Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasında

post-img

Prezident İlham Əliyev müasir dövrün ən praqmatik və strateji zəkaya malik liderlərindən sayılır. Onun hər sözü qlobal güc mərkəzləri tərəfindən diqqətlə izlənilir, səsləndirdiyi bəyanatlar isə regionun geosiyasi gündəmini müəyyən edən yol xəritəsi kimi qəbul edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dövlətin strateji yol xəritəsinin, xarici siyasət prioritetlərinin və milli maraqların toxunulmazlığının qlobal ictimaiyyətə bəyan edilməsi aktıdır. Dövlət başçısının səsləndirdiyi fikirlər, irəli sürdüyü tezislər və verdiyi mesajlar, bütövlükdə Avrasiya məkanının siyasi və iqtisadi gələcəyini maraqlandıran mühüm məsələləri əhatə edir. Məhz həmin səbəbdən müsahibə dünya informasiya məkanında ildırım sürəti ilə yayılıb, aparıcı media qurumları, analitik mərkəzlər tərəfindən geniş müzakirə obyektinə çevrilib.

Prezident İlham Əliyevin müsahibəsi qlobal miqyasda Qərb dünyasının aparıcı media orqanlarının diqqət mərkəzində olmuşdur. Dünya şöhrətli “Reuters” agentliyi, Amerika Birləşmiş Ştatlarının nüfuzlu “US News”, “The Straitstimes”, “Econotimes” nəşrləri, “Global Banking and Finance” maliyyə-xəbər resursu, eləcə də Yaxın Şərq üzrə ixtisaslaşmış beynəlxalq analitik portal olan “Al-Monitor” dərc etdikləri məqalələrdə əsas diqqəti Azərbaycanın Yaxın Şərqdəki münaqişəyə yanaşmasına yönəltmişlər. Qərb mediası dövlət başçısının ABŞ tərəfindən yayılan və reallığı əks etdirməyən məlumatları təkzib edən sözlərini sitat gətirərək, rəsmi Bakının diplomatik gedişini xüsusi vurğulanır: “Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Məzkur məsələlərə tam aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

***

Qardaş Türkiyə mediası, ənənəvi olaraq, Azərbaycan Prezidentinin hər çıxışını böyük diqqət və həssaslıqla izləyir. Bu dəfə də Türkiyənin “TRT HABER”, “STAR TV” kimi telekanalları, “BHA” informasiya agentliyi İlham Əliyevin yerli telekanallara müsahibəsinə geniş yer ayırmış, dövlət başçısının bəyanatlarını "Bir millət, iki dövlət" konsepsiyasının və Türk dünyasının birliyinin möhkəmlənməsi kontekstində təqdim etmişlər. Türkiyə mediası xüsusilə Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində müdafiə sənayesi və hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi ilə bağlı fikirlərinə, habelə, Türkiyə ilə müttəfiqlik əlaqələrinin Şuşa Bəyannaməsi ruhunda inkişaf etdirilməsi barədə açıqlamalarına fokuslanmışdır.

***

Rusiya Federasiyasının media məkanında Prezident İlham Əliyevin müsahibəsi xüsusi diqqət və geniş miqyasda işıqlandırılıb. Rusiyanın aparıcı dövlət agentlikləri və nüfuzlu xəbər resursları Azərbaycan liderinin bəyanatlarını regionun nəqliyyat-logistika xəritəsinin dəyişməsi və geostrateji reallıqlar kontekstində təhlil etmişlər. “RİA Novosti”, TASS, “İnterfaks” kimi nəhəng informasiya agentlikləri, habelə “Vesti Kavkaza” portalı, “360” televiziya kanalı və digər media subyektləri dərc etdikləri analitik materiallarda və xəbər buraxılışlarında dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyini ön plana çıxarmışlar. Rusiya mətbuatı Prezidentin “Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur” fikrini manşetərə daşıyaraq, həmin layihənin reallaşmasının qaçılmaz olduğunu və Moskvanın da maraqlarına cavab verən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində Azərbaycanın əvəzolunmaz rolunu vurğulamışdır.

***

Bölgədə Azərbaycanın yaxın tərəfdaşı olan Gürcüstanın mediası da Prezident İlham Əliyevin müsahibəsinə biganə qalmamış, dövlət başçısının bəyanatlarını ölkənin milli maraqları və regional əməkdaşlıq prizmasından geniş işıqlandırmışdır. Gürcüstanın nüfuzlu informasiya resursları – “resonancdaily.com”, “bpn.ge”, “interpress.ge”, “qafqazturk.com”, “aktual.ge”, “24news.ge”, “realnews.ge” portalları, habelə İctimai Yayımçı “1tv.ge” televiziyası və onun rəsmi internet səhifəsi mövzu ilə əlaqədar silsilə xəbərlər, analitik şərhlər və reportajlar yayımlamışdır. Gürcüstan mətbuatının diqqət mərkəzində dayanan əsas məqamlar Prezidentin Qəzza zolağına sülhməramlı qüvvələrin göndərilməyəcəyi barədə qəti mövqeyi, Zəngəzur dəhlizinin işə salınmasının regionun tranzit xəritəsinə təsirləri, Çindən və Orta Asiyadan gələn yük axınlarının məhz həmin dəhliz və Orta Dəhliz vasitəsilə Avropaya daşınması perspektivləridir.

***

Dünya mediasının Azərbaycan–ABŞ münasibətlərindəki tarixi istiləşməyə reaksiyası təkcə okeanın o tayı və ya region ölkələri ilə məhdudlaşmır. Avropa İttifaqı məkanında fəaliyyət göstərən nüfuzlu media qurumları da yaranmış yeni geosiyasi reallığı dərindən təhlil edirlər. Rumıniyanın ən oxunaqlı və ciddi mətbu orqanlarından sayılan “Ultima Ora” (Son Saat) qəzetində dərc olunan “Azərbaycan – ABŞ: 2025-ci il Cənubi Qafqazda strateji yenidənqurmaya səbəb oldu” sərlövhəli geniş analitik məqalə məhz həmin həqiqətlərə işıq salır. Avropalı ekspertlərin qənaətinə görə, ötən təqvim ili Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər sistemində keyfiyyətcə yeni, daha ali və praqmatik mərhələnin təməlinin qoyulduğu dövr kimi qiymətləndirilməlidir.

***

Çin Xalq Respublikasının media məkanında Azərbaycan Prezidentinin müsahibəsi geniş əks-səda doğurub. Ölkənin baş informasiya ruporu olan “Sinxua” agentliyi tərəfindən həm çin, həm də ingilis dillərində yayımlanan “Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirir” sərlövhəli genişmiqyaslı xəbərdə dövlət başçısının iki ölkə arasındakı münasibətlərin səviyyəsinə verdiyi qiymət xüsusi vurğulanmışdır. Materialda qeyd olunur ki, Azərbaycan Prezidenti hərtərəfli strateji tərəfdaşlığın iqtisadi əlaqələrin dinamikasına müsbət təsir göstərdiyini, habelə, biznes dairələri və dövlət strukturları arasındakı qarşılıqlı fəaliyyəti fəallaşdırmaq üçün ciddi impuls verdiyini bəyan etmişdir.

***

Cənubi Asiya və İran mediası da Azərbaycan Prezidentinin müsahibədə səsləndirdiyi fikirlərə geniş yer ayırıb. Pakistanın “Ummat”, “Dawn” qəzetləri, İranın “Mehr” xəbər agentliyi, “Tahlil Iran” və “Vista” portalları dərc etdikləri materiallarda müsahibədəki əsas məqamlara geniş yer ayırmışlar. Bu ölkələrin mətbuatında xüsusi vurğulanmışdır ki, Azərbaycanın dövlət başçısı öz ölkəsinin Fələstin məsələsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qəbul etdiyi qərarlara və qətnamələrə sadiq olduğunu bildirmişdir. Bu, rəsmi Bakının İslam həmrəyliyinə sadiqliyi ilə yanaşı, milli maraqları hər şeydən üstün tutan praqmatik siyasətinin göstəricisi kimi şərh edilmişdir.

***

İspan dilli dünya və Latın Amerikası ölkələrinin mediası da Azərbaycan Prezidentinin müsahibəsinə biganə qalmamışdır. “Democrata”, “Notimersa”, “Portaltela”, “Teleprensa”, “Itongadol”, “Infobae” kimi nüfuzlu agentlik və portallar dərc etdikləri xəbərlərdə Azərbaycan dövlət başçısının tarixi paralellər apararaq Azərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanıstanda həyata keçirilən beynəlxalq sülhməramlı missiyalar zamanı belə heç bir döyüş əməliyyatında iştirak etmədiyini, onların funksiyasının sırf sülhün qorunması və infrastrukturun mühafizəsi olduğunu xatırlatmasını diqqətə çatdırmışlar.

Dünya mediasının Azərbaycan Prezidentinin müsahibəsinə verdiyi reaksiya və apardığı təhlillər bir daha sübut edir ki, İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət strategiyası qlobal miqyasda qəbul edilir və hörmətlə qarşılanır.

Yusif ŞƏRİFZADƏ
XQ



Siyasət