Azərbaycan müstəqilliklə bağlı iki tarixi qeyd edən azsaylı postsovet ölkələrindən biridir: 28 May – Müstəqillik Günü (keçmiş Respublika Günü) və 18 oktyabr – Müstəqilliyin Bərpası Günü. Bu bayramlar ölkəmizin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də dövlətimizin siyasi legitimliyinin, xalqımızın milli kimliyinin ərsəyə gəlməsində mühüm rol oynayır.
1917-ci ildə Rusiya imperiyası dağılandan bir müddət sonra, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti (ADR) elan edildi. Bu müsəlman dünyasında ilk dünyəvi parlamentli respublika idi. ADR mövcud olduğu 2 ildən az müddətdə dövlət quruluşunun əsaslarını və qanunverici orqan olan parlamenti yaratmağa, eyni zamanda, bütün vətəndaşlara, o cümlədən qadınlara bərabər hüquqlar tanımağa nail oldu. Lakin 1920-ci ilin aprelində “Qırmızı ordu” hissələri Azərbaycan sərhədlərini keçdilər və aprelin 28-də Bakıya daxil oldular. Həmin gün ADR ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan edildi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tarixində mühüm iz qoydu. Sonrakı illər, onilliklər isə ölkə həyatında Azərbaycan xalqının parlaq hadisələri və böyük nailiyyətləri ilə yaddaqalan əlamətdar mərhələləri təşkil edir. Məhz bütün bunlar birlikdə bugünkü müstəqil Azərbaycanın iqtisadi, intellektual və mədəni potensialını yaradıb. Amma bu potensial istər sovet dönəmində, istərsə də 1991-ci ildə müstəqillik aktı elan edildikdən sonrakı mərhələdə bir tarixi şəxsiyyətin müstəsna xidmətləri sayəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, tarixi şəxsiyyət, təbii ki, ulu öndər Heydər Əliyev idi və bu gün Azərbaycan Respublikasının müstəqilliyindən söz düşəndə ilk yada düşən də məhz bu fenomen siyasətçi olur.
Kim olursan ol, hansı dövləti idarə edirsən et, ağıl idarəçiliyin mühüm amili olaraq qalır. Siyasət də, iqtisadiyyat da, sosial strategiya da ağıl olmadan uğur qazanmayacaq. Bu mənada Heydər Əliyevdən əvvəl və ondan sonra, istər sosialist Azərbaycanının, istərsə də müstəqil Azərbaycanın idarəçiliyində bu amilin necə müstəsna rol oynadığına yetərincə dəlillər və arqumentlər göstərmək mümkündür.
Tarixçilər, hətta onun bədxahlarından olanlar belə təsdiq edirlər ki, Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyində çalışdığı vaxtlardan bu qurumu milliləşdirməklə ölkəsinin illər sonra qazanacağı müstəqilliyə töhfələr verməyə başlamışdır. 1969-1982-ci illərdə Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəsifəsində çalışdığı illərdə isə ölkəsinin sənaye potensial, milli hərbçi mütəxəssislər hazırlığından başlayaraq ən müxtəlif sahələr üçün kadr potensialını hazırlamaqla Azərbaycanı davamlı olaraq müstəqillik arzusunun reallaşdırılmasına doğru aparmışdır.
Həmin dövrə ötəri nəzər saldıqda belə heyrət etməmək mümkün deyil. Heydər Əliyev Azərbaycana ilk rəhbərliyi dövründə nəhəng neftayırma kompleksinin, müasir səviyyəli neft donanmasının yaradılmasını, keçmiş SSRİ-də analoqu olmayan Bakı Dərin Özüllər zavodunun tikintisini həyata keçirdi. Məhz onun şəxsi təşəbbüsü və səyləri ilə Bakı Elektrik Maşınqayırma, Məişət Soyuducuları zavodu, Radiozavod, Elektron Hesablayıcı maşınları zavodu, Sumqayıt Kompressorlar zavodu, Gəncə Büllur zavodu, “Azon”, “Alunit” zavodları və digər sənaye obyektləri inşa edilmişdir. Azərbaycanda elektrik enerjisi istehsalı 1,5 dəfə artmışdı. Elmi-tədqiqat institutlarında və ali məktəblərdə 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı, SSRİ-nin nüfuzlu ali təhsil məktəblərinə ildə 1400 nəfər, hərbi məktəblərə isə 1000-ə qədər gənc göndərilirdi. Saydıqlarım Heydər Əliyevin gördüyü işlərin kiçik bir qismidir.
Tarix göstərdi ki, onun müstəqillik üçün uzaq illərə hesablanan ən müstəsna xidmətlərindən biri Bakıda Cəmşid Naçıvanski adına Hərbi Məktəbin açılmasına nail olması idi. Heydər Əliyev dəfələrlə çıxışlarında bunu vurğulayırdı ki, bu məktəbin açılmasına necə ciddi maneələr yaradılırdı, ermənilər necə bunun qarşısını almağa çalışırdılar. Amma Heydər Əliyevin qətiyyəti qalib gəldi və hərbi məktəb fəaliyyətə başladı. Artıq müstəqillik illərində bizə aydın oldu ki, dahi şəxsiyyət 50 il sonrakı hadisələrin axarını görürmüş.
Beləliklə, SSRİ-nin süqutundan sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək bununla da suveren dövlət statusunu bərpa etdi. Amma bu, hələ ölkənin və millətin arzusunda olduğu əbədi müstəqillik yolunda kövrək bir addım idi. Çünki Azərbaycanın müstəqilliyə yolu 1988-ci ildə başlamışdı. Qırmızı imperiyanın taxtı ləngər vurmağa başlayanda və SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun, siyasi karyerasına həmişə həsədlə baxdığı və hakimiyyətdə özünə ən güclü rəqib hesab etdiyi Böyük Azərbaycanlı Heydər Əliyevi məcburən istefaya göndərəndən sonra Azərbaycanın ərazi bütölüyü və suverenliyi qonşu Ermənistan tərəfindən hədəfə alınmışdı. Ermənistanın bu istiqamətdə istənilən cəhdləri və addımları Mixail Qorbaçov başda olmaqla, dünyanın bir çox hegemon dövlətləri tərəfindən bütün vasitələrlə dəstəklənirdi…
Bu səbəbdən də 1993-cü ilə qədər müstəqilliyini yenicə elan etmiş Azərbaycan siyasi və hərbi süqut vəziyyətində idi. Qarabağ müharibəsi, respublikada silsilə çevrilişlər, sosial əlaqələrin pozulması və iqtisadi problemlər nəinki ölkənin müstəqilliyini, onun varlığını belə təhlükə altına alırdı. Təbii ki, bütün bunları yalnız Ermənistanın Azərbaycana təcavüzü ilə bağlamaq doğru olmazdı. Əlbəttə, bu gerçək bir fakt idi, amma daha ciddi problemlər ölkənin daxilində alovlanan hakimiyyət davası, maddi resurslara sahib olmaq uğrunda çəkişmələr və dövlət idarəçiliyinin başında naşı insanların olması idi.
Tarix dönə-dönə nümayiş etdirir ki, dövlət idarəçiliyi son dərəcə mürəkkəb sistemdə münasibətlərin tənzimlənməsi prosesidir. Bu, müxtəlif dərəcədə bütün xalqın, eyni zamanda, dövlətin maraq və ehtiyaclarını nəzərə alan qərarların qəbul edilməsinə aiddir. Bundan əlavə, verilən qərarların həyata keçirilməsinin nəticələrini qabaqcadan görə bilmək və onlara reaksiyanı proqnozlaşdırmaq vacibdir.
Müstəqillik dövrünün ilk illəri göstərdi ki, nə Ayaz Mütəllimov, nə AXC–“Müsavat” hakimiyyətinin rəhbərləri bütün bu tələblərə ağlı, siyasi düşüncəsi və iqtidarı çatan adamlar deyillər və bu səbəbdən ölkə xaos və anarxiyaya, vətəndaş müharibəsinə sürüklənirdi. Azərbaycanın əsrlərlə arzusunda olduğu müstəqilliyin belə təhlükədə olduğu bir dövrdə xalq üzünü Naxçıvana tutub Heydər Əliyevə səsləndi və öz liderini Bakıya hakimiyyətə dəvət etdi.
Beləliklə, böyük dövlət idarəçiliyi təcrübəsinə sahib olan dərin zəka sahibi ümummilli lider Heydər Əliyev təcrübə və sərt qanunçuluğun dövlətin yaşaması üçün əsas şərtlərə çevrildiyi bir vaxtda – 1993-cü ildə xalqın təkidi ilə yenidən böyük siyasətə qayıtdı.
Dövləti idarə etmək sənəti istəkləri və imkanları tarazlaşdırmaq bacarığıdır. Heydər Əliyev bunu ən parlaq şəkildə bacardığını dövlətçilik fəaliyyətinin bütün mərhələlərində göstərmişdi və bu fenomenal dövlət idarəçiliyi təcrübəsi indi Azərbaycanı əbədi müstəqilliyə aparmaq üçün son dərəcə vacib idi.
Aydın məsələdir ki, hər bir ölkənin müəyyən resursları var və Azərbaycanın 1993-cü ildəki iqtisadi, siyasi və hərbi resurslarını dəqiq hesablayan Heydər Əliyev aydın görürdü ki, ölkənin siyasi vəziyyətinin sabitləşdirilməsi, iqtisadiyyatın tənəzzüldən xilası və modernləşdirilməsi, milli dövlətçilik quruculuğu çevik vertikal icra hakimiyyətinin olmasını, Prezidentin rolunun daha da gücləndirilməsini tələb edir. Bunları reallaşdırmaq üçün, ilk növbədə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə olmadığı müharibəni dayandırmaq lazım idi. 1994-cü il mayın 11-də Beşkekdə atəşkəs haqqında saziş imzalandı və bundan sonra bütün sahələrdə zaman Azərbaycan Respublikasının xeyrinə işləməyə başladı.
Siyasət sənətinin mahir ustadı olan Heydər Əliyev bütün amillərdən ölkəsinin xeyrinə necə istifadə etməyi Qırmızı imperiyanın qılıncının hər iki üzünün kəsdiyi vaxtlarda belə yaxşı bacarmışdı. Amma indi o, müstəqil Azərbaycanın dövlət başçısı idi və zahirən parlaq ideyaları deyil, tarixi sınaqdan çıxmış, uyğun hesab etdiyi və uğuruna əmin olduğu layihələri öz ölkəsinə tətbiq etməyi inkişaf və tərəqqinin ən doğru yolu hesab edirdi. Başa düşürdü ki, real vəziyyətə təsir etməsə, axınla getmiş olsa, dövlətin qurtuluşu mümkün olmayacaq. Heydər Əliyev dövlət idarəçiliyi ustası kimi həmişə faktları toplamaq, onları təhlil etmək və faydalı olanı tətbiq etmək xəttinə üstünlük verirdi.
Bu məntiqə söykənərək Heydər Əliyev ölkədə rəqabət aparan güc mərkəzlərini aradan qaldıraraq şaquli güc strukturu qurdu, hakimiyyəti birləşdirdi və 1990-cı illərin əvvəllərindəki parlament modelindən güclü icra hakimiyyətinə malik prezident respublikasına keçdi.
Bununla paralel olaraq 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bütün qonşularından fərqli olaraq, Heydər Əliyev hakimiyyətə qayıdandan dərhal sonra Azərbaycanda hüquqi sistemin modernləşdirilməsinə başladı və bununla da demokratik azadlıqların daha da genişləndirilməsi üçün etibarlı bünövrə yaratdı.
ABŞ-ın Klivlend Universitetinin beynəlxalq hüquq professoru Milena Sterion strateji araşdırmalarının birində yazır: “Ərazinin müstəqillik qazanması və dövlətə çevrilməsi qüdrətli dövlətlərin belə bir istəyi dəstəkləmədiyi bir şəraitdə demək olar ki, mümkün deyil”. Heydər Əliyev ölkəsinin müstəqilliyini daxili və xarici təhdidlərdən qorumaqla vəzifəsini bitmiş hesab etmədi, o həm də beynəlxalq aləmdəki siyasi nüfuzuna və dərin siyasi biliklərinə söykənərək böyük dövlətlərin yarada biləcəyi problemləri ən mükəmməl şəkildə aradan qaldıra bildi və Azərbaycan beynəlxalq aləmdə müstəqil dövlət kimi öz yerini tutmağa, dünya ölkələrinin etimadını qazanmağa nail oldu.
Bu yolda çox düşünülmüş ilk strateji addım 1994-cü ildə transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması oldu. Heydər Əliyev sovet dönəmindən bilirdi ki, Azərbaycanı dünyanın maraq obyektinə çevirən əsas amillərdən biri ölkənin karbohidrogen ehtiyatlarıdır. Bu baxımdan “Əsrin müqaviləsi dövlət müstəqilliyimizi təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən möhkəmləndirən son dərəcə vacib addım idi. Ümummilli lider həmin ərəfədə xarici mətbuata verdiyi müsahibələrin birində “Əsrin müqaviləsi”nin hansı çətin mərhələlərdən keçdiyini qısaca belə açıqlayır: “...Azərbaycanın milli maraqlarının mütəmadi nəzərə alınmadığı, təmin edilmədiyi vaxtlar var idi. Məhz ona görə mən Prezident Fərmanı imzalayaraq danışıqların ikinci mərhələsinə şəxsən nəzarət etməyi düşündüm... Biz bütün tərəflər üçün qarşılıqlı xeyirli olan bir müqavilə imzalamışıq. Nəhayət, bu son dərəcə vacib və tarixi əhəmiyyətə malik olan müqavilənin uğuru – Azərbaycanın milli maraqları ilə birbaşa bağlı olmasındadır...”
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın geoiqtisadi maraqlarından daha çox geosiyasi maraqlarına yönələn böyük strateji layihələrindən olan “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkə həm siyasi, həm də iqtisadi baxımdan tam yeni bir inkişaf mərhələsinə qədəm qoydu və dövlət müstəqilliyinin əbədiləşdirilməsi yolunda mühüm bir amilə çevrildi. O dövrdə enerji siyasəti üzrə ekspertlərdən biri yazırdı ki, Heydər Əliyev enerji resurslarını strateji olaraq diplomatiya alətinə çevirdi. O, başa düşdü ki, mürəkkəb regionda kiçik dövlətin geoiqtisadi dəstəyə ehtiyacı var.
Böyük Britaniyanın keçmiş energetika naziri Tim Eqqarın ulu öndər Heydər Əliyevlə bağlı “Xatirə kitabına” yazdığı sözlər onun Azərbaycanın müstəqilliyindəki müstəsna rolunu belə göstərir: “Hər kəsə müstəqil dövlət qurmaq imkanı verilmir. Bunda da hər bir siyasətçi uğur qazana bilməz”. Amma Heydər Əliyev ölkəsinin müstəqilliyinin memarı olaraq bu möhtəşəm və şərəfli vəzifəni uğurla həyata keçirdi.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi, sosial-iqtisadi və hərbi islahatlar onun “özü kimi inandığı” və artıq 22 ildir ölkəni çox böyük uğurla idarə edən Prezident İlham Əliyev tərəfindən bu gün də mükəmməl şəkildə davam etdirilməkdədir. Siyasi varisliyin yüksək sədaqətlə təmin edildiyini göstərən ən möhtəşəm göstərici isə 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Tarixi Zəfər qazanması və ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi oldu. Bundan çox az bir müddət sonra 2023-cü il 19 sentyabr tarixli lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın əsasən Xankəndi ərazisində yuva salmış Ermənistan ordusunun tör-töküntüləri darmadağın edildi, separatçı - terrorçu dəstələr tərksilah və təslim edildi. 2023-cü il oktyabrın 15-də isə Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifə yazdı. Həmin gün qəhrəman Azərbaycan Ordusu qarşısında çıxışı zamanı Prezident iftixarla dedi: “Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”.
Beləliklə, Prezident İlham Əliyev öz dərin siyasi intuisiyasına, qətiyyətinə və diplomatik cəsarətinə söykənərək uzun illər Azərbaycanın ərazi bütövlüyünü təhdid edən qondarma erməni qurumunu tarixin zibilliyinə atdı.
Artıq 5 ilə yaxındır ki, dövlət başçısının bilavasitə rəhbərliyi ilə hazırlanan Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar. Bu gerçəkliklər, xalqın dövlətə, onun icra mexanizmlərinə, hüquq və azadlıqlara inamını möhkəmləndirmiş və öz lideri ətrafında birləşməyə, zamanın çağırışlarına hazır olmağa səfərbər etmişdir.
İstər Heydər Əliyev, istərsə də İlham Əliyev müstəqil Azərbaycanın siyasi-hüquqi və iqtisadi modelinin qurulmasında əsas diqqəti bazar münasibətlərinə əsaslanan və özü-özünü inkişaf etdirmək mexanizminə malik bazar iqtisadiyyatının formalaşdırılmasını təmin etməyə yönəltmişlər. Ancaq bu hansısa ölkənin getdiyi yolun kor-koranə tətbiqi olmamışdır. Azərbaycan özü öz sosial-iqtisadi strategiyasını müəyyənləşdirmiş, öz milli inkişaf modelini yaratmış, öz yolu, öz inkişaf xətti ilə müstəqillik yoluna davam etmişdir.
Azərbaycanın Müstəqillik Günü sadəcə yaddaqalan, hər il qeyd edilən tarix deyil, həm də tarixi yaddaşın, simvolik siyasətin və ideoloji möhkəmlənmənin mühüm göstəricisidir. Ölkə modernləşmə elementlərini demokratik idarəetmə ilə birləşdirərək öz yolu ilə getməkdə davam edir. Burada müstəqillik təkcə xarici təsirlərdən qurtulmaq deyil, həm də müstəqil şəkildə milli kurs formalaşdırmaqdır və bunu da bu gün Prezident İlham Əliyev çox böyük siyasi uzaqgörənliklə həyata keçirir.
Müstəqilliyin iki dövrü arasında ardıcıllıq və davamlılığı dəfələrlə vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 oktyabr 2021-ci ildə çıxışı zamanı bu tarixi gerçəyi çox mükəmməl şərh edərək demişdi: “Müasir Azərbaycan ADR-in layiqli davamçısıdır, lakin dövlətimiz daha çox nailiyyətlər əldə edib: biz ərazi bütövlüyümüzü bərpa etdik, ordumuzu gücləndirdik, dayanıqlı iqtisadiyyat yaratdıq”.
Bugünkü postsovet Azərbaycanının əsas formulu onunla bağlıdır ki, sabitlik liberalizmdən daha vacibdir. Bu, əhalinin böyük hissəsinin hörmətini, bəzi müxalif qüvvələrin, hüquq müdafiəçilərinin tənqidini qazandı – lakin, bütövlükdə, məhz bu model Azərbaycana XXI əsrə ardıcıl və iqtisadi cəhətdən güclü dövlət kimi daxil olmağa imkan verdi. Məhz bu yol Azərbaycanı Ulu öndərin arzuladığı kimi, əbədi müstəqilliyə aparır. O müstəqilliyə ki, orada Heydər Əliyevin adı bu müstəqilliyin memarı kimi əbədi yaşayacaq.
Məhərrəm SƏFƏRLİ,
Həsən bəy Zərdabi mükafatçısı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü