Paşinyanın əsas məqsədi və hakimiyyətə qarşı “dini savaş”
Ermənistanda hakimiyyət-kilsə mübarizəsi davam edir. Baş nazir Nikol Paşinyan məsələni daha konkret qoyur. Təxminən belə: Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin bakirlik andını pozubsa və övlad sahibidirsə, postunu tərk etməlidir. Hər şey bu qədər sadədir. Amma sadəlikdə mürəkkəblik çalarları istisna deyil. Çünki hazırda yaşananlar əvvəldə baş vermiş insidenti xatırladır. O insidenti ki, nəticə etibarilə Paşinyanın qələbəsi ilə başa çatmışdı. Bu barədə sonda söz açacağıq. Hələlik isə...
***
İstər-istəməz, sual olunur: görəsən, Ermənistanda müzakirəyə çıxarılacaq başqa mövzu yoxdur ki, baş nazir keşişlərin şəxsi həyatına qarışır? Əlbəttə, Nikol durumu şəxsi həyata müdaxilə kimi qiymətləndirmir. O deyir ki, bütün ermənilərin katolikosunun şəxsi həyatı ola bilməz və bu, həm də dövlət məsələsidir: “Mən Erməni Apostol Kilsəsinin davamçısı kimi bu məsələni qaldırıram. Çünki mənəvi təhlükəsizlik durumunu görürəm. Bunu Ermənistan Respublikasının baş naziri kimi də deyirəm. Çünki dövlət təhlükəsizliyi məsələsi də var. Müqəddəs Eçmiədzin vəziyyətlə bağlı öz mövqeyini aydınlaşdırmalıdır.”
Yəni Eçmiədzin deməlidir ki, II Qaregin övlad sahibidir, ya yox? Yaxud övlad sahibidirsə, postunda qalması mümkündürmü? Bu suallar fonunda ortaya bir həqiqət çıxır – Ermənistanda bir çox şeylər saxta və səmimiyyətdən uzaq olduğu kimi, dinə yanaşma da eyni cürdür. Əlbəttə, rəzil və miskin durumdur. Paşinyanın ifşa etdiyi məhz budur. Ancaq o da görünür ki, Ermənistanda bir çoxları mövcud reallıqla baş-başa qalmaq istəmir.
Nikol II Qareginin qanunsuz övlad sahibi olmasından söz açır, ancaq elə təsəvvür var ki, kimlərsə məsələni ört-basdır etməkdə israrlıdır. Bunun üçün müxtəlif tezislər uydurulur. Guya, Nikol Azərbaycanın və Türkiyənin sifarişini yerinə yetirirmiş, Ermənistanın dövlət əsaslarını parçalamaq niyyətində imiş və sair.
Əlbəttə, Paşinyanın kilsəni, xüsusən II Qaregini neytrallaşdırmaq istəyinin olduğu məlumdur. Bunu tam əminliklə söyləmək mümkündür. O Qaregin ki, Nikol indiyədək onu postundan uzaqlaşdırmaq üçün çox vasitələrə əl atıb. Ancaq istəyinə çata bilməyib. İndi isə baş nazir din xadimini, belə demək mümkünsə, öz müqəddəsliyi ilə vurur. Durum ciddidir. Bir anlıq təsəvvür edək ki, II Qareginin övladının olmadığı üzə çıxır. O zaman Paşinyan çox pis vəziyyətə düşəcək. Hətta elə pis vəziyyətə ki, onun fəsadları hakimiyyətinin belə laxlamasına gətirəcək. Hər halda, Nikol Ermənistanın baş keşişinə qarşı ittiham irəli sürəndə bunları düşünməmiş olmazdı. O, əbəs yerə özünü biabır etmək istəməz.
Bəli, Paşinyan kilsəni və II Qaregini neytrallaşdırmaq istəyində məntiq və prinsip var – keşiş ailə qurmamalı, övlad sahibinə çevrilməməlidir. Əgər o, dünyəvi həyata keçmək istəyirsə, din xadimliyindən uzaqlaşmalıdır. Ancaq tələbin səslənməsinədək olan durumu nəzərə almalıyıq. Yəni, Nikol konkretliyə birdən-birə keçmədi, bir növ, şans verdi. O, mayın 29-dan başlayaraq özünün “Facebook” səhifəsində ruhanilik üzərinə “səlib yürüşünə” çıxanda ümumi şəkildə yazdı ki, bakirlik andını pozanlar öz xoşları ilə tutduqları postdan uzaqlaşsınlar, rüsvay duruma düşməsinlər.
Aydındır ki, baş nazir II Qareginə eyham vururdu. Bəs ikinci istefa verə bilərdimi? Hesab edirik ki, bu, müəyyən mənada mümkün idi. Məsələn, II Qaregin populizmi işə salaraq deyə bilərdi ki, ali hakimiyyət nümayəndəsinin kilsənin timsalında müqəddəsliyə hörmətsiz yanaşdığı ölkədə baş keşiş olmaq istəmir. Bu, erməni cəmiyyətinin dini hisslərinə daha ciddi təsir göstərə bilərdi. Hətta, Nikola qarşı hərəkatın başlaması da mümkün idi.
Ancaq II Qaregin taxtdan möhkəm yapışmaq və mübarizə aparmaq qərarına gəldi. Bu, onun iddiasından və hikkəsindən qaynaqlanır. İddia və hikkə o qədər böyükdür ki, II Qaregin və tərəfdarları özlərini həqiqətin təhrifinə kökləyiblər. Ona görə də baş keşişlə övladının olub-olmadığını aydınlaşdırmaq istəyən yoxdur. Normalda bu soruşulmalıdır. Axı ittiham irəli sürən adi biri yox, baş nazirdir.
***
Məqsədimiz heç də Nikola haqq qazandırmaq deyil. Çünki baş nazirin indiki durumda ruhaniyyətə qarşı cəbhə açmasının, nalayiq ifadələrə yol verməsinin erməni mənəvi dünyası üçün son dərəcə acınacaqlı durum formalaşdırdığı bəllidir. Acınacaqlı durum Paşinyanı, az qala, kafirlikdə günahlandıranların meydana atılmasıdır. Şübhəsiz, mövcud kəsim, bilavasitə, kilsə tərəfindən idarə olunur. Nikolu “gilyotinə çəkmək” istəyənlərin bir qismi isə revanşist və şovinistlərdir ki, onların da mənəvi sığınacaq yeri məhz ruhanilikdir. Yəni, belələri hakimiyyətdə olduqları müddətdə çıxardıqları hər cür oyunbazlığın, törətdikləri ən sərsəm əməllərin bəraətini II Qareginə sığınmaqda görürlər. Durum orta əsrlər dövrünə xas “kilsə günahı satır, sonra bağışlanmasını” deyimini xatırladır.
Əlqərəz, baş nazirə dinsizlik damğası vuranlar onun kilsəni hədəfə alan bəyanatları ilə əlaqədar Korrupsiyanın Qarşısının Alınması Komissiyasına şikayət təqdim ediblər. Bu barədə məlumatı Ermənistan Vəkillər Akademiyasının rektoru Ara Zohrabyan verib. Şikayətdə bildirilib ki, Paşinyan vəzifəsini icra edərkən “Dövlət qulluğu haqqında” qanunla müəyyənləşmiş davranış prinsiplərinə riayət etməyib. Bu prinsiplər isə xalqa xidmətin dərki, ictimai maraqlara sadiqlik, nəzakətlilik və hörmət, vicdanlılıq və obyektivlikdir. Sən demə, Nikol qaydaları pozub, diskriminasiya xarakterli münasibəti, kobud və kinayəli ifadələri ilə ali rütbəli din xadimlərinə — xüsusən II Qareginə və yepiskop Mikael Adçapaxyana qarşı hörmətsizlik edib, həmçinin Erməni Apostol Müqəddəs Kilsəsinin müstəqil idarəçiliyinə müdaxilə cəhdi göstərib.
***
Yeri gəlmişkən, qeyd edək ki, Erməni Apostol Müqəddəs Kilsəsi barədə Ermənistan konstitusiyasında da müvafiq müddəa yer alıb. Daha doğrusu, sənəddə kilsənin statusu və rolu xüsusi şəkildə təsbit olunub. Ən son 2015-ci il dəyişikliklərinə əsasən, məsələ konstitusiyanın 8.1-ci maddəsində əksini tapıb. Həmin maddə Ermənistanın dünyəvi dövlət olduğunu bəyan etməklə yanaşı, Erməni Apostol Kilsəsinin milli kimlik və mədəniyyətin qorunmasındakı müstəsna rolunu tanıyır, eyni zamanda digər dini təşkilatların fəaliyyət azadlığını təmin edir və dövlətlə kilsə arasında olan münasibətlərin qanunla tənzimlənə biləcəyini vurğulayır. Əlavə olaraq, 2007-ci ildə qəbul edilmiş “Ermənistan Respublikası ilə Erməni Apostol Müqəddəs Kilsəsi arasında münasibətlər haqqında” qanun da var ki, sənəd sözügedən kilsənin hüquqi statusunu, dövlətlə münasibətlərini və fəaliyyət sahələrini daha ətraflı şəkildə müəyyənləşdirir.
Qanun kilsənin milli mədəniyyətin qorunması, dini təhsil, xeyriyyəçilik və digər sahələrdəki fəaliyyətlərini tənzimləyir. Paşinyana qarşı cəbhə açanlar isə baş nazirin bu sənədin də müddəalarını pozduğunu iddia edirlər. Onlar bildirirlər ki, qanunun 2-ci hissəsinin 2-ci bəndinə əsasən, Ermənistan Respublikası Erməni Müqəddəs Apostol Kilsəsinin iyerarxiyası daxilindəki özünüidarəsini tanıyır. Deməli, gözlənilir ki, Korrupsiyanın Qarşısının Alınması Komissiyası məsələ üzrə araşdırma başlatsın və Paşinyanın davranış qaydalarını pozduğuna dair nəticəyə gəlsin.
***
Sonda əvvəldə vurğuladığımız məqama qayıdaq. Məsələ ondadır ki, Paşinyan-kilsə mübarizəsi fonunda yaşananlar 2019-cu ildə baş nazirlə Konstitusiya Məhkəməsinin o zamankı sədri Hrayr Tovmosyan arasında yaşanmış qarşıdurmanı xatırladır. Diqqət yetirək, Paşinyan kilsəni köhnənin qalığı hesab edir və fikrində haqlıdır. Zamanında Tovmosyan da təxminən indi II Qareginin üzləşdiyi durumla üzləşmişdi. Paşinyan onu sabiq rejimin nümayəndəsi və korrupsiya sisteminin müdafiəçisi kimi qələmə vermişdi. Nikol, hətta Tovmosyanın vəzifəyə saxta yolla seçildiyini də iddia etmişdi. Buna cavab olaraq, sabiq sədr baş nazirə qarşı məhkəmə iddiası qaldırmış, ondan üzr istəməsini və böhtan xarakterli ifadələrin təkzib edilməsini istəmişdi.
Ümumən, Paşinyan və komandası Konstitusiya Məhkəməsinin tərkibini dəyişdirmək məqsədilə referendum keçirmək təşəbbüsü ilə çıxış etmişdi. 2020-ci ilin fevralında Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin sədrinin və üzvlərinin vaxtından əvvəl istefa vermələri tələbi ilə referendum keçirilməsi barədə qərar çıxarmışdı. Sabiq prezident Armen Sarkisyan da məsələyə dair sərəncam imzalamışdı.
2020-ci ilin iyun ayında Ermənistan parlamenti 2015-ci il konstitusiya islahatlarından əvvəl təyin olunmuş Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətlərini məhdudlaşdırmaq üçün konstitusiya dəyişiklikləri qəbul etmişdi. Bu dəyişikliklərə əsasən, H.Tovmasyan sədr vəzifəsindən uzaqlaşdırılsa da, daha 10 il müddətinə sıravi hakim kimi fəaliyyətini davam etdirmək hüququnu saxlamışdı. Dəyişikliklər Tovmasyan və digər hakimlər tərəfindən siyasi motivli addım kimi qiymətləndirilmiş və onlar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmuşdular. Sözügedən məhkəmə isə konstitusiya dəyişikliklərinin icrasını dayandırmaq üçün müvəqqəti tədbirin tətbiqi tələbini rədd etmişdi.
Digər tərəfdən, Tovmasyan 2010–2014-cü illərdə ədliyyə naziri vəzifəsində çalışdığı dövrdə səlahiyyətlərindən sui-istifadədə ittiham olunmuşdu. 2024-cü ilin sentyabrında məhkəmə onu iki maddə üzrə təqsirli bilsə də, cinayət məsuliyyətindən azad etmişdi. Çünki iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti başa çatmışdı.
Başlıca məqam isə budur ki, H.Tovmasyanın vəzifədən uzaqlaşdırılması Ermənistanın 2018-ci ilin “məxməri inqilab”ından sonra həyata keçirilmiş islahatların və siyasi dəyişikliklərin bir hissəsi kimi qiymətləndirilir. Hazırda II Qareginə qarşı kampaniya da əslində Paşinyan hakimiyyətinin siyasi dəyişiklik əzminin növbəti təzahürüdür. Bu dəyişikliyə ehtiyac isə böyükdür. Çünki 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək.
Tam əminliklə deyə bilərik ki, Paşinyan və tərəfdarları indidən prosesə hazırlığa başlayıblar. Onlar ölkənin eks rəhbərliyinin hərəkətə keçdiyini görürlər. O rəhbərliyin ki, ideoloji ruporları rolunda çıxış edən məhz II Qaregindir. Deməli, Nikol maksimum dərəcədə onu cəmiyyətin gözündən salmalıdır. Bunun üçün baş nazirin seçdiyi üsul isə bir fürsətdir. Onu da nəzərə alaq ki, Nikol fürsəti dəyərləndirmək üçün hər cür həyasızlığa baş vurmaqda püxtələşib.
Ə.CAHANGİROĞLU
XQ