“Erməni soyqırımı”: faktlar nə deyir?

post-img

2020-ci ilin 44 günlük savaşı və Azərbaycanın Ermənistan üzərində tarixi Qələbəsi ermənilərin indiyədək apardıqları ideoloji təbliğata da öz təsirini göstərdi. Artıq onlar özlərinin məğlubedilməz ordularından, qələbələrindən, hətta 90-cı illərdə qəhrəman hesab etdikləri adamlardan danışa bilmirlər. Ermənistanın “qəhrəman” saydıqları şəxslərin cinayətkar olduğu ortaya çıxır. Həm də bunu onların özləri ifşa edirlər.

Əsas fikir ayrılığı Ermənistan hakimiyyəti ilə erməni diasporunun yaşı əsri adlamış   “erməni soyqırımı” ideologiyasına münasibətdə ortaya çıxır. İndiyədək Ermənistanda yaradılmış diaspor nazirliyi və diaspor qurumları ilə xarici ölkələrdəki erməni qurumları eyni mövqedən hərəkət edirdilərsə, indi bundan əsər-əlamət qalmayıb. Diaspor erməniləri Ermənistanda gedən proseslərin tərkib hissəsi olmaqdan çıxıb və hakimiyyətin bəzi addımlarını dəstəkləmir. Ermənistan baş naziri Nikol Paşinyanın xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlər də sübut edir ki, dövlət başçısının “erməni soyqırımı” ilə bağlı baxışları diaspordakılarla eyni deyil. 

Xüsusən İsveçrədə diaspora təmsilçiləri ilə keçirilən görüşdə Paşinyan “erməni soyqırımı” ideologiyası ilə bağlı yeni yanaşma ortaya qoydu. Bu görüşdə o “erməni soyqırımı” ideologiyasının zərərli cəhətlərindən danışdı və dedi ki, 30-40-cı illərdə bu məsələdən nədən danışılmaması üzərində düşünməliyik. Onun sözündən belə çıxıb ki, müasir dövrdə Ermənistanın bir dövlət olaraq Türkiyə ilə münasibət qurmasına, dünya birliyinin bir parçasına çevrilməsinə bu ideologiya mane olur. Daha əvvəlki aylarda 1915-ci il qurbanları rəqəmləri ilə bağlı müzakirələr də bu işin siyasi məqsədlərdən qaynaqlandığına işarə vurulmuşdur. Ermənistan parlamentinin sədr müavini Andranik Koçaryan demişdi ki, bizim əlimizdə 1915-ci ildə öldürülən erməni əhalisinin siyahısı yoxdur. Bu fikri bir başqa şəkildə spiker Alen Simonyan da söyləmişdi.

Bəli, bu gün Ermənistanın özündə belə artıq “erməni soyqırımı”nı şübhə altına alan fikirlər səsləndirilir. Daha çox verilən suallardan biri budur ki, “erməni soyqırımı” deyilən məsələ nədən baş vermişdir, bunda ermənilərin heç günahı yoxdurmu? Şübhəsiz ki, hay alimləri dilə gətirməsələr də,  erməni əhalinin öz yerindən edilməsində o dövrün erməni təşkilatlarının rolu olub. Xüsusən, “Daşnaksütyun”un birbaşa rolu var. Ona qan tökülməsi lazım idi ki, buna da nail oldu. 

* * *

Saxta “erməni soyqırmı”nı anma günü kimi 24 aprel seçilmiş və hər il həmin gün hay-küy qoparılmaqdadır. Onu da deyək ki, son illər həmin günün anılması sönük keçməkdədir. Rəqibləri Paşinyanı onda günahlandırırlar ki, əvvəlki illərdə İrəvanın mərkəzindən Sərdarabada, “soyqırımı” abidəsinə yürüşlər sönük keçir. Bu il dövlətin özü belə tədbirlərin aparılmasına həvəsli görünmür. Bəlkə də Ermənistanın özündə belə 1915-ci ilin 24 aprelində nə baş verdiyini çox adam bilmir. Əslində, həmin gün heç bir ölüm faktı olmayıb. Sadəcə olaraq, İstanbulda üsyanın başçıları olan 235 komitəçi-erməni və fəalları həbs ediliblər. 

O zaman erməni təşkilatları arasında iki fikir vardı. Birinci fikir o idi ki, əgər Türkiyə–Rusiya müharibəsi baş verərsə, ruslar Osmanlıları məğlub edəcəklər. Bu səbəbdən Qafqazda könüllü birliklər formalaşdırmaqla rusların Anadoluya daxil olması ilə bağlı mühüm yerlər nəzarət altına alınmalıdır. İkinci baxış isə rusların Anadoluda sürətlə irəliləyə bilməyəcəkləri ehtimalına əsaslanırdı. Bu səbəbdən erməni qüvvələri gizli şəkildə Qafqaz sərhədinə yerləşdirilməli və əlverişli şərait yarananda hərəkətə keçməli idilər. Bu fikri dəstəkləyənlər rus ordusuna könüllü dəstəyin verilməsini istəyirdilər. Bu fikirlərin hər ikisinin ortaq məqsədi müharibə zamanı Osmanlıya qarşı Rusiyaya ciddi dəstək vermək və müharibədən sonra bağlanacaq müqavilələrdə ermənilərin Osmanlı torpaqlarında muxtariyyət və ya müstəqillik əldə etmələrini təmin etmək idi.

Osmanlı İmperiyası müharibənin əvvəlindən erməniləri sakitləşdirmək üçün bir sıra xəbərdarlıqlar etdi. Daxili işlər naziri Tələt paşa Ərzurumdan millət vəkili Vartkes Əfəndi ilə, Ənvər paşa isə erməni patriarxı ilə görüşmüş və bu cür fəaliyyətlərə qarşı sərt tədbirlər görüləcəyini bildirmişdi. Bu xəbərdarlıqlara baxmayaraq, 3-cü Ordu komandanlığının teleqraflarında silahlı erməni təşkilatlarının rusların Qafqazda irəliləməsinə kömək etdiyi bildirilirdi. 24 apreldə verilən qərar Osmanlı İmperatorluğunun 1915-ci il mayın 27-də qəbul etdiyi Köçürmə Qanunundan ayrı qərar idi. “Tehcir” Qanunu və ya rəsmi adı “Sevk və İskan” Qanunu Birinci dünya müharibəsi zamanı Osmanlı ordusu ilə qarşı-qarşıya gələ biləcək daxili ünsürlərin dövlət tərəfindən dəstəklənən və döyüş bölgələrindən uzaq yerlərə geri qaytarılması şərti ilə Osmanlı hökuməti tərəfindən qəbul edilmiş köç və yerləşdirmə qanunudur.

Birinci dünya müharibəsindən əvvəl Türkiyə sərhədləri içərisində yaşayan ermənilərin üsyan və təxribatlarının ölkənin Diyarbəkir, Trabzon, Sivas, Urfa, Yozqat, İzmit, Adapazarı şəhərlərinə yayılması, paytaxt İstanbulda açıq təhdidlərə keçilməsi hökuməti tədbirlər görməyə sövq edirdi. İlk tədbir olaraq 24 aprel 1915-ci ildə erməni komitə mərkəzlərinin bağlanması, erməni təşkilatlarının sənədlərinə əl qoyulması və komitəçilərin həbs edilməsi qərarı verildi. O zaman erməni dilində çıxan “Horizon” qəzeti yazırdı: “Erməni xalqı bir-iki min komitəçidən ibarət deyil və biz mütləq Ermənistanın müstəqil olması davasını davam etdirəcəyik”.                                               

Avropalı tarixçi Eqdar Qranvillin yazırdı: “Çarın himayəsində bir Ermənistan” kimi xəyallar uğrunda məsum insanlar iztirab çəkməyəcəkdi”. Bu məsələdə “ən böyük cani” isə Qranvillə görə, ilk günlərdən İslam dünyasına fəlakət yağdırmaqdan bir an geri qalmayan Rusiya çarlığıdır”.

* * *

Hələ müharibədən öncə Anadoluda başlayan və ətrafa yayılan erməni üsyanları tədbirlər görməyi tələb edirdi. Ermənilər Osmanlı dövlətinə zərbələr vurmaqda idilər. Onlar ruslarla əlaqələr qurur, casusluq fəaliyyəti göstərir, müharibə gedən ərazilərdə və arxa cəbhədə dövlət üçün problemlər yaradırdılar. Bir alman generalının ifadə etdiyi kimi, “bu bölgədəki müsəlman xalqı silib-süpürməyə başlayan” ermənilərin qarşısını almağın yolları, əlbəttə, fikirləşilməli idi. “İttihad və Tərəqqi” iqtidarda olan siyasi qurum kimi öz öhdəsinə xalqı qorumağı götürmüşdüsə, deməli, bu quldur dəstələrinin qarşısı da alınmalı idi. 

Üsyanları yatızdırmaq yolu tutmuş hökumət Van üsyanından sonra anlamışdı ki, müharibə dövründə ermənilərin qarşısını almaq çətin olacaq. Belə də olmuşdu. Müharibə başlanan kimi ermənilər Van, Malazgirt və Bitlisin işğalında ruslara əvəzsiz kömək göstərmişdilər. Baş Komandanlıq ermənilərin müharibənin taleyinin həllində Osmanlıya vuracaqları zərbələri göz qabağına gətirərək 2 may 1915-ci ildə daxili işlər naziri Tələt paşaya məktub göndərmişdi. Məktubda bildirilirdi ki, ermənilər üsyanları və təxribatları davam etdirmək üçün çeşidli bölgələrdə hazırlıq aparırlar. Buna cavab olaraq Tələt paşa 23 may 1915-ci ildə 4-cü Ordu Komandanlığına bir şifrə göndərərək, “Ərzurum, Van və Bitlis vilayətlərindən çıxarılan ermənilərin Mosul vilayətinin cənub hissəsi, Zor sancağı və mərkəzindən başqa Urfa sancağına, Adana, Hələb, Maraşdan çıxarılan ermənilərin isə Suriya vilayətinin Şərq hissəsi ilə Hələb vilayətinin Şərq və Cənub-Şərqinə köçürülüb yerləşdirilmələrini” istəmişdi. Bu işləri görmək üçün Adana, Hələb və Maraş bölgəsinə müfəttişlər göndərilmişdi.

Göstərişin erməniləri yox olmaqdan qorumaq məqsədi daşıdığını bir sıra ­tədqiqatçılar söyləməkdədirlər. Məsələn, məşhur alim Samuel Uimzə görə, erməniləri savaş bölgəsindən uzaqlaşdırmaq, başqa sözlə, onların xilası anlamına gəlirdi. Osmanlı dövləti bu tədbiri o dövrün şərtlərinə uyğun olaraq, qanuna bağlamışdı. Ona “Müharibə işərisində olan dövlət idarəçiliyinə qarşı gələnlər üçün hərbi biliklər tərəfindən alınacaq tədbirlər” adı qoymuşdu. Qanun 26 may 1915-ci ildə Məclisin gündəminə gətirilmiş və həmin tarixdən tədbirin keçirilməsini qəbul edən qərar verilmişdi. 

Qanunda göstərilirdi ki, “köçürülmə zamanı əhalinin əmniyyəti qorunmalı və bütün iaşə ehtiyacları ödənməlidir. Erməni əhaliyə hücum edənlər və ya məmurlar haqqında şiddətli qanuni tədbirlər görülməli və bu şəxslər dərhal həbs olunaraq Divani-hərblərə təslim edilməlidir”. 1920-ci ildə Londonda Aram Andonyan adlı birisi “Naim bəyin xatirələri” adlı kitabında vicdansızcasına Tələt paşanı ittiham edirdi. Guya, o, erməniləri məhv etmək göstərişi vermişdir. Kitabda göstərilən sənədlərin saxta olduğunu tədqiqatçılar sübut etmişlər. 

* * * 

Osmanlı arxivlərində aparılan araşdırmalarla bir daha sübut olundu ki, Tələt paşanı hədəfə almaq üçün uydurulan bu şifrə tamamilə saxtadır. Saxta iddialardan biri də Morqentaunun xatirələridir. ABŞ-ın Osmanlı dövlətində səfiri olan H.Morqentau 1913-1916-cı illər arasında İstanbulda çalışıb və kənara çıxmayıb. Yəni, o, hansısa erməninin öldürüldüyünü görə bilməzdi. Onun qələmə aldığı kitab nəşr olunana qədər mətbuatda və ya rəsmi dairələrdə heç bir məlumat olmamışdı ki, səfir xatirə və ya kitab yazır. Bunlar, eləcə də digər tarixi sənədlər sübut edir ki, Morqentaunun belə bir kitabı olmayıb və ona aid deyil. Bölgədə maraqlarını təmin etmək siyasəti aparan ABŞ belə təbliğat üsullarından istifadə etmək məqsədi güdmüşdü. Kitabda ermənilərin “soyqırımına” məruz qalması iddiaları da həmin məqsədlərdən irəli gələn uydurmadır. Yəni, belə bir fikir yaratmağa çalışmışlar ki, ABŞ bu bölgədə olmasa qan su yerinə axa bilər.

Digər bir iddia – Arnold Toynbinin “1915-1916-cı illərdə Osmanlı İmperatorluğunda ermənilərə qarşı edilmiş hərəkətlər” adı ilə tanınan və 1916-cı ildə yenə də təbliğat məqsədi ilə çap olunan “Mavi kitab”dır. Artıq dünyada hər kəsə – tarixçiyə, araşdırmaçıya, elm adamına və siyasətçiyə bəllidir ki, bu kitab İngiltərə hökuməti tərəfindən hazırlatdırılıb və müharibə təbliğatı məqsədilə çap edilib. Bu da “erməni soyqırımı” uydurmasının saxtalığına dair növbəti sübut. İngilislər özləri də bu kitabın təbliğat məqsədi ilə yazıldığını etiraf etmişlər. 

Ermənilərin tez-tez dilə gətirdikləri, dünyanın müxtəlif parlamentlərinə təqdim edərək müəyyən dərəcədə istəklərinə çatdıqları digər bir fakt Birinci dünya müharibəsindən sonra qurulan Divani-hərb məhkəmələridir. Bu məhkəmələr İstanbulu işğal etmiş və burada ağalıq edən “böyük güclər”in təzyiqi altında keçirildiyindən alınan qərarlar da birtərəfli olmuşdur. O da məlumdur ki, ingilislərin həbs edib Maltaya sürgünə göndərdikləri “İttihad və Tərəqqi” rəhbərlərinin “erməni soyqırımı”nı törətməsini sübut edən bircə fakt tapa bilməmişlər. İngilislər belə faktları tapmaq üçün çox ciddi tədqiqatlar aparmışlar. Araşdırmalar zamanı həbs olunanlar barədə heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin məhkum kimi haqsız yerə edam etdikləri şəxslərin günahsızlığını sonralar ingilislər, fransızlar özləri etiraf etməyə məcbur olmuşlar. Edama məhkum edilənlər bəraət almışlar.   

* * *

Türkiyə Respublikası Başbakanlıq Dövlət Arxivləri Baş Müdirliyi tərəfindən buraxılmış iki cildlikdə erməni komitəçilərinin 518.105 türkü öldürdükləri tarixi sənədlərlə ortaya qoyulmuşdur. Türkiyə dövlət səviyyəsində dəfələrlə bəyan etmişdir ki, arxivləri bütün dünya, o cümlədən erməni tarixçilərinin üzünə açmağa hazırdır. Elm adamlarının, elmi mərkəzlərin işini asanlaşdırmaq üçün internetdə ayrıca web səhifələri də açılıb. Bununla bağlı bir tarix komissiyasının qurulması təklifini irəli sürən Ankaraya ermənilər bugünədək cavab verməyiblər. Bu, o anlama gəlir ki, yaradılacaq beynəlxalq komissiya türklərin deyil, ermənilərin soyqırımı işlədiyi qənaətinə gələcək. 

Ermənistanda bu narahatlığı dilə gətirən türkoloqlar var. Sonralar bir daşnakçı terrorist Şərqi Anadoluda baş verən hadisələr barədə bu gerçəkləri söyləmişdi: “Ərzurumdan 1890-cı ildə başlayan ilk üsyanın ardınca Qumqapıdan davam etdirməyimiz ermənilərin Kayseridə, Yozqatda, Çorumda da ayağa qalxmasına səbəb oldu. Biz istəyirdik ki, hər iki tərəfdən adamlar ölsün. Bu ölümlər iki xalqın bir yerdə yaşamaq istəmədiyi anlamına gələcəkdi. Zeytun və Sasunda buna biz nail olduq”. 

Həqiqətən də, 1892-93-cü illərdə adı çəkilən yerlərdə, Merzifonda, 1896-da Van üsyanı və Osmanlı Bankının tutulması, 1903-cü ildə ikinci Sasun üsyanı, 1905-ci ildə Sultan Əbdülhəmidə sui-qəsd edilməsi, nəhayət, 1909-cu ildə Adana üsyanı ermənilərin xəyanətindən xəbər verirdi. XX əsrin sonlarında Dağlıq Qarabağda da ona görə təxribatlar, qətllər törədilirdi ki, ermənilərlə azərbaycanlıların bir yerdə yaşamasının mümkün olmadığı təsəvvürü yaransın. 

Hər bir saxta ideologiya, yalan və iftira sonunda onu uyduranların başında çatlayır. Yuxarıda qeyd etdiyimiz kimi, bu saxta iftira iflasa məhkumdur. Bundan əvvəlki illərdə də ermənilər parlamentlərdən təqdim etdikləri layihəni keçirmək üçün ən müxtəlif üsullara əl atmışdılar. Ayrı- ayrı ölkə parlamentlərindən “erməni soyqırımı” qərarı çıxarmaq üçün bəzən rüşvət vermək yolunu da seçmişdilər. Ölkələr bəzən bu qərara siyasi gözlə nəzər yetirmişdilər. Türkiyəyə təzyiq etmək, bəzi məqsədləri həyata keçirmək vasitəsi kimi baxmışdılar. Məsələn, ABŞ uzun müddət bu məsələyə “soyqırımı” deməkdən çəkinmişdi. C.Bayden prezidentliyə namizədliyini irəli sürərkən erməni seçicilərinin səsini almaq üçün belə bir səhvi etdi və haqlı olaraq Amerikada buna görə tənqid olundu. Ondan öncəki heç bir prezident 24 aprel çıxışlarında bu sözü işlətməmişdir. 

* * *

“Erməni soyqırımı” ideologiyasının içi boş olduğunu həm dünya, həm də ermənilərin özləri yaxşı bilirlər. Onlar Türkiyəni olmayan bir şeyi qəbul etməyə məcbur edə bilməzlər. Bunun mənasız cəhdlər olduğu arxasındakı hədəflərin həyata keçirilməsinin mümkünsüzlüyü ilə bağlıdır. Ermənilərin özlərini dünyaya təqdim edəcəyi başqa bir şeyləri olmadığından hələ ki, saxta “soyqırımı” ilə ortaya çıxırlar və təbii ki, bu, artıq ikrah doğurmaqdadır və iflasa məhkumdur. 

Heç bir beynəlxalq məhkəmə dəlil yetərsizliyi səbəbindən erməni iddialarını qəbul etməyib. Hətta Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası 2017-ci ilin mayında Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçekin lehinə qərar qəbul edəndən sonra ermənilərin bununla bağlı xəyalları suya düşmüş oldu. AİHM-dəki Doğu Perincek davası “erməni soyqırımı” ideologiyası ilə bağlı Ermənistan dövlətinin və diasporun dünyada sürdürdüyü antitürk fəaliyyətlərinə böyük zərbə vurdu. Buna qədər onlar zənn edirdilər ki, beynəlxalq məhkəmələrdə Türkiyəni məhkum edən qərarlar çıxarda biləcəklər. Amma ortaya o çıxdı ki, dünyanın müxtəlif ölkələrinin parlamentlərinə təqdim olunan və qəbul edilən “erməni soyqırımı” qərarları siyasi xarakter daşıyıb və məhkəmə predmeti ola bilməz. Hər hansı cinayətin isbatı üçün məhkəmə qərarı olmalıdır və Avropa İnsan Haqları Məhkəməsinin Doğu Perincək lehinə çıxardığı qərar da ermənilərin həmin məsələ ilə bağlı müraciətetmə imkanını məhdudlaşdırdı. 

Tarixə baxsaq, Osmanlı dövlətinin təhcirlə bağlı 1915-ci il 27 may tarixli qərarı ölkənin bir yerində yaşayan erməni əhalinin ölkənin başqa bir ərazisinə müvəqqəti köç etdirilməsi həmin ölkənin qanuni haqqı idi. Müharibənin diktə etdiyi məcburi addım kimi çox dəqiqliklə yerinə yetirilmişdir və bu zaman heç bir soyqırımı törədilməmişdir. Ermənilərin hər il hay-küy qaldırdıqları 24 apreldə də insan ölümü ilə nəticələnən bir hadisə baş verməmişdir. 

Sual oluna bilər ki, təhcir zamanı heç erməni itkisi olmamışdımı? Əlbəttə, olmuşdur. Bunu heç kim danmır. Müharibənin ağır şərtlərini həm də müxtəlif epidemiyalar müşayiət etmişdir. Xəstəlikdən və başqa səbəblərdən yüz minlərlə insan ölmüşdür, həm də təkcə ermənilər yox, türk-müsəlman əhali arasında çox itkilər, köç etdirilən erməni karvanlarına qaçaq- quldur dəstələrinin basqınları, öldürülüb mal- mülkünün yağmalanması kimi hallar da olmuşdur. Dirəniş göstərən üsyançı silahlı erməni qruplara qarşı da müxtəlif yerlərdə əməliyyatlar keçirilmişdir. Amma dövlət bütün gücü ilə öz vətəndaşlarını qorumaq tədbirlərini görmüşdür. Amma yenə insan ölümləri ilə nəticələnən hadisələrdən qaçmaq mümkün olmamışdır. Osmanlı dövlətinin məqsədi erməniləri fiziki cəhətdən aradan qaldırmaq olsaydı, niyə köç etdirdiyi ərazilərdə bunu edirdi, elə yaşadıqları yerlərdə məsələni bitirərdi. Dövlətin bir milləti ortadan qaldırmaq siyasəti olmamasını dünyanın ən məşhur tarixçiləri də təsdiq edirlər. 

* * *

Ermənilərin keçən əsrdən bəri davam etdirdikləri və 30-dan çox ölkənin parlamentindən keçirdikləri “erməni soyqırımı” iddiası çökməkdədir. Aydındır ki, BMT-nin 1948-ci il “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının müddəaları ilə bir araya sığmayan və beynəlxalq hüquqa zidd olduğu sübuta yetirilən əsassız iddialardır. Ermənilər bunu anlamağa başlayıblar, onu daim gündəmə gətirmək, dünya siyasətini və ictimai rəyi girov götürmək məqsədi daşıyan bu gedişlər nəticə vermir. Yeni dünyanın şəkilləndiyi indiki zamanda saxrakarlıqla, yalan iddialarla çıxış etmək ermənilərin özlərini etibarsız millət durumuna salmış, “erməni soyqırımı” ideologiyası iflas etmişdir.

Qafar Çaxmaqlı, 
XQ-nin Türkiyə müxbiri

 



Siyasət