Sovet imperiyasının Bakı məğlubiyyəti

post-img

Mixail Qorbaçov Azərbaycana deyil, xalqımız Kreml cəlladına dərs vermişdi

Sonuncu sovet diktatoru Mixail Qorbaçovun 70 il tarixə hökm etmiş sovet imperiyasını süquta aparan bədnam yenidənqurmasının ən böhranlı ünvanı Azərbaycan, ən mürəkkəb problemi Qarabağ münaqişəsi, ən dəhşətli cinayəti 20 Yanvar Bakı qırğını olmuşdu.

O zaman törədilmiş vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı yüksək cərəyan kimi silkələyib eyni məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız heç hərbi gücün ram edə bilməyəcəyi qüdrətli sipərə döndü. Şəhərə yeridilmiş zəhmli bir güc–gecə yatmış şəhərin başında fırtına qoparmış müasir hərbi texnikanın və mərkəzi obyektlərə sıx-sıx yerləşdirilmiş qoşun bölüklərinin özü səhərin açılması ilə güclü qasırğanın qoynuna düşüb acizləşdi.

Gecənin qana bələdiyi şəhərin yaralarına gur işıq salan o qırğın səhəri vətəndaşı olduğu dövlətdən xəyanət və qəddarlıq görmüş xalqımız gur axınlarla Mərkəzi Komitə deyilən respublikanın baş qərargahına tərəf axışıb, gecəni burada keçirmiş, qorxub-çəkinmədən yerində dayanaraq zirehli texnikanın əhatəsində qalmış dinc, əliyalın soydaşlarımıza qoşulmağa can atırdı. Qəzəblənmiş insan seli çox keçmədi ki, zirehli texnikadan “hörülmüş” dəmir hasarı uçuraraq, sanki, alov püskürən böyük vulkana döndü.

Çox keçmədi ki, yurdsevər rəssamlarımız Mərkəzi Komitənin qarşısında uzanan hündür divarı iri bir pannoya çevirib, qanlı “Bakı zəfəri”nin bədnam müəllifi, sovet rəhbəri Mixail Qorbaçovun böyük bir karikaturasını oraya rəsm etdilər. Nəhəng təsvirdə Qorbaçovun əlindəki baltadan qan süzülürdü. Rəsmin altında rusca, “Qorbaçov insan qəssabıdır” anlamı verən sözlər yazılmışdı.

Heç şübhəsiz, o anlarda və saatlarda Bakıda baş verənləri nəfəs dərmədən izləyən Kreml ağasına şəhərdəki digər önəmli təfərrüatlarla yanaşı, bu karikatura barədə də bilgi çatdırılmışdı. Lakin yanvarın 22-də şəhidlərin dəfnindən sonra–xalqın mübarizəsi 40 günlük dinc etirazlar məcrasına dönənədək bu karikaturanı heç bir qüvvə həmin yerdən yox edə bilmədi. Bu karikaturanı tirajlayan fotolarsa bütün dünyaya yayılaraq insan qəssabına çevrilmiş Qorbaçovu şiddətli bir hiddət və nifrətlə üz-üzə qoydu.

O saatlarda və günlərdə Qorbaçovun öz qanlı əməli barədə nə düşündüyünü söyləmək çətindir. Amma illər keçəndən sonra sonuncu sovet tiranı “Həyat və islahatlar” adı ilə çap olunmuş xatirələrində, yüngül də olsa, özünü suçlu bilib. O dövrü yada salan insan qəssabı səmimi, ya qeyri-səmimi yazıb: “1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qaldı. Bu ağırdır, çox ağırdır”. Bəs o vaxt bunu düşünmək olmazdımı? Əlbəttə, olardı, lakin ətrafını sarmaşıq kimi bürümüş erməni-daşnak güruhunun yaratdığı sədd bu həqiqəti görməyə imkan veməmişdi.

İllər sonra “əsas günahı” Qarabağ hadisələrində görən Qorbaçov, görəsən, “Qarabağ cinini” şüşədən çıxaranda nə düşünmüşdü? Bəlkə, elə bilmişdi ki, dünyanın ən gözəl bir məkanını min illər boyu öz qanı-canı ilə qoruyub Vətən etmiş Azərbaycan xalqı onun xatirinə Qarabağı siniyə qoyub özgə torpaqlarına təşnə olan ermənilərə peşkəş edəcək?! Axı o aylarda və illərdə, elə həmin gecə də Azərbaycan xalqı ona görə ayağa qalxmışdı ki, Qorbaçovun özünə anlatsın: “Torpaqdan pay olmaz!”, “Həddini aşmış erməniləri yerində oturdun!” O gecə ermənilərə güzəştə getməməyin heyfini azərbaycanlılardan alan bədnam “Baş katib”in illər sonrakı əsassız bəhanəsi, əlbəttə, Bakıda “yarımçıq qırılmış ömürləri” bitişdirməyə qadir deyil.

Daha sonra “90-cı ilin yanvarından dərs götürülübmü? Şübhə edirəm: bunun sübutu erməni–azərbaycanlı müharibəsidir” - deyən Qorbaçov bu müharibəyə özünün bais olduğunu unutdurmaqmı istəyir? Bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsinə “fövqəladə şərait”in məcbur etdiyini yazıb: “1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı”, – deyə eks-prezident vicdanı ağrımadan yazıb.

20 Yanvar qırğınının səhəri gün Moskvada Azərbaycan nümayəndəliyinə gələn xalqımızın qeyrətli oğlu Heydər Əliyev görün vəziyyəti vaxtında nizama salmağın mümkünlüyünü necə aydın göstərib: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün ikiillik müddət kifayət idi. Hesab edirəm ki, ötən ikiildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.

M.Qorbaçov Bakıya qoşun yeridilməsinin bir səbəbini də “Azərbaycanda hakimiyyətin parçalanmasında” görüb. Axı bu parçalanmanı da o özü yaratmışdı. Onun naşı, gerçək toqquşmalara aparan hökmlərini yerinə yetirən Azərbaycan rəhbərliyi bu mütiliyi ilə öz xalqının gözündən düşmüşdü. Qorbaçov da öz xalqının maraqlarından heç vaxt bir addım geri çəkilməyən dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevi məhz onun məkrli niyyətlərinə qarşı olduğuna görə böyük siyasətdən uzaqlaşdırmışdı.

Daha sonra yeni qondarma arqumentlərə üz tutan M.Qorbaçov bildirib: “13 yanvarda Bakıda xuliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş törədiblər”. Axı sovet diktatoru niyə yada salmır ki, bu iğtişaşlar onun sonrakı planlarını həyata keçirmək üçün məqsədli şəkildə törədilmişdi. Əgər o dinclik yaradan idisə, niyə bu fitnəkarlığın qarşısını vaxtında almaq əvəzinə, bütöv bir xalqın üstünə qoşun yeridirdi? Əgər o, günahsız insanları qorumaq istəyirdisə, niyə Ermənistandan 200 min azərbaycanlı qarət və təhqir olunub qovulanda özünü görməzliyə vurmuşdu?

Keçmiş SSRİ prezidenti ardınca yazıb: “Mən Prezident Şurasının üzvü Primakovu və Sov. İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırılıb və İranla 200 kilometr sərhəd sökülüb”. Yenə yalan və riyakarlıq. Axı sərhədlər rus sərhədçilərinin gözü qarşısında və onların iştirakı ilə sökülmüşdü. Qorbaçova da bu lazım idi ki, bəhanə gətirib “dikbaş”, “sözəbaxmayan” azərbaycanlılara qanlı divan tutsun.

“20 Yanvar mənə dərs oldu” - yazan Qorbaçov 20 Yanvar qırğınının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib: “Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”.

Bunu dərk etmək üçün illər lazım idimi? Belə sərt tədbirlərə ehtiyac olmadığını, qarşıdurmanı aradan qaldırmağı və vəziyyətin nizama salınmasını dinc üsullarla da həyata keçirməyin mümkünlüyünü Qorbaçovun özünə siyasi rəqib seçdiyi Heydər Əliyev Azərbaycan nümayəndəliyindəki bəyanatında qətiyyətlə söyləmişdi: “Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi”.

Həmin bəyanatda Ulu öndərin söylədikləri Qorbaçovun, xala-xətrin qalmasın, etirafının qeyri-səmimiliyini qəti surətdə ortaya qoyur: “Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar”.

Azərbaycan xalqının həqiqi lideri həmin bəyanatında Qorbaçovun gələcək qənaətini, azı, 20 il qabaqlamışdı: “Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir”. Ulu öndər öz yekun qənaətini isə belə ifadə etmişdi: “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.

Böyük siyasət və dövlət xadimi Heydər Əliyev az sonra Vətənə dönəndə Mixail Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə qiymət vermişdi: “Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa, növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları – kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur – bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Ulu öndərin 20 Yanvar faciəsinə münasibətini belə ifadə edib: “Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir”.

Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. İkincisi, 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Üçüncüsü, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onun zərədidələrinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 Yanvar hadisəsi ilə bağlı Ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 36 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarının müdafiəsinə qalxdığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan rəhbərliyindən tələb edilirdi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, istər Ayaz Mütəllibov iqtidarı, istərsə də AXC–Müsavat qaragüruhu bunu etmədi. Baxmayaraq ki, hadisəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində çox iş görmək olardı. Əksinə, onlar müxtəlif səthi qərarlar qəbul edə-edə və ya etdirə-etdirə həmin günün müsibətlərini xalqımıza unutdurmağa çalışdılar.

Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə–kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il faciənin ildönümündə Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə–kompleksinin önünə əklil qoyur.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 36 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında anılır.

Xalq o günlərdə böyük bir gerçəyi – həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli lider 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Tahir AYDINOĞLU,
Əməkdar jurnalist

Siyasət