Cəmiyyət hüquqi humanizmin yeni mərhələsinə yüksəlib
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya ilə bağlı təşəbbüsü formalaşmış siyasi-hüquqi fəlsəfənin ardıcıl və məntiqi davamı kimi dəyərləndirilməlidir. Milli Məclisə təqdim olunan amnistiya aktı miqyasına görə Prezidentin 22 illik hakimiyyəti dövründə irəli sürülmüş 7-ci və ən geniş əhatəli hüquqi sənəddir.
Ayrı-ayrı dövrlərin statistik göstəriciləri bu siyasətin ardıcıl xarakter daşıdığını aydın şəkildə təsdiqləyir. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində qəbul edilən amnistiya aktları on minlərlə şəxsə şamil olunmaqla postsovet keçid dövründə yaranmış sosial gərginliyin azaldılmasına xidmət edib. Son mərhələdə isə əfv və amnistiya qərarları artıq sabit dövlət idarəçiliyi, formalaşmış hüquqi institutlar və ictimai təhlükəsizlik balansı fonunda həyata keçirilir. Bu baxımdan, 2023-cü ildə imzalanmış əfv sərəncamı müstəqillik tarixində ən geniş əhatəli fərdi əfv aktlarından biri kimi dəyərləndirilir. Həmin sərəncamla 801 məhkum əfv olunub, onlardan 463 nəfər azadlıqdan məhrumetmə cəzasından tam azad edilib, 220 nəfər isə cəzasının çəkilməmiş hissəsinin yarısından azad olunub. Ardınca 2024-cü ildə qəbul edilən əfv sərəncamı 154 nəfərə şamil edilib, həmin şəxslərdən 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib.
Ölkə başçısının amnistiya aktı ilə bağlı təşəbbüsündən dərhal sonra, dekabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müvafiq iclas keçirildi. Komitənin sədri Əli Hüseynli çıxışında bildirdi ki, təqdim olunan layihə “Amnistiya tətbiq edilən şəxslərin dairəsi”, “Amnistiyanın tətbiqinə məhdudiyyətlər”, “Amnistiya aktının hüquqi qüvvəsi” və “Amnistiyanın tətbiqi qaydaları” olmaqla 4 əsas hissədən ibarətdir. Ə.Hüseynli, eyni zamanda, bu amnistiya aktının “Konstitusiya və Suverenlik İli”nin sonunda Azərbaycan xalqına təqdim edilən ən mühüm və əhatəli hüquqi töhfələrdən biri olacağına əminliyini ifadə edib. Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılacaq. Qərar layihəsi parlament tərəfindən qəbul edildikdən sonra məhkəmə və ədliyyə orqanlarına göndəriləcək və onun icrasına başlanılacaq. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə əsasən, amnistiya məsələlərinin həlli Milli Məclisin müstəsna səlahiyyətinə daxildir.
* * *
Mövzu ilə bağlı XQ-yə açıqlama verən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, formalaşmış dövlətçilik təcrübəsində dövlət öz mövcudluğunu yalnız cəzalandırma mexanizmləri üzərində qurmaz: “Ədalətli şəkildə bağışlamaq da idarəetmənin mühüm aləti kimi qəbul edilir. Açıq desək, amnistiya dövlətin özünə olan inamının göstəricisidir. Dövlət bununla mesaj verir ki, cəzasını çəkmiş, səhvini dərk etmiş insan üçün ikinci şans mümkündür. Bu yanaşma illərdir ki, formalaşmış dövlətçilik ənənəmizin tərkib hissəsidir və cəmiyyət tərəfindən də anlayışla qarşılanır. Təbii ki, amnistiya avtomatik azadlıq anlamına gəlmir. Burada hüquqi filtrlər, məhdudiyyətlər və ictimai təhlükəlilik meyarları var və bu meyarlar mütləq izləni̇lməlidir. Ə.Nuriyev bir vacib məqama da toxundu: “Təcrübə göstərir ki, amnistiya aktının qəbulu prosesin sonu deyil, əslində başlanğıcıdır. Əsas mərhələ bundan sonra başlayır. Həmin şəxslərin cəmiyyətə qayıdışı, işlə təmin olunması, sosial adaptasiyası üçün effektiv mexanizmlər formalaşdırılmasa, gözlənilən nəticə zəif ola bilər. Bu baxımdan əminəm ki, amnistiya layihəsi dövlətin sosial məsuliyyət, suverenlik və təhlükəsizlik prinsipləri nəzərə alınmaqla hazırlanıb və praktik tətbiq mərhələsində də öz müsbət nəticəsini göstərəcək. Bu amnistiya minlərlə, hətta yüz minlərlə insanın ümidinə və sevincinə cavab verən qərar olacaq. Ona görə də mən bu addımı təkcə keçmişə yönəlmiş hüquqi qərar deyil, gələcəyə hesablanmış strateji və məsuliyyətli yanaşma kimi qiymətləndirirəm. Dövlət cəza siyasətini humanizm və məsuliyyət prinsipləri ilə tarazlaşdırır. Bu, zəiflik deyil, əksinə, güclü dövlət davranışıdır”.
Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsünün hüquqi mahiyyət daşımaqla yanaşı, cəmiyyət üçün mühüm sosial və mənəvi məzmun ifadə etdiyinə diqqət çəkdi: “Əfv və amnistiya siyasəti nəticəsində cəzadan azad edilən şəxslər üçün yeni həyat mərhələsi açılır, onların səhvlərdən nəticə çıxararaq cəmiyyətə yenidən inteqrasiya olunmalarına real imkan yaranır. Bu yanaşma cəzanı təkcə məhdudlaşdırıcı mexanizm kimi deyil, tərbiyəvi və bərpaedici vasitə kimi dəyərləndirən dövlət fəlsəfəsini ortaya qoyur.
Bu cür qərarların ölkə rəhbərliyinin humanizmə, sosial ədalətə və hüquqi tarazlığa verdiyi önəmin açıq təzahürü olduğunu deyən V.İbayev bu zaman dövlətin bir tərəfdən hüquqi məsuliyyət prinsipini qoruması, digər tərəfdən isə cəmiyyət üçün təhlükə yaratmayan şəxslərə ikinci şans verilməsi məsələsini önə çəkdi: “Nəticə etibarilə bu addımlar vətəndaşla dövlət arasında etimadın daha da güclənməsinə xidmət edir, hüquqi humanizm prinsiplərinin praktik müstəvidə təsdiqinə çevrilir və Azərbaycan dövlətçiliyinin mərhəmətə əsaslanan, məsuliyyətli idarəetmə modelini bir daha nümayiş etdirir”.
* * *
“Amnistiya təşəbbüsünü Prezident İlham Əliyevin humanist siyasətinin davamı kimi qiymətləndirirəm. “Konstitusiya və Suverenlik İli” çərçivəsində atılan bu addım minlərlə ailəyə sevinc bəxş edən mühüm qərardır. Bu cür təşəbbüslər hər zaman müsbət qarşılanıb və cəmiyyətdə sosial həmrəyliyin güclənməsinə xidmət edən həm əfv, həm də amnistiya aktları dəstəklənib”. Bu sözləri Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu qəzetimizə verdiyi açıqlamasında söylədi.
Bu gün Azərbaycanın müstəqil, sabit və güclü dövlət olduğunu vurğulayan N.Cəfəroğlu məhz bu səbəbdən ölkə daxilində birlik və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını dedi: “Dövlətçilik maraqlarının qorunması, cəmiyyətin bütövlüyünün saxlanması hər bir vətəndaşın ortaq məsuliyyətidir. Atılan humanist addımlar da bu birliyin möhkəmlənməsinə xidmət edir. Arzu edərdim ki, amnistiya aktı müxtəlif sosial qrupları əhatə etməklə, cəmiyyətdə gərginlik yaradan məsələlərin yumşaldılmasına, insanların yenidən ictimai həyata inteqrasiyasına imkan yaratsın. Bu cür qərarlar beynəlxalq müstəvidə də ölkəmizin humanist dəyərlərə sadiqliyini nümayiş etdirir və mövcud tənqidlərin aradan qaldırılmasına töhfə verə bilər. Qoy bu il bütün ailələrdə bayram ovqatı hökm sürsün, Azərbaycan dünyaya humanizm, mərhəmət və sosial məsuliyyət nümunəsi kimi təqdim olunsun”.
Cəmiyyətin sədri onu da qeyd etdi ki, qadınların həbs olunması arzuolunan hal deyil: “Çünki hər bir qadın faciəsinin arxasında çox vaxt bir kişi dayanır. Bu səbəbdən qadınlara daha çox güzəşt edilməsinin tərəfdarıyam – sırf qadın olduqları üçün. Hamımız bilirik ki, bir çox hallarda qadınlar ailə üzvləri tərəfindən məcbur edilərək narkotik daşıyıcısına çevrilir. Evdəki oğul, ata və ya ər tərəfindən təzyiq göstərilir. Qadınları döyən, təhqir edən kişilər var və məhz özünü qorumaq məcburiyyətində qaldığı üçün qadının cinayət törətdiyi hallar da az deyil. Biz bu faktları həmin qadınlarla görüşlər zamanı birbaşa onların dilindən eşidirik. Daha faciəlisi odur ki, bu qadınlar həbsxanadan qayıtdıqdan sonra belə, onlar üçün bu işləri gördükləri halda ailələri tərəfindən evdən qovulurlar. Bu, həqiqətən də hər bir qadının həbs həyatı ilə bağlı dərin bir faciədir. Əlbəttə, onu da etiraf etməliyik ki, həbsdə olan qadınlar arasında ağır və bağışlanması mümkün olmayan cinayətlər törədənlər də var. Bu halları ümumiləşdirmək olmaz və hər bir işə ayrıca, hüquqi qiymət verilməlidir”.
Sonda onu qeyd edək ki, beynəlxalq praktikada “ikinci şans” konsepsiyası çox zaman deklarativ xarakter daşıyır. Azərbaycanda isə bu anlayış konkret hüquqi qərarlarda öz əksini tapır. Selektivlik, təhlükəsizlik meyarları və ictimai ədalət prinsipi qorunur. Amnistiya böyük ictimai təhlükə törədən ağır cinayətlərə şamil edilmir, dövlət və cəmiyyət üçün risk yaradan kateqoriyalar kənarda saxlanılır. Bu, hüquqi humanizmin məsuliyyətli formasıdır.
Tacir SADIQOV
XQ




