Dehli qırğını dövlət siyasətinin nəticəsi idi

post-img

Hindistan hökumətinin zikh icmasına qarşı törətdiyi qətliamlar hələ də cəzasız qalıb

1984-cü ilin noyabrında paytaxt Dehlidə və ətraf bölgələrdə zikh icmasına qarşı törədilmiş kütləvi zorakılıq hadisələri müasir Hindistan tarixinin ən ağır insan haqları pozuntularından biri kimi qiymətləndirilir. Beynəlxalq insan haqları təşkilatları tərəfindən “dövlət səviyyəsində təşkil olunmuş qırğın” kimi xarakterizə edilən bu hadisələr minlərlə dinc sakinin həyatına son qoymuş, on minlərlə insanı evsiz və köçkün vəziyyətinə salmışdır.

Bakı Təşəbbüs Qrupunun (BTQ) Hindistanın iki nüfuzlu insan haqları təşkilatının 1984-cü ildə birgə hazırladığı “Who Are the Guilty?” adlı hesabat əsasında apardığı təhlil məhz bu cəzasızlıq mexanizmini və onun siyasi-hüquqi köklərini sistemli şəkildə üzə çıxarır. Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi (PUCL) və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi (PUDR) tərəfindən hazırlanmış hesabat 1984-cü il oktyabrın 31-də baş vermiş siyasi hadisələrdən dərhal sonra Dehli və ətraf bölgələrdə həyata keçirilmiş sistemli zorakılığın təsadüfi olmadığını ortaya qoyur.

Bəs oktyabrın 31-də nə baş vermişdi? Həmin tarixdə Hindistanın o zamankı Baş naziri İndira Qandi Dehlinin Safdarjunq küçəsində yerləşən baş nazirlik binasında İngiltərədən onunla müsahibə götürməyə gələn jurnalisti qarşılamağa hazırlaşırdı. Həmin gün Baş nazirin cangüdənləri Satvant və Beant Zikhlər silahlarını Qandiyə tərəf çevirərək ona atəş açdılar. Nəticədə, Qandi 33 güllə yarası alaraq yerindəcə həyatını itirdi. Bu hadisə yerli hindlilərlə zikhlər arasında toqquşmanın yaranması üçün əlverişli zəmin yaratdı.

Sənədlər göstərir ki, hadisənin bu səviyyəyə çatmasında Hindistan hökumətinin birbaşa rolu olmuşdu. Sui-qəsddən əvvəl hökumət zikhlərin sıx yaşadığı bölgələrdə əhali ilə digər vətəndaşlara nisbətən qeyri-bərabər davranır və onların dini məbədlərinə qarşı hörmətsizlik edirdi. İndira Qandinin öldürülməsindən sonra Hindistan hökuməti zikhlərə qarşı amansız təqib və hücumlara başladı. Bu faktları sübut edən ən tutarlı göstərici isə sui-qəsddən sonra öldürülən Baş nazirin oğlunun açıqlamaları oldu: “Qüdrətli bir ağac yıxıldıqdan sonra onun ətrafında yerin titrəməsi təbiidir”.

Zorakılığın pik həddi 1–3 noyabr 1984-cü il tarixlərini əhatə etmişdi. Şahid ifadələrinə əsasən, təkcə Dehlidə 1000, ümumilikdə isə 2700-dən artıq zikh həyatını itirdi. Trilokpuri və Manqolpuri kimi rayonlarda yüzlərlə ölüm hadisəsi qeydə alındı. Polis və yerli administrasiya orqanlarının ya passiv qalması, ya da bəzi hallarda hücumlara göz yumması dövlətin qoruyucu funksiyasının tam iflasa uğradığını göstərirdi. Qətliamların nəticələri yalnız fiziki itkilərlə məhdudlaşmadı.

Rəsmi məlumatlara görə, yardım düşərgələrində 20 min nəfər qeydiyyata alınsa da, faktiki olaraq 50 mindən artıq insan evsiz qalmışdı. Minlərlə ailə başçısını itirdi, yüzlərlə uşaq yetim qaldı. Sağ qalmış şəxslər arasında psixoloji travmalar geniş yayıldı. Onların bir çoxu təhlükəsizlik səbəbindən öz yaşayış yerlərinə qayıtmaqdan imtina etdi.

Hesabatda xüsusilə vurğulanır ki, 20–50 yaş arasında olan zikh kişiləri məqsədli şəkildə evlərindən çıxarılaraq son dərəcə qəddar üsullarla – döyülmə, bıçaqlanma, linç və diri-diri yandırılma yolu ilə qətlə yetirilib. Eyni zamanda, qurudvaraların (zikhlərin dini məbədləri), məktəblərin, yaşayış evlərinin yandırılması, genişmiqyaslı qarət və cinsi zorakılıq faktları divantutmanın təkcə fiziki deyil, mədəni və mənəvi məhvetmə xarakteri daşıdığını sübut edir. Sənəd hadisələrin sistemli xarakterini nəzərə alaraq müstəqil məhkəmə araşdırmasının aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb etsə də, bu çağırışların heç bir nəticəsi olmayıb. Sonralar Mişra (1985) və Nanavati (2005) komissiyalarının yaradılması formal hüquqi addımlar kimi qiymətləndirilsə də, əsas siyasi və inzibati fiqurların məsuliyyətdən kənarda qalması cəzasızlıq mühitinin davam etdiyini göstərir.

Ötən ay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilmiş beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən zikh icmasının nümayəndələrinin Hindistan hökumətinə ünvanladığı çağırışlar bu məsələnin hələ də aktual olduğunu göstərir. Qətliamların tanınması, tarixi ədalətin bərpası və təqiblərin dayandırılması tələbi təkcə bir icmanın deyil, beynəlxalq insan haqları sisteminin legitimliyi məsələsidir.

1984-cü il zikh qətliamları Hindistanda dövlət zorakılığı, siyasi məsuliyyət və hüquqi cəzasızlıq probleminin simvoluna çevrilib. Yüksək ranqlı məmurların və siyasi fiqurların cəzalandırılmaması, bu hadisələrin hələ də həll olunmamış struktur problemlərin bir əlaməti olduğunu göstərir. Hadisələrə hüquqi qiymətin verilməsi yalnız zikh icması üçün deyil, regionda hüququn aliliyinin və dövlətlərin beynəlxalq öhdəliklərinə sadiqliyinin təmin olunması baxımından fundamental əhəmiyyət daşıyır.

Züriyyə QARAYEVA,
politoloq

Bakı Təşəbbüs Qrupunun Hindistanda 1984-cü ilin noyabrında zikhlərə qarşı törədilmiş kütləvi zorakılıqlarla bağlı “Who Are the Guilty?” hesabatına əsaslanan təhlili bir daha göstərir ki, bu hadisələr yalnız spontan iğtişaşlar deyil, siyasi və institusional məsuliyyət daşıyan ağır insan haqları pozuntuları idi. Hesabatda vurğulanan əsas məqam ondan ibarətdir ki, minlərlə mülki şəxsin həyatına son qoyulmasına baxmayaraq, həmin dövrdə qərarvermə mövqeyində olan yüksək rütbəli məmurlar və siyasi fiqurlar faktiki olaraq cəzasız qalıblar. Bu cəzasızlıq isə təkcə keçmişlə bağlı problem deyil, həm də hüququn selektiv tətbiqinin uzunmüddətli nəticələrini ortaya qoyan ciddi presedentdir.

Bu kontekstdə Bakı Təşəbbüs Qrupunun yanaşması diqqəti daha geniş məsələyə yönəldir: insan haqları yalnız bəyanatlar və illik hesabatlarla qorunmur, real siyasi iradə və hüquqi mexanizmlər olmadıqda ədalət anlayışı formal xarakter daşıyır. Zikhlərə qarşı törədilmiş zorakılıqlara görə heç kimin məsuliyyət daşımaması onu göstərir ki, dövlət daxilində toxunulmazlıq mexanizmi formalaşdıqda, bu, gələcəkdə oxşar cinayətlərin təkrarlanması üçün münbit zəmin yaradır. Bu baxımdan sözügedən hesabat və ona əsaslanan təhlil təkcə Hindistan üçün deyil, qlobal miqyasda insan haqlarının qorunması sahəsində ikili standartlar probleminin bariz nümunəsi kimi dəyərləndirilə bilər.

Tacir SADIQOV
XQ



Siyasət