlərində yeni səhifə açdı.
Dünyanın lider dövlətinin başçısı Donald Tramp bildirir ki, “Xalqınız böyük xalqdır”, “Siz böyük Lidersiniz”. 2025-ci il 8 avqust tarixli Vaşinqton razılaşmaları Cənubi Qafqaza yeni reallıq – sülh gətirib. Hazırda Azərbaycan ilə ABŞ arasında siyasi və iqtisadi əlaqələrin genişlənməsi ilə bağlı ciddi işlər görülür ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası adlı beynəlxalq təşkilata Azərbaycanın Təsisçi üzv Dövlət kimi qəbul edilməsi bunun əyani sübutudur.
Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqton sammitində çıxış edərkən bildirmişdir ki, “Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik”. Ardınca bunu qeyd etmişdi: “Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımız bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır... Əminəm ki, Azərbaycan ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Beləliklə, avqustun 8-də Ağ Evdə Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan 30 il davam edən düşmənçiliyə son qoyan və Cənubi Qafqazdan keçəcək yeni tranzit marşrutunun əsasını qoyan sazişlər imzaladılar. Azərbaycan Prezidenti qeyd edib ki, TRİPP layihəsi heç kimə qarşı deyil və Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat marşrutların mühüm hissələrindən biri olacaq. Bu dəhliz Ermənistan və Azərbaycanı birbaşa birləşdirməklə yanaşı, Cənubi Qafqazı beynəlxalq daşımalar və enerji şəbəkələrinə inteqrasiya etməyi hədəfləyir. Azərbaycan Prezidenti İlham Əliyev bu layihəni beynəlxalq nəqliyyatın mühüm hissələrindən biri adlandırır və qeyd edir ki, dəhliz Xəzər dənizi regionunu Avropa, Yaxın Şərq və Asiya bazarları ilə birləşdirəcək.
İlham Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi uğurlu diplomatiyanın, hüquqi legitimliyin və etibarlı tərəfdaşlıq prinsipinin sintezidir. Azərbaycanın regionda vasitəçi kimi çıxış etməsi, müxtəlif qarşıdurma tərəfləri ilə obyektiv dialoq yaratmaq təşəbbüsləri də bu reallığın təzahürüdür. Azərbaycan Prezidentinin formalaşdırdığı sülh doktrinası hazırkı beynəlxalq münasibətlərdə çox yüksək qiymətləndirilir. Onun sülh diplomatiyasının təməlində ilk növbədə milli maraqlarla beynəlxalq hüquq arasında qurulmuş balans dayanır.
Dövlətimizin başçısının Danimarkanın paytaxtı Kopenhagendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş Azərbaycanın sülh prosesinə sadiqliyini və sülh gündəliyinin reallaşdırılması istiqamətində ardıcıl fəaliyyətini bir daha təsdiqləyir. İlham Əliyev BMT tribunasından çıxış edərək Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və suverenliyə əsaslanan yanaşmanı müdafiə etdiyini bir daha bəyan etdi. Bu yanaşmanın indiki qlobal xaos şəraitində beynəlxalq təhlükəsizlik, sülh və davamlı inkişaf üçün strateji əhəmiyyəti böyükdür.
2025-ci il oktyabrın 7-də Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşünün sülh və təhlükəsizlik məsələlərinə həsr edilməsi təsadüfi deyildi. Bütövlükdə bu amillər həm regional, həm də qlobal miqyasda mövcud çağırışlardan, eləcə də üzv dövlətlərin xarici siyasətində sülh və sabitliyə verdikləri strateji əhəmiyyətdən qaynaqlanır.
TDT Qəbələ Zirvə Görüşündə təqdim olunan sülh gündəliyi yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü sülh modeli hərbi, siyasi və diplomatik vasitələrlə təhlükəsizlik şəraitinin sabitliyin yaradılması təcrübəsi artıq Türk dünyası üçün örnəkdir. Zirvə görüşü aydın şəkildə göstərdi ki, ortaq tarix, dil və dini dəyərlər üzərində qurulan birliyin əsas məqsədi sülh, təhlükəsizlik və sabitlik sahəsində uzunmüddətli, institusionallaşmış əməkdaşlıq yaratmaqdır.
Hazırkı narahat dünyada regional və qlobal səviyyədə baş verən hadisələr və mövcud çağırışlar təhlükəsizlik və müdafiə məsələlərini beynəlxalq gündəliyin prioritet istiqamətlərindən birinə çevrilib. Qəbələ Zirvə görüşündə ilk dəfə olaraq açıq şəkildə müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri önə çəkildi. Bunlarla yanaşı, iqtisadiyyat, nəqliyyat və digər əlaqəli sahələrə də xüsusi önəm verilşdi.
Azərbaycan Prezidenti BMT, ASB və TDT çərçivəsində ölkəmizin sülh gündəliyini onun çərçivəsindəki iqtisadi, enerji, nəqliyyat-tranzit əməkdaşlıq imkanlarını təqdim etdi. İqtisadi, enerji nəqliyyat-tranzit təhlükəsizliyinin təmin olunması artıq Azərbaycan–Ermənistan əməkdaşlıq çərçivəsini aşaraq, regional və çoxtərəfli əməkdaşlıq kontekstində yer alan məsələdir. Bu mənada, TRIPP marşrutunun (Zəngəzur dəhlizi) reallaşdırılmasının ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə əldə edilən tarixi Vaşinqton razılaşdırılmasında yer alması onun beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir.
İbrahim ZEYNALOV,
Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı, professor

