“Quş buraxmaq”dansa, “quşları tutmaq”...

post-img

Yaxud Rusiya İstintaq Komitəsinin yanaşmasına sözardı...

AZAL-ın təyyarəsi quş topası ilə toqquşubmuş. Yəqin 2024-cü ilin dekabrında hava gəmimiz Qazaxıstanın Aktau şəhərində məcburi eniş edib ikiyə bölünəndə, Rusiyanın bir sıra dairələrində belə bir sərsəm iddianın səsləndiyini xatırladınız. Sanki Qroznı səmasında təyyarəmizə yerdən atəş açılmayıbmış.

Əlqərəz, ötən ilin sonuna doğru Rusiya İstintaq Komitəsinin AZAL-ın təyyarəsi ilə bağlı cinayət işinə xitam verdiyinə dair xəbər yayılanda təəccüblənmişdik. Eyni hissi ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov qurumun rəhbəri Aleksandr Bastrıkinin məktubuna münasibətdə də ifadə etmişdi: “Məktubda yumşaq desək, ciddi təəccüb doğuran bəzi məqamlar diqqət çəkirdi. Məqamlardan biri ondan ibarədir ki, cənab Bastrıkin bu cinayət işinə xitam verilməsi barədə məlumatı bölüşüb. Bu, ciddi suallar yaradır və təəccüb doğurur. Həmin məktuba Azərbaycanın müvafiq qurumu tərəfindən təfsilatlı mövqe ortaya qoyulub və Rusiya tərəfinə çatdırılıb. Güman edirəm ki, bu məsələyə aydınlıq gətiriləcək. Ən azından bizim gözləntimiz iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq bu məsələ ilə bağlı araşdırmanın başa çatdırılması, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənməsidir”.

Məsələyə yenidən qayıtmağımıza səbəb bir neçə gün əvvəl “BT News” “Telegram” kanalında Rusiya İstintaq Komitəsi rəhbərinin Azərbaycan Baş Prokurorluğuna ünvanlandığı iddia edilən məktubunun tirajlanmasıdır. Sənədin məzmununun nə dərəcədə etibarlı olduğu müəyyən şübhələr doğursa da, cinayət işinə xitam verilməsinin hansı əsasla gerçəkləşdirildiyinə dair suallar yarandığından və ortada başqa material olmadığından, əvvəldə haqqında söz açdığımız “quşları” yada salırıq. Belə nəticəyə gəlirik ki, bu məsələ ilə məzmunu üzə çıxan məktubun mahiyyəti, demək olar, eynidir. Amma...

Deməli, tirajlanmış məktubda bildirilir ki, AZAL-a məxsus təyyarə duman səbəbindən Rusiya ərazisində yerə eniş edə bilməyib, gedib Qazaxıstana və orada qəzaya uğrayıb. Yəni təxminən, “bizlik deyil” mesajı verilib. “Əmma” isə bundadır ki, hava şəraiti təyyarəmizin enişinə məhdudiyyət yaradacaq qədər dumanlı idisə, zamanında kimlərsə quş topasını necə görmüşdü? Başqa sözlə desək, təyyarəmizin quş topası ilə “toqquşduğu” necə müəyyənləşmişdi? Əlbəttə, məntiqi cavab tapmaq çətindir.

Halbuki, cavab var idi və bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbədə səsləndirmişdi. Kreml rəhbəri Prezident İlham Əliyevlə görüşdən sonra nikbin açıqlamalar vermiş, hətta təfərrüatlara da varmışdı. Məsələn, o demişdi ki, təyyarəmiz yerdən açılan atəş nəticəsində vurulub, amma hədəf hava gəmisi deyil, Ukraynaya məxsus PUA-lar imiş. O dedi, biz inandıq...

Rusiya lideri hətta onu da demişdi ki, hədəf birbaşa təyyarə olsaydı, yəni, hava gəmimiz raketin göydəki qalıqları, yaxud qəlpələri ilə deyil, özü ilə üzləşsəydi, əlavə məsafə qət edə bilməz, dərhal yerə çırpılardı. Ən başlıcası, Prezident Putin əmin etmişdi: “Rusiya bu cür faciəli hallarda kompensasiya təmin etmək üçün lazım olan hər şeyi edəcək və bütün vəzifəli şəxslərin hərəkətləri lazımi şəkildə qiymətləndiriləcək”.

Qiymət budurmu? Yada salaq ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 30-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşündə də təxminən bu sualı ünvanlamış, Düşənbədə Azərbaycan və Rusiya liderləri arasında əldə edilmiş razılaşmaların mahiyyətini diqqətə çatdırmışdı. Mövcud kontekstdə heç bir prosedur qərarın Rusiya Prezidentinin bəyanatında yer alan təlimatların həyata keçirilməsi zərurətini əvəz və ya ləğv edə bilməyəcəyi barədə bəyanat da müsbət qarşılanmışdı.

Deməli, bu, o demək idi ki, Azərbaycan tərəfi Rusiya İstintaq Komitəsi rəhbərinin məktubu ilə razılaşmır. Həm də ona görə razılaşmır ki, quruma vaxtilə edilmiş müraciətlərin heç birinə konkret cavab olmayıb və bu barədə ötən il Azərbaycanın Baş prokuroru Kamran Əliyev də söz açmışdı: “Onlar hələ ki, ekspertizaların keçirilməsi, istintaqın davam etdirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsini əsas gətirməklə konkret nəticələr barədə bizə məlumat vermirlər. Amma bizim özümüzdə istintaqın ilkin mərhələsindən kifayət qədər sübutlar var. Biz hadisənin başvermə halları ilə bağlı həm kifayət qədər məlumatlıyıq, həm də zəruri olan bütün sübutları toplamışıq. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik. Təyyarə Aktau şəhəri yaxınlığında yerə düşən kimi Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladıldı. Eyni zamanda, Qazaxıstan tərəfi, sonradan isə Rusiya İstintaq Komitəsi də cinayət işi başlatdı. Yəni hazırda üç ölkədə cinayət faktları araşdırılır. Sual oluna bilər ki, bir fakta görə niyə üç ölkədə cinayət işi açılıb? Ona görə ki, bu və ya digər formada hər üç ölkənin maraqlarına toxunan bir məsələdir. Məlumdur ki, o hadisə zamanı hər üç ölkənin vətəndaşları arasında həm həyatlarını itirən, həm də müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub. Bu səbəbdən biz həm Rusiya İstintaq Komitəsi, həm də Qazaxıstanla əməkdaşlıq edirik”.

Görünən budur ki, Rusiya ilə əməkdaşlıq müsbət nəticə vermir. Həm müsbət nəticə vermir, həm də belə qənaət formalaşır ki, Prezident Putinin detallarını diqqətə çatdırdığımız açıqlamasına baxmayaraq, kimlərsə təyyarə olayı ilə bağlı əsl həqiqətləri danmaq kursu götürüblər. Götürüblər ki, Bastrıkinin məktubunun mahiyyəti ictimaiyyətə rahat şəkildə açıqlana bilir. Nə edək? Belə düşünək ki, “quş buraxmaq”, onu tutmaqdan, daha doğrusu, çoxsaylı insan tələfatı doğurmuş təyyarə olayı ilə bağlı əsl həqiqətləri açıqlamaqdan, müqəssirləri müəyyənləşdirib cəzalandırmaqdan daha asandır və Rusiya, necə deyərlər, asana qaçır. Görünür, Moskva üçün asan olan, eyni zamanda, Bakı ilə münasibətlərin hazırkı soyuqluq məcrasını qoruyub saxlamaqdır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət