Türkiyə və Macarıstanın Azərbaycan layihələri

post-img

“MOL Group” və TPAO ölkəmizdə neft hasilatına öz töhfələrini verir

“Türkiyənin TPAO şirkəti ilə Macarıstanın “MOL Group” neft şirkəti arasında 2024-cü ildə imzalanmış “Birgə tender sazişi” çərçivəsində tender prosesi uğurla başa çatdı. Beləliklə, Macarıstanın “Buzsak” və “Tamaşi” yataqlarında kəşfiyyat hüququnu əldə etdik. “Konsessiya sazişi”ni imzalamaqla bu sahədə tərəfdaşlığımızı rəsmiləşdirdik”. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. Nazir qeyd edib ki, imzalanan sənədlər hər iki ölkə üçün yeni imkanlar açacaq. Ankara layihəyə ilkin mərhələdə 15 milyon avro sərmayə yatıracaq.

Məhz Türkiyə Macarıstanı “Türk axını” vasitəsilə Rusiya qazı ilə təmin edir. Bundan əlavə, Azərbaycan qazı Bakı–Tbilisi–Ərzurum kəməri ilə Türkiyəyə nəql edilir və oradan Cənubi Avropaya, o cümlədən Macarıstana paylanır. Gələcəkdə Ankara Türkmənistandan xammal almaq istəyir. Lakin bunun üçün ən azı Xəzər dənizinin dibi ilə Azərbaycana qaz kəməri çəkmək lazımdır.

Xatırladaq ki, Macarıstanın çox kiçik karbohidrogen ehtiyatları var (12,1 milyon barel neft və 1,55 milyard kubmetr qaz). Bununla belə, düz bir il əvvəl, 2024-cü il aprelin 30-da MOL-un ölkənin mərkəzi hissəsində yeni, kifayət qədər böyük yataqlar tapdığı barədə məlumat yayılmışdı. Artıq bundan sonra onların kəşfiyyat və istismarı hər iki şirkət tərəfindən həyata keçiriləcək. Bu barədə “MOL Group”un sədri və baş icraçı direktoru Zsolt Hernadi deyib: “Mən dəyərli tərəfdaşımız “Turkish Petroleum” (TPAO) ilə birlikdə bu konsessiya müqaviləsini imzalamaqdan qürur duyuram. Bugünkü mərasim MOL və TPAO əməkdaşlığını yeni strateji səviyyəyə qaldırdı. Bu, aylarla davam edən zəhmətimizin nəticəsidir. TPAO-nun Macarıstanın hasilat sektoruna daxil olması, ona etimadımızdır. Təlatümlü geosiyasi mühitdə biznes tərəfdaşlığı bizim üçün hər zamankindən daha dəyərlidir. İnanıram ki, TPAO ilə tərəfdaşlığımız hər iki şirkətin portfelini qarşılıqlı şəkildə gücləndirəcək”.

TPAO şirkəti idarə heyətinin sədri və baş icraçı direktoru Əhməd Türkoğlu da əməkdaşlığı yüksək qiymətləndirib: “Azərbaycanda MOL ilə güclü və uzunmüddətli tərəfdaşlığımız var. Birgə sərmayələrimizlə güclənən əməkdaşlığımız birlikdə səmərəli fəaliyyətimizi davam etdirməyə ruhlandırdı. Bu inamla MOL ilə birgə kəşfiyyat müqaviləsi imzalayaraq konkret addımımızı atdıq. Müxtəlif regionlarda yeni birgə müəssisələri işə salacağıq”.

Qeyd edək ki, MOL Macarıstanın ən böyük karbohidrogen istehsalçısıdır, 30 ölkədə təmsil olunur və onun strukturlarından biri Azərbaycanda fəaliyyət göstərir. Hazırda MOL və TPAO Azərbaycanda “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunun və Bakı–Tbilisi–Ceyhan neft kəmərinin işlənməsi layihəsinin səhmdarlarıdır. Şirkət AÇG yatağındakı payına görə SOCAR və BP-dən sonra üçüncü ən böyük səhmdardır. Burada istismar olunan neft laylarının altında və üstündə səmt qazı yataqları aşkar edilib. Yataq qaz ehtiyatları ilə zəngindir və təxminən 112 milyard kubmetr təşkil edir. Yeri gəlmişkən, 2024-cü ilin aprel ayından Macarıstan geosiyasi motivli diversifikasiya çərçivəsində Azərbaycan təbii qazını birbaşa alır.

Bundan başqa, SOCAR və MOL şirkəti arasında “Şamaxı–Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının artırılması istiqamətində əməkdaşlıq edirlər. Sənədin imzalanması SOCAR-ın prezidenti Rövşən Nəcəfin “MOL Hungarian Oil and Gas” şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi ilə keçirdiyi görüşdə baş tutub. O vaxt Zsolt Hernadi bildirmişdi ki, bu, “MOL Group” üçün mühüm mərhələdir, çünki biz uzun illər neftin işlənməsindən sonra Azərbaycanda mövcudluğumuzu qaz yataqlarında genişləndiririk. Bu, SOCAR və AÇG layihəsində tərəfdaşlarımızla səmərəli əməkdaşlıq sayəsində mümkün olub”.

Zsolt Hernadi daha sonra bildirib: “Bu, həm də Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üçün əlamətdar gündür və ölkələrimiz arasında mövcud olan mükəmməl münasibətlər sayəsində işgüzar əməkdaşlığımızı daha da dərinləşdirə bilmişik. AÇG ölkəmizə karbohidrogenlərin ən böyük beynəlxalq tədarükçüsü olduğu üçün bizim qiymətli daş-qaşımızdır. Bundan əlavə, MOL-un layihədə iştirakı iki ölkə arasında mühüm iqtisadi əlaqədir. Bundan başqa, AÇG Avropadan enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Yataq bizə həm Slovakiya, həm də Xorvatiyadakı neft emalı zavodlarımız üçün çevik şəkildə xam neft əldə etməyə imkan verir, ona görə də bütün region bu tərəfdaşlıqdan faydalanır.

Bunu nəzərə alaraq, dəyərli tərəfdaşımız SOCAR ilə əlavə Anlaşma Memorandumu imzalamaqdan şərəf duyuram. Bu, açıq şəkildə göstərir ki, bu tərəfdaşlığın böyük gələcəyi var. Mən AÇG-nin dənizlə bərabər quruda da gələcək kəşfiyyat uğurlarını səbirsizliklə gözləyirəm. Biz irəli getməyə və bundan daha çox istifadə etməyə açığıq”.

Yada salaq ki, “MOL Group”u “Azəri–Çıraq–Günəşli” yatağında 9,57 faiz paya sahibdir. Aralıq dənizi limanına xam neft nəql edən Bakı–Tbilisi–Ceyhan (“BTC”) boru kəmərində 8,9 pay almaqla Azərbaycana daxil olub. 2023-cü ilə qədər bu pay MOL-un ümumi istehsalının 15 faizini və ümumi ehtiyatların 25 faizini təşkil edib. Bu şirkət BTC boru kəməri ilə Mərkəzi və Şərqi Avropadakı neft emalı zavodlarının xam neftinin tədarükündə mühüm rol oynayır.

Azərbaycan aktivi həm də MOL-a Ceyhan limanında payına düşən neftin bir hissəsini üçüncü tərəflərə satmaq və ya Avropanın enerji təchizatının təhlükəsizliyinə töhfə vermək imkanı qazandırıb.

Macarıstan şirkətinin əməkdaşlıq etdiyi Türkiyənin TPAO şirkəti isə AÇG-də 5,73 faiz, BTC-də isə 6,53 faizlik paya sahibdir. Bu da onu göstərir ki, hər iki şirkət “Azəri–Çıraq–Günəşli” və Bakı–Tbilisi–Ceyhan kimi layihələr üzrə uğurlu əməkdaşlıq edirlər. Etibarlı tərəfdaşdırlar. Bu tərəfdaşlıq onların sonrakı enerji diplomatiyasının daha uğurlu olmasını təmin edib. Nəticədə, hər iki şirkət yuxarıda adları çəkilən layihələrdən başqa, 2014-cü ildən Rusiyanın “Baytuqan” yatağında da əməkdaşlıq edirlər. Bu yataq Rusiyanın Orenburq vilayətində yerləşir. MOL şirkəti “Baytex” layihəsinin 51 faizinə Niderlandın “MK Oil and Gas B.V” şirkəti vasitəsilə nəzarət edir. 2024-cü ildə “Baytex”də neft hasilatının səviyyəsi gündə 3,5 min barel təşkil edib. Bir il əvvəl isə bu göstərici 3,8 min barel idi.

Hər iki şirkət Azərbaycandan başqa, Rusiyada yeni qaz və neft layihələrinə qoşulmaqda maraqlıdır. Lakin konkret variantlar hələ işlənib hazırlanmalıdır. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib: “Yeni layihələr müəyyən edilməyib, lakin ümumilikdə, biz ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığı genişləndirməyi nəzərdən keçiririk, çünki əməkdaşlığımız əsasən enerji resurslarının tədarükü ilə bağlıdır. Biz həmkarlarımızla əməkdaşlığın genişləndirilməsinə müsbət yanaşırıq”.

Beləliklə, hər iki şirkətin imzaladığı strateji tərəfdaşlıq sazişi onlara Xəzər regionundan başqa, Şimali Afrika və Yaxın Şərqdə, eləcə də Mərkəzi və Şərqi Avropada kəşfiyyat, yataqların işlənməsi və hasilat layihələrində birgə iştirak üçün geniş imkanlar açır.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət