Konstitusiya və Suverenlik İli
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması hüquqi dövlət quruculuğu prosesində Konstitusiyanın mühüm yerini, onun cəmiyyətin hərtərəfli inkişafında, dövlət suverenliyinin təmin olunmasında oynadığı əvəzsiz rolu bir daha gündəliyə gətirmişdir. Konstitusiya – təkcə hüquqi sənəd deyil, həm də xalqın dövlətçilik iradəsini, milli kimliyini və ümumbəşəri dəyərlərə sadiqliyini ifadə edən ali hüquqi aktdır. O, dövlətin hüquqi strukturunun təməlini formalaşdırmaqla bərabər, insan hüquq və azadlıqlarının müdafiəsində təməl rolunu oynayır, hüquqi dövlətin sütununu təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyası əsasında dövlət hakimiyyəti təşkil olunur, vətəndaşların hüquq və azadlıqları təmin edilir, ictimai münasibətlərin inkişaf istiqamətlərini müəyyənləşdirilir. Hüquqi mexanizmlərin tətbiqi sahəsində Konstitusiyanın tənzimləyici rolu bütün dövlət strukturları üçün istiqamətverici çərçivə rolunu oynayır. Bu baxımdan Konstitusiya yalnız hüquq sisteminin deyil, bütövlükdə cəmiyyətin siyasi, iqtisadi, sosial və mənəvi həyatının tənzimlənməsinin mənbəyidir.
Müasir dövrün çağırışları prokurorluq orqanlarının da fəaliyyətində institusional yanaşmaların təkmilləşdirilməsini, qanunçuluğun təmin olunmasında və insan hüquqlarının qorunmasında daha çevik və şəffaf mexanizmlərin tətbiqini zəruri edir. Bu xüsusda Azərbaycan Respublikası Prokurorluğunun son illərdə keçdiyi inkişaf yolu, həyata keçirilən struktur və funksional islahatlar, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi nəticəsində daha çevik və vətəndaş yönümlü idarəetmə modelinin formalaşdırılması ilə səciyyələnir. Xüsusən də bu islahatlar prosesində hüquqi maarifləndirmə fəaliyyətinin gücləndirilməsi, vətəndaşların hüquqi biliklərinin artırılması prokurorluq orqanlarının fəaliyyətində əsas strateji istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu kontekstdə şəhər və rayon prokurorluqları tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər böyük əhəmiyyət daşıyır. Belə ki, Prokurorluq əməkdaşlarının tədbirlərdə iştirak edərək Konstitusiyanın hüquq sistemimiz üçün fundamental əsas yaratması, onun müddəalarının hüquqi şüurun formalaşmasında və hüquq mədəniyyətinin inkişafında əhəmiyyətinə dair ətraflı məlumat verirlər. Bu istiqamətdə sistemli fəaliyyət hüquqi savadlılığın artmasına və konstitusion hüquqların daha effektiv müdafiəsinə xidmət edir.
Azərbaycan Respublikasının hüquq sisteminin əsasında insan və vətəndaş amili dayanır. Dövlətin ali məqsədi kimi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, onların ləyaqətli həyat şəraitinin və hüquqi təhlükəsizliyinin təmin olunması əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Konstitusiya və digər normativ-hüquqi aktlar ilə təsbit olunmuş bu vəzifə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas təməl daşı hesab edilir. Prokurorluq sistemində aparılan islahatlar və müasir dövrün tələblərinə uyğun olaraq tətbiq edilən yeniliklər də prokurorluğun hüquqi dövlətin möhkəmlənməsi və insan hüquq və azadlıqlarının təminində artan rolunu şərtləndirir. Bunun nəticəsi olaraq, prokurorluq orqanları ictimai etimadın yüksəldiyi, qanunçuluğun və ədalətin təminində mühüm dayaqlardan birinə çevrilib.
Əhəmiyyətli məqamlardan biri də odur ki, prokurorluq əməkdaşları ictimai tədbirlərdə ümummilli lider Heydər Əliyevin Konstitusiyanın hazırlanması və qəbul olunması prosesindəki müstəsna xidmətləri barədə ətraflı məlumat verirlər. Qeyd olunur ki, Əsas Qanunumuz bütövlükdə Ümummilli liderin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq ideologiyasını və milli mənəvi dəyərləri əks etdirən təməl sənədidir. Təsadüfi deyil ki, Ümummilli liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş Referendumla qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilib. Dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilib.
Prokurorluq, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm hüquqi institut kimi çıxış edir. O, yalnız cinayət təqibi və qanunvericiliyə nəzarət funksiyalarını yerinə yetirən orqan deyil, eyni zamanda hüquq-mühafizə sistemində insanların ləyaqətinin, konstitusion hüquqlarının və ədalətli münasibətlərin təminatçısı rolunda çıxış edir. Prokurorluğun fəaliyyəti hüquqi dövlət prinsiplərinə əsaslanaraq, hər bir fərdin qanun qarşısında bərabərliyinin və hüquqlarının effektiv müdafiəsini təmin etməyə yönəlib.
Digər mühüm fəaliyyət istiqaməti isə ətraf mühitin qorunması sahəsində prokurorluğun rolu ilə bağlıdır. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqları, ətraf mühitlə bağlı milli prioritetlər, inkişaf proqramlarının tələbləri əsas götürülür.
Qlobal iqlim dəyişikliyi və ekoloji təhlükələrin artması fonunda bu məsələ müasir dövrün mühüm çağırışlarından birinə çevrilib.
Prokurorluq orqanları tərəfindən ətraf mühitin mühafizəsinə yönələn hüquq pozuntularının qarşısının alınması, ekoloji cinayətlərin ifşası və ictimai ekoloji şüurun artırılması istiqamətində mühüm tədbirlər görülür. Ətraf mühitə ziyan vuran fəaliyyətlərin aşkarlanması və bu sahədə qanun pozuntularının hüquqi məsuliyyətə cəlb olunması təbiətin və insanların sağlam həyat mühitinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Ekoloji qanunvericiliyə əməl olunmasına nəzarətin gücləndirilməsi ekoloji mühitə zərər vuran amillərlə daha effektiv mübarizə aparmağa kömək edir və iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması üzrə milli səylərdə əsas rol oynayır.
Eyni zamanda Prokurorluq orqanları Konstitusiyada əks olunan ali hüquqi prinsiplərə sadiq qalaraq, dövlət başçısı cənab İlham Əliyevin qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, hüquq siyasətinin milli prioritetlərinin həyata keçirilməsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hüquqi maarifləndirmənin təşkili, ətraf mühitin qorunmasında mühüm funksional missiyasını uğurla yerinə yetirir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bu missiyanın əhəmiyyətini bir daha ön plana çəkir və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Mədinə PAŞAYEVA,
Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas