Xəzəryanı region və müasir geosiyasət: Azərbaycan konteksti

post-img

II MƏQALƏ

Xəzəryanı region: geosiyasi konfiqurasiyalar

Bu mövzunun I məqaləsində göstərmişik ki, XXI əsrin gəlişi ilə Xəzərin geosiyasəti aktuallaşmışdır və onun özəllikləri vardır. Onların təməlində bir tərəfdən, Xəzərin siyasi tarixi, digər tərəfdən isə müasir dövrün geosiyasi çağırışlarının gətirdiyi şərtlərdən qaynaqlanan yeni konfiqurasiya modellərinin müəyyən edilməsi durur. Tarixi aspekt üzərində biz başqa məqalədə dayanacağıq. İndi XXI əsrin geosiyasi dinamikası kontekstində irəli sürülən müxtəlif geosiyasi konfiqurasiyalara Xəzərin müasir mərhələdə geosiyasəti aspektində nəzər salaq. Onu vurğulayaq ki, Xəzər mövzusuna hazırda əsas olaraq fənlərarası yanaşma prizmasında baxırlar. Bu da Xəzərin geosiyasəti haqqında yeni nəzəri təsəvvürlər formalaşdırır.

Burada bizim üçün maraqlı olan bir nəzəri məqam mövcuddur. Bir sıra tədqiqatçılar hesab edir ki, Xəzər təbii-geosiyasi koordinatlar sistemində ilk “Xəzəryanı region” anlamından “Böyük Xəzər” arealına transformasiya edir (məsələn, K.A.Markelov, V.Q.Qolovin və başqaları). Burada “təbii-geosiyasi koordinatlar” dedikdə coğrafi xüsusiyyətlər, təbii resurslar, iqlim, iqtisadiyyat, siyasi tarix, nəqliyyat-kommunikasiya potensialı kimi faktorların kompleksi nəzərdə tutulur. Yəni “təbiiliklə” (geniş anlamda təbiətlə) siyasət və geosiyasətin qarşılıqlı əlaqəsi nəzərə alınır.

Ancaq məhz bu cür yanaşma onun müəlliflərinə bütövlükdə problemin “təbiilik”dən çıxarılıb, xüsusi üsulla öz maraqlarına uyğun nəzəriyyələşdirmə imkanını yaradır. Bu o deməkdir ki, “Xəzəryanı region” anlayışından “Böyük Xəzər”ə keçid faktiki olaraq çox müxtəlif siyasi və geosiyasi konfiqurasiyalar meydana gətirir. Nəticədə Xəzər obyektiv, təbii və faydaverici qiymətləndirilmə müstəvisindən çıxarılaraq müxtəlif spekulyativ dəyərləndirmə burulğanına düşür. Bu cür yanaşmanın stratejidə perspektivli ola biləcəyini düşünmürük. Əksinə, sürətlə dəyişən və ciddi çağırışlarla müşayiət olunan XXI əsrdə Xəzər və ətraf regionlar üçün daha mürəkkəb problemlər əmələ gələ bilər. Bu yanaşma səviyyəsində tezisin əsaslı olduğunu sübut edək.

Ümumi nəzəri səviyyə

Xəzər region olaraq ayrıca məkan kimi geosiyasi anlam kəsb etməlidir ki, onun dünya siyasəti kontekstində müstəqil, avtonom geosiyasi varlığı təmin edilsin. Bu, Xəzər və Xəzərətrafı məkanları öz geosiyasi statusunun subyekti edir və ona daxil olan dövlətlər qrup halında regionun maraqlarından çıxış edərək beynəlxalq miqyasda oyunçu rolunu oynaya bilir. Öz növbəsində həmin məqam Xəzərə konkret və dəqiq müəyyən edilmiş sərhədləri olan ərazi kimi yanaşmaqla “Xəzər siyasəti”ni onun üzərində bərqərar etməyə imkan yaradır.

Nümunə göstərək. Azərbaycan Prezidenti “Azərbaycanın Xəzər nefti” əsərində Xəzər dənizinin geosiyasi arealını aşağıdakı kimi müəyyən edir. Həmin areal, Mərkəzi Asiyanın qərb hissəsini, Rusiyanın cənubunu, Şimali və Cənubi Qafqazı və İranın şimalını əhatə edir. Bu, coğrafi, tarixi və geosiyasi faktorları dəqiq krtiteriyalar əsasında sintez etmək əsasında Xəzərin geosiyasi konseptini yaratmağın təməlidir. Təbii ki, həmin yanaşmada Xəzər müstəqil, avtonom geosiyasi sistem kimi dərk edilir və onun hansısa qüvvələr tərəfindən spekulyasiya predmetinə çevrilməsi imkansızdır. Çünki Xəzər geosiyasi areal kimi dəqiq coğrafi koordinatlara malik məkan olaraq müəyyən edilir.

Burada təbii resurslar faktoru həm sərhədləri müəyyən edilən regionun tarixi özəllikləri, həm də müasir geosiyasi xüsusiyyətlərin qarşılıqlı əlaqəsində konseptuallaşdırılır.

Ayrıca, Xəzər yuxarıda vurğulanan coğrafi məkanların prizmasında geosiyasi anlam alır. Artıq ona hansısa coğrafi olaraq uzaq ölkənin (məsələn, Belarus və ya İraqın) əlavə edilməsi təməl geosiyasi areala daxil deyildir. Prinsipcə, onu genişləndirmək olar, lakin öncədən “Xəzəryanı region” ifadəsi dəqiq müəyyən edilmiş anlama malikdir. Yəni Xəzərin geosiyasi konsepti onun müstəqil, avtonom faktor olaraq anlamına əsaslanır. Bu istiqamətdə təhlili ayrıca davam etdirməyi düşünürük.

“Böyük Xəzər” konsepti isə fərqli kriteriyalara əsaslanır və buna görə də müxtəlif nəzəri spekulyasiyalara yol açır. Bu bağlılıqda başlıca məqam ondan ibarətdir ki, həmin yanaşma prizmasında Xəzərin müstəqil geosiyasi məkan anlamı arxa plana keçir. Bu, qəbuledilməzdir, çünki faydasızdır, mənzərəni qeyri-müəyyən etməkdir. Çünki o halda ön sıraya hansısa dövlətin və ya dövlətlər qrupunun öz maraqlı çıxarılır. Həmin maraqların nə dərəcədə təmin olunmasından asılı olaraq “Böyük Xəzər” geosiyasi status alır. Nümunələrə baxaq.

“Böyük Xəzər” – 3 regional miqyasın iyerarxiyası

“Böyük Xəzəri” üç regional miqyasın iyerarxik quruluşu kimi təqdim edirlər. Birinci miqyası “sadə regional-coğrafi vahid” adlandırırlar. Bura beş Xəzəryanı ölkə daxildir. İkinci miqyas “aralıq model” adlanır və ona “mezoregion” deyirlər. Bura müəyyən sayda yeni ölkələr aid edilir (onların sayı 1-dən başlayaraq 10-a qədər arta bilər). Məsələn, Belarus və ya İraq. Başqa variantda 10 ölkəni də bura aid edirlər (bu barədə I məqalədə yazmışıq) və s.

Eyni zamanda, Xəzəryanı regionu hansısa təşkilatın marağına uyğun “Böyük Xəzər” etməyə çalışırlar. Məsələn, Belarusu ora aid etməklə Avrasiya İqtisadi Birliyi və MDB maraqlarına uyğun Xəzəri “böyüdürlər”.

Ancaq başqa bir modeldə kimlərsə Çini, digərləri Türkiyəni, İsraili, Suriyanı və ya Pakistanla Hindistanı eyni məntiqlə “Böyük Xəzər”ə qata bilir. Ayrıca təşkilatların maraqları prizmasından baxaraq, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə “Böyük Xəzər” arasında vəhdəti göstərməyə çalışırlar.

Təbii ki, bu cür genişlənmədə coğrafi mənsubluq kriteriyasına əsaslanmaq ağılsızlıq olardı. Burada heç tutarlı tarixi təməl də tapmaq asan deyildir. Ancaq qədimdən regionların əlaqələrini ifadə edən əməkdaşlıq olmuşdur. Məsələn, “İpək Yolu” coğrafi olaraq uzaq olan məkanları “birləşdirmişdir”. Bu kimi funksional xarakterli faktorlardan istifadə edərək müasir elmi yanaşma çərçivəsində müəyyən konseptual transformasiyalara baş vururlar.

“Böyük Xəzər” konseptində də “geosiyasi və geoiqtisadi vahid məkan” anlayışını daxil edirlər. Bu anlayışlar coğrafi mənsubluğun məna və anlamca “konseptual genişləndirilməsi”nə xidmət edir. Nəticədə “Böyük Xəzər”in “elmi və geosiyasi anlam sərhədi” coğrafi, geosiyasi və geoiqtisadi aspektlərin sistemi əsasında müəyyən edilir.

Burada elmi yanaşmanın ciddi olması mümkündür. Nəzəri olaraq coğrafi+geosiyasi+geoiqtisadi faktorların sistemi müəyyən “Böyük Xəzər” modelini yarada bilər. Lakin bunun realpolitika və praktiki siyasi-diplomatik fəaliyyət üçün nə dərəcədə konstruktiv ola biləcəyi qaranlıqdır.

Onun başlıca səbəbi isə yuxarıda vurğuladığımız fərqli süni geosiyasi konfiqurasiyaların meydana gəlməsidir ki, bundan daha güclü dövlətlər öz şəxsi maraqları üçün faydalana bilərlər. Bu da amansız və güzəştsiz rəqabət dövrülüyünün başlaması deməkdir. Məhz “dövr” deyil, “dövrülük”, yəni zaman-zaman ölkələrin “qapalı, ziddiyyətlərlə dolu çıxılmaz geosiyasi dairəyə düşməsi” prosesi meydana gələ bilər.

Deyək ki, Rusiya MDB və ya AİB faktorunu və ya başqa geoiqtisadi amili əsas götürərək üstünlük verdiyi “Böyük Xəzər” modelini qəbul etdirməyə çalışar. Eyni qayda ilə Çin, ABŞ, Aİ, İran, Türkiyə və digər böyük güclər oxşar hərəkət edərlər.

Xəzər konsepti: aralıq modeldən meqaregiona

Beləliklə, Xəzərin geosiyasi konsepti məsələsi asan deyildir. Fərqli yanaşmaların fonunda daha uğurlu və səmərəli olanı müəyyən etmək lazım gəlir. Burada ümumi konseptual xətt müəyyən etmək mümkündürmü? Yəni yanaşma fərqindən asılı olmayaraq elə metodologiya mövcuddurmu ki, Xəzərin perspektivli geosiyasi konseptini hazırlamaq mümkün olsun?

Biz müasir tədqiqatçıların istifadə etdiyi yanaşmanın ümumi məntiqi və semantik xüsusiyyətlərini qəbul edə bilərik. Onun məzmunca ifadəsi aşağıdakı kimidir: Xəzərin regional coğrafi vahiddən (sistemdən, şəbəkədən) aralıq modelə (“mezoregion”a) və oradan da meqaregiona transformasiyası. Onda geosiyasi aspektdə Xəzər konseptinin formalaşması dinamikasını belə ümumiləşdirə bilərik: coğrafi region-mezoregion-meqaregion.

Ancaq bu mərhələdə də prinsipial xarakterli bir nəzəri vəzifə qarşıya çıxır. Onun mahiyyəti “ümumiyyətlə, Xəzər məsələsinə yuxarıdakı məntiqi tədqiqat mövqeyindən yanaşmaq elmidirmi?” sualına cavabla bağlıdır. Sualın meydana çıxmasının başlıca səbəbi Xəzərin coğrafi region anlamından özündə geosiyasi və geoiqtisadi faktorları ehtiva edən “yeni məkan olmağa” transformasiyasının mümkünlüyünün elmi əsaslandırılması ehtiyacından yaranır.

Məntiqidir ki, bu suala cavabda “bünövrə anlayış” rolunu Xəzərin coğrafi region kimi anlamı oynaya bilər. Onun üzərində geosiyasi, geoiqtisadi, geomədəni və s. xarakteristikası Xəzərin məzmununa daxil edilə bilər. Yəni burada praktiki aspektdə fəaliyyətdə mezoregion və ya meqaregion anlayışlarından coğrafi region anlayışına deyil, əksinə idraki keçid etmək lazımdır. Deməli, hər şeydən öncə, Xəzərin dəqiq və konkret coğrafi obrazı yaradılmalı, onun sərhədləri stabil müəyyən edilməlidir.

Bu baxımdan müxtəlif yanaşmalarda Xəzərin coğrafi məkan olaraq fərqli sərhədlərə malik olan region kimi göstərilməsi onların obyektivliyinə elmi şübhələr doğurur. Məsələn, Y.S.Smirnovaya görə, Mərkəzi Avrasiya ölkələri (Mərkəzi Asiya da ora daxildir) Super Avrasiyanın subregionudur. Bu o deməkdir ki, coğrafi olaraq da Mərkəzi Asiyanı Xəzəryanı regiona aid etməmək olar.

Bunu R.K.Sıroyejkinin Mərkəzi Asiyanı geosiyasi dəyərlərndirməsi də təsdiq edir. O yazır ki, Mərkəzi Asiya heç zaman “vahid geosiyasi məkan kimi mövcud olmamışdır”, o, “uzun müddət Asiya və Avropa ölkələri arasında qitədaxili dəhliz olmuşdur”. Yəni bu yanaşmada Mərkəzi Asiyanı Xəzərin regional-coğrafi arealına daxil olan məkan kimi deyil, müxtəlif istiqamətlərdə ölkələrarası əlaqələrdə dəhliz olaraq istifadə olunan ərazi kimi qəbul etmək fikri irəli sürülür.

Əlbəttə, bu süni yanaşmadır və bütövlükdə Xəzəryanı regionun coğrafi, tarixi, iqtisadi və geosiyasi tamlığını pozur. Onu vurğulayaq ki, Avropa da uzun müddət Mərkəzi Asiyanı əhəmiyyətli region saymadı və indi etiraf edir ki, böyük səhv etmişdir. Buna görə də Avropa İttifaqının XXI əsrdə qəbul etdiyi xarici siyasət kursunda (əsas olaraq 2015-ci ildən sonra) Mərkəzi Asiya strateji əhəmiyyətli və Xəzəryanı məkana aid olan xüsusi region kimi qəbul edilmişdir.

“C5+1” və “C6+1” geosiyasi konfiqurasiyaları da bu həqiqəti etiraf etməklə sıx bağlıdır. Yəni yalnız Avropa deyil, ABŞ, Yaponiya, Cənubi Koreya, Rusiya, Çin və başqa böyük dövlətlər (hansılar ki, “C5+1” və “C6+1” platformalarına daxildirlər) də artıq Mərkəzi Asiyanı məhz Xəzəryanı məkanın regionu olaraq etiraf edirlər.

Vurğuladığımız məqamlardan məntiqi olaraq alınır ki, yuxarıda qaldırdığımız suala müsbət cavab vermək o halda mümkündür ki, Xəzərin konkret dəqiq stabil sərhədli coğrafi region anlamı mövcud olsun. Bu baza üzərində Xəzəryanı regionun həm mezoregion, həm də meqaregion kimi perspektivli geosiyasi obrazını yaratmaq mümkündür.

Bu istiqamətdə ən perspektivli yanaşma Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Məsələ o qədər dərin və strateji əhəmiyyəti yüksək olandır ki, Azərbaycan liderinin Xəzərin geosiyasi konsepti üzərində ayrıca geniş dayanmaq lazımdır.

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət