AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib

post-img

AMEA-nın Rəyasət Heyətində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri - mədəniyyət attaşesi professor Tarek Məhəmmədlə görüş keçirilib.

Bu barədə  AMEA-dan məlumat verilib. Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, tarixən Azərbaycan ilə Misir arasında mövcud olmuş əlaqələrin müasir dövrdə elmi və mədəni sahələrdə daha da inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. AMEA rəhbəri qeyd edib ki, bu münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Şərqlə Qərb arasında körpü rolunun möhkəmləndirilməsinə töhfə verir.

Akademik İsa Həbibbəyli AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının Misirin müvafiq qurumları ilə ərəb dili, İslam mədəniyyəti, Şərq fəlsəfəsi, qədim əlyazmalar, ədəbiyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin olduğunu söyləyib.

Sonra çıxış edən professor Tarek Məhəmməd bildirib ki, səfərinin əsas məqsədi Misirin elm və mədəniyyət qurumları ilə Azərbaycan arasında mövcud əlaqələri daha da genişləndirməkdir. Bu istiqamətdə hər iki ölkənin elmi müəssisələrinin birgə təşəbbüsləri və fəal iştirakı mühüm rol oynayacaq. Professor Tarek Məhəmməd vurğulayıb ki, rəhbərlik etdiyi Mərkəz elm və mədəniyyət sahəsində əməkdaşlıq üçün hər cür dialoqa və dəstəyə hazırdır.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxışında professor Tarek Məhəmmədin ərəb dili üzrə mütəxəssis olduğunu deyib, rəhbərlik etdiyi institutun ərəb ölkələri ilə illərdən bəri davam edən səmərəli əməkdaşlıq təcrübəsindən danışıb və onu institutla yaxından tanış olmağa dəvət edib.

Görüşdə, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Folklor İnstitutunun direktoru Hikmət Quliyev, Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Əliyev, Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətli, Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Xəzər Zeynalov və Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli əyani və onlayn çıxış edərək əməkdaşlıq üçün təkliflərini səsləndiriblər.







Elm