Qatarlar Zəngilandan keçib Naxçıvana yetişəcək

post-img

Zəngəzur dəhlizi, onun regional əhəmiyyəti Türkiyə mətbuatının da aparıcı mövzularından biridir və müntəzəm olaraq kütləvi informasiya vasitələrində bununla bağlı fikirlər bildirilir, məqalələr dərc edilir. Türkiyənin Zəngəzur dəhlizinə maraq göstərməsi bir sıra ölkələri ciddi narahat edir və onlar layihənin reallaşmasına mane olurlar. Həmin ölkələrin nədən narahat olması məlum məsələdir, sadəcə olaraq, onlar, guya, Ermənistanın maraqlarının müdafiəçisi rolunda çıxış etməklə maskalanmaq istəyirlər.

Bir neçə gün əvvəl qardaş ölkənin aparıcı nəşrlərindən birində “Zəngəzur dəhlizinə qarşı birləşdilər: Bu reallaşarsa, Türkiyənin nüfuzu dəfələrlə artacaq” başlığı ilə dərc olunan məqalədə yenidən bu mövzuya toxunulub. Vurğulanıb ki, bu layihənin həyata keçirilməsi bir sıra regional oyunçuların, xüsusən Hindistanın da ciddi narahatlığına səbəb olur.

Diqqətə çatdırılır ki, Ermənistanın cənubu vasitəsilə Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirməli olan Zəngəzur dəhlizinin işə salınması Türkiyənin Türk dünyasına – Qafqazdan Orta Asiyaya birbaşa quru çıxışını təmin edəcək. Bu da öz növbəsində Ankaranın bölgədəki mövqeyini xeyli gücləndirəcək.

Hindistanın da layihəyə qarşı müqavimət göstərməsinə səbəb olan əsas amil budur. Buna görə də Nyu-Dehli Zəngəzur dəhlizinin reallaşmasını istəmir. Bu Hindistan mediasının yazdığı xəbərlərdən də aydın seçilir. Qeyd olunur ki, dəhliz Avrasiyada qüvvələr balansını kökündən dəyişdirə və son illər fəal şəkildə İranın Çabahar limanı və Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Avropaya alternativ nəqliyyat marşrutu yaratmaq üzərində çalışan Hindistan, İran və Ermənistanın maraqlarını poza bilər. Həmçinin Zəngəzur dəhlizi Türkiyə və Azərbaycan üçün təkcə Cənubi Qafqaz və Mərkəzi Asiyada deyil, həm də uzunmüddətli perspektivdə – Cənubi Asiyada təsir imkanlarını genişləndirmək üçün strateji alət kimi görünür.

Bu fonda Hindistan, İran və Ermənistan Türkiyə – Azərbaycan təşəbbüsləri ilə rəqabət apara biləcək alternativ logistika zəncirlərinin inkişafı üçün birgə fəaliyyətini davam etdirirlər. Məqalədə qeyd olunur ki, Zəngəzur dəhlizi ətrafında qarşıdurma getdikcə böyük dövlətlərin və regional oyunçuların maraqlarının kəsişdiyi geosiyasi rəqabət xarakteri alır.

Əlbəttə, bu, bir həqiqətdir ki, Zəngəzur dəhlizi Azərbaycanı yalnız Naxçıvan ilə birləşdirəcək quru əlaqəsi deyil. Eyni zamanda, Türkiyə üzərindən Türk dünyasına uzanan yeni bir inteqrasiya xəttidir. Bu dəhlizin tez bir zamanda açılması Qafqazda nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Türk dünyasının bölgədəki nüfuzunu, mövqeyini daha da möhkəmləndirəcək. Eyni zamanda, Cənubi Qafqazda davamlı sülhün və Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına birbaşa təsir göstərəcək.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də ondan ibarətdir ki, Azərbaycan bu dəhlizdən heç bir halda geri çəkilməyəcək. Göründüyü kimi, Zəngəzur dəhlizi bir neçə ölkəyə təsir edə biləcək strateji əhəmiyyətə malikdir. Ona görə Avrasiya məkanında bu dəhlizin reallaşmasında maraqlı olmayan qüvvələr var. Bu ölkələri qorxuya salan nədir?

Mövzu ilə bağlı Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov XQ-yə bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə Türk dünyasını birləşdirəcək. Türk dünyası birləşərək daha güclü və çevik olacaq. Amma bu dəhlizin açılmasını istəməyənlər başa düşsünlər ki, onsuz da Gürcüstan vasitəsilə Türk dünyası arasında əlaqə var. Yeri gələrsə bu əlaqələr daha da güclənəcək. Ona görə də Ermənistan bütün bunları yaxşı başa düşür. Düşünürəm ki, İran və Hindistandan fərqli olaraq, Ermənistan bu nəqliyyat qovşağı ilə bağlı başqa fikrə malikdir.

Politoloq qeyd edib ki, nəqliyyat dəhlizi ilə bağlı Hindistanın da öz təşəbbüsləri var. Bu, Türk dünyası ilə əlaqəli deyil, öz iqtisadi maraqlarını düşünürlər. Hindistan İran ilə, daha sonra İsrail, Misir vasitəsilə Aralıq dənizi üzərindən yol-nəqliyyat xəttinin açılmasında maraqlıdır. Eyni zamanda, Hindistan da cənub marşrutlarına üstünlük verir. Bu və ya digər şəkildə Hindistanda başa düşürlər ki, ortaq xətt olarsa, imkanları bir qədər azalacaq. Ona görə də çalışırlar ki, Çin – Hindistan – Avropa marşrutu işə düşsün.

Z.Məmmədov vurğulayıb ki, İran Zəngəzur dəhlizindən siyasi məsələlərə görə çəkinir. Ona görə ərazisindən keçən marşrut xəttinə üstünlük verməklə Azərbaycan və Türkiyəni özündən asılı vəziyyətə salmaq istəyir. Bu asılılıq ondan ibarətdir ki, Türkiyə Mərkəzi Asiyaya çıxmaq üçün İranın şimalından istifadə edir. Hərçənd başqa yollardan da istifadə edə bilər. Ona görə də Rəcəb Tayyib Ərdoğanın Laçında Zəngəzur dəhlizi ilə bağlı fikirləri və “İranın da bu məsələdə normal baxışının olması vacibdir” deməsi xüsusi diqqət çəkir. Bu o deməkdir ki, hazırda Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi ilə bağlı Məsud Pezeşkiandan başqa cür yanaşma gözləyirlər.

Əlbəttə bu, ənənəvi İran yanaşmasından fərqli olsa, bölgədə arzuolunan kommunikasiya xətti ilə bağlı daha tez rəy verilə bilər. Hər bir halda biz bu gün görürük ki, beynəlxalq münasibətlər sistemində bütün problemlər kommunikasiya xətləri, ticarət yolları və enerji resusrlarının nəqli ilə bağlıdır. Görünən odur ki, Zəngəzur dəhlizi böyük və regional güclər arasında mübarizə və mübahisə predmeti olaraq qalır.

Azər MUSTAFAYEV

Siyasət