Azərbaycan cəmiyyətinin “özünütəftiş”i

post-img

III MƏQALƏ

Media “savaş”ları və həssas mövzular

Bütün dünya üzrə insanların beyni və qəlbi uğrunda sərt mübarizənin getdiyinə şübhə yoxdur. KİV hazırda qlobal siyasəti və ya geosiyasəti korrektə edə biləcək informasiya bazasına və təsir mexanizmlərinə malikdir. Son nümunələrdən biri indi hər kəsin dilində olan “Epşteyn” olayıdır.

İnsanlar üçün sərvət, texnologiya, iqtisadi və maliyyə gücü sahibi, uğurlu iş qurmaq nümunəsi obrazında olan bir neçə məşhur adam haqqında zamanca çox qısa müddətdə media elə məlumatları meydana çıxardı ki, həmin “nümunəvi və uğurlu adamlar” haqqında fikirlər sürətlə neqativə doğru dəyişməyə başladı.

Bu, bir nümunə, ideal vətəndaş obrazı, mənəvi-əxlaqi dəyərlərə sahib olmaqla məşhur olmaq imkanları boşluğudur. Bütün dünya insanlarına təsir edə biləcək özəlliyi isə, ümumiyyətlə, “müasir dövrdə mənəviyyatlı, əxlaqlı, xeyirxah, fəzilətli olmağa dəyərmi?” kimi, çox təhlükəli suallarını yaratması ilə bağlıdır. Ümumiyyətlə, insanın öz mənəviyyatı, əxlaqı və mədəniyyətinə şübhəsinin oyanması olduqca təhlükəli tendensiyadır. Çünki bu zaman özlüyündə insanın həyata baxışı, inamı, mədəni olmağa əminliyi sarsıdıcı zərbə alır. Onun müxtəlif ölkələrdə və cəmiyyətlərdə təzahür forması da fərqli ola bilir.

Qlobal mühitdən gələn bu kimi antiəxlaqi, antimənəvi, antimədəni dalğalar başqa fəsadlarla yanaşı, antimilli ovqat formalaşdıra bilər. Fəqət bu cür mövqenin yaranması üçün hədəf seçilən topluma kənardan düşünülmüş və sistemli təsirlər də ola bilər. Cəmiyyətin müasir təkamül özəlliyi ilə tarixi-ənənəvi aparıcı faktorlar arasında yaradılan bu “qırıqlıq” cəmiyyət miqyasında total qeyri-müəyyənlik mühiti formalaşdıra bilər. Bunun fonunda toplumu müxtəlif yanlış istiqamətlərə “sürükləmək şansı”nın artmasını gözləyənlər vardır.

3 nəticə

Buradan ən azı üç mühüm nəticə çıxarmaq olar.

Birincisi, Azərbaycan Prezidentinin bu mövzuda öncəki məqalədə vurğuladığımız fundamental tezislərinin həyata keçməsi dövlətçilik və milli mövcudluq baxımından əhəmiyyətlidir. Yalnız onların məzmun və məqsəd işığında cəmiyyətin milli ləyaqəti saxlamaqla davamlı inkişafına (və tərəqqisinə) nail olmaq mümkündür.

İlk baxışdan bu tezis ümumi və mücərrəd fikir təsiri bağışlaya bilər. Lakin onun daxilində “özünütəftiş”in “özünüyenidənyaratmağa” aparan doğru yol vardır. Bu proses pilləlidir və onlar üzərində qəzet formatının imkan verdiyi çərçivədə dayanaq.

Hər şeydən öncə, Azərbaycan Prezidenti cəmiyyətin təməllərinin milli-ənənəvi faktorlar üzərində yeni tarixi şərtlərə uyğunlaşmasını təklif edir. Onun konkret parametrlərini də göstərir – ailə, məktəb və mədəni-mənəvi-əxlaqi varislik. Ailə və məktəb məhz mədəni-mənəvi-əxlaqi varisliyin kənardan çox güclü pozucu təsirlərin (informasiya, təbliğat, təşviqat xarakterli) olduğu şəraitdə belə səmərəli milli mövqenin formalaşmasını təmin etməlidir. Bu məqamda müasir dövr üçün çox güclü təsir vasitəsi sayılan media faktoru ön plana çıxır.

Yuxarıda vurğuladığımız ümumdünya miqyasında geosiyasi və siyasi situasiyanı ciddi dəyişə bilən informasiya “təxribatı” ilə yanaşı, transmilli şirkətlərin, xüsusi xidmət orqanlarının, müxtəlif marginal sosial kəsimlərin, separatçı-terrorçu xislətli dairələrin, özünü “dünya vətəndaşı” sayan xülyaçıların və sadəcə başqalarının uğurlarını özünün bədbəxtçiliyinin əsas səbəbi sayanların KİV-lərdə “öz təsiretmə payları”nın olmasını legitimlik səviyyəsində görməyə çalışmaları böyük fəsadlar verə bilir. Bütün bunların milli səviyyədə mənfi təsirə çevrilməməsinin qarşısını heç bir hakimiyyət direktivi və ya cəzası ala bilməz. Bunu üçün özünü dərk edən, milli mənsubluğunu söz və özünü göstərmək üçün təmtəraq vasitəsi kimi deyil, məsuliyyət və milli ləyaqətin başlıca faktoru olaraq görə bilən insanların formalaşması gərəkdir. Onun reallaşması mexanizmi kimi dövlət başçısının ailə-məktəb tərbiyəsinin vətənsevərlik və dövlətçilik sahələrində vəhdətdə olması təklifi və səslənişi vacib məqamdır! Onu təşkil etmək mütləq lazımdır!

İkincisi, Azərbaycan KİV-i antimilli və antidövlətçi dairələrin pozucu fəaliyyətlərinin neytrallaşdırılması istiqamətində “özünütəftiş” etməlidir. Bu aspektdə fəaliyyətə dəvət və səsləniş dövlət başçısının media nümayəndələri ilə tez-tez canlı fikir mübadiləsində olması, Şuşa qlobal forumlarının təşkili və orada aktual məsələlərin müzakirəsinin təşkili, Azərbaycan Prezidentinin müxtəlif tədbirlərdə çıxışı zamanı konkret tezisləri irəli sürməsi və strateji xarakterli sənədlərdə milli, mənəvi, əxlaqi, ləyaqətli azərbaycanlı tərbiyəsi, vətənsevər gənclərin yetişdirilməsi kimi məsələlərə ayrıca yer verməsi çox əhəmiyyətlidir.

Üçüncüsü, “özünütəftiş”ə Türk dünyası konteksində baxmaq bir zərurətə çevrilmişdir. Bunun başlıca səbəbi soykök eyniliyi ilə yanaşı, müasir qlobal geosiyasi situasiyanın başlıca tələbləri ilə bağlıdır. İndi nəzəriyyəçilər və siyasi liderlər əmindirlər ki, çağdaş dövrdə ayrıca bir dövlətdən çox, dövlətlər qrupu rol oynayır. Bizim ailəmizin türk ailəsi olması avtomatik olaraq TDT-nin inkişafının çox müxtəlif istiqamətlərdə ön plana çıxarır.

Beləliklə, bütün bunların fonunda bir sıra KİV-də vurğulanan məqamların əksini təbliğ etməyə çalışanların hələ də mövcud olması çox təəccüb doğurur. Bir neçə nümunəyə baxaq.

Bəzi nümunələr

Bütövlükdə türk dövlətlərinin əlaqələrinin həqiqi mənada inkişafında maraqlı olan media orqanı ayrı-ayrı türk ölkələrindən əsaslı müsbət cəhəti ifadə edən informasiyalar verməli, onları müsbət mənada təşviq etməlidir. Müxtəlif mövzularda yazılan analitik məqalələrdə türk dövlətlərinin şansları və uğurları obyektiv qiymətləndirilməlidir. Ancaq Türkiyə və Azərbaycan KİV-də bəziləri necə hərəkət edirlər?

Məsələn, Azərbaycanın hər hansı dövlətlə münasibətlərini antitürkiyə addımı kimi təqdim etməyə çalışırlar. Bu hal əsasən Türkiyə KİV-də özünü göstərir. Azərbaycanda isə bir sıra KİV orqanı vardır ki, Türkiyəni geosiyasətdə düşmənlərin təqdim etdikləri kontekstdə sivil dünya üçün təhlükə, onların fəaliyyətinə mane olan, sülh və barışa qarşı çıxan güc olaraq göstərməyə çalışırlar. Bu zaman sətiraltı həmin düşmən dairələrin müsbət təbliği və təşviqinə cəhd duyulur.

Digər istiqamət kimi hər hansı türk cəmiyyətində kütlə tərəfindən mənfi qarşılanan “faktlar”ın “obyektivliklə” verilməsi üsulundan ibarətdir. Burada insanların adi həyat tərzlərindən tutmuş, müxtəlif neqativ davranışların təbliğini görmək olar. Xüsusilə, ailə qurmaq fəlsəfəsi və məqsədlərini təhrif olunmuş, “qara ləkə” kimi təqdim etmək cəhdləri təkrar-təkrar verilir. Bu zaman daima türk cəmiyyətləri sivilliyə qarşı olan toplum kimi təqdim edilir.

Həmin sırada tarixin müxtəlif dönəmləri təhrif etmək, böyük şəxsiyyətlərin yalan əsasında obrazını yaratmaq, xalqın əsrlərdir əməl etdiyi mənəvi-əxlaqi kodları lağa qoymaq və s. kimi antimilli davranışları görə bilirik. Son zamanlar hətta Nizamiyə, Nəsimiyə, Füzuliyə cəfəng xülyalarla dil uzadanlar – saxta və qərəzli təftişçilər peyda olublar. Cənubi Azərbaycan ədəbiyyatını kimin təmsil etməsi ilə bağlı məsələ meydana çıxandan və onu həll edəndən sonra bu kimi saxta təftişçilik halları çoxalmışdır. Nizamini, Nəsimini, Füzulini dini məzhəb qabığına sıxışdırmaq xülyasına düşənlərin nə dərəcədə, qəzəbli, qərəzli və zavallı olduqları hiss edilir.

Bir başqaları Azərbaycan xalqının bütün milli-mənəvi dəyərlərini unudaraq insanların şəxsi həyatı haqqında böyük günah sayıla biləcək informasiyalar yaymağa çalışırlar və bu saxta ittihamları milli məsələ kimi təqdim etməyə cəhdlər göstərirlər.

Beynəlxalq arenada Azərbaycanın uğurlarını sətiraltı antitürkiyə xarakterli olay kimi “izah etməyə” cəhdlər göstərirlər və əksinə, Ankaranın hər hansı uğurunun arxasında antiazərbaycan məqamını “arqumentlərlə” axtarırlar.

Qlobal təşkilatlar qlobal ÜDM-də Türkiyənin ciddi rolunu rəqəmlərlə göstərirlər, məsələn, ABŞ-ın qlobal ÜDM-də göstəricisi 9 faizdən bir qədər çoxdursa, qardaş dövlətin dünya ÜDM-də payı 2,2 faizi təşkil edir. Yəni bu kateqoriyada olan 5-6 dövlətdən biri Türkiyədir. Türkiyənin və bizim bir sıra KİV orqanı isə az qala Türk iqtisadiyyatının tam çökdüyündən bəhs edir, onun çox mənfi təbliğatını aparmağa çalışırlar.

Bütün bunlara necə reaksiya verməliyik?

Arqumentsizləşdirmə

Əlbəttə, Azərbacyan sivil milli dövlət kimi bütün bu olaylara laqeyd qala bilməz. Cəmiyyət olaraq da əks tədbirlərini görməlidir. Arqumentsziləşdirmə bunun üçün səmərəli ola bilər. Yəni qarşı tərəfin cəfəng pozucu fəaliyyətini cəmiyyətin inkişafında ciddi uğurlar əldə etməklə neytarllaşdırmaq olar. Bu prosesin bir tərəfi hakimiyyətin uğurlu fəaliyyətinə bağlıdırsa, digər aspekti ziyalıların, sənət adamlarının, media təmsilçilərinin fəallığı ilə əlaqəlidir. Hakimiyyət cəmiyyətdə sosial ədaləti daha yüksək səviyyədə təmin etməyə üstünlük verməlidir.

Ziyalılar əsaslı tarixi faktlarla Azərbaycan kimliyinin obyektiv obrazını yaratmaqda daha böyük addımlar atmalıdırlar. Bu baxımdan azərbaycançılıq əsasında azərbaycanşünaslığın inkişafı zərurəti bir daha aydın görünür.

KİV isə bütövlükdə türk dövlətləri cəmiyyətinin müsbət cəhətlərini daha çox təbliğ etməlidir. Bu, hər bir türk dövlətinə aid mütləq şərtdir. Yəni yalnız rəsmi orqanların qadağaları və məhdudlaşdırıcı addımlarına ümid etmək böyük səhvdir.

Onu vurğulayaq ki, türk dövlət başçıları son dərəcə fəal, təşəbbüskar və birlik məsələsində səmimidirlər. Xüsusilə, Azərbaycan Prezidentinin töhfələri ölçüyəgəlməzdir! İlham Əliyev bu istiqamətdə həm konseptual, həm də praktiki addımlar aspektlərində şəksiz liderdir! Azərbaycan Prezidenti qədər cəmiyyətlə qarşılıqlı təmaslar quran ikinci türk lider yoxdur. Bununla Azərbaycan Prezidenti qarşı tərəfi arqumentsizləşdirmənin çox gözəl və uğurlu nümunəsini göstərir.

Müxtəlif qurumlar, informasiya vasitələri, təşkilatlar və vətəndaşlar daha fəal milli mövqe tutmalıdır. Hazırda dövlət başçısının müxtəlif mənfi hallara qarşı atdığı qətiyyətli addımların fonunda məsələyə ictimaiyyət tərəfindən dəstəyin artırılması çox vacib iş kimi görünür.

Bir məqamı da vurğulamaq gərəkdir. Müasir qloballaşma şəraitində ayrıca bir müstəqil ölkənin çox sayda faktorları nəzərə alması şübhəsizdir. Cəmiyyətin idarə olunması və toplumun “özünütəftişi” kimi məsələlərdə də müxtəlif maneələrin qarşıya çıxması qaçılmazdır. Ona görə də ideal idarədən və ya ideal özünütəftişdən danışmaq mümkünsüzdür. Burada əsas olanı cəmiyyətlə iqtidarın birliyi və toplumun müstəqil olmaq üçün ciddi fədakarlığa hazırlığından ibarətdir. Cəmiyyət bu anlamda qətiyyətli və möhkəm iradəlidirsə, heç bir əngəl onun yolunu kəsə bilməz.

Həmin mənada “özünütəftiş” özünü bütövləşdirmənin əsas funksiyalarından biri kimi təsdiqini tapa bilər. Cəmiyyət “özünütəftişi” elə bir daxili tələbat prosesinə çevirə bilər ki, həm yüksək funksionallığını saxlasın, həm də toplumun kimliyi, identikliyi və strateji məqsədləri ilə dövlətin kimliyi, identikliyi və strateji məqsədləri tam uyğunluğu təmin olunsun. “Özünütəftiş” bu anlamda cəmiyyətlə hakimiyyətin daim uzlaşma prosesi, müstəqillik kimliyini qorumaq mexanizmlərindən biri kimi aktuallıq mövqeyini saxlaya bilər.

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət