...Xeyli müddət idi səsi eşidilmirdi. Əvvəllər tez-tez yerli və xarici media mənsublarına müsahibələr “paylayır”, Ermənistan–Azərbaycan şərti sərhədində “komandir” pozasında selfilər çəkdirirdi. Hərdən də “diplomat damarını” şişirdib iki ölkə arasında sülhün və atəşkəsin ən etibarlı təminaçısı olduqlarını, onlarsız sərhəd zolağında “qanın su yerinə axacağını” bəyan edirdi. Yəqin diqqətli oxucular söhbətin kimdən getdiyini başa düşdülər. Bəli, yazımızın “qəhrəmanı” Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının almaniyalı rəhbəri Markus Ritterdir.
Əgər unutmamısınızsa, Almaniya polisinin sabiq əməkdaşı, polkovnik Ritter rəhbərlik etdiyi missiyanın gələcək fəaliyyətindən, məramından söz açarkən bildirirdi ki, müşahidəçilər sərhəd kəndlərində məktəblərə baş çəkərək şagirdlərlə söhbətlər aparır, onlara nə işlə məşğul olduqlarını, Avropa İttifaqının hansı məqsəd daşıdığını izah edirlər. Başqa sözlə, o, özlərinin bölgədə missionerlik fəaliyyəti göstərdiklərini dolayısı ilə etiraf etmişdi. O zaman ideoloq Ritter bunları da demişdi: “Biz bu fəaliyyəti genişləndirmək istəyirik. Gələcəkdə işimizi təkcə məktəblərə baş çəkməklə deyil, həm də Avropa ideyasını təbliğ etmək üzərində quracağıq. Hər kəsə bildirmək istəyirik ki, biz casusluq, kəşfiyyat fəaliyyəti və ya başqa bir işlə məşğul deyilik. Biz bu bölgəyə sabitlik gətirməyə kömək göstərmək istəyən mülki, silahsız missiyayıq”. Yəni “qarğa məndə qoz var” məsəli...
...Sonra üzə çıxacaq ki, Markus Ritterin dəstəsi heç də silahsız deyil. Onlara hətta sutkanın qaranlıq vaxtında sərhədboyu kəşfiyyat aparmalarından ötrü gecəgörmə cihazları da verilibmiş. Mülki müşahidə missiyasının Qazaxla sərhəddən İran ərazisinə qədər quraşdırdığı müşahidə qüllələrinin funksiyası barədə isə baş sındırmağa dəyməz. Hər şey elə uzaqdan göründüyü kimi aydındır.
Ritterin “binokllu diplomat-kəşfiyyatçıları” barədə təzə xəbər ondan ibarətdr ki, onun doğma vətəni Almaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı Departamentinin rəhbəri Matias Vollertin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Almaniyanın Cənubi Qafqaz regionundakı səfirlərindən ibarət heyətlə görüşmək Ritter üçün böyük şərəf sayılmalıdır. Bir gün əvvəl isə avropalı rəsmi qonaqları Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan qəbul edib. “Tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişi məsələsinə, eləcə də Ermənistan–Türkiyə münasibətlərinin nizamlanması prosesinə” toxunublar. Hayların hökumətinin yaydığı rəsmi məlumatda belə deyilir.
Qeyd edək ki, Matias Vollertin başçılıq etdiyi Almaniya nümayəndə heyəti İrəvana səfəri zamanı rəsmi Ermənistana maliyyə köməyi məsələsi də müzakirə mövzusu olub. Həmin görüşdən dərc olunmuş fotolardan görünür ki, nümayəndə heyətinə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, Ermənistandakı Klaudiya Buş və Gürcüstandakı səfiri Peter Fişer daxildir.
...O da məlum olur ki, Aİ özünün Ermənistandakı mülki monitorinq missiyasını Cənubi Qafqazda sabitliyin təşviqi üçün faydalı alət kimi görür. Bu fikrin nə qədər gülünc səsləndiyini bundan əvvəlki yazılarımızda vurğulamışdıq. Axı, hətta bölgədən uzaq müşahidəçilər belə avropalı “monitorinqçilərin” missiyasının Ermənistanı ya sərhəddə baş verə biləcək insidentlərdən, ya da kənar təhlükədən qorumaq olmadığını yaxşı başa düşürlər. Markus Ritterin başçılıq etdiyi Aİ kəşfiyyatçılarının, bütövlükdə, “kollektiv Qərb”in Cənubi Qafqazda “daimi qonaq olmaq” avantürasının icraçıları qismində çıxış etdikləri artıq hər kəsə məlumdur. Məhz buna görə polkovnik-ideoloq Ritter, bir növ, minnət qoyurmuş kimi deyir ki, onun rəhbərlik etdiyi missiya bölgəyə Ermənistan hakimiyyətinin dəvəti ilə gəlib. Yəni, buradan nə vaxt gedəcəklərinə də rəsmi İrəvan qərar verəcək...
İmran BƏDİRXANLI
XQ