Prokurorluq orqanlarında süni intellekt texnologiyalarından da istifadə edilməsinə başlanılıb.
Bunu Baş prokuror Kamran Əliyev Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumundakı çıxışında deyib.
Onun sözlərinə görə, artıq ötən ilin sonlarından etibarən daxil olan müraciətlərin aidiyyəti üzrə hansı şəxsə göndərilməsi ilə bağlı süni intellekt tərəfindən təklif verilir. Bununla yanaşı, cinayət işlərinin istintaqı zamanı köməkçi rolunu oynaya biləcək modelin tətbiqi, habelə prokurorluq orqanlarına daxil olan vətəndaş zənglərinin əməkdaşların nəzarəti ilə cavablandırılması kimi məsələlərdə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı işlər görülməkdədir:
"Eyni zamanda, açıq şəkildə vurğulamaq lazımdır ki, süni intellekt insanı əvəz etmir və əvəz edə bilməz, o, hüquqşünasın qərarvermə prosesini dəstəkləyən, onu daha obyektiv və səmərəli edən bir vasitədir".
K.Əliyev qeyd edib ki, süni intellekt tətbiqinin müsbət nəticələri ilə yanaşı, müəyyən risklərini də nəzərə almaq lazımdır:
"Əsas məsələ bu sahədə yəni süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqədar hüquqi tənzimləmənin olmamasıdır. Xüsusən də məsuliyyət məsələləri ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Hər hansı səhv qərara, məsləhətə və ya hərəkətə görə süni intellektin istehsalçısı, yoxsa istifadəçi məsuliyyət daşıyır, onu müəyyənləşdirmək lazımdır. Hesab edirəm ki, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün aydın qaydalar və normalarla bağlı müvafiq normativ hüquqi baza yaradılmalıdır".
Baş prokuror, həmçinin əlavə edib ki, hazırda cinayət işlərinin elektron qaydada məhkəmələrə göndərilməsi ilə bağlı işlər görülür:
"Texniki tərəfdən bu məsələlər həll olunub. Qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən müvafiq qanun layihəsi hazırlanıb və həmin layihə artıq Milli Məclisdədir. Layihədə, həmçinin digər rəqəmsal məsələlər, o cümlədən elektron sübutlar, onların götürülməsi, mühafizəsi və s. indiyədək hüquqi tənzimlənməsi olmayan məsələlər yer alır".

