Bu gün XX əsrin əvvəllərində milli dövlətçilik tarixinin ən önəmli hadisəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ili tamam olur. Azərbaycan xalqının müstəqillik arzularının həqiqətə çevrilməsinin ifadəsi olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, tarixdə elə bir təməl yaratdı ki, 70 il sonra bu milli-məfkurəvi özül itirilmiş dövlətçiliyimizin yenidən bərpa edilməsi üçün siyasi-hüquqi zəmin oldu. Müsəlman Şərqinin ilk demokratik cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, on illər boyu totalitar kommunist rejimi bu məşəli söndürə bilmədi.
Ulu öndər Heydər Əliyev deyirdi: “XX əsr sona çatır. Bu əsrdə xalqımız bir çox mərhələlərdən, sınaqlardan, imtahanlardan keçib və nəhayət, öz milli azadlığına, dövlət müstəqilliyinə nail olubdur. Bütün bu mərhələlərdə Azərbaycan xalqını yaşadan, irəliyə aparan, xalqımıza güc, ruh verən, Azərbaycan xalqının görkəmli şəxsiyyətləri, böyük alimləri və dahi insanları olmuşdular”.
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə ümummilli lider Heydər Əliyev qeyd etmişdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyətini təmin edənlərin hamısını, Məmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Usubbəyovu, Həsən bəy Ağayevi, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvlərini və digərlərini böyük minnətdarlıq hissi ilə yad edirik: Onlar, həqiqətən, vətəndaşlıq şücaəti, öz xalqı qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi.
Rusiyada baş verən burjua-demokratik inqilabı (1917-ci il fevral) nəticəsində Çar imperiyasının süqutu onun müstəmləkə xalqlarına milli müstəqillik əldə etmək imkanı verdi. 1918-ci il fevralın 23-də yaranmış Zaqafqaziya Seymində Azərbaycanı təmsil edən deputatlar (Seymdə müsəlman partiyaları blokuna 44 deputat daxil idi), Azərbaycan Milli Şurasının üzvləri mayın 28-dən bir gün əvvəl yaratdıqları Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdilər. Bu bütün Şərq xalqlarının tarixində dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Avropanın şərqində yaranan ilk parlamentli demokratik respublika idi.
Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi “İstiqlal bəyannaməsi” yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Cəmi 23 ay fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilən çox ciddi tədbirlər nəticəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil bir dövlətin yaradılması böyük tarixi nailiyyət və tarixi hadisə idi.
Həlli vacib olan çox mühüm vəzifələrdən biri milli özünüdərk şüurunun formalaşdırılması, milli-mənəvi dəyərlərin, milli müstəqil dövlətçiliyinin bərpası, bu müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsidir. Bu işdə xalqımızın çoxəsrlik tarixinin heç bir konyukturadan asılı olmadan obyektiv, hadisələri təhrif etmədən olduğu kimi qiymətləndirilməsi, yazılması çox böyük əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev bununla bağlı yazır: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif də etmək olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinə qədərki dövrə – Azərbaycan, gürcü və ermənilərin Cənubi Qafqaz Komissarlığı və Cənubi Qafqaz Seymində göstərdikləri fəaliyyətə belə münasibət bildirmişdi: “O zaman hətta Zaqafqaziya ölkələrinin birlikdə dövlət müstəqilliyini elan etmək təklifləri də olmuşdur. Lakin Cənubi Qafqazdakı siyasi vəziyyət və aralarındakı ərazi mübahisələri Zaqafqaziya dövlətinin bir aydan artıq yaşamasına imkan verməmişdir”.
Həmin dövrün siyasi proseslərinin və hadisələrinin təhlilini verən Heydər Əliyev demişdi: “1918-ci il mayın 28-də xalqımızın qabaqcıl ziyalıları, Azərbaycanın gələcəyi haqqında düşünənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında Tiflisdə qərar qəbul etmiş və bu qərarı “İstiqlal bəyannaməsi” adı altında elan etmişlər”.
Ümummilli lider Heydər Əliyev özünün “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” 2001-ci il yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına etdiyi müraciətdə XX əsrdə xalqımızın əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını da qeyd etmişdir: “Belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi”.
Azərbaycanda o dövrdə – XIX əsrin sonu və XX əsrin əvvəllərində böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları idi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa edilməsi ilə bərabər millətimizin özünütəsdiq aktı idi. Çünki xalqın millət kimi formalaşmasının ən mühüm göstəricisi müstəqil milli dövlətin yaranmasıdır ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı buna nail ola bilmişdi. Milli dövlətçilik məsələsi millətin tarixi ilə sıx bağlı olan məsələ olduğundan görkəmli dövlət xadimi, fenomen tarixi şəxsiyyət Heydər Əliyev bu məsələyə həmişə böyük diqqət göstərmişdir.
Məhz ümummilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin Azərbaycan tarixindəki rolunu nəzərə alaraq öz siyasi kursunun həyata keçirilməsində, müstəqil Azərbaycan dövlətinin qurulmasında, demokratik milli dövlətçiliyin möhkəmləndirilməsi siyasətində Cümhuriyyətin mövcudluğu faktorundan istifadə etmiş, onun tarixinin öyrənilməsi və təbliğinə diqqət yetirmişdi. Heydər Əliyevin mövqeyi ilk dəfə xalqın arzusuna uyğun olaraq Cümhuriyyətin üçrəngli bayrağının yenidən Dövlət Bayrağı kimi qəbulunda göründü.
Ulu öndər Heydər Əliyev, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən aprel işğalına da siyasi qiymət verilməsini tələb edirdi. O, tələb edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük bir inqilabi hadisə kimi qəbul edilməli və Cümhuriyyətin devrilməsi və süqutunun obyektiv və subyektiv səbəbləri də ciddi araşdırılmalıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı yaranan mürəkkəbliyi, çətinlikləri xatırladan Heydər Əliyev demişdir: “Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz normal fəaliyyətini davam etdirilməsinə imkan verməmişdir. Rusiyadakı bolşevik hökuməti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək, Azərbaycanda istilaçılıq hərəkətinə başlamışdı. Respublikanın daxilində o cəhdləri dəstəkləyən qüvvələr azərbaycanlı olmamışlar. Eyni zamanda Cümhuriyyətin hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr onun süqut etməsinə gətirib çıxarmışdır”.
1920-ci ilin əvvəllərində Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təxribatlara əl atmağa başladı. Məqsədləri Azərbaycanda Cümhuriyyətin fəaliyyətinə son qoymaq və bolşevikləri hakimiyyətə gətirmək idi. Bu məqsədlə də Azərbaycanın işğalını tezləşdirmək üçün respublikada milli bolşeviklərdən – kommunistlərdən ibarət Bolşevik Partiyası (AK(b)P) təsis edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun obyektiv səbəblərini Ulu öndər belə ifadə etmişdi: “Güclü xarici müdaxilələrə məruz qalan Xalq Cümhuriyyəti belə şəraitdə yaşaya bilməzdi. Xalq Cümhuriyyətinin süqutu onun rəhbərlərinin günahı deyil, Cümhuriyyətin süqutunun əsas səbəbi Sovet qırmızı ordusunun Azərbaycana daxil olması və Cənubi Qafqazı işğal etməsi idi”.
Azərbaycan 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri və himni bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində rolu Heydər Əliyev belə dəyərləndirmişdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır... Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk”.
Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, “XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin kökləri uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır”. Müstəqil Azərbaycan dövləti sözün tam mənasında azadlıq və demokratiya prinsipləri əsasında demokratik cəmiyyət qurur.
Dahi şəxsiyyət Heydər Əliyev qeyd edirdi ki, “Müstəqil Azərbaycan Respublikası heç vaxt öz torpaqlarını kiməsə verə bilməz. Biz torpaqlarımızı mütləq azad edəcəyik. Əgər sülh yolu ilə həll edilməsə, bizim bütün imkanlarımız, güclü ordumuz vasitəsilə bu məsələni həll edəcəyik”.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyev bəyan edirdi ki, “Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir. Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
Ulu öndər, həmçinin varislik prinsipini rəhbər tutaraq ordu və dövlətin müxtəlif strukturlarının yaranması tarixinin də məhz sovet dövründəki deyil, Cümhuriyyət dövründəki tarixdən götürməyi təklif etmişdi. Nəticədə həm təhlükəsizlik, həm daxili işlər, həm gömrük orqanlarının hər birinin tarixi Cümhuriyyət dövründəki tarix götürülməklə qeyd olunmağa başlandı. Heydər Əliyev qətiyyətlə bildirirdi: “Azərbaycan dövləti – Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli Sərəncamında da varislik prinsipi bir daha qeyd edildi. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı.
Təbii ki, 1993-2003-cü illərdə Heydər Əliyevin bu mövqeyi Cümhuriyyət tarixinin öyrənilməsi və tədqiqi prosesinə ciddi təsir etmişdir. Təsadüfi deyil ki, bu illər ərzində Azərbaycan tarixinin ən çox tədqiq olunan istiqamətlərindən bəlkə də birincisi Azərbaycan Xalq Cümhuriyyəti tarixi idi.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nitqində qeyd etmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və onu bir də o tarixdən 70 il sonra Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev qaldırmışdır.”
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə dövlət başçısı İlham Əliyev bildirmişdir ki, “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.
İbrahim ZEYNALOV,
Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı, professor