Şahramanyan və Poprişin

post-img

Yaxud İstintaq Komitəsindən dəlixanaya uzanan yol

Dahi Nikolay Qoqolun “Dəlinin gündəliyi” povestində baş qəhrəman Poprişin tədricən ağlını itirir və özünü İspaniya kralı elan edir. O, əslində, adi kiçik məmurdur, lakin uydurma və xəyal dünyasında yüksək vəzifəli, güclü bir şəxs olduğunu düşünməyə başlayır. Əsərdə şizofrenik dezinteqrasiyanın, sosial təcridin və sistemin insan psixikasını necə əzdiyi incə bir satira ilə verilir.

Əslində, Ermənistanda da oxşar durum müşahidə edilir. Söhbət konkret olaraq ölkədəki “Artsax” mövzusundan gedir. İndi necə düşünək? Düşünək ki, hazırda Ermənistan hakimiyyəti poprişinlərlə məzələnir? Hərçənd erməni hakim komandasının, ilk növbədə, öz daxilindəki şizofrenlərdən qurtulması vacibdir. Daha doğrusu, onun özünün islahı mütləqdir.

Əlqərəz, artıq canını tapşırmış Qarabağdakı separatçı rejimin qondarma “prezidenti” Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsində dindirilib. Bu barədə məlumatı vəkili Roman Eritsyan verib. Onun sözlərinə görə, Şahramanyan “Hərbi xidmətdə səhlənkarlıq” və “Döyüş vasitələrinin düşmənə verilməsi və ya tərk edilməsi” maddələri üzrə başlanan cinayət işi çərçivəsində şahid statusundadır. Amma hələlik...

Qeyd edək ki, belə bir cinayət işinin başlanmasına səbəb separatçı rejimin “müdafiə naziri” olmuş Samvel Babayanın Ermənistanın İctimai Televiziyasında səsləndirdiyi bəyanatlar və 2023-cü il 6 oktyabr tarixli müraciəti olmuşdur. Babayan “Artsax”ın keçmiş və “hazırkı” rəhbərlərini “ölkəni” təslim etməkdə və vəzifə səhlənkarlığında ittiham etmişdir. O, bu şəxslərin Ermənistan ərazisinə daxil olduqları anda cinayət məsuliyyətinə cəlb olunmalarının vacibliyini vurğulamışdı.

Xatırladaq ki, daha əvvəl “Armlur.am” saytı öz mənbələrinə istinadən məlumat yaymışdı ki, S.Şahramanyan 5–6 dəfə Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinə dindirilməyə çağırılıb və onun barəsində həbs-qətimkan tədbiri seçilməsi ehtimalı istisna olunmur. Onu da bildirək ki, sözügedən cinayət işi hələ 2023-cü ildə açılmışdı. Lakin S.Şahramanyan ilk dəfə yalnız iki il sonra, yəni 2025-ci ildə dindirilir. Halbuki, ilkin mərhələdə dindiriləcək ilk şəxslərdən biri olmalı idi. Elə bu məqam, istər-istəməz, suallara yol açır. Niyə Samvel, nəyə görə indi?

Məsələ ondadır ki, Ermənistanda son zamanlar “Artsax” mövzusu intensivlik əldə edib. Şahramanyanın da separatçı rejimin guya buraxılmadığını iddia edən fikirləri olub. Üstəlik, kimlərsə qurumun “parlament” sədrini, “prezidentini” seçmək qərarına gəliblər. Bütün bunlar rəsmi İrəvan tərəfindən idarə olunan proses deyil. Çünki onun öz avantürizm gündəmi və məqsədi var. Şahramanyan və onun kimilərinin ortaya düşmələri isə həmin gündəm və məqsədlərə zidd təmayüldür.

Yeri gəlmişkən, Ermənistanda davam edən hakimiyyət–kilsə ziddiyyətlərinin hazırda yüksək fazaya daxil olmasının səbəblərindən biri kimi də məhz “Artsax” mövzusu göstərilir. Nəzərə alaq ki, II Qaregin İsveçrədə dini tədbirdə məhz bu mövzunu qabartmış, faktiki olaraq, Qarabağ avantürizmi ilə bağlı diaspor həmrəyliyi yaratmağa çalışmışdı. Deməli, Ermənistanda müəyyən qüvvələr “Qarabağ kartı”nı diri tutmaq və onu iqtidara qarşı istifadə üçün səfərbər olmaqdadırlar. Səfərbərlik isə 2026-cı ilin parlament seçkilərinə hesablanıb.

Görünür, Şahramanyan da revanşist və şovinistlərin düşərgəsində yer almaqdadır. Bu səbəbdən onun bundan sonra istintaqa çağırılması mümkündür. Həbs ehtimalının artma səbəbi də elə budur. Axı baş nazir Nikol Paşinyan administrasiyası rəqiblərini sıradan çıxarmaqda israrlıdır. Bütün ermənilərin katolikosu II Qaregini çox amansızcasına aşağılayan, bu zaman bütün etik normaları aşan Nikol Samvelə nələr etməz ki?

Sonda əvvəldə vurğuladığımız məqama qayıdaq. “Dəlinin gündəliyi” povestinin baş qəhrəmanı Poprişin sonda dəlixanaya yerləşdirilir və orada özünü cəzalandırılmış kral kimi hiss edir. Məsələyə bu prizmadan yanaşsaq, Şahramanyan üçün ən yaxşı yer Ermənistan İstintaq Komitəsi yox, İrəvandakı psixiatrik dispanserlərdən biridir. Üstəlik, Samvellə birgə orada müalicə kursu keçməli olan çoxları var. Əlbəttə, Ermənistandakı “Qarabağ sevdalı” bütün psixi xəstələri müalicə etmək üçün məkan çatmaz. Bu məqsədlə ayrıca şəhərcik inşa olunmalıdır.

R.ƏVƏZ
XQ

Siyasət