Qırğına məruz qalmış xalqımız həmin gün həqiqi liderini tapmışdı
Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə, nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışından
O böyük dövlət xadiminin qanlı faciənin ertəsi günü – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində səsləndirdiyi etirazlar da riskli idi, inanıb etibar etdiyimiz dövlətin əli ilə başımıza açılan qanlı olaylardan təxminən, bir il sonra Bakıda səsləndirdiyi (yuxarıda iqtibas gətirdiyimiz) ittihamlar da. Çünki Sovet dövləti hələ süqut etməmişdi və onsuz da türkçülükdə ittiham edilən Heydər Əliyevin bədxahları çox idi. Ancaq Heydər Əliyev xalqın mənafeyi naminə risk etmək, fədakarlıq göstərmək nümunəsi yaratmağın ustası idi.
Doğrudur, Ulu öndər həm ölkəmizə rəhbərlik etdiyi 1969 – 1982-ci illərdə, həm də SSRİ rəhbərlərindən biri kimi Moskvada çalışdığı müddətdə gələcək müstəqil Azərbaycan dövləti naminə olduqca mühüm addımlar atırdı. Təbii ki, həmin illərdə onun böyük vəzifələri var idi və o vəzifələrin yaratdığı şəxsi münasibətlərdən istifadə edərək xalqımızın gələcəyinə hesablanmış layihələrin reallaşdırılmasına nail olurdu. Ancaq onun məlum faciədən sonra – “Kremlin qulağının dibində” ittihamlar səsləndirərkən heç bir vəzifəsi yox idi. Yəni ehtiyatlanmalı idi. Ancaq ehtiyatlanmadı, çəkinmədi, ailə üzvləri ilə birlikdə ölkəmizin bir parçası olan daimi nümayəndəliyimizə gələrək xalqımızın səsini dünya ictimaiyyətinə, özünün etirazlarını isə SSRİ rəhbərlərliyinə çatdırdı.
Ancaq tarixçilərin fikrincə, Ulu öndərin həmin çıxışı dünya ictimaiyyətindən də, Moskva rəhbərlərindən də əvvəl Azərbaycan xalqına ünvanlanmışdı. Heydər Əliyev milli azadlıq arzusuyla alışıb-yanan xalqımıza deyirdi ki, sınmayın, yolunuzdan dönməyin, möhkəm dayanın, mən sizin yanınızdayam: “Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm...”. Diqqət yetirin, Azərbaycan rəhbərliyinə yox, bilavasitə Azərbaycan xalqına. Bu nə demək idi? Xalq azadlıq hərəkatının fəallarına mesaj göndərilirdi ki, hazırda imkanım olmasa da, gec-tez bu imkan olacaq.
Azərbaycanda törədilmiş faciəyə gəlincə isə, Ulu öndər həmin faktı hüquqa, demokratiyaya yabançı, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirdi: “Camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsəydi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə, hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur”.
Bakı qırğınının təşkilatçısı və icraçısı olmuş Sovet rəhbərlərinin hamısının nəinki həyatda, hətta hələ vəzifədə olduğu günlərdə onların əməllərini səhv adlandırmaq o qədər də asan məsələ deyildi. Ancaq Heydər Əliyev cəsarətlə həmin addımı siyasi səhv adlandırmışdı: “Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər”.
Tarixi sənədlərdə oxuyuruq ki, Azərbaycan xalqının böyük oğlu həmin hadisəni sovet imperiyasının cinayəti, Azərbaycan xalqına qarşı vəhşilik kimi qiymətləndirmişdi. Nəticədə, Azərbaycanın suverenliyi və torpaq bütövlüyü uğrunda mübarizə dəstəklənmişdi, qısa müddət sonra isə, o, Azərbaycanda Milli Qurtuluş hərəkatının əsas simalarından biri kimi ortaya çıxmışdı.
Ekspertlər sual verirlər ki, Bakıda baş verən 20 Yanvar faciəsinə ilk qiyməti məhz Moskvada Heydər Əliyevin verməsi, sovet rejiminin cinayətini kəskin şəkildə pisləməsi yeganə fakt idimi? Əlbəttə ki, yox.
Yuxarıda xatırlatdığımız kimi, 1991-ci il martın 7- də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etmişdi. Ulu öndər qatillərin aşkarlanması məsələsini yenidən qaldırmış, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu bildirmişdi.
Bundan başqa, 20 Yanvar faciəsini törədənlərə daha sərt şəkildə etiraz edən Ulu öndər SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsi ilə kommunist partiyası sıralarından çıxdığını bildirmişdi. Həmin ərizədə kommunist rejiminin ölkəni uçuruma apardığı, SSRİ-nin dağılmasının labüdlüyü açıq şəkildə bəyan edilirdi: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq ilyarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.
Başqa bir fakt. Moskvanın mövqeyi aydındır. Onlar müttəfiq adlandırdıqları respublikaları daim təzyiq altında saxlayırdılar. Ona görə də 20 Yanvar qırğınına nəinki siyasi, hüquqi qiymət vermək istəməzdilər, əksinə, o boyda faciənin ört-basdır edilməsinə çalışırdılar. Ancaq 1990-cı ilin yanvarından sonra ölkəmizdə hakimiyyətdə olan şəxslərin və qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, bununla bağlı 1993-cü ilə qədər, faktiki olaraq, heç bir tədbir görülməmişdi. Eləcə də 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsi davam etdirilməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi isə başa çatdırılmamış qalmışdı.
Təbii ki, Heydər Əliyev bu faktlarla barışa bilməzdi. Odur ki, Ümummilli lider 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə demişdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Ancaq Heydər Əliyev bir çox məqamların bəyan edilməsi üçün “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanını imzaladı. Orada deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Həmin rəsmi dövlət sənədinə əsasən Milli Məclisdə geniş müzakirələr aparıldı və yekun olaraq həmin il martın 29-da müvafiq qərar qəbul edildi. Həhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Başqa bir fakt. Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıtmasınadək xalqımız, bütün siyasətçilərimiz, xarici ölkələrdəki dost və tərəfdaşlarımızın hamısı 20 Yanvar hadisələrini “qanlı faciə” adlandırırdılar. Ulu öndər isə həmin faktı “Azərbaycan tarixinin qanlı və şanlı səhifələrindən biri” adlandırmışdı. Bu isə 1990-cı ilin yanvarında verdiyimiz şəhidlərin xatirəsinə gösrtərilən böyük ehtiram nümunəsi idi. Yeri gəlmişkən, o, şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən Ulu öndər şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı.
Biz məmnunuq ki, həmin ənənəni Prezident, müzəffər Ali Baş Komandanımız İlham Əliyev də uğurla davam etdirir. Bu bir faktdır ki, Ümummilli lider Azərbaycan xalqının milli qurtuluş hərəkatının əsas siması kimi tarixə düşüb, Prezident İlham Əliyev isə 30 ildən çox düşmən tapdağında qalan torpaqlarımızın əsarətdən azad edilməsi, əsrlərlə davam edən erməni terroruna, təxribatına, separatizminə və işğalına son qoyulması ilə!
Bugünkü qüdrətli Azərbaycanın uğurlarına nəzər salarkən məmnunluqla deyə bilirik ki, 20 Yanvar faciəsi zamanı və ondan sonrakı illərdə canını fəda etmiş şəhidlərimizin qanı yerdə qalmayıb. Cənab Prezidentin də dediyi kimi, bütün uğurlarımızın təməlində Azərbaycan xalqının əzmi, ordumuzun qüdrəti və xüsusən şəhidlərimizin Vətən üçün əsirgəmədikləri qanı dayanır. Biz, onları da unutmayacağıq, tarix boyu başımıza gətirilənləri də.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

