III MƏQALƏ
Türk dünyası
Azərbaycan Prezidentinin hər bir termini dəqiq siyasi-ideoloji anlamda işlətdiyi hər kəsə məlumdur. Yeri gələndə incə diplomatiya ilə bu vacib məqamı ünsiyyətdə olduğu auditoriyaya anladır. Son zamanlar bir sıra dairələrdə “Türkdilli dövlətlər təşkilatı” kimi qeyri-müəyyən ifadədən istifadə etmək halları artmışdır. Özü də bunu bir sıra məqamlarda elə kontekstdə təqdim etməyə çalışırlar ki, Türk dövlətləri deyil, türkdilli dövlətlər vardır. Yəni millətin etnik mənsubluğu ayrıdır, ancaq danışdığı dil türkcədir. Bu absurd və heç bir elmi, tarixi, mədəni əsası olmayan cəfəngiyyata, əlbəttə, cavab verilməlidir. Lakin səbir, təmkin və terminləri dəqiq işlətməklə. “Əl-Ərəbiyyə”nin müxbiri də son sualında bilərəkdən və ya bilməyərəkdən “Türkdilli dövlətlər arasında Azərbaycan” ifadəsini işlətmişdir.
Azərbaycan Prezidenti çox sakit, təmkinli və dəqiq ifadələrlə məsələnin düzgün qoyuluşunu əks etdirən tezislər irəli sürmüşdür. Faktiki olaraq, Prezident İlham Əliyev növbəti dəfə “Türk dünyası” anlayışını düzgün məntiqi və ədalətli yanaşma ilə izah etmişdir. Ölkə rəhbəri sözlərinə belə başlamışdır: “Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir”.
Çox vacib yanaşma incəliyi
Birincisi, Türk dövlətləri arasında münasibətlərin dəqiq və konkret tarixi, siyasi, coğrafi, mədəni, iqtisadi və geosiyasi parametrləri vardır. Onların təməlində “Türk dünyası” anlayışı dayanır. Türk dövlətləri arasında münasibətlərdə dil, təbii ki, birləşdirici rol oynayır. Ancaq məsələnin təbii və gerçək kökü tarix boyu Türk dünyasının mövcud olması ilə bağlıdır və bu anlamda dil onun yalnız bir elementidir.
Türk dövlətlərinin münasibətlərinə bu cür yanaşma bütün mənalarda düzgün və ədalətlidir. Burada hər şeydən öncə Türk dünyasının artıq özünüdərk mərhələsinə siyasi, geosiyasi, ideoloji, mənəvi və mədəni aspektlərdə keçdiyi qəbul edilməlidir. Türk dövlətləri (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Türkiyə) TDT-yə məhz bu baza anlam fonunda qiymət verirlər. Məhz bu cür əsaslı yanaşmaya görə TDT hazırda böyük potensiala malikdir.
İkincisi, Prezident İlham Əliyev vurğuladığı yanaşma çərçivəsində Türk Dövlətləri Təşkilatının strateji təşkilatlanma xəttini dəqiq xarakterizə etmişdir. Azərbaycan lideri ifadə edir ki, Türk dövlətləri təkamül, ədalət, hüquqla münasibətlərini tədrici olaraq inkişaf etdirməkdədirlər. Yəni eyni etnik kökə malik olmaq faktında süni, tələsik və müasir dünyanın xüsusiyyətlərini nəzərə almadan türklər hərəkət etmirlər. Buna görədir ki, İlham Əliyev TDT-nin “məşvərətçi qrup, şura, ölkələr qrupu” kimi transformasiyasını yığcam ifadə etmişdir. Məlumdur ki, beynəlxalq səviyyədə və dövlətlərarası münasibətlərdə vurğulanan təşkilati formaların fərqli funksiyaları mövcuddur. Məsələn, dövlətlərin məşvərətçi qrup kimi münasibətləri ölkələr qrupu olaraq siyasi təşkilatdakı münasibətlərindən çox məhduddur. Məşvərətçi qrupun qəbul etdiyi qərarların hüquqi və siyasi statusu da fərqlidir. Lakin türklər tələsmədən və tam sağlam baza hazırlamadan qəfil yüksək siyasi təşkilatlanmaya keçmədilər. Türk xalqlarının müdrik liderləri (öndə Heydər Əliyev olmaqla) tədrici və real transformasiyalarla Türk dünyası dövlətlərini inteqrasiya xəttinə çıxardılar. İndi bu anlamda TDT elə səviyyədədir ki, böyük inkişaf potensialına malikdir.
Türk dünyasının Azərbaycan fenomeni
Üçüncüsü, dövlət başçısı bir tezisi ilə Azərbaycan Respublikası toplumu və siyasi rəhbərliyinin türk dövlətləri arasında münasibətlərin XXI əsrdə dinamikasında tutduğu yeri və oynadığı rolu dəqiq ifadə etmişdir – “Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub”. Azərbaycan lideri türk dünyası haqqında baxışlarını yığcam ifadə edəndən sonra, onun bir parçası olan Azərbaycanın dövlət kimi fəaliyyətini obyektiv və konkret söyləmişdir.
Yəni birincisi, Azərbaycan tarixi ədalətə və gerçəkliyə əsaslanaraq qətiyyətlə türk dövlətlərinin inteqrasiyasına üstünlük verir, ikincisi, Azərbayan dövlətinin başçısı bəyan edir ki, ölkənin TDT-dəki bu missiyasına həmişə sadiqliyi olmuşdur və bundan sonra da olacaqdır. Çox güclü və həqiqəti ifadə edən tezisdir. Bunu həm ölkə daxilində, həm TDT-də, həm də bütün dünyada hər kəs artıq birmənalı anlamalıdır. Bu həqiqəti və gerçəkliyi ədalətli və obyektiv tarixi fakt kimi “qulaqlarına sırğa” etməlidirlər.
Həm cəmiyyətimizdə, həm də dünyada Azərbaycan fenomeninin bu məsuliyyəti tam dərk edərək fəaliyyət göstərdiyini kimsə inkar edə bilməz. Tarix göstərir ki, türk ölkələri, cəmiyyətləri və dövlətləri arasında ən güclü inteqrasiya ideyasının coğrafi, siyasi, geosiyasi və mədəni məkanı Azərbaycan olmuşdur! Bu fenomenin qiymətini yalnız türklər deyil, regionumuz və bütövlükdə dünya bilməlidir!
Bundan sonra Azərbaycan Prezidenti Türk dünyasının bir sıra xüsusiyyətlərini ifadə edir ki, bu əsasda ayrı-ayrılıqda türk dövlətləri ilə Azərbaycanın münasibətlərinin xarakteristikasına baş vurmaq baxımından gözəl əsas yaranır.
Türk birliyinin nadirliyi
Dördüncüsü, dövlət başçısı belə bir fikir ifadə etmişdir: “Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir”.
Dahiyanə fikirdir. Hər şeydən öncə, Türk dünyasının bünövrəsini türk etnik mənsubluğu təşkil edir. Sonra müasir mərhələdə artıq sosial, mədəni və siyasi fərqlilikləri olan türk xalqları formalaşmışdır. Bu baxımdan, onları bütün parametrlər üzrə eyniləşdirmək olmaz və buna türk qövmünün ehtiyacı da yoxdur. Çünki məhz bu rəngarənglik Türk dünyasını dünyanın ən potensiallı və perspektivli inteqrasiya məkanına çevirə bilər. Türklər müasir dünya tarixində real, qalıcı və faydalı inteqrasiya nümunəsi ortaya qola biləcək tarixi-mədəni-sivil-ideya məkanını yaratmışlar.
Etnik baxımdan vahid bazaya malik olan türk xalqları siyasi və dövləti inteqrasiyada bir-birini assimilyasiya etməklə deyil, hər birinin özəlliyi və özünəməxsusluğunu qəbul edərək hüquqa tam əməl etməyə üstünlük verirlər. Məhz buna görədir ki, kimsə TDT-nin qarşısını ala bilməz. Əksinə, ağlı və müdrikliyi olan hər bir ölkə ya bu prosesə qoşular, ya da ondan faydalanmağa çalışar. Türklərlə düşmənçiliyin kimsəyə faydası yoxdur!
Türk Dövlətləri Təşkilatının nadirliyi Azərbaycan Prezidentinin vurğuladığı mühüm məqamlarla əlaqəlidir. Bütün bunların fonunda Prezident İlham Əliyev türk dövlətləri arasında münasibətləri lakonik və dəqiq təsvir edir. Azərbaycan lideri müsahibədə vurğulamışdır: “Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. Keçən il biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələrimiz və ya bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır”.
Bizcə, Azərbaycanın TDT üzvü kimi mövqeyi tamamilə ədalətli, konstruktiv və dəqiqdir. Bunun bütövlükdə təşkilata böyük faydası olduğuna qətiyyən şübhə yoxdur! Buradan da TDT-nin təşkilat kimi üç mühüm özəlliyi məntiqi olaraq alınır.
Demoqrafik dinamika
Bu məqam Prezident İlham Əliyevin müsahibəsinin bir fraqmentindən aydın ifadə olunmuşdur. İlham Əliyev demişdir: “Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir”.
Demoqrafik dinamikası yüksək olan cəmiyyətlər çoxdur. Ancaq digər şərtləri də nəzərə aldıqda davamlı inkişaf üçün yetərli deyildir. Türk dövlətləri elə təbii, mədəni, mənəvi, enerji və dövlətçilik təcrübəsi imkanlarına malikdirlər ki, demoqrafik dinamika onların birgə inkişafına dəstək verəcəkdir. Məsələnin bu tərəfi elmi olaraq hələ çox araşdırılmalıdır.
Coğrafiya genişliyi
Müasir geosiyasətdə coğrafiya faktorunun dövlətçiliyə və tərəqqiyə təsiri məsələləri yeni intensivlik və sistemli olaraq tədqiq edilir. Türk coğrafiyası həmişə Avrasiya üçün çox böyük əhəmiyyəti olan faktor olmuşdur. Xüsusilə, son 300 ildə türk dövlətləri və dövlətçilik özəlliyinə qarşı imperialist dairələrin qərəzli və dağıdıcı təsiri fonunda Azərbaycan liderinin vurğulanan fikri türk qövmünün özünüdərki kontekstində əvəzsizdir. Prezidentin bu məsələ ilə bağlı aşağıdakı fikirlərinə baxanda vurğuladığımız məqamı görə bilərik: “Bizim geniş coğrafiyamız var. Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir. Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. Həmçinin logistika. Bu gün dəhlizlərdən danışanda bizdən yan keçə bilməzsiniz. Siz bizim ərazimizdən, obyektlərimizdən istifadə edə bilərsiniz. Həm də vacib olan odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm”.
Bu bir neçə cümlədə tarix, siyasət, geosiyasət, dövlətçilik qavramı və özünə tam güvən mükəmməl qarşılıqlı əlaqadə ifadə edilmişdir. Məsələnin bu tərəfini ciddi fəlsəfi, siyasi-nəzəri və bütövlükdə elmi tədqiq etməliyik. Bu, Azərbaycan aliminin imtiyazı deyil, məsuliyyətidir!
Strateji qənaət və hədəf
Nəhayət, vurğulanan bütün özəlliklərin fonunda Azərbaycan liderinin ümumiləşdirici tezisi möhtəşəmdir. İlham Əliyev aşağıdakı tezisi ilə müsahibəyə yekun vurur: “…bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək”.
Bu fikirlərdə mənalar və məzmun özü-özünü aydın təqdim edir. Onların elmi izahına ciddi ehtiyacın olduğunun fərqindəyik. Bununla yanaşı, Azərbaycan Prezidentinin bütün türk xalqları, türk qövmü və bəşəriyyət üçün əhəmiyyəti böyük olan bir məsələyə tam aydınlıq gətirdiyinə qətiyyən şübhə yoxdur. İlham Əliyev milli lider, məharətli diplomatiya və ən əsası səmimiyyəti, ədalətliliyi və konstruktivliyi ilə mövqeyini növbəti dəfə nümayiş etdirmişdir.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru