İran mümkün yeni hərbi zərbələr riskinin artdığı bir şəraitdə ABŞ ilə nüvə danışıqlarını bərpa etməyə ilkin razılıq verib. Bu, ötən ilin yayında Tramp administrasiyası tərəfindən İranın üç nüvə obyektinə endirilən zərbələrdən sonra tərəflər arasında dialoqa yönəlmiş ilk ciddi addım kimi qiymətləndirilir. Məlumata görə, Tehran danışıqlara əsasən növbəti hərbi eskalasiyadan yayınmaq məqsədilə razılıq verib.
Məsələ ilə tanış olan mənbələrin CNN-ə bildirdiyinə görə, danışıqların Oman ərazisində keçirilməsi planlaşdırılır. Ağ Ev daha əvvəl açıqlamışdı ki, İranın görüşün məkanı və formatı ilə bağlı irəli sürdüyü dəyişiklik tələblərinə baxmayaraq, ABŞ tərəfi diplomatik prosesi davam etdirmək niyyətindədir. Bununla yanaşı, Vaşinqton diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə hərbi variantın gündəmdə qalacağını da açıq şəkildə bəyan edir.
İlkin olaraq ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun və Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin İranın xarici işlər naziri Abbas Araqçi ilə İstanbulda görüşü nəzərdə tutulurdu. Lakin Tehran danışıqların başqa məkana keçirilməsi, regional iştirakçıların kənarda saxlanılması və gündəliyin yalnız nüvə proqramı ilə məhdudlaşdırılması tələblərini irəli sürdükdən sonra bu plan dəyişdirilib. Sonradan ABŞ tərəfi görüşün Omana köçürülməsi təklifini qəbul edib.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran danışıqların tərəfdarıdır, lakin bunun üçün müəyyən şərtlərin təmin olunmasını vacib sayır. Onun sözlərinə görə, müzakirələr təhdidlərdən və əsassız gözləntilərdən uzaq, qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında aparılmalıdır. Pezeşkian həmçinin qeyd edib ki, danışıqlara bölgədəki dost dövlətlərin təşəbbüsü ilə razılıq verilib və proses İranın milli maraqları çərçivəsində aparılacaq. Bununla belə, İranda yekun qərarların ali lider Ayətullah Əli Xameneinin səlahiyyətində olduğu vurğulanır. Xamenei son çıxışında ABŞ-ı xəbərdar edərək İrana qarşı istənilən hərbi zərbənin regionda genişmiqyaslı münaqişəyə səbəb ola biləcəyini bildirib.
Diplomatik gərginliyin fonunda regional aktorlar münaqişənin qarşısını almaq üçün fəallıq göstərməyə başlayıblar. Qətər, Türkiyə və Misir vasitəçilik səylərində ön plana çıxır. Türkiyə ABŞ və İran arasında birbaşa danışıqlara ev sahibliyi etməyi təklif edib. Bununla yanaşı, Misir, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatik kanallar vasitəsilə prosesə cəlb olunması müzakirə edilir. BƏƏ regionun yeni ABŞ – İran müharibəsinə hazır olmadığını bildirərək diplomatik həllin vacibliyini vurğulayıb. ABŞ Prezidenti Donald Tramp isə açıqlamalarında İran tərəfinin danışıqlara ciddi yanaşdığını qeyd edib.
Xatırladaq ki, 2025-ci ilin aprel və may aylarında ABŞ və İran arasında bir neçə dolayı danışıqlar raundu keçirilmişdi. Hazırkı razılaşma danışıqların yenidən bərpası üçün yeni cəhd kimi qiymətləndirilir. Axios və Reuters agentliklərinin məlumatına görə, ABŞ – İran nüvə danışıqlarının fevralın 6-da Omanda keçirilməsi gözlənilir. ABŞ administrasiyası İranın görüşün Türkiyədən Omana keçirilməsi və gündəliyin yalnız nüvə məsələləri ilə məhdudlaşdırılması tələblərini qəbul edib. Regional ölkələrin prosesdə iştirakı isə hələlik müzakirə mərhələsindədir.
Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff bu həftə İran tərəfi ilə danışıqlara hazırlaşır və proses hələ də plan üzrə davam edir. O, eyni zamanda, vurğulayıb ki, Prezident Trampın İranla bağlı masada müxtəlif variantları mövcuddur və hərbi güc tətbiqi də istisna edilmir.
S.ELAY
XQ

