Kopırkinin “Zəngəzur mesajları”

post-img

Rusiya “Tramp marşrutu”na qarşı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sünikə, yəni Zəngəzura səfər edib və səfəri çərçivəsində bölgədə işıq üzü görən “Sünyaç Yerkir” qəzetinə müsahibə verib. Ən sonda səfirin Sünikə səfərinin məsqədinə dair ehtimalımızı bölüşəcək və onun indiki məqamda Cənubi Qafqazdakı hansı ölkənin ali diplomatik təmsilçilərinə oxşadığından söz açacağıq. Hələlik isə Kopırkinin müsahibəsindəki ayrı-ayrı tezislərin üzərində dayanaq.

Moskva nə gözləyir?

Beləliklə, səfir bildirib ki, Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin qərarlaşmasında, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır. Bu ifadə çox ümumidir. Amma Kremlin ali diplomatik təmsilçisinin sülh və sabitliyə öz baxışı var.

Kopırkinin sözlərindən gəlinən qənaət budur ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsinin və ya “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun fəaliyyət parametrləri Rusiyanın regional təsəvvürləri ilə ziddiyyət təşkil etməməlidir. O parametrlər ki, səfir ölkəsinin digər rəsmiləri kimi onların, formalaşmamasına ümid bəsləyən tərzdə deyir: “Moskva gözləyir ki, sözügedən marşrut işə düşsün, sonra vəziyyətə baxacaq”.

Kopırkin eyni zamanda bildirir ki, marşrut üzrə “yük və sərnişin tranzit rejimlərinə, hərəkətin təhlükəsizliyinin təminatına dair detallar razılaşdırılmalıdır”. Diplomatın sözlərinə görə, həmin detalların müəyyənləşdirilməsində, bütövlükdə regional kommunikasiyaların açılmasında Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsinin və Ermənistan-İran sərhədində Rusiya hərbçilərinin mövcudluğu faktının nəzərə alınması vacibdir.

Bəli, Ermənistan-İran sərhədində Rusiya hərbçiləri var. Görəsən, Azərbaycanın və Ermənistanın razılığı əsasında fəaliyyət göstərəcək “Tramp marşrutu” onların fəaliyyətinə nə kimi maneçilik törədə bilər? Nəzəri cəhətdən də bu, mümkünsüz görünür. Daha konkret desək, prinsip etibarilə isə Rusiya hərbçiləri sözügedən marşrutun trayektoriyasına uyğun şəkildə dislokasiyaya məcburdurlar. Rusiyanın əksini iddia etmək üçün heç bir rıçaqı yoxdur. Yəni səfir mahiyyətcə, mənasız məqamı qabardır.

Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə gəlincə, məsələ ciddidir. Kopırkinin onu qabartması qapalı şantajdır. Səfir İrəvanın, Kremlin sözünə baxmayacağı təqdirdə, ittifaq müstəvisindəki imtiyazlardan və gəlirlərdən məhrum olacağını vurğulayır. Başqa cür düşünmək üçün əsas yoxdur. Əslində, Kopırkindən əvvəl də Rusiya rəsmiləri dolayısı ilə bunu bildiriblər. Nəzərə alaq ki, Ermənistanın Rusiyadan dərin asılılığı var.

Rusiyadan asılı Ermənistan

Yeri gəlmişkən, bir neçə gün əvvəl baş nazir Nikol Paşinyanın Moskvaya səfəri xüsusunda da Ermənistanın Rusiyadan asılılığı məsələsi qabardıldı. Nikolun səfərdən qayıtdıqdan sonra ölkəsinin Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı açıqlaması isə onu göstərir ki, İrəvan Kremlin Cənubi Qafqaz gündəmi ilə razı deyil. Hərçənd, Paşinyanın Moskvaya yollanması Ermənistanın Rusiya ilə hansısa formada dil tapmaq niyyətinin varlığından xəbər verirdi.

Aydındır ki, Paşinyan Rusiyanı qıcıqlandırmaq istəmir. Həm də ona görə istəmir ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və ölkəsində Kremldən əmrlər alan müxalif cəbhə mövcuddur. O cəbhə ki, baş naziri devirmək üçün hər şeyə hazırdır. Amma Paşinyan prinsipial məqamları heçə saya bilməz. Hər halda, regional kommunikasiyaların açılması ilə bağlı bəlli formul var və həmin formul bu il avqustun 8-də imzalanmış “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə”də əksini tapır.

Deməli, Kopırkin rahat (oxu: narahat –red.) ola bilər. Çünki Bəyannamədə əsasməqamlar əksini tapıb, detallar isə əhəmiyyət daşımır. Əlbəttə, onun özü də bunu bilməmiş deyil. Səfirin dedikləri, sadəcə, Rusiyanın Vaşinqton anlaşmasına müqavimətidir. Müqavimətin Avrasiya İqtisadi İttifaqı müstəvisindəki Ermənistana təzyiq rıçaqından söz açdıq. Amma rusiyalı diplomat başqa fikirlər də səsləndirib.

Kopırkin Rusiyası və Cənubi Qafqazda sülh

S.Kopırkin bildirib ki, Azərbaycan-Ermənistan barışının əsasını Rusiya, şəxsən prezident Vladimir Putin qoyub. Səfir fikrini əsaslandırmaq üçün 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatları xatırladıb. O, eyni zamanda, ölkəsinin sülh sazişinin hazırlanmasında, sərhədlərin demarkasiyasında və hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasların yaranmasındakı rolunu qabardıb.

Bəli, Rusiya 44 günlük müharibəyə son qoydu və 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasına nail oldu. Həmin bəyanata əsasən silahlı birləşmələrini sülhməramlı adı altında Qarabağda yerləşdirdi. Bu, ölkənin, öz maraqlarını qorumaq naminə üz tutduğu klassik mövcudluq tərzinə çevrildi. Söhbət jandarmeriya mövcudluğundan gedir. Amma 10 noyabr bəyanatından sonra Rusiyanın vasitəçiliyi ilə imzalanmış heç bir sənəd əməli nəticə vermədi. Ermənistan rəhbərliyi Kremlin sərhədlərin demarkasiyası ilə bağlı gündəliyinə “yox” dedi. Hər iki ölkənin vətəndaş cəmiyyətləri arasındakı təmasların qurulmasına gəldikdə, Kopırkinin bunu haradan çıxardığı qeyri-müəyyəndir. Görəsən, o, hansı təmaslardan söz açır?

Lakin Rusiyanın regional komminikasiyaların açılması ilə bağlı bəlli planı olub. Plan üçtərəfli Bəyanatın Naxçıvana maneəsiz yol məntiqini rəhbər tutub. Moskva, hətta, həmin yolda hərəkətliliyin Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına zidd xarakter daşımamasına dair formulun tapılmasına da töhfə verib. Nəzərə alaq ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin birgə İşçi qrupu həmin formulu hazırlamışdı. İrəvan əvvəl bununla razılaşsa da, sonradan boyun qaçırdı. Çünki üçtərəfli Bəyanatda Naxçıvana yolda rus hərbçilərinin nəzarəti həyata keçirmələrinə dair müddəa var idi. Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə də Naxçıvana yolun maneəsizliyi əsas götürülür. Sənədin üçtərəfli Bəyanatdan fərqi yalnız regional bağlantı layihələrinin “Tramp marşrutu” şəklində leqallıq qazanması, qarşılıqlı şəkildə razılaşdırılmasıdır.

Əlqərəz, Vaşinqton bəyannaməsi Rusiyanın üzərində dayandığı bəyanat məntiqini heçə endirir. Kopırkin isə həmin məntiqin hələ də keçərliliyini əsaslandırarkən deyir ki, tərəflərdən heç biri bəyanatdan imzasını geri götürməyib. Onun sözlərinə görə, ABŞ-da imzalanmış Birgə Bəyannamənin üçtərəfli Bəyanatla nə dərəcədə uyğunluğunu maraqlı tərəflərin müzakirəsi müəyyənləşdirəcək. Diplomatın maraqlı tərəf dedikdə İranı nəzərdə tutduğu aydındır. Başqa sözlə desək, Rusiya Tehranın “Tramp marşrutu”na qarşı çıxacağına dair ümidlərini itirməyib. Halbuki, İranın məsələyə loyal yanaşdığına, Moskvanın gündəmi ilə hərəkət etmədiyinə dair təsəvvür var.

“3+3”, yoxsa “gecikmiş məhəbbət”?

Digər tərəfdən, səfir Kopırkin müsahibəsində “3+3” regional məşvərət formatını yada salır. Deməli, Rusiya üçtərəfli bəyanatlar sistemi ilə yanaşı, bu platformanın da Vaşinqton razılaşmasına alternativ kimi istifadəsinə çalışır. Ona görə səfir Azərbaycanın və Ermənistanın format çərçivəsindəki müzakirələri davam etdirəcəyinə ümid etdiyini vurğulayır. Burada isə bir nüans diqqətdən yayınmır.

Məsələ ondadır ki, “3+3” regional məşvərət formatı aktiv məcrada olanda Rusiya onun işində iştirak etsə də, Bakı-İrəvan normallaşmasını bu müstəvidən ayrı tutur, çalışırdı ki, iki Cənubi Qafqaz ölkəsi arasında münasibətləri, bir növ, inhisarda saxlasın. Moskva, nə sülh, nə müharibə məntiqində maraqlı idi və bu yolla regionda təsirini saxlamağa çalışırdı. Üçtərəfli bəyanatlar kompleksi böyük ölçüdə həm də belə yarıtmaz yanaşmaya görə iflasa uğradı.

Dediyimiz kimi, Ermənistan Rusiyanın münaqişə məntiqini qoruyaraq regional kommunikasiyaların açılması planına razılıq vermədi. Azərbaycan Naxçıvana maneəsiz yolda maraqlı olsa da, özünün ərazi bütövlüyünün və suverenliyinin şübhələndirilməsinə imkan tanımadı. Bıçaq sümüyə dirəndi və 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdikləri lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ avantürası sona çatdı. Mövcud fonda isə erməni iqtidarı anti-Rusiya ritorikasını daha da gücləndirdi ki, bu, Moskvanın vasitəçiliyini tamamilə iflasa uğratdı və rus sülhməramlıları kor-peşman Qarabağı tərk etməli oldular.

Ümumiləşdirmə apararaq deyə bilərik ki, Rusiya üçtərəfli bəyanatlardan və “3+3” regional məşvərət formatından Cənubi Qafqazda münasibətlərin normallaşması naminə yararlanmadı. Əgər üçtərəfli Bəyanat münaqişə məntiqini uzatmağa hesablanmışdısa, “3+3” Moskva üçün Qərbin sipəri idi. Kreml çalışdı ki, bu sipəri Azərbaycanın, Türkiyənin və İranın köməyi ilə möhkəmləndirsin, Ermənistanın Qərbə gedişinin qarşısını alsın.

Sözümüz ondadır ki, indi Kopırkinin və digər Rusiya rəsmilərinin “3+3”ü ortaya atıb, bir növ, regional müqəddəsliyə sadiqlik zəngulələri vurmasının heç bir önəmi yoxdur. Zamanında səmimi davranmaq lazım idi ki, Kremldəkilər bunu bacarmadılar. Nəticədə Rusiya 44 günlük müharibəyə son qoyan sülhpərvər imicini itirdi. Əlbəttə, bu imicin itməsində ölkənin Ukrayna ilə müharibəsi də həlledici rol oynadı.

Növbəti şantaj

Kopırkinin Rusiyanın İrəvana təzyiq ritorikasına hesablanmış başqa subliminal mesajına diqqət yetirək. Səfir ölkəsinin Ermənistanın enerji təchizatındakı rolunu qabardır. O, dolayısı ilə əvvəldə haqqında söz açdığımız asılılıq amilini diqqətə çatdırır. Ehtimal etmək olar ki, bu siyasi şantajın da məqsədi Ermənistanı Vaşinqton Bəyannaməsinin məntiqindən uzaqlaşdırmaqdır. Əslində, səfir Kopırkin Birgə Bəyannamənin nə dərəcədə həyata keçəcəyini gözləməyin lazım olduğunu bildirərkən, Rusiyanın erməni iqtidarının həmin sənəddən imtina edəcəyi gözləntisinin olduğunu təsdiqləyir.

Gümrü - sonuncu “rus qalası”

İndi isə Kopırkinə ünvanlanmış növbəti suala keçid alaq. Sual Gümrüdəki rus hərbi bazasının bölgədən çıxarılması ilə bağlıdır. Rusiyalı diplomat cavabında məsələnin müzakirə olunmadığını, erməni tərəfinin də bununla bağlı heç bir açıqlama vermədiyini bildirib və əlavə edib ki, Ermənistanda rus hərbi mövcudluğunun saxlanılması, ümumən, regionun təhlükəsizliyi və sabitliyi baxımından vacibdir.

Göründüyü kimi, Kopırkinin fikirləri pafosdan və populizmdən başqa bir şey deyil. Ümumiyyətlə, Gümrüdəki hərbi baza indiki Ermənistan hakimiyyətinin suverenliklə bağlı anlayışlarına daban-dabana zidddir. Guya NATO ölkəsi olan Türkiyə Ermənistana hücum çəksə, həmin baza ölkəni müdafiə edəcəkmiş. Birincisi, Türkiyəyə belə bir hücum lazım deyil. İkincisi, Ankaranın mövqeyi klassik NATO üzvü baxışından tam uzaqdır, onun öz prioritetləri var. Üçüncüsü, İrəvan onsuz da Qərbmeyillidir və Rusiya-Ermənistan strateji tərəfdaşlığı bərbad günlərini yaşayır. Mövcud situasiyada Gümrü bazası kimi kimdən qoruyur, anlamaq olmur.

Deməli, tam əminliklə demək olar ki, hazırda Gümrüdəki rus hərbi mövcudluğu Cənubi Qafqazda sülh və sabitlik baxımından heç bir rol oynamır. Həm Kopırkin, həm də başqa rus rəsmiləri bunun əksini düşünərək yanılırlar. Görünür, onlar keçmiş SSRİ-nin ab-havasından çıxa bilməyiblər. Yaxud Paşinyana qədərki erməni iqtidarına danışdıqları nağıllara özləri də inanıblar və həmin nağılların təsirindən çıxa bilmirlər.

Hesab edirik ki, belə bir durum Paşinyan administrasiyasının xeyrinədir. Rəsmi İrəvan Gümrüdəki rus hərbi mövcudluğunun aradan qaldırılmasının zəruriliyini hələlik qabartmamaqla, məsələni Moskvaya təsir rıçaqı kimi əlində saxlayır. Bu, Rusiyanın regional kommunikasiyaların açılmasındakı ritorikaya zidd radikal addımlar atmasının qarşısını alacaq alətdir. Yəni Kreml əndazədən çıxsa, İrəvan ona Gümrünü – Cənubi Qafqazdakı, obrazlı desək, sonuncu Rusiya qalasını xatırladacaq. Ola bilər, Kopırkin hadisələrin qeyd etdiyimiz məcrada getdiyini ehtimal edir. Bu səbəbdən Gümrüdən söz açanda yalnız təhlükəsizlik və sabitlik amilləri üzərində dayanmır, eyni zamanda, deyir ki, rus hərbçiləri heç kəsi təhdid etmirlər. Təxminən belə: onların ziyanları yoxdursa, niyə çıxarılsınlar?

Əlbəttə, Kopırkin bir müstəqil dövlətin ərazisində başqa ölkənin hərbçilərinin olmalarının yolverilməzliyinin fərqinə varmaya bilər. Amma səfir qanunauyğunluq tapır və Gümrüdəki bazanın mövcudluğunun hüquqi əsasını qabardır: “Əvvəlcə Rusiya silahlı qüvvələrinin Ermənistan Respublikası ərazisində hərbi mövcudluğu haqqında Müqavilə 16 mart 1995-ci ildə Moskvada 25 illik müddətə və hər 5 ildən bir avtomatik uzadılmaq şərti ilə imzalanmışdı. Daha sonra, 2010-cu ildə İrəvanda ölkələrimiz tərəfindən sənədə əlavə protokol imzalandı və bu protokol Rusiya silahlı qüvvələrinin hərbi birləşmələrinin Ermənistan ərazisində dislokasiya müddətini 2044-cü ilə qədər uzatdı, həmçinin hər 5 ildən bir yenidən uzadılmaq imkanı nəzərdə tutuldu”.

Reallıq budur: Kopırkinin haqqında söz açdığı müqavilə Ermənistan hakimiyyəti üçün mənasız kağız parçasından başqa bir şey deyil. Çünki sənədi ölkənin əvvəlki iqtidarı imzalayıb. O iqtidar ki, Ermənistanı Kremlin vassalına çevirmişdi. Deməli, sözügedən sazişin gerçək hüquqi əsası da yoxdur. Üstəlik, nağıl danışmaq dövrünün keçmişdə qaldığını vurğuladıq. Amma Kopırkin öz ampluasındadır və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması ilə bağlı sualı eyni prizmasından cavablandırır: “Rusiyanı Cənubi Qafqazdan ayırmaq – əvvəlcədən mənasız bir təşəbbüsdür. Nə coğrafiya, nə ortaq tarix, nə də Rusiyanın Zaqafqaziya dövlətləri ilə çoxşaxəli əlaqələrinin həcmi bunu həyata keçirməyə imkan verir. Bununla belə, ayrı-ayrı xarici oyunçular absurd fikirlər səsləndirir, öz niyyətlərini və regional reallıqları zəif başa düşdüklərini üzə çıxarırlar. Təkrar edirəm, Rusiyanın Cənubi Qafqazla ayrılmaz bağlılığı bölgədə möhkəm sülhə və sabitliyə, onun inkişafına və nəqliyyat potensialının açılmasına olan həyati marağımızı şərtləndirir”.

Kopırkin II Dekotinidirmi?

Sonda onu da deyək ki, istər Kopırkinin dedikləri, istərsə də Rusiyanın başqa rəsmilərinin ölkənin Cənubi Qafqazdakı maraqlarına dair bildirdiklərini, müəyyən mənada, təbii saymaq mümkündür. Məsələyə keçmişin pəncərəsindən yanaşıb, Rusiyanın, əslində, regiona işğalçılıq yolu ilə yiyələndiyindən söz açmaq və bununla Kopırkinin pafoslu açıqlamalarının səmərəsizliyini vurğulamaq niyyətindən uzağıq. Hesab edək ki, Rusiya ya vəlvələdən, ya zəlzələdən Cənubi Qafqazda var. Başlıca məqam ölkənin varlığını bundan sonra qorumaq üçün hansı metod və vasitələrə üstünlük verməsidir. Kreml əvvəlki ritorikanın artıq heç nəyə yaramadığını anlamalıdır. O cümlədən, hərbə-zorbalığın da. İndi nə 1920-ci ildir, nə də 1990-cı. Cənubi Qafqaz ölkələri də o illərdə deyillər. Rusiya bunu anlayacaq və sivil əməkdaşlıq formalarına üstünlük verəcək, ya yox, gedişatı zaman göstərəcək.

Ən sonda Kopırkinin Sünikə, yəni Zəngəzura nə üçün yollanması üzərində dayanaq. Hər halda, bölgənin regional kommunikasiyalar, həmçinin “Tramp marşrutu” baxımından vacibliyini vurğulamağa ehtiyac yoxdur. Onu da deyək ki, vaxtilə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini də Sünikə səfər edir, öz aləmində, Azərbaycana qarşı Qərb sipəri formalaşdırırdı. Üstəlik, Dekotininin Gürcüstandakı həmkarı da var. O, Almaniyanı təmsil edir və işi-gücü ölkədəki müxalifəti gürcü iqtidarına qarşı qaldırmaqdır. Görünür, Kopırkin də Almaniya və Fransa səfirlərinə oxşamaq istəyir. Nəzərə alaq ki, diplomat son günlər fəallaşıb. Onun Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşləri isə az qala ənənə halını alıb. Heç şübhəsiz, Sünikə səfərlərini intensivləşdirsə, rəsmi İrəvan Kopırkini Ermənistanın daxili işlərinə müdaxilədə də qınaya bilər.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət