Rumıniya–Azərbaycan strateji münasibətləri yeni mərhələdə

post-img

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə münasibətlər xüsusi çəkiyə malikdir. Bu bir həqiqətdir ki, Avropanın ən böyük bazarlarından biri olan Rumıniya ilə Azərbaycan arasında münasibətlər möhkəm təməllər üzərində qurulub və qarşılıqlı etimada əsaslanır. Onların arasında müsbət məcrada siyasi dialoq inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Rumıniya Azərbaycan üçün Cənub–Şərqi və Mərkəzi Avropaya açılan qapı olduğu kimi, Buxarest üçün də Bakı Cənubi Qafqaza, Xəzər dənizi hövzəsinə və Mərkəzi Asiya regionuna açılan qapıdır. Hər iki ölkəni və xalqı təkcə onların bu günü deyil, eyni zamanda, keçmişi və gələcəyi də birləşdirir.

Rumıniya xarici siyasət sahəsində beynəlxalq qurumlar qarşısında üzərinə götürdüyü öhdəlikləri həmişə hörmətlə yerinə yetirir. Bu ölkə, eyni zamanda nəinki mənsub olduğu regionun, həm də ondan kənarda yerləşən ölkələrin də iqtisad inteqrasiya prosesinin gücləndirilməsinə çalışır və bu sahədə öz töhfələrini də verir. Rəsmi Buxarest Gürcüstan, Ukrayna və Türkiyənin Avropa Birliyinə qoşulmaq istəklərini dəstəkləyir. Rumın hökuməti ortaq tarixi keçmişə malik olduğu qonşu Moldova ilə münasibətlərin inkişafına böyük diqqət yetirir. Rəy sorğusuna görə, Rumıniyanın “ən yaxşı dostu” Moldova Respublikasıdır, ardınca digər ölkələr, xüsusilə Azərbaycan gəlir.

Çoxtərəfliliyə, kollektiv təhlükəsizliyə və demokratik dəyərlərə üstünlük verən Rumıniya hökuməti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təşəbbüslər vasitəsilə regional əməkdaşlığı təşviq edərkən, Ukrayna, Moldova, Macarıstan və Bolqarıstan da daxil olmaqla qonşu dövlətlərlə aktiv diplomatik münasibətlər saxlayır və onu dönmədən inkişaf etdirir. Rumıniyanın Avropa İttifaqı və NATO daxilində rolunun və nüfuzunun gücləndirilməsi, eləcə də ABŞ ilə strateji tərəfdaşlığın gücləndirilməsi və genişləndirilməsi bu ölkənin xarici siyasətinin “strateji konseptual üçlüyünü” təşkil edən beynəlxalq fəaliyyətinin əsas sütunları olaraq qalır.

Azərbaycan ilə Rumıniya arasındakı münasibətlərin əsrlərcə yaşı var, tarixin dərinliklərinə gedib çıxır. İki ölkə arasında əməkdaşlığın tarixi kökləri XV əsrə gedib çıxır, o vaxt Ağqoyunlu hökmdarı Uzun Həsən ilə Moldova knyazı Böyük Ştefan arasında müttəfiqlik haqqında müqavilə bağlanmışdı. Ötən əsrin əvvəllərində əfsanəvi azərbaycanlı general S.Mehmandarov Rumıniya ordeni ilə təltif edilmişdi.

Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 11 dekabr 1991-ci ildə rəsmi şəkildə tanıyan ikinci ölkə (Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkə oldu. İki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixində yaradıldı. Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyi 3 noyabr 1998-ci il tarixində açılmışdır. Azərbaycanın Rumıniyadakı səfirliyi isə 21 may 2001-ci ildə açılmışdır. İki ölkə arasında 2009-cu ilin sentyabrından etibarən inkişaf edən strateji tərəfdaşlıq münasibətləri qurulub. O dövrdən bəri Avropa İttifaqı və NATO-nun üzvü kimi Rumıniya Azərbaycanın Avroatlantik strukturlarına daha da inteqrasiyası üçün ciddi səylər göstərməkdə davam edir. Bu Balkan ölkəsi beynəlxalq təşkilatlarda Azərbaycanı ardıcıl olaraq dəstəkləyib və onun ərazi bütövlüyünü daima müdafiə edib.

Rumıniya və Azərbaycan arasında münasibətlərin hüquqi bazasını iki dövlət arasında imzalanmış 60-dan çox sənəd, o cümlədən dostluq münasibətləri və əməkdaşlıq haqqında, eləcə də müdafiə sahəsində və informasiya mübadiləsi haqqında müqavilə və sazişlər təşkil edir.

Azərbaycan ilə Rumıniya arasındakı münasibətlər enerji, nəqliyyat və siyasi sahələrdə inkişaf edən strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Rumıniya Azərbaycana Xəzər dənizinə açılan qapı, Azərbaycan isə Rumıniyaya Qara dənizdə Avropaya yol açan mühüm tərəfdaş kimi baxır. Bu əməkdaşlıq iqtisadi, mədəni və parlamentlərarası əlaqələri, eləcə də Azərbaycan qazının Avropa bazarına tədarükü və Qara dəniz sualtı yaşıl enerji elektrik kabeli layihəsində iştirak kimi birgə layihələri əhatə edir.

Hazırda Azərbaycan ilə Rumıniya dost və tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq fəal şəkildə davam edir. Həmçinin Strateji Tərəfdaşlığa dair iki mühüm sənəd imzalanmışdır.

2024-cü il dekabrın 9-da Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq müqaviləsində dəyişiklik edilməsi barədə protokolu təsdiqlədi. Qeyd edək ki, Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında Yaşıl Enerjinin İnkişafı və Transferi Sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanmışdı.

Xüsusilə parlamentlərarası əlaqələr də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir. Əlbəttə ki, keçirilən görüşlərdə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, regional əməkdaşlıq və dinc–yanaşı yaşamaq məsələləri müzakirə olunur. Belə ki, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın əhəmiyyəti böyükdür.

Bu il oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının 30-cu ildönümünə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə görüşüb. Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyi vurğulandı.

Hüquq–mühafizə orqanları arasında əlaqələr də inkişaf edir. Cari il noyabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru K.Əliyevin başçılıq etdiyi nümayəndə heyəti rumıniyalı həmkarı

A.Florentsanın dəvəti ilə Buxarestdə işgüzar səfərdə oldu. Onların arasında müvafiq razılaşmalar əldə edildi.

İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İkitərəfli və çoxtərəfli layihələrdə iştirak sahəsində hər iki ölkənin uğurlu addımlarını qeyd etmək olar. Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Qara dənizin dibi ilə elektrik kabel xəttinin çəkilməsi layihəsi miqyaslı əməkdaşlıqdan xəbər verir. Bu layihə yuxarıda adları çəkilən ölkələrin hökumətləri arasında imzalanmış, “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair saziş çərçivəsində həyata keçirilir.

Neft və qaz sənayesində zəngin ənənələri və bu sahədə yüksək elmi potensialı olan Rumıniya enerji sektorunda Azərbaycanla əlaqələri inkişaf etdirmək və bununla da Xəzər və Qara dəniz regionlarının daha da yaxınlaşmasına kömək etmək niyyətindədir.

Energetika sahəsində əməkdaşlıq getdikcə daha aktual əhəmiyyət kəsb edir. Bunun həm Azərbaycanın, həm də Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından xüsusi əhəmiyyəti var. Həmçinin Rumıniya və Azərbaycan bir-birinin enerji sektorlarına investisiya qoyublar. İnvestisiyalar və bir sıra mühüm layihələrin həyata keçirilməsi sahəsində səmərəli əməkdaşlıq inkişaf etdirilir. Bunlardan bəziləri, məsələn, Bakı dəniz limanından Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya enerji kabeli çəkilməsi kimi layihələr artıq Avropa İttifaqı və digər beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilmək üzrədir.

Rumıniya və Azərbaycanda Xəzər dənizinin sahil zonalarında, Qara dənizin sahilboyu zonalarında külək enerjisi kimi “yaşıl enerji” tutumunu artırmaqla və “yaşıl enerji” ilə bağlı bütün sahələrə investisiya qoymaqla əməkdaşlıq etməyi nəzərdə tutur. Belə bir şəraitdə 2025-ci il aprelin 3-də Azərbaycan Enerji Tənzimləmə Agentliyi və Rumıniya Milli Enerji Tənzimləmə Agentliyi enerji tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında niyyət memorandumu imzalayıblar. Memorandum iki qurum arasında elektrik enerjisi, bərpaolunan enerji mənbələri, təbii qaz, yaşıl hidrogen və enerji infrastrukturu sahələrində əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

Hazırda Dövlət Neft Şirkəti və Romqaz arasında Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzalanmışdır. Azərbaycan qazının Rumıniyaya, o cümlədən Yunanıstan-Bolqarıstan birləşdirici kəməri vasitəsilə tədarükü başlayıb. Azərbaycan şirkəti SOCAR Rumıniyada 80 yanacaqdoldurma məntəqələri və bir neçə yanacaqsaxlama məntəqələri şəbəkəsi ilə təmsil olunur.

Ötən ilin aprelində Bakıda Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət, iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə birgə komissiyanın 8-ci iclasının yekunlarına dair protokol imzalandı. Həmçinin baytarlıq və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları da imzalandı.

Azərbaycan və Rumıniya bu il noyabrın 17-də informasiya və kommunikasiya texnologiyaları sahəsində Anlaşma Memorandumu imzalayıblar. Memorandum qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini, eləcə də birgə layihələrin və təhsil proqramlarının həyata keçirilməsini nəzərdə tutur. Müzakirə olunan prioritet sahələr arasında xidmətlərin keyfiyyətinin artırılması, istehlakçıların hüquqlarının qorunması, rəqəmsal transformasiya və innovativ həllərin tənzimlənməsi məsələləri də yer alıb.

Hesablamalara görə, Rumıniyada Azərbaycan səfirliyinin açılmasından bu günədək ticarət dövriyyəsi 25 dəfə artıb. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rumıniyaya 475,9 milyon dollar dəyərində 869,6 min ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə göstərici dəyər baxımından 125,1 milyon dollar və ya 35,7 faiz, həcm baxımından isə 283,9 min ton və ya 48,5 faiz artıb. Nəzərdən keçirilən dövrdə Rumıniya Azərbaycanın neft və neft məhsulları ixrac etdiyi ölkələr arasında 5-ci yerdə qərar tutub. Əlavə edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard dollardan çox dəyərində təxminən 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Tərəflər nəqliyyat və logistika sahəsində əlaqələri yüksək qiymətləndirirlər. Azərbaycan və Xəzər dənizi Rumıniya tərəfindən mühüm nəqliyyat və logistika qapıları hesab olunur. Bu gün Rumıniya Azərbaycan üçün Avropaya açılan qapıdır, desək, yanılmarıq.

Mədəni və humanitar əlaqələrin inkişafı üçün də əlverişli şərait mövcuddur. Münasibətlər, məsələn, media təşəbbüsləri vasitəsilə humanitar sahədə də möhkəmləndirilir. İki ölkə təhsil və elm ocaqları arasında əlaqələr mövcuddur. Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı şöbələrinin Rumıniyanın müvafiq universitetləri ilə əməkdaşlığı mövcuddur. Həmçinin Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzi fəaliyyət göstərir.

Buxarest şəhərinin mərkəzində Tey parkında ümummilli lider Heydər Əliyevin abidəsi ucalır. Eyni zamanda, Bakının Binəqədi rayonunda ucaldılmış dünya şöhrətli böyük rumın musiqiçisi, skripkaçı, bəstəkar və dirijoru Corc Eneskunun abidəsi şəhər sakinlərinin zövqünü oxşayır.

Müstəqillik illərində “Kitabi-Dədə Qorqud” dastanı, Azərbaycan poeziyasının klassiki Füzulinin əsərləri, “Leyli və Məcnun” poeması və s. kimi Azərbaycan ədəbiyyatının bir sıra tərcümələri rumın dilində nəşr olunması ilə yanaşı, 2022-ci ildən başlayaraq, Rumıniyanın Bakıdakı Səfirliyi ilə Azərbaycan Respublikası Yazıçılar Birliyi arasında əməkdaşlıq layihələri çərçivəsində Rumıniyanın səfiri, Azərbaycan xalqına və onun mədəniyyətinə böyük hörmət bəsləyən Vasile Soare və yorulmaq bilməyən şair Səlim Babullaoğlunun koordinasiyası ilə rumıniyalıların milli şairi Mihai Eminesku, hazırda yaşayan son böyük klassik şair Ana Blandiana və digər rumın şair və nasirlərinin əsərləri Azərbaycan dilinə tərcümə olunub.

Vurğulamaq olar ki, strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq üçün hər iki ölkənin hələ istifadə olunmamış potensial imkanları çoxdur. Qarşılıqlı inteqrasiya prosesinin gücləndirilməsi, ikitərəfli və çoxtərəfli iqtisadi və enerji layihələrinin həyata keçirilməsi nəticəsində bu imkanların tam reallaşdırılması üçün münbit zəmin yaranacaqdır. Tam əminliklə deyə bilərik ki, Cənubi Qafqazda və Cənub-Şərqi və Mərkəzi Avropada hərbi münaqişələrin tamamilə aradan qaldırılmasından sonra Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı yeni mərhələyə yüksələcəkdir!

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti

Siyasət