Xəbər verildiyi kimi, dekabrın 16-da Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) qərarı ilə ölkəmizə yüksək etimad göstərilərək, Bakı şəhərinə 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” statusunun verilməsi təsdiqlənib.
Qeyd edək ki, Azərbaycan bu təşəbbüsə hələ 2024-cü ildə qoşulmuş və Bakının namizədliyi irəli sürülmüşdü. O zaman ölkəmizə gələn və idman həyatımızla yaxından tanış olan ACES-in yaradıcısı Qian Fransesko Lupatelli mətbuat konfransında demişdi ki, burada gözəl təqdimat nümayiş etdirildi və Avropa Parlamentində Bakının 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcəyinə inanıram.
Nəhayət, srağagün Belçikanın paytaxtı Brüsseldə Bakının 100 ballıq şkala üzrə ən yüksək nəticəyə nail olması və zəngin idman ənənələri, maddi-texniki bazası, həmçinin beynəlxalq yarışları yüksək səviyyədə keçirmək üzrə böyük təcrübəsi nəzərə alınaraq, gələn il üçün dünyanın idman paytaxtı olacağı təsdiqləndi. ACES prezidenti Can Fransisko Lupattelli Bakının idmanın inkişafına daim yol açdığını vurğuladı və qeyd etdi ki, bu şəhər hər zaman keyfiyyətli idman obyektləri ilə seçilib.
ACES barədə qısaca onu bildirək ki, bu qurum beynəlxalq qeyri-kommersiya assosiasiyası olaraq, hər il müxtəlif qitələrdən şəhərlərə “İdman Paytaxtı” statusu verir, idman mükafatları təqdim edir. Həmin titul və mükafatlar cəmiyyətin sosial inteqrasiyasına, psixofiziki rifahının, həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES, həmçinin Avropa Komissiyasının Avropa İdman Həftəsinin və UNESCO-nun tərəfdaşıdır.
Bəli, “İdman Paytaxtı” layihəsinin qazanılması bu sahədə həyata keçirilmiş böyük işlərin, qazanılmış yüksək nüfuzun obyektiv və layiqli yekunudur. Ölkəmizdə, xüsusilə də Bakıda keçirilmiş mötəbər yarışlar bütün aspektlərdə nümunəvi səviyyədə təşkil olunub, paytaxtımızın qonaqları hər dəfə Azərbaycanı zəngin təəssüratla tərk ediblər.
Bir neçə misal: Düz 10 il əvvəl “Bakı-2015” I Avropa Oyunlarında paytaxtımız qitənin 50-dən çox ölkəsinin ən güclü atletlərinin gərgin mübarizə meydanına çevrildi və beləliklə, Azərbaycan Avropa Oyunlarının ilk vətəni kimi tarixə düşdü. Möhtəşəm Olimpiya Stadionu, Heydər Əliyev adına İdman Sarayı, “Tofiq Bəhramov” stadionu, Milli Gimnastika Arenası, Bakı İdman Sarayı, Atıcılıq Mərkəzi və digər idman qurğularında yarışların əla təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı.
İlk Avropa Oyunlarından 2 il sonra Bakı daha bir böyük idman bayramına – IV İslam Həmrəyliyi Oyunlarına ünvan oldu. Dünya İslam ölkələrinin ən yaxşı idmançılarının Bakı “marafon”u bütün iştirakçılarda rəğbət yaratdı və İslamiadanın tarixinə qızıl hərflərlə yazıldı. Həm I Avropa Oyunlarının, həm də IV İslam Həmrəyliyi Oyunlarının paytaxtımızda məhz Olimpiya yarışları səviyyəsində təşkil edildiyini dostlarımız da, bədxahlarımız da etiraf etməli oldular.
Artıq dünyada aparıcı idman ölkəsi kimi tanınan Azərbaycanın bir çox mötəbər beynəlxalq yarışlarda, rəsmi çempionatlarda uğurları da uzun illərdir ki, davam edir. Bu, ilk növbədə Prezident İlham Əliyevin 1997-ci ildən bəri Milli Olimpiya Komitəsini (MOK) prezidenti vəzifəsini layiqincə daşımasının nəticəsidir. Azərbaycanda idmanın və olimpiya hərəkatının intibah dövrü məhz həmin vaxtdan başlanıb. Dövlətimizin başçısı İlham Əliyevin MOK prezidenti kimi ilk addımları rəsmi idman strukturları və milli idman federasiyaları ilə sıx əlaqələrin qurulmasını, idman işinin əməli olaraq canlandırılmasını əhatə edib. İslahatlar sayəsində ölkəmizdə idmanın və olimpiya hərəkatının yeni inkişaf mərhələsinə keçid reallaşıb, idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər həllini tapıb, federasiyaların işində ciddi dönüş yaranıb. Bir mühüm amil də idman sahəsində beynəlxalq əlaqələrin düzgün qurulması və genişləndirilməsi olub.
Əlbəttə, bədən tərbiyəsi və idmanın əhalimizin həyatının ayrılmaz bir parçasına çevrilməsi, fəxri kürsülərə qalxan atletlərimizin yüksək vətənpərvərliyi, qələbə əzmi də danılmaz amillərdir. Daim dünyanın ən mötəbər idman yarışlarında üçrəngli bayrağımız qaldırılır, dövlət himnimiz səsləndirilir.
Yaxşı xatırlayırıq ki, 2022-ci ilin noyabrında Bakıdakı “Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos ölkəmizdə idmanın inkişafına heyranlığını ifadə edərək bildirdi ki, Azərbaycanda bu sahəyə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının nəticəsində ölkədə ən müasir idman infrastrukturu yaradılıb və azərbaycanlı atletlər beynəlxalq arenada layiqincə çıxış edirlər. Bütün bunlar Azərbaycan Prezidenti (eyni zamanda MOK prezidenti) İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti sayəsində mümkün olub. Bu ilin fevralında MOK-un IX hesabat-seçki baş məclisində dövlət başçımızın yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilməsi ilə bütün idmansevərlərimiz fəxr edirlər.
Onu da deyək ki, dünya coğrafiyasında Azərbaycan nisbətən kiçik ölkə sayılsa da, idmançılarımızın Olimpiya Oyunlarındakı uğurları bir-birini əvəz edir. Pekin–2008-də 6 (1 qızıl, 1 gümüş, 4 bürünc) medal qazanan atletlərimiz London–2012-də 9 (2 qızıl, 2 gümüş və 5 bürünc), Rio–2016-da 18 (1 qızıl, 7 gümüş və 10 bürünc), Tokio–2020-də 7 (3 gümüş, 4 bürünc), Paris–2024-də 7 (2 qızıl, 2 gümüş, 3 bürünc) medalla Vətənə qayıdıblar.
Dünya da görür ki, Bakıda idman həyatı xeyli cəlbedicidir və bu ovqat yüksək olaraq qalır. Paytaxtımız təkcə ona həvalə edilən böyük beynəlxalq yarışların yüksək səviyyədə təşkili ilə fərqlənmir, həm də burada sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların sağlamlıq və gümrahlıq məşğələlərindən zövq almaları üçün hər cür şərait var. Ayrı-ayrı beynəlxalq federasiyaların öz çempionatlarını, olimpiya təsnifat turnirlərini, digər mötəbər yarışları paytaxtımızda keçirmək istəyi elə bu ab-havadan qaynaqlanır.
Yeni fəxri status isə, eyni zamanda, paytaxtımızda keçiriləcək beynəlxalq yarışlar və idman tədbirləri, o cümlədən 2026-cı ildə burada baş tutacaq Avropa çempionatları və digər mötəbər turnirlər (məsələn, futbol üzrə Avropa Çempionatının oyunları) ilə əlaqədardır. Bütün bunlar deməyə əsas verir ki, Bakının 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” seçilməsi heç də təsadüfi deyil. Bakı bu ada layiqdir və ona göstərilən yüksək etimadı şərəflə doğrultmağa qadirdir!
Əli NƏCƏFXANLI
XQ



