Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

6 oktyabr

• Prezident İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə çox açıq, qətiyyətli bəyanatlarını yüksək dəyərləndirib.

• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib.

• Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib. Müzakirədə əks-hücum əməliyyatında mövcud vəziyyətin təhlili aparılıb. Düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl şəkildə darmadağın olunmasının davam etdirilməsi tapşırılıb.

• Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 376 evə və 63 mülki obyektə ciddi ziyan dəyib.

• Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyini təsdiqləyən radio danışıqları ələ keçirib.

• Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələrinin Konfransı, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığını, nəticədə döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərimizin ağır artilleriya atəşinə məruz qaldığını bildirib.

7 oktyabr

• Müdafiə Nazirliyinin məlumatına əsasən, ordumuz müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

• Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

• Azərbaycan Prezidenti İlham Əliyev “CNN-Türk” televiziyasına müsahibəsində bildirib ki, hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir. Bildiyiniz kimi, erməni silahlı qüvvələri keçən ayın 27-də bizə qarşı yeni hücuma keçdilər və bizim bir çox şəhərlərimiz, kəndlərimiz atəş altındadır. Bu günədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur və minə yaxın ev ya dağıdılıb, ya da ki, böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır.

• Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə atəşkəsin birtərəfli qaydada əldə oluna bilməyəcəyini bildirib: “Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. İndiyədək demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərmi və kasetli bombalarla törədilmiş hücum nəticəsində həlak olub. Bizim əks-hücumumuz uğurlu oldu. Biz işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməyə müvəffəq olduq. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir”.

• Prezident İlham Əliyevin XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində deyilir: “Hörmətli sammit iştirakçıları! Sizi səmimi-qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sülh və dialoqun təşviqinə, regional və qlobal əməkdaşlığın genişləndirilməsinə töhfələrini yüksək qiymətləndirirəm. Avrasiya İqtisadi Zirvə toplantıları Avrasiya bölgəsində iqtisadi, siyasi münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilmiş bu ənənəvi görüşlərdə zamanın yeni çağırışlarının və müasir inkişaf meyillərinin daim diqqət mərkəzində saxlanılması təqdirəlayiqdir”.

• Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında qeyd edib: “Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raketlər Yevlax rayonu ərazisində BTC boru kəmərindən 10 metr aralı düşüb. 300-dən çox kaset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə heç bir ziyan dəyməyib. ANAMA hadisə yerində işləyir. Ermənistan enerji infrastrukturuna çarəsiz hücum cəhdləri edir”.

• Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə işğalçı ordunun respublikamızın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan və xəsarət alan mülki şəxslərin, eləcə də infrastruktura dəyən ziyanın yeni statistikasını açıqlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində oktyabrın 7-də həlak olmuş şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib.

Mustafa KAMAL
XQ

Siyasət