ABŞ və NATO-nu hansı gələcək gözləyir?

post-img

Bir vaxtlar Birləşmiş Ştatlarla NATO-nun digər üzvləri arasında olan sıx münasibətlər artıq gərginliyin pik həddinə çatıb. Görünən odur ki, bundan sonra alyansdaxili əlaqələri əvvəlki səviyyəyə qaytarmaq mümkün olmayacaq.

Hər şey İrana qarşı başladılan ABŞ/İsrail hərbi əməliyyatlrından sonra üzə çıxdı. Ağ Evin ən yaxın hərbi müttəfiqlərinin bu münaqişəyə qoşulmaq istəməməsi səbəbindən ABŞ–NATO münasibətləri təhlükəli şəkildə gərginləşir. Əvvəlcə Almaniya öz donanmasını Hörmüz boğazına göndərməkdən imtina edərək sərt mövqe nümayiş etdirdi. Ardınca London Dieqo Qarsianın strateji bazasına girişi təmin etməkdən imtina etdi və bu, Trampla Starmer arasında gərgin fikir mübadiləsinə səbəb oldu. Fransa prezidenti Makron isə ölkəsinin İranla müharibəni seçmədiyini və buna görə də Hörmüz boğazını qorumaq əməliyyatında iştirak etməyəcəyini açıqladı.

Bunların müqabilində ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan etdi. Britaniyanın "The Telegraph" qəzetinə müsahibəsində bildirdi ki, bu qərarı Alyansın İsrail və ABŞ-ın İrana qarşı kampaniyasına qoşulmaması ilə əsaslandırıb. NATO-nu “kağız pələng” adlandıran Tramp ABŞ-nın müdafiə müqaviləsindən çıxması məsələsinə yenidən baxılacağını da vurğulayıb.

Öz növbəsində İspaniya da Vaşinqtona İrana zərbələr endirmək üçün bazalar verməkdən imtina edib və özünün hava məkanını ABŞ/İsrail əməliyyatında iştirak edən təyyarələr üçün bağlayıb. Yalnız fövqəladə hallarda eniş və uçuşa icazə verib. “Corriere della Serra” qəzetinin yazdığına görə, İtaliya DA ABŞ-a İran hədəflərinə zərbələr endirmək üçün Siciliyadakı Siqonella hərbi bazasından istifadə etmək icazəsini verməkdən imtina edərək krallığın nümunəsini təkrarlayıb. Söhbət NATO-nun hərbi bazasından gedir ki, İtaliya mətbuatının məlumatına görə, hazırda alyansın maraqlarına uyğun missiyaları yerinə yetirən Amerikanın “P-8A Poseidon” patrul təyyarələri, “MQ-4C Triton” və 2RQ-4D Phoenix” pilotsuz təyyarələri burada yerləşir.

Bununla belə, Vaşinqtonu dəstəkləməkdən imtina edən NATO üzvü olan ölkələr qərarlarını “bu, bizim müharibəmiz deyil” iddiası ilə əsaslandırırlar. Aydın məsələdir ki, Ağ Ev bu davranışa adekvat reaksiya verir. Donald Tramp Mayamidə keçirilən biznes forumdakı çıxışında ABŞ-ın daha Şimali Atlantika Alyansının köməyinə gələ bilməyəcəyini bəyan edib: “Biz hər il NATO-ya yüz milyardlarla dollar xərcləyirik, həmişə onların yanında olmuşuq. Amma indi onların hərəkətlərini nəzərə alsaq, məncə, daha bunu etməyə ehtiyac yoxdur”. Hörmüz boğazından gəmilərin təhlükəsiz keçməsini təmin etməkdən boyun qaçıran müttəfiqlərdən narazılığını bildirən Tramp vurğulamışdı ki, onu çox məyus edən ölkələr var: “Məni həqiqətən təəccübləndirən onların kömək etmək istəməmələridir. Onlar dərhal köməyimizə gəlməli idilər, çünki biz onlara illərdir kömək edirik. Bəziləri bu işdə çox həvəslidir, bəziləri isə yox. Mənim üçün həvəsin səviyyəsi önəmlidir”.

***

Mövzunu şərh edən “Financial Times” ilə söhbətində Vaşinqton rəsmisi müttəfiqlərin Hörmüz boğazının təhlükəsizliyinə yardım etməsələr, alyansın gələcəyinin “çox pis” ola biləcəyini bildirib: “Əgər cavab mənfi olarsa, məncə, bu, NATO-nun gələcəyi üçün yaxşı heç nə vəd etmir”.

ABŞ-ın dövlət katibi Marko Rubio da oxşar fikirlər bildirib. O, “Əl-Cəzirə”yə müsahibəsində qeyd edib ki, müttəfiqlərin ABŞ–İran müharibəsi ilə bağlı mövqeyi çox məyusedicidir və müharibə başa çatdıqdan sonra Vaşinqton NATO ilə münasibətlərinə yenidən baxacaq: “Alyansın ABŞ-a fayda verməsinin səbəblərindən biri də müxtəlif ssenarilərdə bazalara çıxış əldə etməkdir. Sual yaranır: “ABŞ-ın burada nə marağı var?” Əgər NATO yalnız bir hücum zamanı Avropanı müdafiə etməyimizlə bağlıdırsa, lakin ehtiyac duyduğumuz zaman bazalara girişimiz qadağandırsa, bu, o qədər də yaxşı razılaşma deyil, bütün bunlara yenidən baxılmalı olacaq”.

Beləliklə, ABŞ NATO ilə münasibətlərinə yenidən baxa bilərmi? Bunu etmək üçün Ağ Evin ixtiyarında hansı rıçaqlar var? Bu suallara cavab axtararkəın qarşıya ilk olaraq maliyyə amili çıxır. Birincisi, Birləşmiş Ştatlar NATO ölkələrində hərbi mövcudluğunu, Avropadakı bazalarının sayını azalda, bəzi qoşun və texnikanı çıxara bilər ki, bu da istər-istəməz bütövlükdə Avropanın təhlükəsizliyinə təsir göstərəcək. İkincisi, Vaşinqton ÜDM-in 5 faizlik yeni müdafiə maliyyələşdirmə həddinə çata bilməyən ölkələrin alyansın qərarlarına təsir etmək hüququnu itirə biləcəyi modelini müzakirə edir. Bununla belə, ABŞ-ın NATO-dan çıxması real görünmür. Əslinə qalsa, belə bir addımın heç bir hüquqi əsası da yoxdur. Məsələ burasındadır ki, Vaşinqton NATO-nun Yaxın Şərqdə müharibəyə qoşulmaq tələbində alyansın 5-ci maddəsinə istinad edə bilməz. Çünki bu maddə yalnız alyans üzvü olan ölkəyə hücum şərti ilə “işləyir”. Oxuculara xatırladaq ki, məlum maddə 2001-ci il sentyabrın 11-də ABŞ-a qarşı terror hücumlarından sonra qüvvəyə minib. Yəni o zaman NATO üzvünə qarşı hücum terror hücumu kimi tanındı və amerikalılara antiterror əməliyyatları aparmaq üçün öz hava məkanından və limanlarından istifadə etmək hüququ verərək Vaşinqtonu dəstəklədi.

Hüquqi cəhətdən Birləşmiş Ştatlar Yaxın Şərq münaqişəsində iştirakdan imtina edən NATO ölkələrinin de-yure alyans çərçivəsində öhdəliklərini pozduqlarını iddia edə bilməz. Bu kontekstdə yalnız onu deyə bilərik ki, onlar Vaşinqtonun etimadını doğrultmadılar. Başqa heç nə.

Beləliklə, Ağ Ev alyansı öz maraqlarına uyğun şəkildə yenidən formalaşdırmaq üçün NATO-dan çıxma hekayəsindən yalnız müttəfiqlərinə siyasi təzyiq vasitəsi kimi istifadə edə bilər. Axı NATO hazırda Avrasiyada Amerika təsirinin əsas bazası olaraq qalır və Vaşinqton çətin ki, onu itirməyə razı olsun.

XQ



Siyasət