Bu barədə Geqam Stepanyan özünün sosial media hesabında yazıb. Bildirib ki, Avstraliya erməni milli komitəsinin təşəbbüsü ilə bu ölkəyə səfəri çərçivəsində Yeni Cənubi Uels ştatının parlamentində olub. Avstraliya – Ermənistan Dostluq Qrupunun həmsədrləri Hyu MakDermott və Tim Ceyms ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu “Artsax” xalqının hüquqları, beynəlxalq humanitar yardım, Bakıda “qeyri-qanuni saxlanılan erməni məhbusların” azad edilməsi, ermənilərin Qarabağa geri dönüşü və sair məsələlərdən ibarət olub. “Ombudsman” Erməni apostol kilsəsinin Avstraliya yeparxiyası rəhbərinin iqamətgahını ziyarət etməsini və orada “Artsax”ın erməni əhalisinin hazırkı vəziyyəti, çətinlikləri və problemlərinin həlli ilə bağlı çıxışını da fəxrlə bəyan edir.
Xaricdə fəaliyyət göstərən erməni milli təşkilatlarının, xüsusən də, “Daşnaksütyun”un dəstəyi ilə reallaşan bu səfərdə əsas məqsəd Avstraliya ictimaiyyətini yeni erməni yalanlarına inandırmağa yönəlib.
Dünyanın müxtəlif ölkələrində yurd salan ermənilər öz xislətinə uyğun yenə iş başındadırlar. Təcavüzkar imicə malik olan Ermənistan və erməni “millətçiləri” bütün dünyanı aldatmaq məqsədilə istənilən fürsətdən həyasızcasına istifadə etməyə çalışır. Hələ də anlamırlar ki, Azərbaycan ərazisində “Artsax” adlanan “dövlət” olmayıb, erməni separatçılarının qondarma rejiminin beynəlxalq səviyyədə tanınması üçün atdığı addımlar əvvəllər də mənasız idi və yenidən hər hansı məqsədlər uğrunda “istəklər” də nəticə verməyəcək.
Din təəssübkeşliyindən istifadə edən erməni kilsəsinin nümayəndələrindən sonra, deyəsən, növbə “hüquq müdafiəçiləri”nə çatıb. İndi də onlar əllərinə düşən fürsətdən yararlanmaq istəyirlər. Avstraliyaya səfər də orada yaşayan erməniləri, erməni tərəfdarlarını aktiv olmağa, öz yalanlarını bu ölkənin ictimaiyyətinə sırımağa yönəlib.
Xatırladaq ki, hayların təşəbbüsünə ara-sıra bəzi avstraliyalı deputatlar da qoşulublar. Hətta vaxtilə bir “dostluq cəmiyyəti” də yaratmışdılar. Avstraliyanın bəzi deputatlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri, erməni hərbi cinayətkarların bu ölkədə yüksək qonaqpərvərliklə qarşılanması, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə bağlı olan digər məqamlar... Ona görə də hayların Avstraliya sevgisi məhz belə məqamlardan irəli gəlir. Yenə də nəyəsə ümid edirlər. Avstraliyadakı erməni milli təşkilatlarını, kilsəni yenidən aktiv olmağa səsləyirlər.
Ermənilərin Avstraliyanın Yeni Cənubi Uels ştatını seçməsi də maraq doğurur. Görünür ki, bu ştatda erməni diasporu aktivdir və proseslərə təsir etmə qabiliyyəti var. Keçmiş qondarma rejim nümayəndəsinin səfəri də əvvəlcədən planlaşdırılmış xətt üzrə təşkil olunub. Belə demək mümkündürsə, bu onların bəlkə də “nəsə alınar” kimi ümid çırpıntısına oxşayır. Fransadan sonra ümid gözlədikləri ölkələrdən biri də Avstraliyadır axı.
Məlumdur ki, Avstraliyadakı erməni diasporunun əsas təşkilatı Türkiyə ilə yanaşı, Azərbaycana da qarşı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ölkəmiz haqda mənfi rəy formalaşdırmağa çalışır.
***
Mövzu ilə bağlı Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov XQ-yə bildirdi ki, siyasi mövqeyindən asılı olmayaraq, ermənilərdən kimsə Qarabağ ermənilərinin geri dönüşündən danışacaqsa, Bakıda keçirilən məhkəmə prosesinə ritorikalar və müxtəlif bəyanatlar şəklində təzyiq edəcəksə, “böyük Ermənistan”dan dəm vuracaqsa, bilsin ki, Azərbaycan tarixi torpaqlarına – Zəngəzur, Göyçə, Dərələyəzə qayıdışı ortaya qoyacaq: “Azərbaycan 1918-ci ildə qurulan qondarma dövlətin, əslində, ərazilərinin neçə kvadratkilometr olması reallığını ortaya qoyacaqdır. Ermənistan dövlətinin bu gün var olmasının heç bir əsası yoxdur. Bu dövlət heç vaxt Cənubi Qafqazda olmayıb.
Gürcü və Azərbaycan xalqları əgər 1918-ci ildə öz dövlətlərini özlərinə qaytardılarsa, ermənilər sıfırdan Ararat Respublikası adlı dövlət yaratdılar. Onlar 1920-ci ildə süqut edərkən 9 min kvadrat kilometr əraziyə malik idilər. Beləcə 1991-ci ilə qədər əldə edilən ərazilərin heç bir hüquqi əsası, bazası yoxdur. Nəzərlərinə çatdıraq ki, bu gün dünyanın ayrı-ayrı ölkələrində həmin dövlətlərin ümumiyyətlə, mövcud olmaqlarının legitimliyi və leqallığı sual altına qoyulub. Bunu ABŞ da edir, müəyyən ölkələr ilə bağlı, bunu Rusiya da edir. Belə olan təqdirdə, ümumiyyətlə, erməni dövlətinin möcudluğunun tarixi və hüquqi əsası varmı? Ona görə də Avstraliyada da, digər ölkələrdə də çıxışlar edərkən həmin şəxslər başa düşsünlər ki, onların cavabları mütləq şəkildə olacaq.
Vaxtilə Azərbaycan Qarabağdakı ermənilərə müəyyən güzəştlər təklif edirdi. Ermənistana müəyyən məqamlarda təkliflər edirdi. Həmin şəxslər qəbul etmədilər, maksimalist davrandılar. Nəticə etibarilə bugünkü reallıq qarşısında qaldılar. Reallıq isə ondan ibarətdir ki, Qarabağ BMT, dünya tərəfindən tanınmış Azərbaycan Respublikasının ərazisisidir. Və orada məhz Azərbaycan bayrağı, məhz Azərbaycanın bütövlükdə idarəetmə sistemi var".
Z.Məmmədov qeyd etdi ki, bu gün də Azərbaycanın Ermənistan hakimiyyəti qarşısında qoyduğu tələblər var. Bu tələblər hər kəsə məlumdur, ATƏT Minsk qrupunun ləğvi ilə bağlı razılığın əldə olunması və yeni konstitusiyanın qəbulu. Əgər onlar yeni konstitusiyanı qəbul etmirlərsə, Minsk qrupu ilə bağlı qərarı çevik şəkildə vermirlərsə, deməli ikili oyun oynayırlar. Gələcəklə bağlı müəyyən gözləntiləri var. Bu isə Azərbaycan və Ermənistan dövlətlərinin gələcəkdə bir-birinə qonşuluqda yaşaması məsələsini sual altına qoyur.
Tərəflərdən biri əgər digər ölkənin torpaqlarını işğal etmək, ona nəzarət etmək istəyirsə, bu, artıq o deməkdir ki, qondarma dövlətin buradakı mövcudluğu Cənubi Qafqazdakı sülh prosesinə ziddir. Beləcə baş verənlər və ermənilərin təxribatları əlbəttə ki, sülh yolundakı vəziyyəti qəlizləşdirir. Və Azərbaycanı müəyyən dilemmalar qarşısında qoyur. 2025-ci ildən başlayaraq dünya düzənində müəyyən razılaşmalar əldə ediləcəkdir. Bu kontekstdə, əlbəttə ki, Cənubi Qafqazda yaxın bir neçə aydan sonra həm təhdidlər ilə üzləşəcək, həm də yeni imkanlar əldə ediləcəkdir. Buna görə də yeni mərhələnin başlamasına qədər indiyə kimi olan məsələləri həll etmək lazımdır ki, Qafqaz sabit və güclü olsun.
Azər MUSTAFAYEV