Azərbaycanı sülh güzəştinə məcbur etməyə çalışanlar da Vaşinqton razılaşmasını alqışlayırlar
Sağlam gücün, təpərin bəlağətə ehtiyacı olmur. Buna sahib olan mütləq özünü təsdiqləməyin yollarını da bilir. Bu mənada son beş ildə beynəlxalq hüquqa riayət etməklə həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edən Azərbaycanı yenə də günahkar çıxarmağa çalışırdılar. İşğalçı, sülhü pozan, boynuna götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan, təslimçiliyə dartılan isə Azərbaycan.
Rəsmi Bakı göstərdi ki, bu ikili oyunun qaydalarını, ədalətsizliyi qəti çəkildə qəbul etmir və Prezident İlham Əliyevin qətiyyətlə dediyi “Siz deyən yox, biz deyən olacaq” postulatı ikiüzlülüyə, saxtakarlığa, tərəfkeşliyə üstün gəldi. Hadisələrə obyektiv, sağlam prizmadan yanaşmaq istəməyənlərin aqibətini bizimlə bərabər bütün dünya gördü.
Vaşinqtondakı tarixi görüşdə əldə olunan uğur ötən müddət ərzində erməni lobbisinin, diasporasının, xristian təəssübkeşliyini əlində bayrağa çevirən katolikosların girovuna çevrilmiş Bayden-Blinken cütlüyünün, Ermənistanı yeni müharibəyə sövq etməyə çalışan Emmanuel Makronun, barışıq əvəzinə bölgəyə hərbi kəşfiyyat yeridən Avropa İttifaqının, siyasi bəyanatlar “konveyerinə” çevrilən Avropa Parlamenti və Avropa Şurası kimi haypərəst qurumların Azərbaycanı sülh danışıqlarında güzəştə məcbur etməyə yönəlik məkrli planlarını iflasa uğratdı. Diqqətə layiq məqamlardan biri də odur ki, Azərbaycan Prezidentinin qətiyyətli və dönməz siyasəti nəticəsində hamı gördü ki, bölgə xalqları çoxdan arzuladıqları sülhə özləri vasitəçisiz, birbaşa dialoq yolu ilə nail olmağı bacarırlar. Tarix göstərdi ki, münaqişənin kökündə duran, onu qızışdıran dövlətlərin “vasitəçiliyi”nə ehtiyac yoxdur. Onlar sülhə mane olmasınlar, yetər.
Tarixdə şəxsiyyətin rolunu inkar edən sovet ideologiyasının çürüklüyü bir daha sübuta yetirildi. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində zəfərin memarı olmaqla yanaşı, həm də sülh gündəliyinin banisidir. Azərbaycan 2022-ci ilin əvvəlində sülh müqaviləsinin əsasını təşkil edən “5 əsas prinsipi” Ermənistana təqdim etmişdi. Bu prinsipləri xatırladaq: Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması; Bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək; Bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək; Sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması; Kommunikasiyaların açılması.
Bu prinsiplərin ədalətə və beynəlxalq hüquqa söykəndiyini, nəhayət, dərk edən Ermənistan hakimiyyəti sonda məhz Bakının təklif etdiyi sülh layihəsi ilə razılaşmalı oldu. Ən müxtəlif istiqamətlərdən edilən siyasi və diplomatik təzyiqlərə, hayların qlobal mediada təşkil etdikləri qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, Prezident İlham Əliyev prinsipial mövqeyindən bir addım belə geri çəkilmədi. Əksinə, tarixi ədaləti, reallığı və həqiqəti silah edib Şər qüvvələrin üstünə yeridi, əsl liderə xas cürət və prinsipiallıq nümayiş etdirdi, siyasi strategiyasına sonadək sadiq qaldı və onu uğurla reallaşdırdı.
***
Artıq neçə gündür ki, Vaşinqton danışıqlarının nəticələri dünya mediasında, beyin mərkəzlərində, sosial şəbəkələrdə təhlil edilir, dəyərləndirilir. Aparıcı dövlətlərin liderlərinin tərəflərə ünvanladıqları təbrik məktublarında, ekspert rəylərində ABŞ paytaxtında əldə olunan razılaşmaların bölgəyə sülh və rifah gətirəcəyinə dair əminlik ifadə olunur. İkitərəfli və üçtərəfli danışıqların uğurlu yekunları ilə bağlı Azərbaycan və Ermənistan liderlərinin poçtuna daxil olan məktublarda, Prezident Donald Trampa təşəbbüsə görə edilən təşəkkür mesajlarında yalnız təqdirəlayiq ifadələr yer almaqdadır. Dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Vaşinqtonda baş verənləri “tarixi hadisə” adlandırırlar. Bəziləri vaxtilə sülh prosesinə verdikləri töhfəni xatırladır, kimisi də gələcək üçün öz dəstəyini təklif edir. Misal üçün, ATƏT rəsmisi deyir ki, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları 8 avqust Bəyannaməsinin reallaşmasında öz üzərinə düşəni etməyə hazırdır. Paradoksal vəziyyət yaranır. İki liderin imzaladığı həmin Bəyannaməyə görə, bu təşkilatın bundan sonra icra edə biləcəyi ən faydalı iş ancaq bədnam Minsk qrupunun ləğvidir. Münaqişənin həlli üçün beynəlxalq vasitəçilik mandatı verilmiş bu qurumun işi 30 ilə yaxın müddətdə Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışmaqdan ibarət olub.
Maraqlı açıqlamalardan biri də Fransa senatının üzvü Natali Quleyə məxsusdur. Rəsmi Parisin erməni lobbisinə xidmət etməsi səbəbindən oyundankənar vəziyyətdə qaldığına təəssüflənən madam Qule ölkəsinin tezliklə Azərbaycanla münasibətlərini yaxşılaşdıracağına ümid etdiyini bildirib.
Bəli, dünənədək İrəvanla sülh danışıqlarında Bakını güzəştlərə məcbur etmək, təzyiq göstərmək üçün min oyundan çıxanlar bu gün reallığı qəbul etməyə məcbur oldular. İndi onlar Vaşinqton razılaşmalarını təqdir etdiklərini bildirir, hətta alqışlayırlar. Bəli, tarix Azərbaycan liderinin timsalında təzyiqi təqdirə çevirməyin mümkünlüyünə şahidlik elədi. Bu, qalib Prezident, regiona sülh gətirən İlham Əliyevin, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir.
Prezident İlham Əliyevin Vaşinqton səfəri, orada imzalanan birgə sənədlər həm də Azərbaycanofobiya xəstəliyinə tutulmuş Fransa Prezidenti Makronun, keçmiş qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, “Amnesty International”, “Human Rights Watch” kimi üzdəniraq təşkilatların, erməni lobbisinin, ANCA-nın, Azərbaycanı sanksiya, təcridlə hədələyənlərin, Borellərin, Frenk Pallonelərin, Adam Şifflərin iflasıdır. Həm də tam və qəti iflası.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– Azərbaycana qarşı Bayden administrasiyasının təşkil etdiyi, Blinkenin icra etdiyi ssenarilərin məqsədi ölkəmizin “qəsbkar”, “aqressiv”, “sülhdən yayınan” imicini yaratmaq idi. Amma rəsmi Bakı hələ o zaman bu və ermənipərəst digər qüvvələrin siyasi təxribatlarını neytrallaşdırmağı bacardı. Baxmayaraq ki, belə təzyiqlər Avropa Parlamenti, ABŞ Senatı kimi böyük nufuza yüksək mənsəbə malik siyasi institutların qəbul etdikləri bəyanatlar, qətnamələr formasında edilirdi. Aydın məsələ idi ki, bundan məqsəd Azərbaycanın danışıqlarda mövqeyini zəiflətmək, onların tələbləri ilə razılaşmaq idi.
İndi isə Azərbaycanın qarşısında məqsədə çatmaq üçün fərqli bir missiya vardı: Amerika Birləşmiş Ştatları ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq. O zaman Bakının İrəvana qarşı haqlı tələblərini eşidəndə təkcə Rusiyada, Avropada deyil, həmin ABŞ-da üzlərini turşuduanlar bu gün Azərbaycanın sülh gündəliyini dəstəkləyirlər. Donald Tramp administrasiyası Bakının irəli sürdüyü və ardıcıllıqla riayət etdiyi sülh formatını birmənalı şəkildə dəstəklədi. Avqustun 8-də Vaşiqntonda imzalanmış sənədlərdə Azərbaycanın bütün tələbləri öz əksini tapdı. Həmin prinsiplər təkcə Paşinyanın deyil, eləcə də ABŞ prezidentinin imzası ilə də təsdiqləndi.
Azərbaycan ABŞ-la münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Regionda balansın gözlənilməsi bölgə ölkələrinin müstəqilliklərinin möhkəmləndirilməsi üçün olduqca vacib amildir. Yəni, Rusiya və İranın bölgədə dominantlıq istəklərinə qarşı ABŞ nüfuzu və imkanları həm Azərbaycan, həm Ermənistan, həm də Ermənistan üçün güclü dəstəkdir. Bu dəyişikliklər Azərbaycan Prezidentinin apardığı düzgün və ardıcıl siyasətin nəticəsində baş verdi. Hesab edirəm ki, Vaşinqton görüşünün müsbət nəticələri həm də İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin bəhrəsi sayılmalıdır.
Tofiq ABBASOV,
siyasi icmalçı
– Rəsmi Bakının yanaşması ondan ibarətdir ki, dövlətlərarası münasibətlərə bərabərhüquqluluq prinsipi hakim kəsilməlidir. Əgər bu prinsip pozulursa, həm balans pozulur, həm də digər tərəfdən dialoq monoloqa çevrilir. Bu o deməkdir ki, bir tərəf qarşı tərəfi eşitmək istəmir, hətta ona öz niyyətini sırımağa çalışır. Həm də onu özündən aşağı səviyyədə görür. Amma Bakı həm qonşuları, həm Avropanın siyasi institutları, həm də ABŞ-la münasibətləri qarşılıqlı anlaşma və etimad mühiti formalaşdıraraq, birgə səylərlə lazımi nəticələri əldə etdi. Amma əvvəllər nə görürdük? Bəzi güc mərkəzləri Azərbaycanın bu sağlam yanaşmasına, ədalətli və obyektiv şərtlərinə göz yumub, bizə təzyiq göstərməyə, hətta aşağılamağa çalşırdılar. Təbii ki, bu cür zərərli yanaşma heç vaxt özünü doğrulda bilməzdi və sonda belə də oldu. Avropa İttifaqı, Fransa, yaxud Bayden administrasiyası açıq-aşkar təhrikçi mövqe tutmaqla özlərini biabır etdilər. Azərbaycan hakimiyyəti bütün bunlara soyuqqanlı yanaşmaqla öz maraqlarını qoruyub saxlaya bildi. Və sübut etdi ki, biz heç bir təzyiqin, diktatın qarşısında təslim olmayacağıq. Əksinə, onlarla mübarizə apardıq.
Vaşinqton görüşü göstərdi ki, rəsmi Bakı son dərəcə rasional və praqmatik davranışla təkcə öz maraqları uğrunda deyil, eyni zamanda, dünya birliyi qarşısında böyük bir öhdəliyi boynuna götürərək nəticələrin əldə olunmasında aparıcı rol oynadı. Hamı gördü ki, Azərbaycanın bölgədəki vəziyyətlə bağlı mövqeyi digərlərindən həmişə öndə və üstün olub. ABŞ görüşləri təsdiqlədi ki, bütün bu proses Azərbaycan Prezidentinin ssenarisi üzərində qurulub və o, çox böyük uğur qazandı. Azərbaycan təhlükəsizliyin istehsalçısı kimi bütün dünya qarşısında alnıaçıq və üzüağdır.
Bəli, Ermənistanla müqayisədə Azərbaycan daim fərqli mövqedə olub. Rəsmi İrəvan öz xalqına problemlər yaşatmaqla məşğul olanda, Bakı yeni münağişələrin qarşısını almağa çalışırdı. Əgər İrəvan İkinci Qarabağ müharibəsi bitən kimi sağlam mövqe tutsaydı, bu gün bölgədə fərqli durum olardı. Sülh prosesini sabit relslər üzərinə qoyan Azərbaycandır. Ermənistan hakimiyyəti bunu gec də olsa başa düşdü.
İmran BƏDİRXANLI
XQ