Sülhməramlı hazırlıq, yoxsa geosiyasi mesaj?

post-img

Paşinyan hökuməti Qərbə inteqrasiya kursunu hərbi müstəviyə yönəldir

Avqustun 12-dən 20-dək Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində ABŞ-la birgə “Qartal tərəfdaşı 2025” (“Eagle partner 2025”) hərbi təlimi keçiriləcək. Ermənistan mediasının verdiyi məlumata görə, təlimlərdə iştirak edəcək amerikalı hərbçiləri gətirən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi-nəqliyyat təyyarəsi İrəvandakı “Zvartnots” hava limanına edib.

Təlimlərdə Ermənistanın sülhməramlı briqadası, həmçinin ABŞ qoşunlarının Avropa və Afrikadakı bölmələri və Kanzas Milli Qvardiyası iştirak edəcək. Birləşmiş Ştatlarıın İrəvandakı səfirliyinin yaydığı məlumata görə, təlimlər tibbi evakuasiya prosedurlarına diqqət yetirməklə sülhməramlı tapşırıqların hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur. Manevrlərin keçirilməsində məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, o cümlədən Ermənistan silahlı qüvvələrinin sülhməramlı bölməsinin döyüş hazırlığını artırmaqdır.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, ABŞ-la birgə təlimlər ölkənin müxtəlif bölgələrində keçiriləcək. Təlimlərin rəsmi məqsədi Ermənistan silahlı qüvvələri hərbi qulluqçularını beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlamaq, onların taktiki, texniki və logistika bacarıqlarını artırmaqdır. Bu tip məşqlər NATO standartlarına uyğun fəaliyyət vərdişlərinin mənimsənilməsi üçün də nəzərdə tutulur.

Qeyd edək ki, Ermənistan–ABŞ hərbi əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirilən təlimlər ilk dəfə 2023-cü ilin sentyabrında keçirilib. O zaman Ermənistan hökuməti bildirmişdi ki, məqsəd BMT mandatı çərçivəsində həyata keçirilən sülhməramlı əməliyyatlara hazırlığı təkmilləşdirməkdir. ABŞ isə bunu Cənubi Qafqaz ölkəsi ilə hərbi əməkdaşlığı inkişaf etdirmək və Ermənistanın beynəlxalq təhlükəsizlik təşəbbüslərinə inteqrasiyasını gücləndirmək kimi təqdim etmişdi. Təlimlərdə əsasən kiçik bölmələr səviyyəsində taktiki tapşırıqlar, müdafiə və hücum əməliyyatlarının planlaşdırılması, fövqəladə hallarda təxliyyə və tibbi yardım prosedurları, həmçinin müasir rabitə sistemlərindən istifadə qaydaları öyrədilir. Ermənistan tərəfi bildirir ki, bu təlimlər üçüncü ölkələrə qarşı yönəlməyib və sırf sülhməramlı xarakter daşıyır. Bununla belə, regionun mövcud geosiyasi həssaslığı fonunda tədbir diqqəti cəlb edir.

“Qartal tərəfdaşı” təlimlərinin keçirilməsi bir neçə mühüm geosiyasi və daxili siyasi mesaj daşıyır. Birincisi, bu, İrəvanın son illərdə müşahidə olunan xarici siyasət vektorunun Qərbə doğru yönəlməsinin konkret təzahürüdür. İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə 2022–2023-cü illərdə Rusiya ilə münasibətlərdə gərginlik artdıqca Ermənistan yeni təhlükəsizlik tərəfdaşları axtarmağa başladı. ABŞ və Avropa İttifaqı ilə müdafiə sahəsində əməkdaşlıq bu siyasətin mühüm hissəsidir. Adı çəkilən təlimlər bu prosesin hərbi-simvolik göstəricisidir.

İkincisi, bu tip təlimlər Ermənistan ordusunun NATO standartlarına uyğunlaşmasını sürətləndirə bilər. Bu, texniki hazırlıqdan tutmuş, komanda idarəetmə strukturlarına qədər geniş spektrdə yeniliklər deməkdir. Qısamüddətli perspektivdə bu, sülhməramlı missiyalar üçün faydalı olsa da, perspektivdə Ermənistanın təhlükəsizlik sisteminin Rusiya mərkəzli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatından uzaqlaşmasını sürətləndirə bilər. Rusiya bu təlimləri bəyənmədiyini açıq şəkildə bildirib. Moskva üçün Ermənistanın ABŞ-la hərbi əməkdaşlığının güclənməsi, xüsusən də Qərb standartlarına keçidi öz mövqelərinin Cənubi Qafqazda zəifləməsi deməkdir. Kreml tərəfindən idarə olunan media hələ 2023-cü ildə keçirilən ilk “Eagle partner” manevrlərini “Qərb tərəfindən Ermənistanın ələ alınması” kimi qələmə vermişdi. Ehtimal etmək olar ki, 2025-ci ildə təlimlərin daha geniş miqyasda keçirilməsi bu narazılığı artıracaq.

Sözsüz ki, təlimlər ölkəmizdə də diqqətlə izlənəcək. Azərbaycan Ermənistanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını birbaşa təhlükə kimi görməsə də, Qərb hərbi strukturlarına yaxınlaşmanın siyasi nəticələrini nəzərə alır. Çünki Ermənistanın Qərblə əlaqələrinin hərbi müstəvidə inkişafı sülh sazişinin imzalanmasına doğru gedən yolda balans faktorunu dəyişə bilər.

Bundan əlavə, məsələnin daxili aspekti də var. Ermənistan hökuməti üçün bu təlimlər həm də daxili auditoriyaya ünvanlanmış mesajdır. Baş nazir Nikol Paşinyan ordunun modernləşməsini və ölkənin beynəlxalq təhlükəsizlik sistemində daha fəal rol oynamasını islahat kursunun bir hissəsi kimi təqdim edir. Revanşistlər isə bunu “Ermənistanın ənənəvi müttəfiqlərindən uzaqlaşması” kimi tənqid edir. Bütövlükdə, “Qartal tərəfdaşı 2025” təlimləri, sadəcə, hərbi manevr deyil, Ermənistanın geosiyasi seçimlərinin göstəricisidir. Təlimlərin formatı və nəticələri həm regiondakı güc balansına, həm də Ermənistanın gələcək təhlükəsizlik arxitekturasına təsir edəcək. Beynəlxalq təcrübə göstərir ki, sülhməramlı hazırlıq adı altında keçirilən təlimlər yalnız taktiki bacarıqların artırılması ilə məhdudlaşmır, həm də iştirakçı ölkənin siyasi imicini formalaşdırır. Bu mənada hazırkı təlimlər Ermənistan üçün etibarlı tərəfdaş obrazını yaratmaq imkanıdır.

Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, belə təlimlər NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində digər ölkələrlə də mütəmadi olaraq keçirilir. Onun sözlərinə görə, bunlar planlı təlimlərdir: “Bundan öncə də Ermənistanda bənzər təlimlər keçirilib. Təlimlərdə sülhməramlı missiyaya qatılan bölmələr iştirak edəcəklər. Bu təlimlərdə əsas istiqamət və belə demək mümkünsə, mövzu daha çox tibbi yardım göstərməkdən, yaxud təxliyyə prosesini həyata keçirməkdən, bu proseslə bağlı sülhməramlı qüvvələrdə istifadə olunan son avadanlıqlardan və digər materiallardan hansı formada yararlanmaq lazım olduğunu öyrətməkdən ibarətdir. Eyni zamanda, zərərçəkmişlər və ya təxliyyə üçün axtarış tədbirlərinin keçirilməsi ilə bağlı ola bilər. Təlim zamanı axtarış tədbirləri çərçivəsində təxliyyə yanaşmaları və bunun üçün istifadə olunan avadanlıq, texnika və digər texniki vasitələrlə bağlı məsələlərə baxıla bilər. Təlimlərdə qarşıya konkret vəzifələr qoyulur və həmin vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər aparılır”.

Hərbi ekspert bildirdi ki, heç nə yerində sabit dayanmır, hər şey inkişaf edir. O cümlədən sülhməramlı missiyada iştirak edən qüvvələrin öxünəməxsus yanaşma prinsipləri, özəllikləri var: “Biz bilirik ki, sülhməramlı missiyada məhz tibbi təminat, yardım, təxliyyə kimi məsələlərə daha çox rast gəlinir. Belə olan təqdirdə təlimlərdə əsas bu məsələnin qoyulması məntiqlidir. Mən deyərdim ki, burada hansısa yeni preparatlardan, avadanlıqlardan istifadə edilməsi də ola bilər”.

Ş.Ramaldanovun sözlərinə görə, sülhməramlı missiyada iştirak edən istənilən hərbçi bu missiyaya qatılmaq üçün müəyyən bilik və bacarıqlara malik olmalıdır: “Düşünürəm ki, sülhməramlı missiyada iştirak edən erməni bölmələri əvvəlcədən bu mövzularla bağlı müəyyən proqram keçiblər. Hazırda təlim formasında həmin o məşğələlərin yekunu kimi “Qartal tərəfdaşı–2025” manevrləri keçiriləcək. Əlbəttə, sonda müəyyən sertifikatlaşma olacağı da gözləniləndir. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri bundan öncə də Ermənistana gəlmişdilər. Sonra isə təyyarələrdə və hərbçilərdə olan avadanlıqlarla bağlı bəzi məlumatların sızması cənub qonşumuzun müəyyən narahatlıq keçirməsinə səbəb olmuşdu. Ötən dəfə təyyarələrdə bəzi kəşfiyyat avadanlığının gətirilməsinə dair məlumat yayılmışdı. Yayılan məlumatlarda o da qeyd edilmişdi ki, həmin kəşfiyyat avadanlığı Ermənistanda qalıb. İndi də bununla bağlı müəyyən məlumatın sızmasını istisna etmirəm. Hər iki halda təlimlərin qarşısında qoyulan məqsədlər sülhməramlı missiya ilə bağlı olan humanist məqsədlərdir. Digər ölkələrdə, o cümlədən Azərbaycanda da sülhməramlı bölmələrimizin iştirakı ilə bu məqsədləri özündə ehtiva edən təlimlər keçirilir. Düşünürəm ki, Ermənistanda keçiriləcək təlimlər də həmin manevrlərdən biridir”.

Səxavət HƏMİD
XQ



Siyasət