İrəvan məhkəməsində “ölü diriltmə” tamaşası

post-img

Yaxud separatçıların“bəlkə də qaytardılar” xülyası

İrəvan şəhəri üzrə ümumi yurisdiksiyalı mülki məhkəmə Azərbaycanın vaxtilə işğal altında olan torpaqlarındakı qondarma separatçı xunta rejiminin sonuncu başçısı Samvel Şahramanyanın 2023-cü il sentyabrın 28-də rejimin buraxılmasına dair imzaladığı fərmanın etibarsız olduğunu və bu sənədin “güc tətbiqi və ya güc tətbiqi hədəsi altında” imzalandığını tanıyıb. Bu barədə keçmiş qondarma qurumun “Ermənistandakı nümayəndəliyi” adlanan separatizm yuvasında jurnalistlərə açıqlamasında vəkil Roman Yeritsyan məlumat verib.

Vəkil xatırladıb ki, daha əvvəl hakim Aşot Ovannisyanın sədrliyi ilə eyni məhkəmə S.Şahramanyanın Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə və 9-cu siniflər üçün “Ermənistan tarixi” dərsliyinin müəllifi Njde Ovsepyana qarşı qaldırdığı iddianı rədd etsə də, qərarda mühüm hüquqi nəticələr əksini tapıb. Yeritsyanın sözlərinə görə, bundan əlavə məhkəmə iddiaçı S.Şahramanyanın şərəf və ləyaqətinin pozulmadığını bildirsə də, dərslikdə təqdim olunan məlumatların natamam olduğunu etiraf edib: “Beləliklə, məhkəmə iddiaçının narahatlığının qanuni və əsaslı olduğunu tanıyıb. Məhkəmə, həmçinin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə dərslikdə məlumatların daha dolğun təqdim edilməsinin vacibliyini göstərib”. O bildirib ki, dərslikdə heç olmasa “fərman”ın tam mətni, onun hansı şəraitdə, hansı motivlərlə qəbul edildiyi, güc və ya güc hədəsinin olub-olmaması, bu hədənin nədən ibarət olduğu, ən əsası isə həmin “fərman”ın Ermənistanda sonradan ləğv edildiyi əksini tapa bilərdi.

Yeritsyan iddia edib ki, məhkəmənin istifadə etdiyi formullar onların qismən də olsa “ədalətə nail olduqlarını” göstərir. “Bu baxımdan iddianın rədd edilməsinin Şahramanyanın məğlubiyyəti kimi təqdim olunması doğru olmazdı. Əksinə, o, istədiyi nəticəyə nail olub. Məhkəmə aktı fərmanın etibarsızlığını təsdiqləyib və dərslikdə məlumatın natamam verildiyini qeyd edib”, – deyə vəkil bildirib.

Eyni zamanda, Yeritsyan istisna etməyib ki, cavabdeh tərəf məhkəmənin nəticələrindən apellyasiya şikayəti verə, iddiaçı tərəf isə qərardan şikayət edə bilər. Onun sözlərinə görə, onlar hökmün tam qüvvəyə minməsini gözləyirlər və bundan sonra Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə rəsmi müraciət edərək, məhkəmənin qəbul etdiyi mövqelərin, xüsusən də dərslikdə məlumatların tam şəkildə əks olunmasının nəzərə alınmasını xahiş edəcəklər.

Qeyd edək ki, özlərini ekspert adlandıran bəzi şəxslər “Ermənistan tarixi” dərsliyinin XIX əsrin sonundan XXI əsrin əvvəllərinədək olan dövrü əhatə edən yeni nəşrində keçmiş Qarabağ münaqişəsi ilə bağlı bir sıra qeyri-dəqiqliklər və yanlış ifadələr aşkarladıqlarını iddia ediblər. Bundan sonra, S.Şahramanyanın vəkilləri 2025-ci il sentyabr ayının əvvəlində onun adından Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə və digər məsul şəxslərə qarşı məhkəmədə iddia qaldırıblar. İddia 2020-ci ilin payızından 2023-cü ilin payızınadək Qarabağ ətrafında baş verən hadisələrlə bağlı dərslikdə yer alan “böhtan xarakterli” ifadələrlə əlaqədar qaldırılıb. Xüsusilə, dərslikdə “Samvel Şahramanyan “dqr”-in buraxılması haqqında fərman imzalayıb” və ya “Şahramanyan “dqr”i təslim edən şəxsdir” kimi formullar tənqid olunub. Yeritsyanın sözlərinə görə, Ermənistan hakimiyyəti bu yolla “dqr”in itirilməsi ilə bağlı məsuliyyəti onun “rəhbərliyi”nin üzərinə atmağa çalışır.

Məhkəmənin qərarı ilk baxışdan sırf hüquqi müstəvidə təqdim olunsa da, mahiyyət etibarilə Ermənistanda separatçı və revanşist dairələrin yenidən fəallaşmasının növbəti əlaməti kimi qiymətləndirilə bilər. Çünki məhkəmə qərarının məhz indi gündəmə gətirilməsi və bunun “dqr”ın Ermənistandakı nümayəndəliyi” adlandırılan mənfur hücrədə xüsusi vurğu ilə ictimailəşdirilməsi təsadüfi görünmür. Söhbət Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mövcud olmuş qanunsuz rejimin özünü buraxması ilə bağlı addımdan gedir. Bu məsələ beynəlxalq hüquq baxımından çoxdan bağlanmış səhifədir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, separatçı rejim tarixə qovuşub.

Diqqəti cəlb edən məqamlardan biri də odur ki, məhkəmə faktiki olaraq Ermənistan cəmiyyətinə yönəlmiş bir mesaj verir. Bu mesaj ondan ibarətdir ki, separatçı rejimin son rəhbərliyi, guya, öz iradəsi ilə deyil, təzyiq altında qərar verib. Bu isə revanşist çevrələrin uzun müddətdir səsləndirdiyi tezislərlə üst-üstə düşür. Məqsəd aydındır: antiterror tədbirlərinin səbəblərini reallıqla deyil, yenə də miflərlə izah etmək və gələcəkdə yeni iddialar üçün zəmin yaratmaq.

Vəkilin açıqlamalarında dərslik məsələsinin xüsusi qabardılması da diqqətdən yayınmamalıdır. Tarix dərslikləri üzərindən aparılan mübahisələr əslində gənc nəslin şüurunda keçmişlə bağlı hansı tezislərin formalaşdırılacağı uğrunda gedən mübarizənin tərkib hissəsidir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bu tip qərarlar Ermənistanın rəsmi şəkildə bəyan etdiyi sülh ritorikası ilə uyğun gəlmir. Bir tərəfdən Azərbaycanla münasibətlərin normallaşdırılmasından, regionda kommunikasiyaların açılmasından danışılır, digər tərəfdən isə daxildə separatçı keçmişi yenidən gündəmə gətirən addımlar atılır. Bu ziddiyyətli davranış regionda etimad mühitinin formalaşmasına xidmət etmir. Sadə desək, sülhə gedən yol keçmişin xəyalları ilə deyil, mövcud reallıqların qəbul edilməsi ilə mümkündür. Revanşist dairələrin fəallaşması hansısa dairələrə qısa müddətli daxili siyasi dividendlər gətirə bilər, amma uzunmüddətli perspektivdə bu yanaşma Ermənistanı yeni risklərlə üz-üzə qoyur. Bu baxımdan, İrəvanda baş verən son hadisə sülh gündəliyinə töhfə verməkdən daha çox, keçmişlə hesablaşmaqdan yayınmaq cəhdi kimi görünür. Regionun gələcəyi isə belə yanaşmalar üzərində deyil, qarşılıqlı öhdəliklərə və beynəlxalq hüququn tanınmasına əsaslanan real sülh üzərində qurula bilər.

“Qafqaz Tarixi” Mərkəzinin rəhbəri, siyasi şərhçi Rizvan Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, bu məsələdə bizi daha çox Ermənistan məhkəməsinin istifadə etdiyi anlayışlar sistemi maraqlandırır. Onun sözlərinə görə, bu baxımdan revanşistlərin vəkili ilə razılaşmamaq çətindir: “Ermənistan məhkəməsi həqiqətən də qondarma separatçı rejimin ləğvi ilə bağlı qərarı legitim saymır və bunu onunla əsaslandırır ki, sözügedən fərman guya güc tətbiqi və ya güc tətbiqi hədəsi altında imzalanıb. Əgər bu güc tətbiqi dedikdə Azərbaycanın Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19–20-də Qarabağın “boz zona” adlandırılan ərazilərində keçirdiyi antiterror tədbirləri nəzərdə tutulursa, deməli, Ermənistan məhkəməsi bu əməliyyatın legitimliyini şübhə altına alır. Bu isə avtomatik olaraq Azərbaycanın Qarabağ üzərində suveren hüququnun inkarı, ölkəmizin ərazi bütövlüyünün tanınmaması anlamına gəlir”. Ekspert qeyd etdi ki, məhkəmə tamamilə fərqli hüquqi arqumentlərə istinad edə bilərdi: “Məsələn, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması faktına, o cümlədən 2022-ci il Praqa bəyanatına, baş nazir Nikol Paşinyanın bu mövzuda səsləndirdiyi şifahi açıqlamalara, ən əsası isə Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməyə diqqət çəkilə bilərdi. Həmin sənəddə Alma-Ata Bəyannaməsinə istinad edilir və eyni zamanda, Vaşinqtonda paraflanmış sülh sazişi layihəsi mövcuddur. Ümumiyyətlə, məhkəmə qondarma rejimin ləğvinin qanuniliyi məsələsinə toxunmaya da bilərdi, çünki iddia ərizəsi bunu nəzərdə tutmurdu”.

R.Hüseynov onu da bildirdi ki, Ermənistan məhkəməsi bir tərəfdən ölkənin Konstitusiyasına əsaslanır və burada Qarabağ faktiki olaraq Ermənistanın bir hissəsi kimi təqdim olunur. Digər tərəfdən isə məhkəmə hər fürsətdə əsas qanundakı bu müddəaya sədaqətini nümayiş etdirməyə çalışır. Baş verənlər bir daha göstərir ki, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi zə ruridir.

Səxavət HƏMİD
XQ

Siyasət