Azərbaycanın həqiqətləri qərəzli ssenariləri iflasa uğradır
Bundan öncə neokolonializmdən çox bəhs etmişik. Xüsusilə də Fransa və Niderlandın illərdir yürütdüyü müstəmləkəçilik siyasəti barədə. Amma bu mənfur siyasət o qədər geniş yayılıb ki, araşdırdıqca problemin dərinliyi daha çox nəzərə çarpır. Elə bu çərçivədə Bakı Təşəbbüs Qrupunun müstəmləkə ölkələri ilə bağlı araşdırmaları xüsusi diqqət çəkir.
Qrupdan XQ-yə verilən məlumata görə, toplanmış faktlar sübut edir ki, insanlıq adına ən qəddar və ən utancverici cinayətlər məhz Belçika kralları tərəfindən həyata keçirilib. Belçika müstəmləkəçiliyi Avropa imperiyaları arasında mahiyyətinə görə xüsusi yer tutur. Bu modelin əsas fərqi odur ki, müstəmləkə əraziləri birbaşa monarxın — II Leopoldun şəxsi mülkiyyəti kimi idarə olunurdu. Bəli, misli görünməmiş sistemli vəhşiliklər, irqi alçaltma siyasətinin açıq şəkildə tətbiqi və bu təcrübənin Avropanın mərkəzində legitimləşdirilməsi Belçika müstəmləkəçiliyini tarixə ən qaranlıq və ən utancverici nümunələrdən biri kimi həkk edib. Həmin qaranlıq irsin rəzil səhifələrindən biri isə “insan zooparkları”dır.
Qurumun araşdırmasında qeyd olunub ki, 1897-ci ildə Belçika kralı II Leopoldun şəxsi təşəbbüsü və birbaşa göstərişi ilə Konqodan zorla gətirilmiş 267 insan Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində “canlı eksponat” kimi nümayiş etdirilib. Hadisə Avropa müstəmləkəçilik təfəkkürünün mahiyyətini açıq şəkildə ortaya qoyan sistemli ideoloji akt idi. “Qoca qitə”nin sərt iqlim şəraitində yarıçılpaq vəziyyətdə saxlanılan insanlar taxta hasarların arxasında nümayiş etdirilir, insanlıqdan çıxarılaraq ekzotik obyekt statusuna salınırdı. Hətta proses fiziki zorakılıqla məhdudlaşmır, eyni zamanda, onların kimliyinin, mədəniyyətinin və insan ləyaqətinin məqsədli şəkildə məhv edilməsi məqsədi daşıyırdı. Bir məqamı da bildirək ki, vəhşiliklər nəticəsində azı yeddi konqolu, o cümlədən uşaqlar, Avropa iqlimi, tibbi nəzarətin olmaması və sanitariya normalarının kobud şəkildə pozulması səbəbindən pnevmoniya, qrip və digər xəstəliklərə yoluxaraq əzablar içində həyatını itirib. Onların cəsədlərinin gizlicə dəfn edilməsi isə cinayətin ictimai məsuliyyətdən kənarda saxlanılmasına yönəlmiş sistemli ört-basdır siyasəti idi. Beləliklə, II Leopoldun sivilizasiya missiyası adı altında formalaşdırdığı “insan zooparkı” Avropanın mərkəzində faktiki soyqırım düşüncəsinin simvoluna çevrildi.
Araşdırmalar nəticəsində ortaya çıxan daha maraqlı fakt ondan ibarətdir ki, “insan zooparkı”nın yerləşdiyi Tervüren ərazisində sonradan daimi muzey yaradılıb. Əvvəl “Konqo Muzeyi”, daha sonra isə “Mərkəzi Afrika üzrə Kral Muzeyi” adlanan bu institut onilliklər ərzində müstəmləkəçi ideologiyanın mədəni və akademik legitimləşdirilməsi funksiyasını yerinə yetirib, kolonial istismar “maarifçilik”, “inkişaf” və “mədəni missiya” kimi təqdim edilib. Avropanın törətdiyi cinayətlər isə ya romantikləşdirilir, ya da tamamilə görünməz hala salınırdı. Yəni, muzey müstəmləkəçiliyin ideoloji davamlılığını təmin edən alətə çevrilmişdi. 1958-ci ildə Brüsseldə təşkil olunan “Expo 58” Ümumdünya Sərgisi zamanı eyni xarakterli insan nümayişinin yenidən təkrarlanması bu siyasətin dəyişmədiyini göstərdi. Bu dəfə Konqodan gətirilən 598 nəfər – 273 kişi, 128 qadın və 197 uşaqdan ibarət 183 ailə yenidən “canlı eksponatlar” kimi ictimaiyyətə təqdim olundu. Hadisənin II Dünya müharibəsindən, faşizmin ifşasından və insan hüquqları diskursunun beynəlxalq səviyyədə qəbulundan sonra baş verməsi isə müstəmləkəçi təfəkkürün nə qədər dərin kök saldığını nümayiş etdirdi. Bu siyasətin digər ağır nəticələri 1959–1962-ci illərdə üzə çıxdı. Belçikanın müstəmləkə idarəçiliyi altında olmuş Burundi, Konqo və Ruanda ərazilərində ağdərili atalarla qaradərili analardan doğulmuş təxminən 20 min uşaq ailələrindən zorla ayrılaraq Belçikaya aparılmış və övladlığa verilmişdi. Valideynlərin razılığı olmadan həyata keçirilən proses uşaqların etnik, mədəni və ailə kimliyinin məqsədli şəkildə silinməsinə yönəlmişdi.
Məhz bu tarixi və ideoloji kontekstdə Azərbaycanın neokolonializmə qarşı apardığı mübarizə qlobal miqyasda normativə çevrilir. Rəsmi Bakı bu mövzunu nə taktiki ritorika, nə də diplomatik dekorasiya səviyyəsində gündəmə gətirir. Əksinə, neokolonializmi müasir beynəlxalq münasibətlərin struktur problemi kimi təqdim edir, sistemin hüquqi, ideoloji və institusional dayaqlarını açıq şəkildə sorğulayır. Daha dəqiq desək, yanaşmamız bir çox dövlətlərin səssizcə qəbul etdiyi status-kvonu ifşa edir. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti məhz bu mənada müstəmləkəçilik cinayətlərinin sistemli xarakterini üzə çıxaran intellektual və siyasi akt kimi qiymətləndirilə bilər. Problemlə mübarizə istiqamətində təşkil olunan çoxsaylı qlobal tədbirlər Avropanın “normativ güc” iddiasının qanlı təməl üzərində qurulduğunu göstərir, Qərbin özünütəqdimetmə mifologiyasını deşifrə edir. Sual yaranır: nə üçün insan hüquqları haqqında hökm verənlərin öz tarixləri ilə hesablaşmaq öhdəliyi yoxdur? Əslində, ölkəmizin neokolonializmlə mübarizə istiqaməyində atdığı addımlar onu göstərir ki, problem keçmişdə qalmayıb, bu gün də davam edir, beynəlxalq hüquq selektiv tətbiq olunur, suverenlik anlayışı geosiyasi maraqlara uyğun şərh edilir, demokratiya və insan haqları diskursu isə təzyiq alətinə çevrilir. Azərbaycan isə açıq şəkildə göstərir ki, qlobal qərarların qəbulunda müstəmləkəçilik təcrübəsini yaşamış, suverenliyini bərpa etmiş və öz yolunu seçmiş dövlətlər də söz sahibi olmalıdır.
Zaur MƏMMƏDOV,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Dünya beynəlxalq hüquq müstəvisində ədalətli bir mərhələyə qədəm qoymalıdır. Təəssüf ki, bu gün də görürük ki, ədalətsiz yanaşmalar davam edir, cinayətlər gizlədilir. Daha acınacaqlısı odur ki, bu cinayətləri ört-basdır edənlər məhz beynəlxalq hüququ formalaşdıran, onu yaradan və müasir beynəlxalq sistemin mərkəzində dayanan qüvvələrdir. Onlar özlərini hələ də beynəlxalq münasibətlər sisteminin mərkəzi hesab edir, digər dövlətləri isə yarımperiferiya və ya periferiya kimi görürlər. Bu gün müsəlmanlara, eyni zamanda, Afrika xalqlarına qarşı açıq və gizli formada irqçi münasibətlərin şahidi oluruq. Məhz bu kontekstdə Bakı Təşəbbüs Qrupunun apardığı araşdırma çərçivəsində Belçika nümunəsi reallığı göstərir. Elə cinayətlər var ki, onları sözlə ifadə edərkən insan dəhşətə gəlir, hətta göz önünə gətirmək belə istəmir. Lakin bunlar danışılmalı, açılmalı və beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir.
Azərbaycan uzun illər erməni terrorundan və erməni soyqırımı siyasətindən əziyyət çəkib. Bu terror və soyqırımı aktları zamanı bəzi dövlətlərin siyasi dairələri Azərbaycanı tənqid, cinayətkarları isə himayə edir, onları öz himayələri altında saxlayırdılar. Bu yanaşma onu göstərirdi ki, onlar Cənubi Qafqazda da oxşar proseslərin davam edəcəyini, öz maraqlarına uyğun siyasətləri burada da həyata keçirə biləcəklərini düşünürdülər. Lakin Azərbaycan sübut etdi ki, Fransa və Niderlanddakı, yaxud Belçika, Lüksemburq, Avropanın digər ölkələrindəki ayrı-ayrı siyasətçilərinin fərqi yoxdur. Bakı Təşəbbüs Qrupu tərəfindən atılan addımlar, bir çox ölkələrin və siyasi dairələrin ifşa edilməsi, ayrı-ayrı xalqların hüquqlarının müdafiəsi onu göstərdi ki, özlərini beynəlxalq sistemin mərkəzi hesab edən qüvvələr artıq yeni reallığı qəbul etməyə məcburdur. Ölkəmiz bu gün ədalətsiz dünya nizamına qarşı apardığı prinsipial diplomatiyası ilə beynəlxalq nüfuz qazanıb və ona qarşı yönəlmiş siyasətlərə uğurla cavab verir.
Bu ifşa siyasəti gələcəkdə də davam edəcək. Nə qədər ki, regionlara və xalqlara qarşı ikili standartlar tətbiq olunur, nə qədər ki, ədalətsizliyə göz yumulur, o vaxtadək ədalətsizliyə yol verənlər ifşa edilməli və onlara qarşı mübarizə aparılmalıdır.
Nəzrin ELDARQIZI
XQ


