Azərbaycan–Çin diplomatik münasibətləri – 34
1992-ci il aprel ayının 2-də Bakıda Çin və Azərbaycan hökumət nümayəndələrinin səfirliklər səviyyəsində diplomatik münasibətlərin qurulması haqqında imzaladıqları birgə kommünike ölkələrimiz arasında münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Ötən bu 34 il ərzində beynəlxalq vəziyyətin dəyişkənliyinə baxmayaraq, Çin ilə Azərbaycan arasında münasibətlər inkişaf dinamikasını qoruyub saxlamış, dövlətlər arasında bərabərhüquqlu münasibətlərin və əməkdaşlığın nümunəsinə çevrilmişdir. Xüsusilə son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkələrimiz ikitərəfli əlaqələrdə yeni tarixi səhifə açmışlar.
Liderlər diplomatiyası Çin-Azərbaycan münasibətlərində əsas rol oynayır. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səmərəli işgüzar və şəxsi dostluq münasibətləri quraraq ikitərəfli əlaqələrin inkişafını şəxsən istiqamətləndirirlər. 2003-cü ildən etibarən Prezident İlham Əliyev ölkəmizə 8 dəfə səfər etmiş, rəhbər şəxslərlə 10-dan artıq görüş keçirmiş və Çin xalqının böyük və sadiq dostuna çevrilmişdir. 2024-cü ilin iyul ayında Sədr Si Cinpin və Prezident İlham Əliyev Astanada keçirilən ŞƏT sammiti çərçivəsində görüş keçirmiş və Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulduğunu birgə bəyan etmişlər. Ötən il dövlət başçıları iki dəfə görüşərək Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu birgə bəyan etmiş, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bir sıra mühüm razılaşmalar əldə etmişlər. Əldə olunan razılaşmalara əsaslanaraq tərəflər yüksək səviyyəli təmasları möhkəmləndirir, siyasi etimadı dərinləşdirir, əməkdaşlıq potensialını üzə çıxarır, xalqlar arasında yaxınlaşmanı təşviq edir və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığını keyfiyyətcə yeni və hərtərəfli inkişaf mərhələsinə doğru aparırlar.
Qarşılıqlı maraqlara söykənən məsələlərdə qəti və ardıcıl dəstək göstərilməsi Çin - Azərbaycan ənənəsi olmaqla yanaşı, strateji tərəfdaşların üzərinə düşən öhdəlikdir. Prezident İlham Əliyev Çin hökumətinin milli birliyə nail olunması istiqamətində həyata keçirdiyi bütün səyləri dəstəklədiyini ifadə etmişdir. Azərbaycan tərəfi dəfələrlə aydın şəkildə bildirmişdir ki, “vahid Çin” prinsipinə sadiqdir və Tayvanın müstəqilliyini təşviq edən separatçı qüvvələri qətiyyətlə pisləyir. Çin tərəfi isə bundan sonra da Azərbaycanın öz milli şəraitinə uyğun inkişaf yolunu seçmək, eləcə də ölkənin əsas maraqlarının qorunması, suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyəcək.
Ümumi konsepsiyalar və əldə olunmuş konsensusdan ibarət möhkəm təməl olmadan, ikitərəfli münasibətlərin davamlı inkişafı mümkün deyil. Prezident İlham Əliyev birmənalı şəkildə bəyan etmişdir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü bəşəriyyətin ortaq tale cəmiyyətinin qurulması konsepsiyası və 4 qlobal təşəbbüs dünyada sülhə, sabitliyə və rifaha töhfə verir. Azərbaycan tərəfi bu təşəbbüsləri yüksək qiymətləndirir və fəal şəkildə dəstəkləyir. Çin və Azərbaycan “Qlobal Cənub”un üzvləri kimi, dünyada çoxqütblülüyün təşviqi və birtərəfli təzyiq siyasətinə qarşı çıxmaq istiqamətində ortaq missiya daşıyırlar. Tərəflər BMT, ŞƏT və AQFETM kimi çoxtərəfli mexanizmlər çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirir, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri və insan hüquqları da daxil olmaqla qlobal idarəetmə məsələlərində bir-birini daim dəstəkləyir, həqiqi multilateralizmi birgə təşviq, beynəlxalq bərabərliyi və ədaləti müdafiə edirlər.
Praktiki əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün maddi əsas yaradır. Çin və Azərbaycanın iqtisadi strukturları bir-birini tamamlayır, əməkdaşlıq konsepsiyaları isə üst-üstə düşür. Hər iki ölkə “Kəmər və yol” təşəbbüsünün birgə həyata keçirilməsini əsas xətt kimi götürərək, hərtərəfli praktiki əməkdaşlığı dərinləşdirir ki, bu da Çinin yüksək keyfiyyətli istehsal potensialı ilə Azərbaycanın inkişaf ehtiyaclarının uzlaşdırılmasına imkan yaratmışdır. İkitərəfli ticarət dövriyyəsi diplomatik münasibətlərin qurulduğu dövrdə bir neçə milyon ABŞ dollarından 2025-ci ildə 4,87 milyard ABŞ dollarına qədər artmışdır. Çin Azərbaycanın ən böyük idxal mənbəyinə və üçüncü ən iri ticarət tərəfdaşına çevrilmişdir. Tərəflər qarşılıqlı əlaqələndirmə, “yaşıl enerji”, yüksək texnoloji istehsal və informasiya-kommunikasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığı davamlı şəkildə inkişaf etdirir. Azərbaycan ərazisindən keçən “Çin-Avropa” beynəlxalq yükdaşıma marşrutları çərçivəsində Trans-Xəzər qatarları qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinin təmin olunmasında mühüm rol oynayır. Çin şirkətləri Azərbaycan əhalisinin 70 faizini simsiz şəbəkə rabitəsi ilə təmin edir və Çin tərəfi Azərbaycanda Cənubi Qafqazda ən iri olan fotoelektrik və külək enerjisi, keramika plitələri və elektrik avtobuslarının istehsalı üzrə layihələri həyata keçirmişdir.
Azərbaycan tərəfi Çinin altı şəhərində ticarət evləri açmışdır. “Made in Azerbaijan” markası ilə təqdim edilən getdikcə daha çox yüksək keyfiyyətli məhsullar Çin bazarına daxil olaraq istehlakçılar arasında böyük rəğbət qazanmaqdadır.
Mədəni-humanitar mübadilələr xalqları yaxınlaşdıran mühüm bağlayıcı həlqədir. Böyük İpək Yolunun tarixinə qədər uzanan, xalqlarımızın qəlbində dərin kök salmış qarşılıqlı anlaşma və hörmət Çin-Azərbaycan münasibətlərinin möhkəm təməllərini qorumağa imkan yaradır. Hazırda iki xalqın bir-birinin mədəmiyyətlərinin qarşılıqlı surətdə öyrənilməsinə olan marağı misli görünməmiş səviyyəyə çatmışdır. Azərbaycanda “Çinə maraq” və “çin dilinin öyrənilməsi bumu” getdikcə genişlənir: çin dilini öyrənən və qeydiyyatdan keçmiş tələbələrin sayı 8000 nəfəri ötüb. Pekin Universiteti, Tsinxua Universiteti və Çin Sosial Elmlər Akademiyası kimi ali təhsil müəssisələri və analitik mərkəzləri Azərbaycan üzrə tədqiqatları fəal şəkildə həyata keçirir. 2015-ci ildə Pekin Xarici Dillər Universitetində “Azərbaycan dili” ixtisası yaradılmışdır. Həmçinin Azərbaycan ənənə ilə müasirliyin, Şərq və Qərb mədəniyyətlərinin vəhdətini əks etdirən, özünəməxsus cəlbediciliyilə getdikcə daha çox çinli turistin qəlbini fəth edir. Vizasız rejim sayəsində ötən il Azərbaycana 60 mindən artıq Çin vətəndaşı səfər etmişdir ki, bu da tarixi rekord deməkdir. Elm və texnologiya, mədəniyyət, gənclər sferasında iki ölkə arasında təmaslar getdikcə daha da sıxlaşır ki, bu da resursların birləşdirilməsinə və ikitərəfli münasibətlərin inkişafı üçün ictimai dəstəyin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycana gəlişimdən ötən bir il ərzində müxtəlif dairələrin nümayəndələri ilə geniş fikir mübadilələri aparmış, ölkənin bir çox regionlarına səfərlər etmişəm ki, bu da mənə Çin ilə Azərbaycan arasında dostluğun nəsildən-nəslə ötürüldüyünü və zaman keçdikcə daha da möhkəmləndiyini bütün dolğunluğu ilə hiss etdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Çin ilə münasibətlərin inkişafını xarici siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edərək Çin-Azərbaycan əlaqələrinin uzunmüddətli, sağlam və sabit inkişafı üçün möhkəm təməl yaratmışdır. Prezident İlham Əliyev Ümummilli liderin Çinlə dostluğun möhkəmləndirilməsi siyasətini hərtərəfli şəkildə davam və inkişaf etdirmişdir. Birinci xanım və Heydər Əliyev Fondu da Çin ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi işində fəal iştirak edir. Azərbaycan nümayəndələri ilə ünsiyyət zamanı onların Çinə olan xüsusi diqqətini və dərin marağını aydın şəkildə hiss etdim. Mən çin dilini sərbəst bilən bir çox azərbaycanlı dostlarla tanış oldum: onların arasında həm yaşlı nəsli təmsil edən sinoloqlar, həm orta və gənc nəsil nümayəndələri var. Bu, əyani şəkildə göstərir ki, iki ölkə arasında dostluq davamlı olaraq inkişaf edəcək və möhkəmlənəcək.
2026-cı il Çində 15-ci beşillik planın icrasının ilk ilidir və bu il Çinlə Azərbaycan arasında münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd olunacaq. 15-ci beşillik dövründə Çin yeni inkişaf modelinin formalaşdırılmasını sürətləndirəcək, yüksək keyfiyyətli inkişafın təşviqini genişləndirəcək, “Kəmər və yol” təşəbbüsünün birgə həyata keçirilməsini irəli aparmaqla dünyaya daha çox sabitlik və müəyyənlik gətirməyə davam edəcək. Çin Azərbaycannın ölkəmizin sürətli inkişafına qoşulmaq, qabaqcıl elmi-texniki nailiyyətlərindən birgə istifadə etmək, ekoloji cəhətdən təmiz energetikaya keçidi həyata keçirmək və innovativ inkişafın ön sıralarında yer almaq istəyini alqışlayır.
Gələcək perspektivdə Çin ilə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın qarşısında geniş imkanlar və böyük perspektivlər açılır. Çin tərəfi iki ölkə rəhbərlərinin mühüm razılaşmalarını rəhbər tutaraq Azərbaycan tərəfi ilə birgə səylər göstərməyə, qarşılıqlı dəstək və dostluq ənənələrini inkişaf etdirməyə, qarşılıqlı faydalı əməkdaşlıq əsasında yeni inkişaf üfüqləri açmağa və əl-ələ verərək bəşəriyyətin ortaq tale cəmiyyətini qurmağa hazırdır.
Diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı sayca onuncu səfiri kimi, Azərbaycan xalqına, xüsusilə Çin-Azərbaycan dostluğunu dəstəkləyən və ona qayğı göstərən cəmiyyətin bütün təbəqələrindən olan dostlara səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram.
Lu MEY,
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

