Ərdoğan və əs-Sisi regional və beynəlxalq məsələləri müzakirə ediblər

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında bildirib ki, iki ölkə Qəzza zolağında və Liviyada davamlı sülh və sabitliyin təmin edilməsi üçün birgə çalışırlar. 

Məlumatı “Anadolu” verib. 

Ərdoğan keçirilən danışıqlar zamanı Liviya, Sudan və Afrika Buynuzu bölgəsindəki vəziyyətin müzakirə olunduğunu deyərək qeyd edib: “Türkiyə Qəzzaya sülh gətirməyə kömək edəcək təşəbbüsləri həyata keçirmək üçün Misirlə əməkdaşlıq edir”.

Dövlət başçısı bildirib ki, Qəzzada humanitar faciə davam edir. Prezident Ərdoğan Qahirənin Türkiyənin Qəzza zolağı sakinlərinə göndərdiyi humanitar yardımın çatdırılmasını təmin etmək səylərini yüksək qiymətləndirib.

Prezident Ərdoğan Liviyada davamlı sabitliyin bərqərar edilməsinin və ölkənin birliyinin və bütövlüyünün qorunmasının Türkiyə və Misir üçün ortaq məqsəd olaraq qaldığını vurğuladı. O, Ankara və Qahirənin liviyalıların özləri tərəfindən idarə olunan və həyata keçirilən siyasi prosesləri dəstəkləmək barədə razılığa gəldiyini bildirdi.

Prezident Ərdoğan həmçinin vurğulayıb ki, Ankara Sudanda atəşkəsə və ardınca ölkədə davamlı sülhün bərqərar olmasına sadiqdir. O, həmçinin Suriyada sabitliyin təmin edilməsinin region üçün vacibliyini vurğulayıb. 

P.ƏMİRCANOV
XQ

Dünya