Azərbaycan regionda etibarlı dostluq, dar gün qonşuluğu sərgiləyir
Azərbaycan tarixən humanizm və xeyirxah qonşuluq prinsiplərinə söykənən xarici siyasət xətti ilə fərqlənib. Bunun əyani sübutu kimi vaxtilə düşmənçilik münasibətlərində olduğumuz Ermənistanla bağlı hadisəni göstərə bilərik. 1988-ci ildə Spitak şəhərində 7,2 ballıq zəlzələ baş verəndə Azərbaycan tərəddüd etmədən kömək əlini uzatmışdı. Bu addım münaqişənin körükləndiyi bir vaxtda atılmışdı. Azərbaycan xalqı ən çətin məqamlarda öz ali dəyərlərinə və sülhpərvər siyasətinə sadiq qalmağı bacarır, hətta qarşısındakı düşmən belə olsa...
Bu gün həmin siyasi xətt uğurla davam etdirilir. Məlum olduğu kimi, fevralın 28-də ABŞ və İsrailin qonşu İrana hücumlarından sonra ölkə un və düyü kimi əsas qida məhsullarının kəskin çatışmazlığı, habelə, antibiotiklərin və təcili tibbi yardım vasitələrinin kritik qıtlığı ilə üzləşib. Məhz belə bir vəziyyətdə nümayiş etdirilən beynəlxalq reaksiya və operativ humanitar dəstək, əslində, ölkə daxilindəki gərginliyin daha da genişlənməsinin qarşısını almağa və böhranın fəsadlarını yumşaltmağa yardımçı oldu.
Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev ilə iranlı həmkarı Məsud Pezeşkian arasında martın 8-də baş tutan telefon danışığı xüsusi əhəmiyyət kəsb edir. Danışıqlar zamanı qonşu İran xalqının mövcud ehtiyaclarının qarşılanması məsələsi müzakirə olunub və dərhal əməli addımların atılmasına qərar verilib. Həmin telefon danışığından iki gün sonra Azərbaycandan İrana ilk humanitar yardım karvanı yola salındı. Eyni zamanda, rəsmi Bakı digər dövlətlərin də qonşu ölkəyə yardım çatdıra bilməsi üçün öz ərazisindən humanitar dəhliz açdı. Nəticədə, martın 12-də Rusiya tərəfindən göndərilən 13 tonluq humanitar yardım Azərbaycan ərazisindən keçməklə birbaşa İrana çatdırıldı.
Ötən gün qonşu İran xalqının ehtiyaclarının təmin edilməsi məqsədilə növbəti humanitar yardım yola salındı. Göndərilən yardıma ümumi çəkisi 82 ton olan müxtəlif növ ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bu da əvvəlki yardımdan, təxminən, 2,5 dəfə çoxdur. Ümumilikdə, ABŞ, İsrail və İran arasındakı son gərginlikdən sonra rəsmi Bakı tərəfindən İrana 110 tondan çox humanitar yardım çatdırılıb. Qeyd edək ki, Azərbaycan bu çətin məqamda qonşu İrana yardım əlini uzadan ilk ölkə oldu. Bu, Azərbaycanın qonşu İrana etdiyi ilk belə yardım deyil. 2012-ci ilin avqustunda Şərqi Azərbaycan əyalətində baş vermiş dağıdıcı zəlzələ zamanı göstərilən dəstək idi. O vaxt Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi bölgəyə 25 yük maşınından ibarət yardım göndərmişdi. Bundan əlavə, Azərbaycan koronavirus pandemiyası ilə mübarizə dövründə də İrana 5 milyon dollar maliyyə yardımı və fərdi mühafizə vasitələri təqdim edərək öz dəstəyini nümayiş etdirib.
Budəfəki humanitar yardımı məqsəd və tərkibinə görə iki əsas mərhələyə bölmək olar. Birinci partiya humanitar böhranın qarşısının alınması üçün ərzaq və tibbi ləvazimatların təmin edilməsinə yönəldiyi halda, ikinci partiyada əlavə olaraq hər iki xalqın milli bayramı sayıllan Novruz münasibətilə sovqatlar və bayram məhsulları göndərilib. Bu addım humanitar missiyaya mədəni-diplomatik çalar qazandırıb. Yardımın yolasalma mərasimində iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu rəsmi Bakının bu addımı yüksək qiymətləndirib. Səfir Prezident İlham Əliyevə təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycanın belə bir həssas məqamda nümayiş etdirdiyi dəstək iki ölkə arasındakı dostluğun bariz nümunəsidir. Diplomatın sözlərinə görə, xüsusilə Novruz ərəfəsində edilən bu jest olduqca təqdirəlayiqdir və Azərbaycanın ilk reaksiya verən ölkələrdən biri olması İran üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın bu addımı regionda etibarlı dost, dar gündə köməyə yetən qonşu obrazını bir daha təsdiqləyir. Humanitar yardımları dövlət siyasətinin bir parçasına çevirmək ölkəyə həm siyasi nüfuz, həm də böyük mənəvi hörmət qazandırır. Xüsusilə qonşu xalqlarla münasibətdə göstərilən bu cür həssas davranış qarşılıqlı inamı artırır, bölgədə sülhün və sabitliyin təməlini möhkəmləndirir. Bu təmənnasız yardımlar son illər müxtəlif coğrafiyalara yayılıb. Türkiyədəki zəlzələ, Pakistandakı sel fəlakəti, Ukraynadakı enerji böhranı zamanı uzadılan yardım əli Azərbaycanda xeyirxahlıq ənənəsinin artıq həyat tərzinə çevrildiyini göstərir. İranla bağlı atılan bu addım isə bölgədəki mürəkkəb vəziyyət fonunda öz xüsusi çəkisi ilə seçilir. Bu, Bakının humanitar dəyərləri hər şeydən üstün tutduğunun, ən çətin məqamlarda təmkinli davrandığının bariz nümunəsidir.
Nəsib NƏSİBLİ,
Azərbaycanın İrandakı sabiq səfiri, siyasi ekspert
Dara düşmüş insana və ya çətinliklə üzləşən topluma yardım əli uzatmaq ən ali bəşəri dəyər və təbii insani vəzifədir. Bu gün qonşu İranda mülki əhali məhz belə bir ağır sınaq qarşısında qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, yaxın qonşu və regional güc kimi bu çətin günlərdə İran əhalisinə humanitar yardım göstərilməsi tamamilə təbii bir addımdır ki, buna kimsə etiraz edə bilməz. Rəsmi Tehranla siyasi münasibətlərin xarakteri və ya mövcud diplomatik gərginliklər bu humanist missiyanın qarşısını əsla kəsə bilməz və kəsməməlidir.
Diplomatik təcrübəmə dayanaraq qətiyyətlə deyə bilərəm ki, dövlətlərarası ixtilaflar heç bir halda xalqların humanitar ehtiyaclarından üstün tutula bilməz. Çünki siyasi konyunktur keçici, qonşuluq və insanlıq prinsipləri isə daimidir. Rəsmi Bakı nə 2012-ci, nə 2020-ci ildə, nə də ən son humanitar addımlar zamanı İran tərəfindən hər hansı qarşılıq gözləməyib. Əksinə, diqqət yetirsək, görərik ki, bu yardımlar məhz iki ölkə arasındakı münasibətlərin ən mürəkkəb və siyasi böhranların kəskin olduğu dövrlərə təsadüf edir. Bu fakt Azərbaycanın siyasi ucalığının, mənəvi alicənablığının və sarsılmaz humanizminin bariz göstəricisidir. Hesab edirəm ki, bu cür addımlar həm də regionun gələcək sabitliyinə qoyulan mənəvi sərmayədir. Azərbaycanın nümayiş etdirdiyi bu prinsipial mövqe bir daha sübut etdi ki, rəsmi Bakı regional böhranlar zamanı yalnız dar çərçivəli maraqları deyil, ümumbəşəri sülh və humanizm dəyərlərini rəhbər tutur.
Tacir SADIQOV
XQ



