Bakının Tehrana diplomatik anlatması

post-img

Taktiki yanlışlıqlar strateji təmkinlə neytrallaşdırılır

Azərbaycan Prezidenti İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində praqmatik humanizmin, fərqli və eyni zamanda, olduqca uğurlu diplomatiyanın müəllifi kimi çıxış edir. Onun tərəfdaş və qonşu ölkələrlə tutduğu yol, yürütdüyü siyasət regional gərginliyi sülh və əməkdaşlıq platforması ilə əvəzləməyə xidmət edir. Son hadisələr fonunda Azərbaycanın sərgilədiyi dialoq prinsipiallığı ölkəmizin sülh ixrac edən qlobal aktor statusunu daha da möhkəmləndirir.

Hərbi təhlükədən yayınma strategiyası

Bölgə həm böyük güclərin maraqlarının kəsişdiyi yer, həm strateji enerji və nəqliyyat marşrutlarının qovşağı, həm də uzun münaqişədən yeni çıxmış bir məkandır. Belə bir mühitdə sabitlik, sözsüz ki, etibarlı qonşuluq siyasəti ilə təmin oluna bilər. Son hadisələr bir daha sübut etdi ki, Azərbaycan bu istiqamətdə konstruktiv yanaşma nümayiş etdirən dövlətlərdən biridir. Ötən həftə İran tərəfindən ölkəmizə qarşı qeyri-dost addımların atılması və Naxçıvana dron hücumu iki qonşu dövlət arasında gərginliyi artıra bilərdi. Amma Prezident İlham Əliyevin etdirdiyi prinsipial mövqeyi, təmkinli davranışı bu gərginliyin dərinləşməsinin qarşısını aldı.

Dövlətimizin başçısı ötən həftə Təhlükəsizlik Şurasının iclasında qətiyyətlə bildirdi ki, Azərbaycan öz ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmasına imkan verməyəcək. Prezident, həmçinin ölkəmizin əvvəllər olduğu kimi, bu dəfə də İrana qarşı yönəlmiş heç bir əməliyyatda iştirak etmədiyini və bundan sonra da etməyəcəyini vurğuladı. Bununla da ölkəmiz bölgədə hər hansı bir qarşıdurmada maraqlı olmadığını, əksinə, qarşılıqlı hörmət və ərazi bütövlüyü prinsiplərinə sadiq qaldığını nümayiş etdirdi. Ölkə başçısının bu fikirləri gərginliyi ritorik müstəvidən konstruktiv dialoq pəncərəsinə keçirməyə imkan yaratdı.

Əslində, rəsmi Bakının qarşı tərəfə adekvat hərbi cavabı beynəlxalq hüquq müstəvisində tamamilə başadüşülən addım olardı. Lakin eskalasiyadan yayınma yolu seçildi. İran tərəfinə sərt xəbərdarlıq edildi, lakin bu, birbaşa hərbi təhdid deyil, mehriban qonşuluq münasibətlərinin qorunması naminə atılan strateji addım idi. Eyni zamanda, sərgilənən münasibət daxili sabitliyin qorunmasında da mühüm rol oynadı. Xarici təsirlərdən qaynaqlana biləcək mümkün dini ekstremizm və ideoloji provokasiyaların qarşısı alındı.

Rəsmi Bakının tələsik və emosional qərarlardan yayınması hadisələrin mənfi məcrada inkişafına imkan vermədi. İran Prezidenti Məsud Pezeşkianın hadisədən bir müddət sonra üzr istəməsi isə bu siyasətin diplomatik qələbəsi idi. Qeyd etmək lazımdır ki, adətən dövlət liderləri belə hallarda "təəssüf edirik" kimi qeyri-müəyyən ifadələrlə kifayətlənir və ya məsuliyyətdən yayınmağa çalışırlar.

Kəskin hədələrdən dinc "yol xəritəsi"nə

Yaşanan gərginlikdən sonra ikitərəfli münasibətlərin durğunluq mərhələsinə keçidinə imkan verilmədi. Martın 8-də Məsud Pezeşkianın İlham Əliyevə telefon zəngindən sonra münasibətlər "uğursuzluq zolaqdan" çıxmağa başladı. Pezeşkian baş vermiş insidentin ciddi şəkildə, araşdırılacağını vurğuladı. Bu da, öz növbəsində, iki ölkə arasında yarana biləcək böhranın qarşısının alınması baxımından mühüm siyasi mesaj oldu. Telefon söhbəti zamanı tərəflər təkcə təhlükəsizlik məsələlərini deyil, həm də müştərək iqtisadi layihələrin inkişaf perspektivlərini müzakirə etdilər. Diplomatik təmasın nəticəsi özünü çox gözlətmədi. Zəngdən 12 saat keçməmiş Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yükdaşımaları tam bərpa olundu. Azərbaycan Prezidenti İranın yeni ali dini lideri Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə təbrik məktubu ünvanlayaraq ikitərəfli münasibətlərin gələcək inkişafına dair mesajlar verdi. Məktubda dövlət başçısı xalqlar arasında tarixi dostluq münasibətlərini xatırladaraq əlaqələrin qarşılıqlı hörmət və etimad əsasında inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Bu, regionda yaranmış mürəkkəb siyasi şərait fonunda iki ölkə arasında əlaqələrin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Onu da xatırladaq ki, İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək qonşu ölkənin Ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olması ilə əlaqədar səfirə başsağlığı vermişdi.

Azərbaycanın qonşuluq sədaqəti

Dünən isə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İrana humanitar yardım karvanı yola salındı. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil edilmişdi. Bu yardım Azərbaycanın uzaqgörən, sülhsevər siyasətinin, səmimi qouşuluq niyyətinin təzahürüdür. Məqsəd qonşu İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək vermək və regionda mehriban qonşuluq mühitini bərpa etməkdir.

Son olaylar göstərdi ki, Azərbaycanın regional siyasətinin əsas elementlərindən biri etibarlı qonşuluq və balanslaşdırılmış diplomatiyadır. Bakı müxtəlif siyasi blokların təsiri altına düşmədən, milli maraqlarını qoruyaraq, qonşularla əməkdaşlıq etməyə çalışır. Bunu İrana göndərilən humanitar yardım, dövlət başçıları arasında aparılan telefon danışı, yeni ali liderə ünvanlanan təbrik məktubu da nümayiş etdirdi. Bəli, Azərbaycan çətin və həssas məqamlarda konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirməyi bacarır. Bakının son addımları Azərbhaycanın çətin günlərdə qonşularına dəstək verə bilən etibarlı tərəfdaş və məsuliyyətli dövlət modeli formalaşdırmağı bacardığını təsdiq etdi.

Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı

Azərbaycan dövləti xarici siyasət kursunda qonşuluq prinsiplərinə sadiq qalaraq, region ölkələri ilə əlaqələrin inkişaf etdirilməsində hər zaman strateji maraq nümayiş etdirib. Bu kontekstdə İran İslam Respublikası Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan ölkələrdən biridir. Azərbaycan Prezidentinin İrana göstərdiyi humanitar dəstək ölkəmizin etibarlı qonşu və strateji tərəfdaş olduğunun əyani təzahürüdür.

Dövlət başçısının İranın ali rəhbərliyi ilə təmasları, o cümlədən yeni seçilmiş dini liderə təbrik məktubu və humanitar yardımın təşkili ikitərəfli münasibətlərin dinamikasına müsbət təsir göstərən addımlardır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən heç bir halda üçüncü dövlətlərə qarşı plasdarm kimi istifadə edilə bilməz. Bu qətiyyətli mövqe Azərbaycanın regionda gərginliyin artmasında maraqlı olmadığını və mehriban qonşuluq münasibətlərinə verdiyi yüksək dəyəri bir daha təsdiqləyir.

Prezidentin atdığı addımlar iki ölkə arasındakı münasibətlərin soyumasının qarşısını almaqla yanaşı, mövcud gərginliyin azaldılmasına və etimad mühitinin bərpasına xidmət edir. Dövlət başçısının İranın Azərbaycandakı səfirliyini ziyarət edərək başsağlığı verməsi və məsələyə ilk gündən həssas yanaşması Azərbaycanın beynəlxalq münasibətlər sistemində humanist dəyərlərə əsaslanan müstəqil xarici siyasət yürütdüyünü sübut edir.

Bütün bu diplomatik gedişlər və humanitar təşəbbüslər Azərbaycan-İran əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına geniş imkanlar açır. Azərbaycan qonşuları ilə münasibətləri bərabərhüquqlu və qarşılıqlı hörmət müstəvisində inkişaf etdirməkdə qərarlıdır. Bu strateji kurs gələcəkdə hər iki dövlətin rifahına və regionun ümumi təhlükəsizlik arxitekturasının güclənməsinə töhfə verəcək.

Tacir SADIQOV
XQ



Siyasət